• cümə, 19 Aprel, 11:55
  • Baku Bakı 13°C

İnternat və uşaq evlərini bitirənlərə evlər necə veriləcək?

24.11.14 19:04 5554
İnternat və uşaq evlərini bitirənlərə evlər necə veriləcək?
“Masazırda uşaq evləri və internatları bitirmiş uşaqlar üçün nəzərdə tutulmuş 3 binadan birinin inşası tam başa çatıb”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.
Nazir müavini valideyn himayəsindən məhrum olan uşaqların hüquqlarının qorunması ilə bağlı kifayət qədər qanunvericilik layihəsinin olduğunu qeyd edib: “Hazırda belə uşaqların hüquqlarının təmin olunması hökumətin sosial siyasətinin ən aktual məsələlərindən biridir. Bununla təkcə bizim nazirlik yox, mərkəzi icra hakimiyyəti orqanları, eyni zamanda, yerli icra hakimiyyəti orqanları da məşğul olurlar. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının işi “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunla və “Uşaqların hüquqlarının qorunması haqqında” Qanunla tənzimlənir. Bu qanunlar hər bir orqanın vəzifələrini müəyyən edir. Eyni zamanda, Azərbaycan dövləti bu problemin aktuallığını nəzərə alaraq BMT-nin Uşaq Hüquqları barədə Konvensiyasına da qoşulub. Qeyd edim ki, bir çox ölkələr BMT Konvensiyasından irəli gələn öhdəliklərin təmin olunmasına hazır olmadığından hələlik bu Konvensiyaya qoşulmayıblar. Dövlətimiz vaxtaşırı olaraq BMT-nin iclaslarında bu Konvensiyanın müddəalarının həyata keçirilməsi ilə bağlı hesabatlar verir”.
İlqar Rəhimov bildirib ki, dövlətin əsas məqsədi internat və uşaq evlərini tərk edən gəncləri cəmiyyətin yararlı fərdinə çevirməkdir: “Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların cəmiyyətə inteqrasiyası üçün, onların cəmiyyət üçün yararlı vətəndaş olması üçün dövlət olaraq biz bir çox işlər görürük. Əlbəttə, belə uşaqlar müəyyən yaşa qədər internat müəssisələrində qalırlar, təhsil alırlar. Lakin müəyyən yaşdan sonra onlar internatdan xaric olunurlar. Bunlardan bəziləri ali təhsil alır, bəziləri isə müstəqil həyata qədəm qoyaraq özünə iş tapmalı olur. Təbii ki, burada ən böyük məsələlərdən biri onların yaşayış yeri ilə təminatıdır. Qanuna görə, valideyn himayəsindən məhrum olan uşaqlar 18 yaşından sonra yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil sahəsi ilə təmin olunmalıdır. Bu zaman mənzil almaq hüququ olanlar mənzillə təmin edilirlər. Bu hüququ olmayan gənclər yataqxana və digər yaşayış şəraiti ilə təmin olunmalıdır”.
Nazir müavini valideyn himayəsindən məhrum olan şəxslərin mənzil probleminin həlli üçün görülən işlərdən danışıb: “Masazır qəsəbəsi ərazisində valideyn himayəsindən məhrum olan uşaqlar üçün nəzərdə tutulmuş 3 binadan ibarət yaşayış kompleksi salınır. Həmin binalardan biri artıq istifadəyə tam hazırdır. 120 mənzildən ibarət binada mənzillərin 60-ı qızlar, 60-ı oğlanlar üçün nəzərdə tutulur. Digər iki binanın da hərəsində 120 mənzil olacaq. Beləliklə, internat məktəblərini bitirmiş uşaqlara 360 mənzil veriləcək. Mənzillərin verilməsi ilə bağlı qanunverici baza artıq var. Qanuna görə, bu mənzillər həmin kateqoriyadan olan uşaqlara uzunmüddətli istifadəyə veriləcək”.
