• cümə axşamı, 28 mart, 19:10
  • Baku Bakı 13°C

İnternet məkanın təhlükəsizliyi üçün dünya praktikası öyrənilir

06.02.14 09:53 1532
İnternet məkanın təhlükəsizliyi üçün dünya praktikası öyrənilir
Son vaxtlar internet təhlükəsizliyi məsələsi daha da aktuallaşmağa başlayıb. Ölkədə internet media sektorunun qorunması, məsələni tənzimləyən qanunvericilik, dünya praktikası və digər məqamlarla bağlı “Kaspi”nin suallarını Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət cavablandırır.
- Azər bəy, internet medianın təhlükəsizliyi ilə bağlı müzakirələr intensivləşib....

- İnternetdə təhlükəsizlik məsələsi hər bir ölkənin, cəmiyyətin təhlükəsizliyinin tərkib hissəsidir. İnsanların fəaliyyətlərini internet üzərindən tənzimlədiyi və az qala hər kəsin internet istifadəçisinə çevrildiyi vaxtda bu məsələyə ayrıca diqqət yetirilməlidir. Dövlət və ayrı-ayrı fərdlərin təhlükəsizliyi nəzərə alınmalıdır. Azərbaycanda son illər ərzində sürətli şəkildə yeni internet resursları qurulur, yeni media orqanları fəaliyyətə başlayır. Yaradılan qurumların böyük əksəriyyəti yeni texnologiyalardan istifadə edir, amma onun dərinliklərindən baş çıxarmır. Buna görə də bəzən Azərbaycan mediası həm xaricdən, həm daxildən, həm də müəyyən edə bilmədiyimiz istiqamətlərdən hücumlara məruz qalır. Nəticə etibarı ilə internet resurslarımız çökdürülür, informasiya ötürücülərimiz məhv edilir. Onlar Azərbaycana aid saytları ələ keçirərək bundan sui-istifadə edirlər. Biz həm Mətbuat Şurası çərçivəsində, həm də informasiya texnologiyaları ilə məşğul olan şəxslərlə bərabər bu məsələlərə daha çox diqqət yetirməyə çalışırıq. Buna misal olaraq fevralın 4-də keçirilən Dəyirmi masanı göstərə bilərəm. Burada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi, Prezident Administrasiyasının təmsilçisi, sektor müdiri Vüqar Əliyev də iştirak edirdi. Məqsədimiz Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək idi. Çünki Azərbaycan Ermənistan kimi işğalçı dövlətlə üz-üzə qalıb. Belə vəziyyətdə müharibənin başlayacağı an məsələsidir. Yəni, bu gün, hər dəqiqə, hər an müharibə başlaya bilər. Ona görə də informasiya müharibəsinə əvvəlcədən hazırlıqlı olmalıyıq. Çünki müharibənin baş verəcəyi təqdirdə düşmən tərəfin informasiya resurslarımızı çökdürmək üçün fəaliyyətə başlayacağı gözlənilən haldır. Onlayn medianın, bütövlükdə internet məkanının güvənliyi məsələsi bir ölkənin, dövlətin, ümumi müdafiəsindən heç də az əhəmiyyətli deyil. Ona görə də belə məqamları ictimailəşdirməyə çalışırıq.
- Çoxları elə hesab edir ki, bu istiqamətdə qanunvericilikdə müəyyən boşluqlar var, bununla razılaşırsınızmı?

- Qanunvericilikdə boşluğun olub-olmaması təhlükəsizlik baxımından o qədər də əhəmiyyətli məsələ deyil. İnternet resurslarının fəaliyyətinə qanunla maneçilik törənmirsə, bu baxımdan qanunda heç bir boşluğun olmadığını deyə bilərik. Amma kibertəhlükəsizlik baxımından müəyyən çatışmazlıqlar ola bilər. Çünki bu sahənin özü yenidir. Bu səbəbdən onu tam oturuşmuş hesab etmək doğru olmaz. 15-20 il bundan əvvəl meydana çıxmış texnologiyalarla bağlı müəyyən təcrübə əldə edilib və buna əsaslanaraq qanunvericilik bazası yaradılıb. Onlayn media resursları ilə bağlı son 10 ildə çox sürətli inkişaf gedir. Bu sahənin yeni olmasını nəzərə alaraq müəyyən çatışmazlıqların olmasını təbii hesab etmək lazımdır. Amma bütövlükdə Azərbaycanda bu məsələ ilə bağlı qanunlarda çatışmayan nəyəsə, əngəlləyici maddəyə rast gəlmək mümkün deyil. Yəni, istənilən şəxs sərbəst şəkildə internet resursu yaradıb fəaliyyətini həyata keçirə bilir. Buna görə nə kimdənsə izn alınır, nə də kiməsə hesabat verilir. Bu baxımdan, sərbəstlik arzuolunandan da artıqdır.
- Dünya praktikasında bu sahədə vəziyyət necədir? Avropa ölkələrində internet media hansı formada tənzimlənir?

