• çərşənbə axşamı, 19 mart, 14:40
  • Baku Bakı 8°C

İnsanlığa yaraşmayan hərəkət

21.08.19 19:45 12941
İnsanlığa yaraşmayan hərəkət
Radikal müxalifət düşərgəsinin Azərbaycanda bütün vasitələrdən istifadə etməklə hakimiyyətə gəlmək cəhdləri elektorat itkisilə nəticələnir. Çünki bu düşərgə zaman-zaman Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətsizlik nümayiş etdirir. Bu radikal düşərgənin başında duran Əli Kərimli və digərləri ölkənin ümumxalq hüzn günlərini, ayrı-ayrı şəxslərin hüzr mərasimlərini özünün "siyasi şou” arenasına çevirmək üçün dəfələrlə cəhdlər edib. Biz buna misal kimi, illər öncə "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun dəfnini, bu il 20 Yanvar şəhidlərinin anma gününü göstərə bilərik. Radikal düşərgənin bu dəfəki "siyasi əxlaqsız”lığı isə qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasiminə təsadüf etdi. Təbii ki, uzunmüddətli axtarışlardan sonra nəşi dənizdən tapılan şəhid pilotun yaxınları buna imkan verə bilməzdi. Pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli məcburiyyət qarşısında qalaraq müxtəlifçilərdən vida mərasiminə qatılmamağı xahiş edib: "Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər”.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Trend-ə açıqlamasında bildirib ki, pilot polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması bizim hamımızı kədərləndirir: "Ordumuz üçün gərəkli olan bir hərbçinin həlak olması faciədir. Ancaq müxalifətin bundan hansısa siyasi məqsədlər üçün istifadə etməsi qətiyyətlə yolverilməzdir. Bu, hər şeydən əvvəl bir ailənin faciəsidir. Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, mən bunu insan ləyaqətinə sığmayan hərəkət hesab edirəm. Digər tərəfdən isə bu formada ucuz təbliğat aparmaq heç bir siyasi təşkilata başucalığı gətirməz.

Mərhumun ailəsi bu faciədən siyasi məqsədlə istifadə edilməsini aydın şəkildə dərk edir. Hətta məcbur qalaraq müraciət yayıb ki, siyasi dividend məqsədilə buraya heç kim gəlməsin. Bu bəyanatın özü də ailə üçün çox ağırdır. Təsəvvür edin ki, ailə hansı vəziyyətdə belə bir bəyanatı səsləndirməyə məcbur olub”.

Baş nazirin müavini vurğulayıb ki, radikal müxalifət insanların qəlbində nifrət hissi yaradan davranışlara yol verir və bununla özlərinə hörmət qazanmaq istəyir: "Siyasətçi hörməti bu yolla qazanmaz. Siyasətlə məşğul olan insan, hər şeydən əvvəl elə olmalıdır ki, xalq ona inanmış olsun. Özünü bu cür vətənpərvər göstərməyə çalışmaqla hörmət qazanmaq mümkün deyil. Çünki hər kəs bilir ki, bu, tamamilə riyakarlıqdır, qeyri-səmimi bir hərəkətdir və bununla siyasi nüfuz qazanmaq, siyasi dividendlər əldə etmək mümkün deyil. Mən bunu qətiyyətlə pisləyirəm. Bu, birinci hal deyil ki, müxalifət ucuz vasitələrlə özünə hörmət qazanmağa çalışır. Ancaq məsələ o həddə çatıb ki, bir ailə müraciət edir: "mənim yasımı, kədərimi siyasiləşdirməyin”.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, bir zabitin dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə cəhd etmək heç bir siyasi əxlaqa sığmır: "Qabil Hüseynlinin açıqlamasını oxudum. Dəhşətə gəldim ki, həqiqətənmi radikal müxalifət belə bir faciədən öz məqsədləri üçün istifadə etməyə çalışır? Bu, qətiyyən yolverilməzdir və Azərbaycan xalqının əxlaqına uyğun olmayan məsələdir. Çox təəssüf ki, radikal müxalifət tərəfindən belə halların baş verməsinin dəfələrlə şahidi olmuşuq. Elə bu il 20 Yanvar şəhidlərinin ziyarəti zamanı da radikal müxalifət xoşagəlməz bir hadisə yaratdı. Siyasətə aid olmayan hüzn mərasimlərində də onların hansı "şou” göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Düşünürəm ki, bu da radikal müxalifətin kasadlığından irəli gəlir”.

"Yeni Müsavat” qəzetinin şef-redaktoru Azər Ayxan sosial şəbəkə hesabında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Qabil Hüseynlinin kürəkəni - pilot Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı çağırışı Elmar Hüseynovun dəfn mərasimindən öncəki vəziyyəti xatırlatdı: "O vaxt Əli Kərimli təklif edirdi ki, Elmarın tabutunu götürüb bütün şəhəri gəzdirsinlər, xalqı ayağa qaldırsınlar. Lalə Şövkət və bir neçə digər partiya sədri də bu təklifi dəstəkləyirdilər. Elmarın ölümü müxalifəti "diriltmişdi”. İsa Qəmbər isə ilk gündən bu qaragüruha qoşulmadı və düz də etdi. Meyit ortada qalmışdı, iqtidarla müxalifət arasında qırğın gedirdi. Axırda Elmarın atası Sabir Hüseynov çıxdı tribunaya, dedi ki, imkan verin, övladımı dəfn edim, oğlumun cənazəsi ilə kimsə siyasi bazarlıq etməsin”.
A.Ayxanın fikrincə, görünür Qabil müəllimdə informasiya var ki, dəfn mərasimində kimsə nə isə planlaşdırıb: "Ya da planlaşdıra bilər və gərginlik yaşanar. Adam ailəsinin üzləşdiyi faciədən kimlərinsə sui-istifadə edə biləcəyindən narahatdır. Buna görə onu indiki vaxtında qınamaq, hətta təhqir etmək yolverilməzdir”.
AZAD

banner

Oxşar Xəbərlər