“İnstagram”da 5-10 manata “xoşbəxtlik” satanlar
"Xanım, çox üzr istəyirəm, səbir
edə bilmədim. 15 gün demişdin, inanmadım. Təsirini göstərmir deyə, 10-cu günündə
bir az əsəbi oldum, aldadıldım deyə qorxdum. Ona görə sizə o sözləri yazdım.
Yoldaşım evə qayıdıb, evdən çölə çıxmır. Haqqını halal elə, dünən yazdığın
ünvana gül göndərdim. İnşallah, bu, aramızda soyuqluq yaratmaz. Allah səndən
razı olsun. Səhv etdim, bağışla. Əlaqəni kəsməyəcəm səninlə”...
"Qurban olum, inboksa baxın, gecədir,
narahat edirəm. Amma
mənə təcili lazımsınız. Bacım sevgilisindən ayrılıb, çox pis vəziyyətdədir. Məni
xoşbəxt etdiyiniz kimi, onu da edin. Qurban olum sizə, tək çarəm sizsiniz.
Xahiş edirəm, onun da işini düzəldin, mənim sizə inamım sonsuzdur”…
Qeyd etdiyim bu fikirlər sosial şəbəkədə
falçılardan birinin səhifəsinə yazılan rəylərdir. Digər falçıların da sosial şəbəkə
səhifələrinə baxanda, insanların onlara marağını, tərif dolu rəylərini görürük.
Düzdür, bu rəylər falçıların özlərinin yaratdığı saxta profillərdən də yazıla
bilər, amma səhifələrə baxanda ümumi fikir onu göstərir ki, insanlar arasında
onlara böyük maraq var. Xüsusilə "İnstagram” sosial şəbəkəsində həddindən artıq
falçı səhifəsi var... Və artıq bu sahədə də onlayn xidmətlər tətbiq olunur, yəni
harasa getməyə də ehtiyac yoxdur, pulunu onlayn ödəyirsən, yaxud da konturla
baxanlar da var. Qiymətlər isə 2 manatlıq konturdan başlayır... Xidmət də
onlayn olaraq göstərilir. Məsələn, Günay adlı baxıcı bildirdi ki, 10 manat
kontur kodu göndərirsiz, bu zaman sizə nömrə verirlər, zəng vurursuz, fala
baxılır. Ad, ana adı və şəkillə baxılır.
Baxmağın
ayrı, işin ayrı qiyməti var
Afaq adlı baxıcı ilə bəxt
açdırmaq istəyən müştəri qismində söhbətləşdik. Dedi ki, "bəxt açmağın” qiyməti
250 manatdır. Ödəniş öncədən onlayn şəkildə ödənilir, bundan sonra "iş”
görülür. Elə bu zaman da xidmət onlayn olaraq göstərilir. 15 günə isə artıq nəticəsi
görülür. Hətta bildirdi ki, dedikləri olmasa, ödəniş geri qaytarılır. Amma qeyd
etdi ki, alınmamaq kimi hallar olmur. İnanan daşa dönsünmü, dönməsinmi?
Ümumi olaraq bir neçə falçıyla
danışdıq. Hər falçının öz qiyməti və baxma üsulu var. Sadəcə, diqqəti çəkən məqam
odur ki, "baxmaq” çox aşağı qiymətə olsa da, işə gələndə qiymətlər ceyran belinə
qalxır. Necə deyərlər, baxmağın qiyməti ayrı, işinki tamam ayrı. Məsələn, cadu
təmizləməyin qiyməti 50 manatdır. Bəxt açmaq isə bir neçə dəfə baha... Və beləliklə,
bir dəfə məzə xatirinə "baxdıranlar”, bir də görürlər ki, böyük məbləğləri
falçıya paylayıblar... Əslində, hansısa xidmətdən istifadə edərkən razı
qalmayanda pulu geri almağa çalışırıq, lazım gələndə məhkəməyə müraciət edirik.
Amma falçıya müraciət edənlər bunu gizli etdiyi üçün açıq mübarizəyə də getmirlər.
Bunlar dələduzlar üçün böyük gəlir mənbəyi ola bilər və olur da...
Falçılıqdan danışanda, Mirzə Fətəli
Axundovun "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
komediyasından gəlinən bu qənaət yadıma düşür: "Bəzən yerinə düşən hadisələr
yalançı cadugərliyin yayılmasına gətirib çıxarır”. Zaman keçir, dünya inkişaf
edir, Avropaya, dünyaya açılırıq, amma hələ də falçılara inam bizdə qalır,
azalmır ki, artır. Bəs insanlar arasında falçılara maraq niyə bu qədər var?
Yerinə düşən hadisələr və fikirlərlə insanları aldatmaq bu qədərmi asan olur? Falçılıqla
məşğul olanlarla bağlı qanuni səviyyədə hər hansı mübarizə mexanizmi varmı?
"Normal
təhsil verilməyəndə, dünyagörüşü inkişaf etdirilməyəndə...”
Psixoloq
Rövşən Hümbətov "Kaspi”yə açıqlamasında bildirdi ki, falçılıq
dünyada ən qədim sənətlərdən biri olsa da, zaman keçdikcə, inkişaf getdikcə,
bir çox ölkələr bundan imtina ediblər: "Qədim zamanlarda qəbilə başçılarının
köməkçiləri adətən falçı, münəccim kimi gələcəyi görə bilən adamlar olurdu və
bütün vacib qərarlar onların iştirakı ilə alınırdı. Bu əsrlər öncənin düşüncəsi
idi. Amma zaman keçdikcə, elm-texnika, dünya inkişaf etdikcə, müəyyən ölkələr
bunlardan uzaqlaşmağı bacarıblar. Lakin bizim kimi Şərq cəmiyyətlərində
falçılıq hələ də öz aktuallığını qoruyub saxlayır.
Əsas səbəb kimi isə təhsil və
dünyagörüşü səviyyəsini qeyd etmək olar. Məsələn, Qərb ölkələrində insanlar mütəmadi
olaraq psixoloqa gedirlər, problemləri olanda normal, məntiqli yollarla həlli
istiqamətində işlər görürlər. Bizdə isə falçılara inanan insanlar problemi
mistik yollarla, qeyri-adi üsulla həll etmək istəyirlər. Hətta bu bizim
nağıllarımızda da əks olunub. Məsələn, Simurq quşu lələyini verir, problem
olanda yandırırsan, gəlib kömək edir. Yaxud lampanın içindən cin çıxır və
problemləri həll edir. Bütün bunlar insan psixologiyasında problemin həllini
qarşı tərəfdən gözləmək, mistik üsullara meyil etmək kimi bir fikir
formalaşdırır. Normal təhsil verilməyəndə, dünyagörüşü inkişaf etdirilməyəndə
isə, bu cür nağılları eşidən, oxuyan adamların falçılara, baxıcılara inanması
halları da olacaq”.
"İstənilən
insan üçün keçərli "proqnoz və görmələr”
Psixoloq qeyd etdi ki, falçıların
"görüb, söylədikləri” əslində hər kəsin gündəlik başına gələcək hadisələrdir və
onlar istənilən insan üçün keçərli "proqnoz və görmələr”dir: "İnsan üçün ölümdən
də qorxulu hal qeyri-müəyyənlik hissidir. İnsan gələcəkdə nə olacağını öncədən
bilmək üçün müəyyən yollar axtarır. Bir qisim plan qurur, həlli üçün özü
çalışır, bir qisim isə falçıya getməklə nəsə əldə edəcəyinə inanır. Falçılar da
əslində hamıya aid ola biləcək ümumi sözlərdən istifadə edərək gələn adamı razı
salır, eşitmək istədiyi sözü deyir, insan da bununla rahatlıq tapır,
probleminin həll olunduğunu, yaxud olunacağını düşünür. Onların söylədikləri həqiqətən
də hamının başına gələn, hər kəsin gündəlik qarşılaşa biləcəyi hadisələr olur.
Məsələn, "sizin ciddi probleminiz var”, "bilirəm ki, ətrafa xoş görsənsəniz də,
dərin ağrılar yaşayırsız, kədər hissi sizi üzür”, "maddi problemlər
yaşayırsız”, "ailənizdə xəstə adam var”, "yoldaşınızla, yaxud sevgilinizlə
probleminiz var” kimi cümlələr onların dedikləri əsas sözlər olur. Bu, günümüzdə
hər kəsin rastlaşdığı problemlərdir. Demək olar ki, hər kəs bu problemlərdən
bir və ya bir neçəsini yaşayır. Falçının bir az mistik düzəldilmiş otağının
ab-havasına düşən, orda problemlərini, eyni zamanda hər şeyin yaxşı olacağını
eşidən insan daxili rahatlıq tapır və ondan sonra evinə qayıdır. Bir müddət sonra
problem həll olunanda, bunu falçının köməyi ilə əlaqələndirir, həll olunmayanda
isə, "bu yalançı falçıdır” deyib başqa birini axtarır”.
"Köklü
inanc və əqidələr qarşısında falçılar davam gətirə bilmirlər”
Sosioloq
Cavid İmamoğlunun sözlərinə görə, insanlar həmişə öz gələcəkləri
barədə maraqlı olublar: "Bu, təbiidir və hər kəs buna can atır. Xüsusilə gənc
qızlar və oğlanlar gələcək həyatın, ömür-günlərinin necə olacaqları barədə çox
maraqlanırlar. Təbii ki, falçılar və ya öngörənlər də məhz bu ehtiyacı aradan
qaldırmaq üçün meydana çıxıblar. Onlar insanları bəzən faktlar qarşısında
qoymaqla, özlərinə qarşı böyük inam və hörmət də qazana bilirlər. Dünya
praktikasında falçılar deviyant əhali qrupuna daxil edilir və onların hərəkətləri
sosial normalardan kənar hərəkətlər kimi qəbul edilir. Bəzən bu şəxslər
insanların şəxsi həyatına müdaxilə edə biləcək qədər cinayət tərkibli əməllərə
də sahib ola bilirlər. Belə olduğu təqdirdə, falçılar çox təhlükəli ola bilirlər.
Belə şəxslər köklü inanc və inamın zəif olduğu yerlərdə özlərinə daha çox yer
tapa bilirlər. Mədəni və mənəvi ənənələrin kök atdığı yerlərdə, o cümlədən
köklü inanc və əqidələr qarşısında falçılar davam gətirə bilmirlər. Çünki
fundamental əqidələr insanları cəhalətdən nura, süstlükdən inkişafa səsləyir və
qeyri-sosial vasitələr ilə insana təsir etməyə çalışmır. Bəzi falçılar isə
mümkün qədər təəccübləndirə bilmək və təsir altına almaqla insanların hiss və
emosiyalarını idarə etməyə çalışırlar. Bu da ki, insanın şəxsi inkişafına, şəxsi
fikir və düşüncələrinin formalaşması prosesinə əngəl olur”.
"Falçılığın
qadağan olunması barədə göstəriş yoxdur”
Hüquqşünas
Ceyhun Cəfərli bildirdi ki, şikayət olduğu halda, falçıların əməllərini
dələduzluq kimi qiymətləndirmək olar. Qanuni səviyyədə mübarizə mexanizmi
yalnız bundan ibarətdir: "Bu, dinimizdə qəbul olunmur, amma elə adi formal məntiq
də bunu qadağan edir. Hüquqi müstəvidə falçılığın qadağan olunması barədə göstəriş
yoxdur. Amma bu əməl özlüyündə insanların inam və etibarından sui-istifadə edərək
onların əmlakını ələ keçirmə fəaliyyətidir. Özü də bu, mütəmadi olaraq həyata
keçirilir. Adi qaydada klassik dələduzluq əməlində daha çox rast gəlinən hal
budur ki, hər kəs bir və ya bir neçə şəxsi bir, ya iki dəfə aldatsa da, bunu
müxtəlif adlar altında edir. Burda isə müntəzəm xarakter daşıyan fəaliyyətdir.
Onun qarşısını almaq üçün hüquqi mexanizmlər işlənib hazırlanmalıdır. Hətta cəmiyyətin
sağlam şəkildə inkişafını təmin etmək məqsədilə həmin əməllərə cinayət
xarakteri verib, Cinayət Məcəlləsi ilə qadağan etmək lazımdır. Bu, şəxsi
yanaşmamdır. Çünki bu, cəmiyyətin normal, sağlam inkişafını əngəlləyir,
xurafata meyil yaradır və inkişaf etməkdə olan gənc nəslin dünyagörüşünü zərərli
istiqamətə dəyişir”.
Aygün
Asimqızı