- Medianın tənzimlənməsi daha çox özünütənzimləmə prinsipləri əsasında həyata keçirilir. Bildiyiniz kimi, Avropa və Qərb ölkələrində mətbuat şuraları və ya onlara bənzər qurumlar fəaliyyət göstərir. Onlar uzun illər bundan əvvəl yarandıqlarına görə, daha çox çap mediası ilə məşğul olurlar. Həmçinin teleradio şuraları fəaliyyət göstərir ki, onlar da konkret olaraq televiziya və radio ilə bağlı məsələlərlə maraqlanırlar. Yeni media orqanları meydana çıxandan sonra mətbuat şuralarının media şuraları ilə əvəzedilməsi istiqamətində müzakirələr başlayıb. Yeri gəlmişkən, biz də o müzakirələrin tərkib hissəsiyik. Yəni, Azərbaycanda da o proses başlayıb və müzakirələr gedir. Deyim ki, biz də onlayn mediaya özünütənzimləmə aspektindən yanaşırıq. Azərbaycanda dövlət bu məsələləri bir növ ictimaiyyətin öhdəsinə buraxıb ki, media ilə məşğul olanlar, texnoloqlar müəyyən mexanizmlər axtarıb tapsınlar. Bu da, təbii ki, müsbət haldır. Göründüyü kimi, hökumət internet resurslarına müdaxilə etməkdə maraqlı deyil. Faktiki olaraq da, dövlətin hər hansı müdaxiləsini müşahidə etmirik.
- Mətbuat Şurası bu məsələ ilə bağlı hansısa yeniliklər həyata keçirməyi düşünürmü?

- Xatırladım ki, Mətbuat Şurası 2014-cü ili “Yeni media” ili elan edib. 2013-cü ildə Mətbuat Şurasının tərkibində yeni media ilə bağlı komissiya yaradılmışdı. Mən də o komissiyanın üzvüyəm. “Yeni media” ilinin elan olunması 2014-cü ildə bu işləri daha intensiv şəkildə həyata keçirmək üçün nəzərdə tutulub. Qeyd edim ki, son tədbirimizin davamı olacaq. Eyni zamanda, Mətbuat Şurası Qərb ölkələrinin təcrübəsini öyrənmək istiqamətində də işlər aparır. ABŞ, Kanada və digər irəli getmiş Avropa ölkələrinin təcrübəsini öyrənirik ki, onların yeni medianın özünütənzimləməsi ilə bağlı atdıqları uğurlu addımları ölkəmizdə tətbiq edək. Ümid edirik ki, müəyyən təcrübəyə yiyələndikdən sonra Azərbaycan bu məsələdə cüzi də olsa səhvə yol verməyəcək.
- Bəs sırf sizin qrupda bununla bağlı müzakirələr aparılırmı?

- Mətbuat Şurası çap mediasını əhatə etdiyinə görə yeni media ilə məşğul olan komissiyanın yaranması zərurəti yarandı. Keçən il bu komissiya qurulanda əsasən iki istiqamət üzərində dayandıq. Birincisi, jurnalist etikası məsələsidir ki, bu da birbaşa Mətbuat Şurasının fəaliyyətinə aid olan məqamdır. Jurnalist etikası, ümumiyyətlə, onlayn müstəvidə özünümüdafiənin etik çərçivəsi məsələlərini müzakirə etdik və hazırda da bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. İkinci məsələ isə yeni medianın təhlükəsizliyi məsələsidir. Yəni, kiberhücumlardan qorunma, yeni texnologiyaların öyrənilib tətbiqində yeni mediaya yardımçı olmaq. Mətbuat Şurası bu işləri öz səlahiyyətləri çərçivəsində gördüyünə görə, bizim böyük iddialarımız yoxdur. Sadəcə olaraq, Mətbuat Şurasına üzv olan onlayn media vahidləri özlərinin etik məsələlərini, jurnalist-cəmiyyət, jurnalist-vətəndaş, jurnalist-məmur problemlərini bizim vasitəmizlə həll edə bilirlər. Qıraqda qalanlar təbii ki, bu imkanlarından istifadə edə bilməyəcəklər.
- Sizcə, virtual hücumları təşkil edənlər kimlərdir? Onlara qarşı necə mübarizə aparmaq olar?

- Bu suala cavab vermək bir qədər çətindir. Dünyada yeni texnologiyalar sürətlə inkişaf edir. Yeni bir şey icad edildikdən sonra dərhal onun əleyhinə başqa bir şey də ixtira olunur. Kiberhücumları kimin etdiyini konkret demək olmur. Azərbaycanda rəqabət aparan iki onlayn media qurumunun bir-birinə qarşı hücumlar təşkil etdiklərini də müşahidə etmişik. Rəsmi açıqlamalar olmasa da, biz bu məsələlərdən xəbərdarıq. Təbii ki, xaricdən edilən hücumların sayı daha çoxdur. Azərbaycana, ölkəmizin informasiya resurslarına qarşı müharibə aparan adamlar var. Onların daha çox Ermənistana bağlı olduqlarına şübhə etmirəm. Bundan başqa İrana bağlı insanlar da saytlarımıza hücum edirlər. Rusiyadan, Avropadan, hətta, Amerikadan gələn hücumlar da müşahidə etmişik. Belə məqamları müəyyənləşdirmək çətin məsələ olduğuna görə, bunun tam axırına gedib çıxa bilmirik. Nəzərinizə çatdırım ki, açıq şəkildə hücum edən qüvvələr də olur. Onlar özləri haqqında hücum etdikləri saytlarda məlumat yerləşdirərək kim olduqlarını, saytı hansı səbəbdən dağıtdıqlarını qeyd edirlər. Bu zaman hansı ölkədən və nə üçün hücum etdiklərini anlamaq çətin olmur.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər