İnternet resurslarının fəaliyyəti qanunla tənzimlənəcək
Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər
təklif olunub. Təkliflərə əsasən, əgər saytda yayılması qadağan olunan
informasiya aşkar olarsa müvafiq icra qurumu ona və host provayderə dərhal xəbərdarlıq
edəcək. Saytın sahibi xəbərdarlıq alanda həmin informasiyanı dərhal saytdan
yığışdırmalıdır. Eyni zamanda, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində
yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə müvafiq orqan
saytın məhdudlaşdırılması üçün məhkəməyə müraciət göndərir. Əgər bu informasiya
dövlət və cəmiyyət üçün təhlükəlidirsə, məhkəmənin qərarı olmadan müvafiq qurum
saytı bağladacaq və bundan sonra məhkəməyə müraciət edəcək. Bunlarla yanaşı,
müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş məhkəmə baxışı başa çatanadək
qapalı olacaq. Məhkəmə bu müraciətə 5 günədək müddətdə baxacaq. Qapadılan
resursların reyestri formalaşdırılacaq. Bu məqsədlə müvafiq qurum "Yayılması
qadağan edilən informasiyanın yerləşdiyi saytların Siyahısı”nı hazırlayacaq.
Provayderlər bu siyahıya daxil edilən resurslara girişi qapatmalıdır. Təkliflərə
əsasən, bütün səviyyələrdən olan provayderlərin uçotu aparılacaq. Provayderlər
hüquq mühafizə orqanlarından, məhkəmə və icra orqanlarından daxil olan sorğular
əsasında 3 gün müddətində istifadəçilərlə bağlı məlumatı təqdim etməlidirlər.
Qanun layihəsində milli domenlərin qeydiyyatı ilə bağlı yeni qaydaların müəyyən
olunması məsələsi də əksini tapıb. Təkliflərdə bütün hüquqi şəxslərin öz
internet resurslarında özləri haqda mütləq məlumat yerləşdirməsi də qeyd
olunub. Bütün bu dəyişikliklərin kibertəhlükəszilik və yayılması qadağan edilən
informasiyaların açıqlanmasının qarşısını almaq məqsədilə edildiyi bildirilir.
Bu günə qədər Rusiyada, Belarusda və digər dövlətlərdə
qəbul edilən oxşar qanunvericilik aktının ölkəmizdə də qəbul edilməsi üçün təkliflər
irəli sürülməsinin əsas hədəfi bütün informasiya müstəvisində, internet media
sektorunda, bütövlükdə isə İnternetin Azərbaycan seqmentində kəskin dəyişikliklər
yaratmaqdır. Kifayət qədər ciddi sayılan bu dəyişikliklər artıq Milli Məclisin
müvafiq komissiyasından keçərək səsverməyə göndərilib. Sözügedən təkliflərlə
bağlı fikirlərini "Kaspi”yə bölüşən Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, hər iki
qanuna dəyişiklik ümumən internet məkanımızda zəruri tənzimləmə aparmağa xidmət
edir. Onun fikrincə, dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin
aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır: "Hər iki layihədə
nəzərdə tutulan dəyişikliklər ümumən internet məkanda görüləcək işləri tənzimləmək
baxımından bir növ bir-birini tamamlayır. Əlbəttə, internet məkanımızda tənzimləmə
informasiya təhlükəsizliyimiz baxımdan önəmlidir. Media ictimaiyyəti olaraq
bizlər neçə illərdir bunu bildiririk. Konkret olaraq hüquqi mexanizmlərin işə
salınmasının zəruriliyini vurğulayırıq. Hesab edirəm ki, məsələnin
reallaşmamasından ən çox əziyyət çəkən jurnalistikadır. Çünki internetin
inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının
timsalında özünü göstərir. Onlar digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən
saytlardan daha çox cəmiyyətə xitab edirlər. Müsbət təsirləri olduğu kimi, mənfi
təsirləri də hər zaman aktual əhəmiyyət daşıyır. Reallıq bundan ibarətdir ki, mənfi
təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə mediaya
ünvanlanır. Çox zaman qurunun oduna yaş da yanır. Buna görə də hesab edirəm ki,
dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün
faydalıdır”.
