• cümə, 29 Mart, 01:04
  • Baku Bakı 7°C

İnternet televiziyaları ekstremal şəraitdə

17.09.14 12:47 1428
İnternet televiziyaları ekstremal şəraitdə
Bir müddət öncə cəbhədə yaranmış gərginlik ölkənin informasiya təhlükəsizliyi ilə bağlı məsələni gündəmə gətirdi və mövzu ötən bir aydan çox müddət ərzində ciddi şəkildə müzakirələrə səbəb oldu. Məlum olduğu kimi, avqust ayının əvvəlində erməni kəşfiyyat-təxribat qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edərkən baş verənləri işıqlandırarkən bir sıra yerli internet saytları, televiziyaları, xəbər portalları dövlətin hərbi və informasiya təhlükəsizliyinə zidd olan ciddi xətalara yol verdilər. Reytinq xatirinə bir-biri ilə ucuz rəqabətə girişmiş media təmsilçiləri cəbhədəki vəziyyət, qoşunların və hərbi texnikanın hərəkəti və s. barədə qeyri-rəsmi mənbələrə istinadən, daha çox düşmən üçün faydalı ola biləcək informasiyalar yaymışdılar. Bütün bunlar məsələnin dövlət səviyyəsində müzakirəsi zərurətini doğurdu.
Beləliklə də, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin yanında Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə həsr olunmuş geniş müşavirə keçirildi. Müşavirədə ekstremal situasiyalarda medianın üzərinə düşən vəzifələr, ölkənin informasiya təhlükəsizliyinin qorunması kimi aktual problemlər KİV nümayəndələri və dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə müzakirə olundu, bu sahədə nöqsanlara yol vermiş bir sıra media orqanlarının fəaliyyəti kəskin şəkildə tənqid edildi. Həmçinin dövlət qurumlarının da üzərinə düşən vəzifələr xatırladıldı, onların məsul olduğu sahələrdə daha həssas fəaliyyət göstərmələri məqsədəuyğun sayıldı.
Məlum olduğu kimi, bu gün ölkədə 5 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Həmçinin dünya təcrübəsinə dayanaraq medianın yeni qolları sürətlə intişar tapır və kütləviləşir. İnternetin kütləviləşməsi internet mediasının ölkədə sürətlə populyarlaşmasına gətirib çıxarır. İnsanlar zamanlarının böyük bir hissəsini virtual sferada keçirirlər. Facebook, tvitter kimi sosial şəbəkə istifadəçilərinin sayı milyonlarla ölçülür. Bununla yanaşı, internet medianın mühüm növlərindən olan internet televiziyalarının sayının da Azərbaycanda çoxalması və populyarlaşması tendensiyası müşahidə olunmaqdadır.
Ölkədə elektron medianın çəkisinin artması, İKT-nin inkişafı və insanların informasiyaya əlçatanlığının təmin edilməsi baxımından müsbət göstərici olsa da, onun tənzimlənməsi ilə bağlı çətinlikləri də bərabərində gətirir. Məlum olduğu kimi, bu gün hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə, internet mediasının tənzimlənməsi ilə bağlı konkret praktika, sahəvi hüquqi baza yoxdur. Belə vəziyyət isə bir sıra problemlər doğurur. Bu problemlər ölkənin informasiya təhlükəsizliyi ilə bağlı olduqda, yeni medianın tənzimlənməsi məsələsi xüsusilə aktuallıq kəsb edir.
Yeni media bu gün istənilən dövlətin milli təhlükəsizliyinə təhdidlər doğura bilir.
Məsələn, 2011-ci ildə İngiltərə kimi qüdrətli bir dövlətin sosial-siyasi həyatına ciddi təsir edə bilmiş kütləvi ixtişaşlar məhz sosial şəbəkələr vasitəsilə qızışdırılmışdı. Bunu əsas götürərək dövlət Facebook və Tvitter sosial şəbəkələrinə girişi məhdudlaşdırdı.
Bundan başqa, ötən il bələdiyyə seçkiləri öncəsi Türkiyədə baş verən qarışıqlığın artmasında da sosial şəbəkələr- tvitter və youtube-un mühüm rolu olduğu ortaya çıxmış və onlara giriş ölkə hüdudunda müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Göründüyü kimi, dünya ölkələri zaman-zaman internet medianın tənzimləməsi zərurəti ilə qarşılaşırlar. Bu mənada sürətlə populyarlaşan internet TV-lərin fəaliyyətinin tənzimlənməsi də akuallıq kəsb edir. Bu gün ökəmizdə fəaliyyət göstərən İP TV-lərin konkret statistikası məlum olmasa da, onların durmadan artığını söyləmək olar (İP TV-lərin statistikasının aparılmaması da bu sahənin nəzarətsiz qalmasının nəticəsidir!).
