İnternetdə “artistlik”
Bəzən sosial şəbəkələri "ev yıxan” adlandırırlar. Kimimiz onun xeyrini görürük - çünki informasiya
tələbatımızı ödəyir, intellektimizi gücləndirir, biliyimizi təkmilləşdirir,
yeni tanışlıqlar yaradırıq. Kimimiz isə zərərini görürük - virtual aləmin
köləsinə çevrilirik, sosial şəbəkələrdə "yaşayırıq”, psixologiyamıza,
səhhətimizə zərərli olan vərdişlər qazanırıq.
"Facebook”, "İnstagram” kimi sosial şəbəkələr bəzən
də insanları bir-birinə düşmən, bəzilərini isə canlı olaraq üzlərini belə görmədiyi
insanlarla doğmadan da doğma edir. Kimin kim olduğu, hansı məzhəbə qulluq
etdiyini məhz bu şəbəkələr vasitəsi ilə də təyin etmək mümkündür. Çox zaman
aktyorlar müsahibələrində bəzi həmkarlarının üzlərinə gülsə də, gizlin şəkildə
onlara qarşı təxribat apardıqlarını da gizlətmirlər. Ötən gün istedadlı aktrisa
Zülfiyyə Qurbanova öz "Facebook” səhifəsində belə bir paylaşım etmişdi: "Bir
aktyor yoldaşım var. Özünə "YouTube”da başqa birinin adından 4-5 profil açıb. Ürəyi
istəyəndə girib o saxta profillərdən həmkarlarına təhqiramiz ifadələr yazır.
Sentyabrın əvvəlində bunu başqalarına etdiyinin şahidi olmuşdum. Aktyor və
aktrisaların ünvanına daha nələr yazmırdı. Mən də düşünürdüm ki, nə əcəb, mənə
girişmir. Ötən gün bir də baxıram ki, ünvanıma təhqirin biri bir qəpikdən şərhlər
döşəyib. Adamda həvəsə bax, saxta profillər yaradıb, bir az irəli gedən
həmkarını təhqir edir, tənqid yox ha, təhqir. Sonra o biri profildən girir, o yazılmış
sözü dəstəkləyən başqa bir təhqiredici ifadə yazır. Bütün neqativ təhqirləri
eyni danışıq tərzində, eyni yazı səhvi ilə yazır. Saf, təmiz, məsum, dünyadan
xəbəri olmayan tamaşaçılar da yazırlar ki, aktrisanı niyə təhqir edirsiniz? Bu
da yenə cavabında yazır ki, sən ona "atviçatsan?”. "Atviçat” e özü də. Adam özünü
yandırır. Çünki təhqirlər eyni hərf səhvləri, eyni danışıq tərzi ilə yazılır.
O, aktyorun normal həyatdakı danışıq tərzi kimi, ağzından horra tökülə-tökülə həmin
profillərdən öz ləhcəsi ilə özünü tərifləyir, guya tamaşaçı fikridir. Əziz
aktyor, şərəf və ləyaqətimi təhqir etdiyin üçün xəbərin olsun ki, sənə çox
böyük təzminat ödədə bilərəm. Haqqında sübutlar yığılır, deyim biləsən...”
Əslində bu mövzu gündəmin əsas problemlərindəndir.
Bu, təkcə tanınmış insanlara aid deyil. Gündəlik həyatda tanıdığımız insanlar
da saxta profillərlə "klaviatura pəhləvanı”na çevrilirlər. Sevmədiyi insanların
ünvanına təhqirlər yağdırır, söyüşlər yazırlar və bunu da özlərinə şərəf hesab
edirlər.
Məsələnin aktual olduğunu nəzərə alaraq aktrisa Zülfiyyə Qurbanova ilə əlaqə
saxladıq. Medianın marağına səbəb olan həmkarının kimliyini öyrənməyə çalışsaq
da, bu mümkün olmadı: "O, insanın adını çəkməyəcəm. Ancaq bütün oxlar həmin
insanı göstərir. Bu tək mənim yox, bir çox həmkarlarımın başına gəlib. Hər hansı
serialda, filmdə oynadığımız obrazlar sosial şəbəkədə paylaşılanda, ora
izləyicilər öz fikirlərini yazırlar. Elit tamaşaçı canlandırdığım obraza uyğun
səviyyəli şəkildə fikrini bildirir, aktrisanın ləyaqətini təhqir etmədən şərh
yazır. Mənəviyyatı zəif olanlar isə aktyorun ünvanına təhqiramiz ifadələr
işlədir. Onu da qeyd edim ki, sosial şəbəkələrdə o təhqiramiz ifadələr bəzi
hallarda bilərək yazılır. Uşaq deyilik ki, bunu hiss edirik. Mən sözügedən statusu
yazdıqdan sonra həmin profildən şərh yazılmadı. Bu tək mənim başıma gəlmir.
Bütün sahələrdə belə insanlar var. O şərhi yazmaqla düşünürlər ki, rejissorlar,
ssenaristlər şərhlərə əsasən seriala aktyor seçirlər. O qədər zəif düşüncəli
insanlar var ki, tamaşaçı fikrinə əsasən aktyor seçildiyini zənn edirlər. İstəyirlər
ki, aktrisa haqqında əks fikir yaratsınlar. Düşünmürlər ki, aktyorlar
peşəkarlığa, şəxsi potensiala görə seçilir. Belələri hesab edirlər ki, rejissorlar,
ssenaristlər sosial şəbəkələrdə yatırlar, gördükləri işləri məhz orada
yazılanlara görə təyin edirlər. Məhz yazılan şərhlərə əsasən aktrisalara obraz
həvalə edirlər. Həmin o feyk profillərdən
yazan aktyorlar başlayırlar özlərini tərifləməyə. Belə ki, şərh bölümündə öz
adlarını yazaraq onun yaxşı oynadığını bildirir, ssenaristləri onlar haqqında
gözəl səhnələr yazmağa səsləyirlər. Bu nə deməkdir? Ona elə gəlir ki, məni
pisləyib, özünü tərifləməklə onun fikir ilə aktyorları seriala dəvət edəcəklər?
Bu, ilk deyil. Dəfələrlə belə hadisələr olub. Bunu aktrisalarla öz aramızda
müzakirə edirik və hər birimizin başına gəlib”.
Zülfiyyə xanım hər zaman fikrini açıq şəkildə
səsləndirdiyini, heç nədən qorxmadığını iddia edir: "O statusu bilərək yazdım
ki, həmin insanların qulağına çatsın. Bilsinlər ki, kənardan gülünc görünürlər.
Hamı onların hərəkətlərini görür və fikirlərimlə razılaşırlar. Amma bir çox
şeyləri səsli şəkildə deməkdən qorxurlar. Düşünürlər ki, görən kənardan necə
qəbul olunarıq, haqqımızda nə düşünərlər? Sən onun dərininə gedib soruşsan,
deyəcəklər ki, belə bir şey var. Ancaq baxırsan ki, hamımızın ortaq problemi
ilə bağlı nəsə yazanda, risk edib "like” da etmirlər. Əgər mən hansısa həmkarımla razıyamsa, onun
yazdığı hər hansı hadisə başıma gəlibsə, həmkar olaraq fikir bildirirəm. Çalışıram
ki, belə şeyləri dəstəkləyim. Düzdür, mən o statusu dəstəkləsinlər deyə
yazmamışam, ancaq bu və digər mövzularda həmkarlarıma dəstək oluram”.
Tanınmış aktrisa Zümrüd
Qasımova mövzu ilə bağlı öz fikirlərini bildirərkən belə
hadisələrin son zamanlar çoxaldığını dedi: "Bir neçə il bundan qabaq axşam
verilişində çalışırdım. İş yoldaşlarımdan biri bir neçə profildən girib mənə
xoşagəlməz sözlər yazırdı. Onu tanıyırdım. Məni görəndə yanımdan keçirdi və
mehribanlıq edirdi. Üzərindən uzun zaman keçəndən sonra mənə "Facebook”-da dostluq
göndərdi. Çox tərəddüd etdim, ancaq dostluğunu qəbul etdim. Məclislərin birində
görüşdük, dedi ki, "səni çox istəyirəm”. O, bir media nümayəndəsidir. Əslində
üzümə gülsə də, onun daxilən kim olduğunu yaxşı bilirəm. İndi isə deyir ki,
sizinlə görüşmək istəyirəm. Mən o insanın içini tanıyıram. Mənə o pisliyi edən insan
hansı sevgidən danışa bilər. Mən heç kimə pis şərh yazmıram. Kiminsə haqqında danışmıram.
Özümdən razı insanam. Narazı deyiləm ki, başqasının həyatına müdaxilə edim. Kiminsə
haqqında fikrim olsa, hər hansı sənət yoldaşımın oynadığı obrazı bəyənməsəm, ona
irad bildirmərəm. Çünki bu onun şəxsi işidir. İkincisi isə, bu mənim sənətimə
xələl gətirirsə, ətrafımda olan insanları incidirsə, mən sözümü deyib, ona
ünvanlayaram. Heç nədən çəkinmərəm. Sadəcə, öz səviyyəmi salaraq ondan hər
kəsin qarşısında danışmıram. Özünə deyərəm, əgər alınmasa, başqa şəkildə
danışaram. İnanın ki, mənim müasir texnologiyalardan yaxşı başım çıxmır. Boş
vaxtım yoxdur ki, belə işlərlə məşğul olum. Elə sənət adamları var ki,
həyatından narazıdır. Onlara yazığım gəlir. Gözəl işlə məşğul olsalar, gözəl
filmlərə çəkilsələr, tamaşalarda oynasalar, şəxsi həyatlarında xoşbəxt olsalar,
belə şeylərə vaxt tapmazlar”.
Vəkillər
Kollegiyasının üzvü,hüquqşünas Ceyhun Cəfərlibizimlə söhbətində, istənilən halda təhqirin
yolverilməz olduğunu vurğuladı: "Əgər kiminsə adından istifadə edərək
xoşagəlməz ifadələr, təhqirlər işlədilirsə, yaxud yalan məlumat yayılırsa, bu, şərəf
və ləyaqətin müdafiəsi üçün məhkəməyə müraciət etməyin vacibliyini göstərir. Belə
hallar varsa, Zülfiyyə xanım üçün məhkəməyə müraciət etməyə əsas yaranır. Həm
də zərərçəkən şəxs öz şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi üçün kompensasiya
tələb edə bilər. Bu, tam olaraq informasiya qanunvericiliyinin tələblərinin
pozulmasıdır. Məhz saxta profildən istifadə etmək, kiminsə adından yazmaq,
sosial şəbəkələrdə yalançı adlarla profillər yaradıb fəaliyyət göstərən şəbəkə
istifadəçiləri bu gün saysızdır. Təəssüf ki, bu məsələdə birbaşa tənzimləmə
yoxdur. Biri də var, kompyuter məlumatlarının saxtalaşdırılması. Burda məlumat
bazası zərər görürsə, bu, cinayətdir. Hazırda Milli Məclisdə saxta məlumatlar
yayma ilə bağlı müzakirələr gedir”.
Xəyalə Rəis