Jurnalistlərin
Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli də hesab edir ki, "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Telekommunikasiya
haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi zəruridir. Onun sözlərinə
görə, internetin yarnması müsbət hadisə olsa da zamanla virtual aləmdə olduqca
təhlükəli məqamlar özünü göstərməyə başlayıb. Media eksperti deyib ki, xüsusən
də indiki məqamda, yəni Ermənistan-Azərbaycan cəbhə xəttində düşmən tərəfindən
atəşkəsin davamlı pozulması, mövqelərimizə soxulmaq cəhdləri, təxribatlar və
bunların qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması fonunda internet məkanında
yayılan bəzi qərəzli, heç bir həqiqətə əsaslanmayan, mənbəyi bilinməyən məlumatlar
ciddi narahatlıq doğurur: "İnsanların özəl həyatına müdaxilə etməmək, şəxsi həyatın
toxunulmazlığı, yalan məlumatla işgüzar nüfuza xələl gətirməmək və sair kimi məqamlar
var ki, bunlar həm beynəlxalq, həm də yerli qanunlarla qorunur. Çox təəssüf ki,
son vaxtlar bu prinsiplərin internetdə kobud şəkildə pozulması hallarına
tez-tez rast gəlirik. Belə olan halda bu kimi neqativ hadisələrə qarşı tədbirlər
görülməlidir. Son vaxtlar cəbhə xəttində yaşanan gərginlikdən dolayı internet
resurslarında yayılan qeyri-obyektiv məlumatlar həm də onu göstərdi ki, bu məsələ
dövlətin təhlükəsizliyi üçün də problemə çevrilir. Dəqiqləşdirilməmiş, düşmən tərəfindən
təxribat məqsədilə yayılan, heç bir həqiqətə əsaslanmayan informasiyalar bəzi
internet resursları tərəfindən tirajlanır, əhalidə çaşqınlıq yaradır. Bu
baxımdan da qanunlara təklif edilən əlavə və düzəlişləri dəstəkləyirəm. Amma bu
təkliflərdə yalnız bir məqamı, yəni məhkəmənin hökmü olmadan müəyyən
informasiyaların, yaxud saytların icra orqanı tərəfindən bloklaşdırılması məsələsini
bir qədər mübahisələndirmək olar. Çox yaxşı olar ki, qanunverici orqanda bu məsələ
nəzərə alınsın və müvafiq icra orqanı deyilərkən konkret kimlərin nəzərdə
tutulduğu aydın göstərilsin. Ümumilikdə elə etmək gərəkdir ki, qəbul ediləcək hər
hansı təkliflər sonradan söz-mətbuat, ifadə azadlığına hər hansı formada xələl
gətirməsin”.
Orta Asiya və
Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN)sədri, Əməkdar jurnalist
Azər Həsrət də belə bir qanun layihəsinin ortaya çıxmasını təsadüfi
saymayıb. Qəzetimizə açıqlamasında deyib ki, özəlliklə də son günlərin hərbi əməliyyatları
fonunda Ermənistanın məqsədyönlü dezinformasiyasının Azərbaycanda sağa-sola təbliğ
edilməsi şəraitində belə bir qanunun yoxluğu özünü ciddi şəkildə göstərir: "Ona
görə də mütləq boşluq aradan qaldırılmalı, daha çevik və işlək bir mexanizm tətbiq
edilməlidir ki, düşmənin informasiya müstəvisində təxribatları dərhal əngəllənə
bilsin. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Milli Məclis, deputatlar
tezliklə qanun layihəsinə səs verməli, onun mümkün qədər tez qüvvəyə minməsi
üçün addımlar atılmalıdır”.
Rufik İSMAYILOV