• cümə, 19 Aprel, 06:27
  • Baku Bakı 13°C

“Instagram”da evlənmə təklifi alan blogger - Fenomen

13.03.20 10:00 5518
“Instagram”da evlənmə təklifi alan blogger - Fenomen
Aydan Cəfərova: "Bu iki ildə mənə artıq-əskik söz yazan olmayıb”
Bu gün gözəlliyin sirlərini öyrənmək, xanım kimi baxımlı olmaq heç də çətin məsələ deyil. Sosial şəbəkələr və bu şəbəkələrdə hazırlanan məlumat xarakterli videolar, postlar xanımların maariflənməsi, məlumatlanması üçün böyük imkanlar yaradır. Bu baxımdan bloggerlərin üzərinə də böyük yük düşür.

Müsahibimiz29 yaşlı beauty blogger Aydan Cəfərova ilə bu mövzuda danışdıq. İnstagram fenomeni olan müsahibimiz hər işin başında özünə inamın dayandığını deyir.
- İnstagramda səhifə yaratmaq, xanımları məlumatlandırmaq ideyası hardan qaynaqlandı?
- 24 yaşım olanda belə bir istəyim vardı. Özüm də sosial şəbəkədə bloggerləri izləyirdim, onların işi maraq dairəmdə idi. Özümü isə daha çox qadınların makiyaj sirləri, həyat tərzləri, gündəlik qida rasionları daha çox maraqlandırırdı. Əvvəllər bu istiqamətdə özüm üçün nəsə araşdırma edirdimsə, sonra digər xanımlara kömək etmək üçün araşdırmalara başladım. Daha çox kütləyə çıxmaq və böyük auditoriya toplamaq üçün araşdırmalarımı artırdım. Etdiyim araşdırmaları paylaşdım. İşə, ilk növbədə xanımlara öz istifadə etdiyim məhsulları məsləhət görməklə başladım.

- Bəs ailənizin reaksiyası necə oldu?
- Atamın razılığını aldıqdan sonra işə başladım. Dedi ki, əgər bu işlə özünə söz gətirməyəcəksənsə, xanımlığına heç bir söz söylənilməyəcəksə, sənin yanındayam, heç kim sənə bu işinə görə bir söz deyə bilməz. Mən daha çox dəb, moda, makiyajla bağlı paylaşımılar edirəm. Bunun üçün heç bir narazılıqdan və söz gətirəsi bir işdən söhbət belə gedə bilməzdi. Ümumiyyətlə, hər zaman belə bir istəyim olsa da, ailəmin və ətrafın reaksiyasından çəkinirdim. Nə qədər çalışsan da, araşdırma etsən də, mütləqdir ki, mənfi reaksiyalı insanlarla rastlaşırsan. Bu qaçılmazıdır. 2018-ci ildə mən digər işimdən ayrılmışdım, onda bir boşluğa düşdüm. Düşdüyüm boşluğu doldurmaq üçün "aidans_blog” səhifəsini açdım. Artıq iki ildən çoxdur ki, bu səhifəni idarə edirəm. Açığı, başlayanda bilirdim ki, bu öz nəticəsini, təsirini göstərəcək. Çünki mən bu işə əmək və zəhmətdən əlavə, eyni zamanda, sevgimi vermişəm. Sevgi olan bütün işlər isə öz nəticəsini mütləq hər zaman göstərir. İzləyici kütləm artdıqca, daha çox motivasiya oldum. Məhsul haqqında hər hansı bir paylaşım etdikdə, ona çox az layk gəlir. Onda statistika aşağı düşür. Ancaq öz şəklimi paylaşanda, səhifənin aktivliyi qalxır, laykların aktivliyi çoxalır.
- Sizcə, nə üçün özəl şəkillərə daha çox layk gəlir?
- İnsanlara daha çox fotoalbom maraqlıdır: görəsən bu xanım hansı kafeyə getdi, nə yedi, nə geyindi. İzləyicilər "o xanım bu məhsuldan istifadə edib, mən də istifadə edim” deyə yanaşmırlar. Ancaq mən bloggerlərin daha çox istifadə edib məsləhət gördükləri məhsullara üstünlük verib, həmin paylaşımları izləyirəm. Fikir verirəm, hər hansı maraqlı məlumat paylaşanda ona çox az layk gəlir.

- Mənfi rəylər yazanlar olurmu?
- Açığı, hələ mənfi rəylə rastlaşmamışam. Bu iki ildə mənə artıq-əskik söz yazan olmayıb. Mənim səhifəmdə şərhlərə baxsanız görərsiniz ki, orda qadınlara maraqlı olan müzakirələr gedir.
- Ancaq bəzi kişilər də qadın səhifələrinə girib qadın söhbətlərini dinləməyə meyillidirlər.
- Hətta mən bu səhifəni açdıqdan sonra evlənmə təklif edən də olub. Təbii ki, tanımadığım insanların evlənmə təkliflərini qəbul etmir, onlara nəsə yazmaları üçün heç bir şərait yaratmıram. Küçədə gedəndə insanın geyim tərzinə, hərəkətlərinə baxıb ona necə yanaşırlarsa, İnstagramda da yaradılan səhifələrlə o cür davranırlar. Əgər açıq-saçıq geyim, artıq-əskik söz yoxdursa, heç kim artıq bir söz yazmır.
- Niyə Youtube-da yoxsunuz?
- Açığı, Youtube-da səhifə açmaq qərarım da yoxdur, çünki buna hazır deyiləm. Mənim danışıq tərzim, nitqim çox yaxşıdır. Bilirəm ki, Youtube-da kanal açsam, onu inkişaf etdirə biləcəm. Ancaq mənim bundan başqa bir işim var. "Flame biznes servis” şirkətində tikinti məhsullarının satışı ilə məşğulam. Onun bu işimlə heç bir əlaqəsi yoxdur.

- Bəs İnstaqram səhifənizi idarə etmək üçün zamanınız olurmu?
- İki ay bundan əvvəl başqa bir şirkətdə işləyirdim, onda zamanım olmurdu. Həftə sonları səhifəmin statistikası çox yüksək, həftə içi isə çox aşağı olur. Gün ərzində bir post paylaşıram. Amma daha çox "story” paylaşıram, çünki onda baxış sayı daha çox olur. Post hamının qarşısına çıxmaya bilər, amma "stroy”ni hər kəs görə bilir.
- Bəzən deyirlər ki, bloggerlərin işi elə də çətin deyil.
- Əslində belə deyil. Blogger araşdırmaçıdır. Bir məlumatı əldə etmək üçün fərqli videolar izləyir, oxuyur, araşdırır və nəticədə ümumi bir post paylaşır.
- İki ildir ki, İnstagram səhifəsi ilə məşhurlaşmısınız. Bu iki ildə nələr öyrənmisiniz?
- Bu iş səni araşdırmağa məcbur edir. Daha çox şey öyrənməlisən ki, səndən soruşduqda, onlara tutarlı, dolğun cavab verməyi bacarasan. Əgər izləyicinin istədiyi cavabı verə bilmirsənsə, onda izləyici sənə inanmır və güvənmir. Mənim həssas dəri tipim var, ancaq mən normal, qarışıq və digər dəri tipləri ilə də maraqlanıram ki, izləyicilərimin istəklərinə cavab verə bilim. Hansı dəri tipinə hansı məhsul lazımdırsa, anında cavabım olsun. Bəzən mənə reklam üçün məhsul göndərirlər və deyirlər ki, bizə onu reklam edib-etməyəcəyinizlə bağlı bir söz deyin. Mən deyirəm ki, əvvəlcə yoxlayım və müsbət nəticəsini gördükdən sonra tamaşaçılarla bölüşüm. Əgər o mənim dərimə düşməsə, mən onu reklam etməyəcəyəm. Mənim dərim çox həssasdır. Çalışıram, bütün sahələri araşdırım ki, məlumatlı olum.

