• çərşənbə axşamı, 23 aprel, 23:42
  • Baku Bakı 20°C

İnteraktiv turların turizmin inkişafındakı rolu

15.05.18 09:30 811
İnteraktiv turların turizmin inkişafındakı rolu
Azərbaycanda interaktiv turizm növünə həm yerli, həm də xarici turistlər maraq göstərir. Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun direktoru Məlahət FərəcovaTrend-ə bildirib ki, hazırda interaktiv turlar xalçaçılıq, dulusçuluq, nalbəndlik, mətbəxdə yuxa yayma üzrə təşkil edilir.
İnteraktiv turların daha çox əvvəldən sifariş edildiyini deyən M.Fərəcova əlavə edib ki, bu turlar zamanı qoruğu ziyarət edən turistlərə ustadlar tərəfindən Azərbaycanın qədim sənətkarlığının sirləri öyrədilir: "Məsələn, dulusçu yanına gedən turist orada saxsıdan nə isə düzəldir, xalçaçının yanına gedən turistə xalça toxumaq öyrədilir. Mətbəxə gedən turist ustanın köməyi ilə mətbəxdə lavaş yayır və onu saç üzərində bişirir. Dəmirçi yanına gedən turistə qədim vaxtlarda dəmirin necə döyüldüyü göstərilir".
Hazırda qoruqda 1 ödənişsiz – "Tullantılardan sənətə doğru" və 3 ödənişli muzeyin – açıq səma altında etnoqrafiya, antik əşyalar muzeyi və Qala qəsrinin fəaliyyət göstərdiyini deyən M.Fərəcova bildirib ki, muzeylərə interaktiv turlar olmadan da, yəni adi qaydada da gəlmək mümkündür. Bu halda 1 muzeyə giriş yerli vətəndaşlar üçün 2, xarici vətəndaşlar üçün 4 manat, məktəblilər üçün 20 qəpik olur. İnteraktiv turlar zamanı isə qiymətlər daha yüksək olur. Bu turlar zamanı qrupda 10 nəfərdən az olmamaq şərti ilə 1 nəfər Azərbaycan vətəndaşı üçün turun qiyməti 10, məktəbli üçün 8, xarici vətəndaş üçün 15 manat olur. Bu qiymətə etnoqrafiya muzeyi və Qala qəsrinə giriş, bələdçi xidməti, 4 emalatxanaya (xalçaçılıq, dulusçuluq, nalbənd və mətbəx) ekskursiya daxildir.
M.Fərəcova bildirib ki, "Qala"ya gələn əcnəbi turistlər daha çox dulusçuluq və yayma sənəti ilə maraqlanırlar. Çin turistləri isə xalçaçılığa daha çox maraq göstərir.
Ümumilikdə, qoruğu ziyarət edənlərin sayının getdikcə artdığını deyən M.Fərəcova qeyd edib ki, qoruğa gələn turistlər yeni interaktiv turizm xidmətlərinin yaradılmasını da təklif edirlər. Hazırda yeni interaktiv turların hazırlanması üzərində iş aparılır.
Bu cür turların təşkil olunmasının turizmin inkişafına necə təsir etdiyini və bunun təbliği, həmçinin biznesə çevrilməsi üçün hansı addımların atılması gərəkdiyini öyrənməyə çalışdıq.
Turizm üzrə ekspert Eldar Aslanovun sözlərinə görə, buna həm etnoqrafik, həm də mədəni turizm deyilir: "Bu, davamlı turizm konsepti sayılır. Tutaq ki, xaricdən gələn qonaqlarımız İsmayıllıda oteldə qalırlar. Və oteldə qaldıqları dönəmdə asudə vaxtlarını səmərəli keçirmək üçün İsmayıllının müxtəlif kəndlərinə baş çəkib oradakı sənətkarlıq nümunələri tanış olurlar. Orada sənətkarların işlərini izləyib öyrənməyə çalışırlar. Məsələn, orada məşhur kəlağayı sexi var. Həmin sexə ekskursiya təşkil edərək turistlərdə bu işə maraq yaratmaq olar. Hətta istəsələr, onlar üçün xüsusi kurslar təşkil edilir. Təbii ki, bu kurs ödənişli olur. Bu hər iki tərəf üçün yaxşıdır. Belə ki, həm sənətkar əməyinin haqqını alır, həm də turistlər üçün daha rəngarəng tur olur. Amma bir məqamı qeyd edim ki, sənətkara çatacaq pulu turist ölkəmizə gələrkən ona təklif olunan tur paketin tərkib hissəsi kimi ödəyir. Yəni turistə qiymət təklif olunarkən bu kimi kursların da qiyməti nəzərə alınır. Və həmin sənətkarın pulunu turisti ölkəmizə gətirən agentlik və ya otel ödəyir. Beləliklə, nəinki otel, sənətkarlıq müəssisələri də qazanc əldə etmiş olur. Bunu bəsit şəkildə izah etsək, kimsə öz kənd məhsulunu necə satırsa, həmin kənddən olan bir dulusçu da öz xidmətini turizm xidməti kimi satır”.
Ekspert düşünür ki, bu, turizmin inkişafı baxımından olduqca vacibdir: "Çünki bölgələrdə turizmin inkişafındakı çətinliklərdən biri bura gələn turistin asudə vaxtının səmərəli keçirilməməsidir. Yəni turistlər gəlir, zəngin mətbəximizdən yararlanır, görməli yerləri gəzir, amma nə qədər gəzsələr də, bir yerdə bu gəzməli yerlər tükənir. Və həmin vaxtlarda bu kimi sənətkarlıq sahələri ilə tanışlıq yaxşı olar. Bəzi ölkələrin bu kimi sənətkarlıq proqramları yoxdur deyə, onlar animasiya proqramları təşkil edirlər. Təbii, bizdə də bu proqramdan olsa yaxşı olar. Çünki ölkəmiz kifayət qədər mədəni potensiala sahib bir regiondur. Bütün bölgələrimizdə mədəniyyət mərkəzlərimiz, el sənətkarlarımız var”.
Müsahibimiz qeyd edir ki, bu cür sənətkarlıq nümunələrinin turistlərə tanıdılması ölkəmizdə kənd təsərrüfatının da inkişafını stimullaşdıran addımdır.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovbildirir ki, ölkəmizdə interaktiv turların təşkili üçün kifayət qədər yaxşı şərait var: "Onsuz da hazırda turizm şirkətləri daha çox turist cəlb etmək üçün bu kimi bir çox metodlardan istifadə edirlər. Müxtəlif regionlarda - Şamaxıda, Balakəndə, Oğuzda, Zaqatalada, Qaxda, Qubada, Qusarda, Lənkəranda, Lerikdə bu cür interaktiv turların təşkili üçün kifayət qədər yaxşı şərait var. Və agentliklər tur proqramlarını təşkil edən zaman turistlər üçün daha maraqlı olsun deyə, bu cür sənətkarlıq nümunələrini nümayiş etdirirlər. Turistlərin dulusçuluğa, misgərliyə, xalçaçılığa olan marağını nəzərə alaraq həmin ərazilərə mütəmadi olaraq turlar təşkil olunmalıdır. Turizm həm də bir ticarət növüdür. Yəni düşünün ki, siz bir mağazaya girəndə müxtəlif çeşiddə mal görəndə necə gözləriniz işıldayırsa, turist də zəngin xidmət proqramı ilə qarşılaşanda elə olur. Bu, turistin seçim imkanının çoxalmasına şərait yaradır. Həmçinin kənd turizminin inkişafı üçün də əhəmiyyətlidir. Burada biz gələn qonaqları ölkəmizin malik olduğu zəngin kənd təsərrüfatı ilə tanış edirik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər