• çərşənbə axşamı, 23 aprel, 16:02
  • Baku Bakı 24°C

İnternet mediada etik problemlər

09.07.13 13:22 2755
İnternet mediada etik problemlər
«Azərbaycan Mətbuat Şurasının «Jurnalistlərin peşə davranışı kodeksi» qəbul olunub. Bu, mükəmməl sənəd olsa da, onun praktikada tətbiqi müəyyən problemlərlə müşahidə olunur. Çünki müstəqil, özəl, dövlət və s. media qurumları var. Üstəlik, internet mediası geniş vüsət tapdığından sosial şəbəkələr, bloqlar var ki, onun istifadəçiləri də özlərini jurnalist adlandırırlar. Onların fəaliyyətində də internet mediada müxtəlif etik davranış normalarının pozulması hallarına rast gəlinir». Bu fikirlər Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin (AJŞ İB) həftəsonu Gəncə şəhərinin “Ramada Plaza” otelində keçirdiyi “İnternet mediasında peşə etikası” adlı konfransda səslənib.
İB-nin sədri Ayaz Mirzəyev QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan layihənin həyata keçirilməsində əsas məqsədin ölkənin internet mediasında jurnalistlərin peşə etikası ilə bağlı yol verdikləri pozuntuların müzakirəsi, eləcə də bu istiqamətdə tənzimlənmə yaratmaqdan ötrü təkliflərin hazırlanması istiqamətində addımlar atmaqdan ibarət olduğunu bildirib.
Artıq internet media ciddiyə alınsın

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərin KİV-də, xüsusən yeni mediada etik davranış qaydalarını pozması hallarını yolverilməz adlandırıb: “Biz hüquqi və demokratik ölkəyik və bizdə mətbuat azadlığı var. Qəzetlər nə istəyirsə yazır. Ancaq Azərbaycan təkcə Bakıdan, paytaxtdan ibarət deyil. Paytaxtdan kənara çıxmaq və hər şeyi gözlə görmək lazımdır. Həyatın gerçəkliyi hər şeydən doğrudur”. İcra başçısı insanların şəxsi həyatına müdaxilənın qanunsuz olduğunu qeyd edib: “Bütün məmurlar haqqında yazırlar. Şəxsən mən bunun tərəfdarıyam. Ən azından insan öz nöqsanlarını görə bilir. Ancaq nə ənənəvi mediada, nə də internet mediasında ailə məsələlərinə toxunmaq, insanları təhqir etmək olmaz”.
Rəhbərlik etdiyi rayonda mətbuatın azad inkişafı üçün şərait yaradıldığını, ümumiyyətlə, regionda müxtəlif televiziya və mətbu orqanların fəaliyyət göstərdiyini qeyd edən başçı, həmçinin Gəncə şəhərində Mətbuat Evinin tikildiyini də diqqətə çatdırıb: «Bu ideyanı mənə söyləyəndə məmnuniyyətlə qarşıladım. Həmin məkanda mətbuat işçiləri üçün hər çür şərait yaradılacaq».
Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ)Müşfiq Ələsgərli mətbuatın dövri tənzimlənməsi mərhələsinin artıq geridə qaldığını qeyd edib: “Bütün qanunvericilik artıq demokratikləşib. Ölkə prezidenti jurnalistlərin sosial problemlərinin qayğısı üçün ciddi addımlar atıb. Artıq 2010-cu ildən tikilməyə başlayan 16 mərtəbəli ilk yaşayış binası hazırdır. Bu mənzillər mətbuatın 138 illiyinə həsr olunan tədbirdə ölkə rəhbərinin iştirakı ilə jurnalistlərə paylanılacaq. Bu nəinki MDB, hətta bütün Avropa məkanında ilk belə addımdır. Yəqin ki, bu layihələr davamlı olacaq». M.Ələsgərli ölkədə medianın tənzimlənməsindən danışaraq qeyd edib ki, Azərbaycanda bu istiqamətdə bütün inzibati resurslar ləğv edilib. Belə ki, ilk dəfə olaraq Azərbaycanın timsalında MDB məkanında medianın özünü tənzimlənməsi baş verib: “Bütün dünyada medianın fəaliyyətinə nəzarət edəcək iki vasitə mövcuddur. Biri qanunvericilik, digəri isə jurnalistlərin peşə-davranış qaydalarıdır. Azərbaycan o ölkələrdəndir ki, jurnalistlərimiz demokratik mühitə tez uyğunlaşdılar. Qısa müddətdə - 1991-ci ildən 2000-ci ilə qədər sürətli yol keçərək sanki demokratik dünyanın informasiya məkanının tərkib hissəsinə çevrilə bildilər. Amma bizim hələ də etik prinsiplərə əməl olunması ilə bağlı ciddi problemlərimiz var. Etik prinsiplərin pozulmasından ən çox problemlər yaşayanlar da bizim icra strukturlarıdır”.
JuHİ sədri Mətbuat Şurasının tərkibindəki şikayətlər üzrə komissiyaya daxil olan məktublarda icra strukturları, ayrı-ayrı məmurlar, dövlət qurumları, adi vətəndaşlar və iş adamlarının mediada hüquq pozuntuları ilə bağlı şikayətlərinin yer aldığını bildirib. Belə ki, 2011-ci ildə MŞ-yə daxil olan 597 şikayətin 25 faizə qədəri məmurlar tərəfindən ünvanlanıb. 2012-ci ildə 600-dən çox şikayət daxil olub. Bu isə hər ay ərzində 27-28 şikayətin daxil olması deməkdir. Bu statistika qəzet və jurnallar, agentliklər və internet mediası ilə əlaqədardır: “Bu da medianın standartlara münasibətinin bir göstəricisidir. Hal-hazırda sosial media ilə bağlı çox ciddi problemlər yaşanır. Yeni media çoxşaxəli sahədir. Bura ənənəvi medianın internet resurslarından tutmuş, sosial şəbəkələr, xəbər portalları, bloqlar və s. daxildir. Təkcə Azərbaycanda deyil, bütün dünyada yeni medianın tənzimlənməsi ilə bağlı ciddi müzakirələr gedir: Problemin kökündə “Necə edək ki, həm insanların internet istifadəsində azadlıqları əllərindən alınmasın, həm də bu sahədə tənzimlənmə həyata keçsin” sualı dayanır. İstənilən halda tənzimlənmə həm nəzarət, həm də hansısa məhdudlaşma deməkdir. Buna görə də həmin azadlığı məhdudlaşdırmadan bu tənzimlənmə prosesini həyata keçirmək lazımdır. Variantlar budur ki, internet mediada özünü tənzimləmə mexanizmi qurulmalıdır. Bu tənzimləmə başqa təsirlərdən azad olmalı, məhz təmsilçilərin özləri vasitəsilə həyata keçirilməlidir”.
M.Ələsgərli bildirib ki, internet media texnoloji baxımdan həyatımıza girsə də, onun fəlsəfi mahiyyətinin tənzimlənməsi haqqında insanlar çox az bilgiyə malikdir: “İnsanlar qanunvericilikdən xəbərsiz olurlar. İnsana böhtan atmaq, onu təhqir etmək – istər internet media olsun, istərsə də ənənəvi media - bunlara qanunla qadağa qoyulur. Bunu bilməyərəkdən bəzi insanlar bu qaydanı pozurlar. Özlərinə məxsus çıxış yolu tapırlar. Saxta profillər yaradır, saxta niklər vasitəsilə başqa adlarla qeydiyyatdan keçirlər. Başqalarına qarşı bu cür addımlar atmağa başlayırlar. Ancaq çoxları bilir ki, İP kodlar vasitəsilə bu adamların izlənməsi, yaxalanması mümkündür. Qanunvericilikdə bu cür proseslərin həyata keçirilməsi üçün əsas olması yetərlidir. Bu baxımdan bu sahədə maariflənməyə böyük ehtiyac var. Mətbuat Şurasının atdığı addımlar da ondan irəli gəlir ki, artıq internet media ciddiyə alınsın və onlar yazdıqları fikirlərə görə məsuliyyət daşıdıqlarını hiss etsinlər».
Hər kəsin haqqında yazılsa