İlqar Rəhimov həmin binalarda daxili nizam-intizamın təmin olunması üçün müəyyən şərtlərin də qoyulduğunu deyib: “Bu şərtlər xüsusi təyinatlı evlərin kirayə müqaviləsində öz əksini tapır. Burada daxili qayda-qanunun, nizam intizamın qorunması üçün də müəyyən şərtlərə əməl olunmalıdır. Binalarda həm komendant, hə də nəzarət funksiyasını yerinə yetirən digər işçilər olacaq. Həmçinin orada kommunal xərclərin də kim tərəfindən ödənilməsi müəyyənləşməlidir. Bu mənzillər tam təmirli olacaq, bütün növ mebellərlə, mətbəx avadanlıqları ilə, istilik sistemi ilə təmin ediləcək. Şərtlərdən biri də budur ki, əgər orada yaşayan uşaq ali təhsil alırsa, təhsil aldığı müddətdə orada yaşayacaq. Lakin təhsili başa vurduqdan sonra mütləq işləməlidir. Lakin əgər şəxsin heç bir ali təhsili yoxdursa və orta təhsillə kifayətlənirsə, mütləq müəyyən müddətdən sonra hökmən özünə iş tapıb işləməlidir. Dövlət bu mənzillərin kommunal xərclərini bir neçə ay ödəyə bilər. Bir müddət sonra həmin uşaqlar müstəqil şəxs kimi öz həyatlarına davam etməli, öz xərclərini təmin etməlidirlər”.
Qonaq mənzillərin fərdi şəkildə bir nəfərə verilməsi və ya bir neçə nəfər arasında yataqxana kimi bölüşdürülməsi məsələsinə də aydınlıq gətirib: “Hal-hazırda bu məsələ ilə bağlı müzakirələr gedir. Bir blokda qızların yaşayışı nəzərdə tutulub, 60 mənzilli digər blokda isə oğlanlar yaşayacaq. Əvvəlcə hər mənzildə iki uşağın yaşaması nəzərdə tutulurdu. Lakin bu, mənzillərin yataqxana tipli istismarına gətirib çıxaracaq. Eyni zamanda, bu, gələcəkdə həmin uşaqların ailə qurmasına və öz ailələri ilə ayrıca mənzildə yaşamasına da çətinlik törədəcək. Ona görə də hazırda biz hər uşağa ayrı mənzil verilməsi üzərində müzakirə aparırıq. Hamımız tələbə olmuşuq, bilirik ki, yataqxana tipli mənzillərə yanaşma tam fərqlidir. İki və daha artıq adam qalanda artıq təmizliyə fikir verilmir, daimi yaşayış yeri kimi baxılmır. Ona görə biz düşünürük ki, həmin evlərə yataqxana kimi yox, fərdi mənzil kimi yanaşaq”.
Nazir müavini uşaqlarını körpəlikdə atan valideynlərin evlə təmin olunduqdan sonra onlara sahib çıxacağı barədə cəmiyyətdə səslənən fikirləri də təbii qəbul etdiyini deyib: “Cəmiyyətdə belə reaksiyaları təbii qəbul edirəm. Uzun müddət uşaqlarını atmış vətəndaşlar mənzillərə sahib çıxmaq üçün uşaqlara yaxınlaşacağını düşünmək təbiidir. Bu, həqiqətən də çox ciddi nəzarət tələb edən məsələdir. Bunun həllinin əsas yolu budur ki, bu mənzillər həmin uşaqların mülkiyyətinə verilməyəcək. Mənzillərin mülkiyyət hüququ dövlətdə qalacaq. Həmin mənzilləri sata, başqasına kirayə verə bilməyəcəklər. Mənzillər dövlət tərəfindən uzunmüddətli kirayə müqaviləsi ilə veriləcək. Qeyd edək ki, burada müqavilənin adı kirayə müqaviləsidir, buna görə uşaqlar heç bir kirayə haqqı ödəməyəcəklər. Verilən mənzillərdə mülkiyyətçi dəyişməyəcək. Dövlət mülkiyyətçi olaraq bu mənzilləri istifadəyə verir, bu istifadəyə daim nəzarət edir”.
İlqar Rəhimov internat və uşaq evlərini bitirən gəncləri işlə təmin olunacağını da deyib: “Əgər biz onlar qarşısında işləmək tələbi qoyuruqsa, əlbəttə, bu tələbin həyata keçirilməsi üçün şərait yaratmalıyıq. Buraya onların işlə təmin olunması, hər hansı peşə vərdişlərinə yiyələnməsi üçün kurslara cəlb olunması daxildir. Eyni zamanda, uzun müddət ailə himayəsindən məhrum olan uşaqların psixoloji yardıma və hüquqlarının qorunması üçün hüquqi yardıma olan ehtiyacını təmin etmək də nəzərdə tutulur. Binaların birinci mərtəbəsində fitnes klubu, yeməkxanalar, müəyyən sosial xidmət ofisləri də olacaq. Biz əminik ki, bu binalar həm öz gözəl görünüşü ilə, həm də sakinlərin mədəni-etik davranışı ilə də seçiləcək”.
Qonağın sözlərinə görə, bu qanundan yaxın illərdə uşaq evlərini tərk edən və hələ mənzil problemini həll edə bilməyənlər də faydalana biləcəklər: “Təbii ki, biz yaxın illər ərzində uşaq evlərini bitirən və qeyri-müəyyən yaşayış şəraiti olan şəxslərin evlə təmin olunmasını nəzərdə tutmuşuq. Təhsil Nazirliyi ilə də müzakirələr zamanı məlum oldu ki, hər il uşaq evlərini tərk edən 100-120 gənc müstəqil həyata qədəm qoyur. Elələri var ki, bir neçə il əvvəl uşaq evləri və ya internat məktəbini tərk edib, lakin hələ də daimi yaşayış yeri ilə bağlı problemi var, yaxud da kirayə haqqını ödəməkdə çətinlik çəkir. Biz belə şəxsləri aşkar edib evlə təminatını həyata keçirəcəyik. Əgər biz 360 mənzilin hərəsini bir nəfərə versək, bu zaman 360 uşağın mənzillə təminatı həll olunar. Bu mənzilləri iki nəfər arasında bölüşdürsək, 720 nəfərin problemi həll olunar. Bu isə problemin tamamilə həlli deməkdir. Lakin mən əminəm ki, biz mənzillərin 360 nəfərə verilməsinə qərar verəcəyik. Bu isə məsələnin böyük miqdarda həlli deməkdir. Yaxın gələcəkdə bu prosesdən kənarda qalan uşaq olmayacaq”.
Qonaq bütün bu işlərin görülməsi ilə bağlı qanunlara dəyişiklik edilməsini də zəruri sayır: “Qanuna görə yerli icra hakimiyyəti orqanları bu məsələdə çox fəal olmalıdırlar. Yerli icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər, xüsusi komissiyalar fəaliyyət göstərir.
Qeyd etdiyim kimi, bu sahədə məsələləri tənzimləmək və problemləri həll etmək üçün Azərbaycan Respublikasının iki qanun layihəsi fəaliyyət göstərir. Lakin bu qanunlar təxminən on ilə yaxındır qüvvədədir. Bu on ildə həm ölkəmizdə baş verən inkişafı nəzərə alsaq, həm də digər ölkələrin təcrübəsinə nəzər salsaq, təbii ki, qanunlarda da dəyişiklik lazımdır”.