Əhalisinin 70%-nin internetə çıxış imkanları olan ölkədə fəaliyyəti heç cür tənzimlənməyən İP televiziyaların, lisenziya əsasında və qanunun mövcud tələbləri ilə müəyyən çərçivələnmiş şəkildə yayım həyata keçirən digər TV-lərlə rəqabət mühitində fəaliyyət göstərməsi bir sıra problemlər ortaya çıxarır. Belə ki, aparılan təhlillərin də göstərdiyi kimi, İP TV-lər artıq adi TV-lərin auditoriyasına sahib olmaq istiqamətində ciddi cəhd göstərirlər. Bu isə İP TV-lərin adi TV yayımçılarının reklam bazarına da ortaqlıq etməsi deməkdir. Lakin əgər adi TV-lər reklam fəaliyyətlərini konkret hüquqi məhdudiyyətlər çərçivəsində qururlarsa, İP TV-lər üçün belə bir məhdudiyyət yoxdur. Onlar sərbəst şəkildə fəaliyyət göstərirlər. Bu, isə qeyri-sağlam rəqabətə gətirib çıxarır.
Lakin razılaşmaq olar ki, bu gün İP TV-lərin iştirakı ilə reklam bazarında yaranmaqda olan qeyri-sağlam rəqabət mühiti ilə bağlı problem nə qədər ciddi olsa da, bu, ölkənin informasiya təhlükəsizliyi qədər mühüm deyil.
Belə ki, məlum «avqust praktikası» belə bir iddia irəli sürməyə imkan verir ki, hansısa «X» günündə sayları durmadan artan və yaradılması, fəaliyyəti üçün heç bir hüquqi şərt olmayan İP TV-lərin ölkənin informasiya təhlükəsizliyinə təhdidlər doğurmayacağına kim qarantiya verə bilər?
Çünki avqustun əvvəllərində cəbhə bölgəsində baş verən gərginlik zamanı bir sıra İP TV-lərin də ciddi «canfəşanlıq» etmələri faktları ortadadır. İP TV-lərin adi xəbər portallarından fərqli olaraq təqdim etdikəri video materialların daha təsirli olması isə narahatlığı bir qədər də artırır.
Bütün bunlar göstərir ki, İP TV-lərin fəaliyyəti ilə bağlı tezliklə qanunvericilik bazası formalaşdırılmalıdır. Əks təqdirdə istənilən ölkə və xarici vətəndaşın sərbəst şəkildə İP televiziya yaradaraq fəaliyyət göstərməsi informasiya təhlükəsizliyi baxımından ciddi təhdidlər doğura bilər.
İP TV-lərlə bağlı qanunvericilik təcrübəsinə gəldikdə isə bunu ölkəmiz tərəfindən yaradılmış model qanunla da ortaya qoymaq olar. Çünki ölkəmizin KİV sahəsini tənzimləyən kifayət qədər normal liberal qanunvericilik bazası vardır. Buradan çıxış edərək, eyni zamanda müasir dünyanın çağırışlarını, təcrübəsini nəzərə alaraq model qanunvericilik bazası hazırlamaq olar.
Qeyd edək ki, ölkəmizin bu sahədə təcrübəsi də vardır. Belə ki, hazırda dünyada məxsusi Azərbaycan brendi kimi tanınan «Asan Xidmət» buna əyani misal ola bilər. Məlum olduğu kimi, dünyanın bir sıra inkişaf etmiş ölkələri «Asan Xidmət»in fəaliyyəti ilə tanış olmaq üçün mütəmadi olaraq ölkəmizə nümayəndə heyətləri göndərirlər.
Bundan başqa ölkəmizdə və yaxud ölkəmizin iştirakı ilə hazırlanmış elə qanunvericilik nümunələri vardır ki, hətta Avropa üçün model qanun səciyyəsi daşıyır.
Bu mənada ölkəmizin yeni bir örnək ortaya qoyması onun beynəlxalq imicinin artmasına təkan verərdi.
Həmin qanunvericilik örnəyinin necə olacağı isə hüquqşünasların işidir. Lakin faktiki həssas durum, ölkəmizin müharibə şəraitində olması, dünyada gedən geosiyasi proseslər, həmçinin internetin bu gün yeni termin kimi, tez-tez istifadə edilən «infoimperializm»in əsas alətinə çevrilməsi ölkəmizin öz informasiya təhlükəsizliyinə həssas yanaşmasını zəruri edir. Bütün bunlar internet mediasının, o cümlədən internet TV-lərin fəaliyyətinin hüquqi çərçivəyə salınması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini labüdləşdirir.
Təvəkkül Dadaşov
MTRŞ Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri
banner

Oxşar Xəbərlər