«Zaman Azərbaycan» qəzetinin baş redaktoru Süleyman Ünal sosial medianın yaratdığı problemlərə toxunub: «Biz hamımız mediayıq. Ancaq hər kəsin haqqında nəsə yazılsa, o, rahatsız olur. Ona görə özümüzə qarşı nə cür davranış istəyiriksə, başqalarına qarşı da elə davranış nümayiş etdirməliyik. Sosial media yeri gəldikcə yaxşı və geniş istifadə olunan, həm də yeri gəldikcə pis vəziyyətə düşülən sahə olmağa başlayıb”.
«Gəncənin səsi» qəzetinin baş redaktoru Rəfiqə Sadıqova çıxışında yazılan informasiyaların bəzi hallarda dəqiqləşdirilmədiyini jurnalistlərin məsuliyyətsizliyi kimi qiymətləndirib: «Müxtəlif media orqanlarında Gəncə və burada çalışan jurnalistlər haqqında fakta söykənməyən yazılar yer alır. Xüsusən jurnalistlərin sıxışdırıldığını yazırlar. Ancaq bu faktlar yanlışdır. Rayon rəhbərliyi burada jurnalistlərin çalışmaları üçün kifayət qədər yaxşı şərait yaradıb. 2011-ci ilə qədər qəzetimiz acınacaqlı vəziyyətdə olub. Hazırda jurnalistlər yaxşı əməkhaqqı alır və gözəl şəraitli ofisdə çalışırlar. Bütün bunlar o deməkdir ki, Gəncədə mətbuata da, qəzetə də böyük diqqət və qayğı var». «Gəncənin səsi»nin 92 yaşı olduğunu qeyd edən redaktor qəzetin tirajının 5000 olduğunu və ay ərzində 2 dəfə işıq üzü gördüyünü diqqətə çatdırıb.
«Peşə etikası normaları nədir və biz ona uyğun öz fəaliyyətimizi necə qururuq» mövzusuna toxunan «Region+» jurnalının baş redaktoru Namiq Mayılov hazırda internet mediasının informasiyanı yaymaq baxımından ənənəvi medianı üstələdiyini qeyd edib: «Etik normaları pozmaq baxımından internet mediada çalışanların imkanları daha çoxdur. Pozuntu hallarını tənzimləmək həm jurnalistin öz üzərinə, həm də rəhbərliyin və jurnalist təşkilatlarının üzərinə düşür. Bu sahədə maarifləndirmə aparılmalıdır». Baş redaktorun fikrincə, qanunvericiliklə internet mediada etik normaları tam tənzimləmək mümkün deyil: «Orada o qədər imkanlar var ki, qanunvericilik onları çərçivəyə sala bilməz. Çünki internet mediada istehsalçı və istehlakçı arasındakı sərhəd götürülüb”.
«Trend» İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov mediada balansın qorunmasından danışaraq qeyd edib ki, jurnalistlər beynəlxalq praktikanı bilsələr, müxtəlif təlimlər keçsələr və bu istiqamətdə konfranslar, seminarlar təşkil olunsa, bu cür problemlər aradan qalxa bilər.
KİV-də, o cümlədən yeni mediada qızıl qaydaların pozulmasından narahatlıqlarını dilə gətirən digər media orqanlarının təmsilçiləri də jurnalistikada balansın qorunmaması, müəllif hüquqlarının pozulması, istinadın olmaması, plagiatlıq, qeyri-peşəkarlıq, qərəzli yanaşma, qeyri-obyektivlik və s. məsələlərə münasibət bildiriblər. Müzakirələrdə sosial medianı dəstəkləməklə bərabər yeni mediayaya nəzarətin lazımlığı da vurğulanıb. Həmçinin «Mətbuatda etik normaların pozulması ən çox hansı hallarda baş verir və həlli yolları hansılardır?», «Bu sahədə hansı yeniliklərə imza atmaq olar?» tipli suallara da cavab axtarılıb. Müzakirələrdə həmçinin qonşu dövlətlərdə - Türkiyə, Gürcüstan və s. ölkələrdə sosial medianın fəaliyyəti ilə bağlı meydana çıxan problemlər müzakirə olunub.
Ölkənin aparıcı xəbər saytları, agentliklər və qəzetlərin əməkdaşlarının, eləcə də regional mediada çalışan jurnalistlər və yeni media üzrə mütəxəssislərin qatıldığı konfrans iki gün davam edib.
Təranə Məhərrəmova
Bakı-Gəncə

banner

Oxşar Xəbərlər