Nazir müavini ünvanlı sosial yardımla bağı şəffaflığın təmin olunması üçün nəzərdə tutulan dəyişiklərdən də danışıb: “Ünvanlı sosial dövlət yardımı mexanizmi 2006-cı ildən fəaliyyətə başlayıb. Bu günə qədər 100 minlərlə vətəndaşımız bu yardımdan istifadə edib. Ünvanlı sosial dövlət yardımının tətbiqi Azərbaycanda yoxsulluqla mübarizədə həyata keçirilən səmərəli islahatdır. Lakin bu islahatın da təkmilləşdirilməsinə ehtiyac var. Etiraf edək ki, bu yardımın həyata keçirilməsində həm müsbət, həm də neqativ cəhətlər var. Məncə, bu neqativ cəhətlərin bəziləri obyektiv, bəziləri isə subyektiv amillərlə bağlıdır. Obyektiv hal odur ki, insanlar bu yardıma arxayın olaraq, iş axtarmağa can atmırlar. Bunun qarşısını almaq üçün təklif etmişik ki, bu yardım passiv şəkildə aybaay yox, aktiv şəkildə kredit və ya subsidiya kimi verilsin. Məsələn, əgər vətəndaş ayda 100 manat yardım alırsa, illik, və ya iki illik məbləği vətəndaşa birdən verərək onun özü üçün hər hansı şəkildə iş qurmasına, məsələn heyvandarlıqla, əkinçiliklə məşğul olmasına şərait yaratmaq olar. Bu məsələdə subyektiv mənfi amillər isə vətəndaş-məmur münasibətlərindən yaranır. Təbii ki, biz bunu görürük. Bəzən vətəndaşlar yardımı almaq üçün məmurlardan istifadə edir, yaxud da məmurlar özləri də öz səlahiyyətlərindən istifadə edirlər. Bu cür qeyri-şəffaf münasibətlər neqativ hallara gətirib çıxarır. Bunun qarşısını inzibati tədbirlərlə almaq çox çətindir”.
İlqar Rəhimov ünvanlı sosial yardım barədə müraciətlərin elektron formada həyata keçirilməsinin mexanizmini də izah edib: “Bu sahədə şəffaflığın təmin olunmasının yeganə üsulu məmur müdaxiləsini minimuma endirmək, proseslərin avtomatlaşdırılmasıdır. Bunun ilk yolu vətəndaşların ünvanlı sosial yardım üçün sosial müdafiə mərkəzlərinə gəlməsinin qarşısını almaqdır. Bu gün ünvanlı sosial yardım almaq üçün vətəndaş mütləq həmin mərkəzlərə gəlib məmurlara müraciət etməlidir. Bizim təklifimiz vətəndaşların sosial yardım üçün elektron formada müraciətini həyata keçirməkdir. Bunun üçün ən effektiv üsul ya internet vasitəsilə, ya da poçt xidməti mərkəzlərində, “Asan xidmət” mərkəzlərində yaradılacaq xüsusi infoköşklər vasitəsilə elektron imza ilə təsdiq olunmuş ərizə formasının elektron qaydada sosial müdafiə mərkəzinə göndərilməsini təmin etməkdir. Bu elektron ərizə qəbul edildikdən sonra bir çox dövlət orqanlarının - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Komitəsinin, Torpaq Komitəsinin, Dövlət Yol Polisi və s. qurumların vətəndaşlar barədə elektron məlumat bazalarından məlumatları toplamaq, vətəndaşların iştirakı olmadan onların ünvanlı sosial yardım üçün lazımi şərtlərə malik olub olmadıqlarını müəyyənləşdirmək mümkün olacaq. Əlbəttə, ola bilsin ki, bu qurumların məlumat bazalarında olan məlumatlar köhnəlib və ya dəyişib. Bu zaman ikinci mərhələ başlayır. Bizim əməkdaşlarımız xüsusi proqram yüklənmiş planşet vasitəsilə həmin vətəndaşın mənzilinə gedərək adi suallara cavab toplamağı həyata keçirirlər. Vətəndaşın ev şəraiti müəyyənləşdirilir, xüsusi suallara cavab verilir və həmin sualların cavabı dərhal interaktiv şəkildə bizim mərkəzə daxil olur. Və biz prosesə müdaxilə olmadan birbaşa nəzarət edə bilirik. Bu zaman vətəndaşın məlumatlandırılması da SMS vasitəsilə həyata keçirilir. Ünvanlı sosial yardımın təyin olunub-olunmaması, olunmayıbsa səbəbləri, sosial yardımın köçürüldüyü bankın ünvanı göndərilir”.
banner

Oxşar Xəbərlər