“İnteraktiv açıq dərs”də dilimizin özləşmə meyillərindən danışılıb
Naxçıvan Muxtar
Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti "interaktiv açıq dərs” keçirilib.
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi
Nuray Əliyevanın apardığı açıq dərsdə "Azərbaycan
dilində özləşmə meyilləri” mövzusundan danışılıb. Nuray Əliyeva qeyd
edib ki, Azərbaycan xalqı ölkəmizin coğrafi
mövqeyinin təsiri ilə əsrlər boyu fars və fars dilinə qohum dillərdə yaşan
xalqlarla ünsiyyətdə olub, nəticəsində bu dildən bir çox söz lüğət tərkibimizə
girib: "Ərəb-fars dillərinin təsiri demək olar ki, 1930-cu illərə doğru
yavaş-yavaş zəiflədi. 1930-cu ildən sonra bu təsir tamamilə yox oldu və
dilimizin zənginləşməsi üçün yeganə mənbə rolunu rus dili oynadı”.
Alimlərimizin
dilimizin yad təsirlərinə qarşı mübarizə apardığını deyən N.Əliyeva bildirib
ki, müasir Azərbaycan dilinin lüğət tərkibində 60-cı illərdən başlayaraq özləşmə
meyilləri, yəni alınma sözlərin millisi ilə əvəzlənməsi müşahidə
olunur.
Gənc
tədqiqatçı sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi milli dil
siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən
danışıb.
N.
Əliyeva ölkə Prezidenti İlham
Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 23 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın
hazırlanması barədə imzaladığı Sərəncamları xatırladıb.
Açıq dərs ümumilikdə muxtar
respublikanın 205 məktəbində izlənilib.