- Səhifəni yeni açdıqda, bu qədər izləyici olacağını gözləyirdinizmi?
- Açığı, gözləmirdim. Hətta bu səhifəni açanda mənə dedilər ki, get işinlə məşğul ol, boş işlərlə məşğul olma. Həmin ərəfələr məni qınayanlar çox oldu. Onların sözləri məni həvəsdən salmadı. Vaxtilə mənə "boş şeydir, sən bu üsulla qabağa gedə bilməzsən” deyənlər, indi "bunu paylaşa bilərsənmı?” və yaxud da "bunu səhifəndə reklam edə bilərsənmı?” deyə müraciət edirlər. Yeni başlayanda, mənə dəstəkdən çox köstək olanlar var idi. Zamanında mənə köstək olanların xahişlərini yerinə yetirmirəm. Kinli biri deyiləm, amma unutqan da deyiləm. Mənim dəstəyə ehtiyacım olanda, onların heç biri mənə dəstək olmadı. Bəzən şirkətlərlə işləyəndə, mənə layk lazım idi, çünki onlara statistika təqdim etməli idim. Həmin ərəfələrdə bir layk belə mənim üçün önəmli idi. Bunu belə mənə çox görənlər oldu. İndi mən həmin adamlara dəstək olmuram. Ya da özgə birinə dəstək olaram, ancaq onlara heç vaxt. Fikirləşirdilər ki, birdən bu laykla tanınar, qabağa gedərəm.
- Hədəfləriniz nədir?
- İstəyim həqiqətən savadlı beaty blogger olmaqdır. Nə qədər araşdırma etsəm də, özümü peşəkar blogger hesab etmirəm.
- Bloggerlərə münasibət heç də birmənalı deyil. Blogger daha çox reklam istəyən insan kimi başa düşülür.
- Bu günə kimi heç kimə deməmişəm ki, "gəlin əməkdaşlıq edək”. Kimə lazımamsa, o özü axtarıb məni tapacaq. Bir qab yeməyə görə və yaxud bir məhsula, paltara görə kiməsə ağız açmaq və özümü aşağılamaq niyyətində də deyiləm. Bəzən mən öz pulumla aldığım geyimləri paylaşıram. Nə qədər sosial olsam da, yuxarıda saydıqlarımı edəcək dərəcədə sosial deyiləm. Marağında olduğum səhifələr özləri mənə reklam təklifi etdilər. Bu günə qədər reklamımın az olmasının səbəbi özümün qapı-qapı düşüb reklam axtarmamağımdır. Mən səviyyəyə önəm verirəm. Biri olsun, amma səviyyəli olsun.

- Bu gün tanınmaq üçün laykların böyük önəmi var.
- Layk az olsa, statistika aşağı düşür və heç kim səni izləmir. Mən iki gün ard-arda reklam paylaşdım və gördüm ki, belə getsə, izləyicilərimi itirəcəm. Öz şəklimi çox paylaşmaq istəmirəm, çünki səhifəm fotoalboma dönür. Ancaq bəzən buna məcbur olursan. Kənardan nə qədər asan görünsə də, əslində bloggerlik çətin işdir. Bəzən yuxudan ayılıram ki, 100 izləyici birdən silinib.
- Bu gün hər 10 nəfərdən biri bloggerdir.
- Baxırsan ki, bəzən sırf bloggerlik xətrinə səhifə açırlar. Boş şəkillər paylaşırlar. Ancaq gözəl məlumatlar paylaşan, maraqlı araşdırmalar edən bloggerlərimiz də var. Mənim özümə maraqlıdır ki, kim nəyi harda və neçəyə alıb. Misal üçün, bir evdar xanım evdə yemək, şirniyyat bişirir. Evi necə təmizləyir, hansı məhsullardan istifadə etdiyini paylaşır. Yəni evdar xanım olub bu işi görənlər var.
- Sizi İnstagram fenomeni adlandırmaq olarmı?
- Özümü fenomen hesab etmirəm. Bəlkə də kimin üçünsə fenomenəm. Ancaq özüm üçün deyiləm. Müəyyən məqsədlərimə çatdıqdan sonra özümü belə hiss edərəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər