“İnsanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırılmamalıdır”
"Jurnalist Fuad Abbasova qarşı edilənlər milli -
etnik diskriminasiyadır, söz, ifadə və fəaliyyət azadlığının məhdudlaşdırılmasıdır.
Heç bir demokratik cəmiyyətdə insanların ifadə və qanuni fəaliyyət azadlığı məhdudlaşdırılmamalıdır”.
Bu barədə Milli Məclisin deputatı, politoloq Hikmət
Babaoğlu bildirib. O, Rusiya Federasiyası ilə Azərbaycan arasında olduqca yaxşı
münasibətlərin mövcudluğuna diqqət çəkərək təssüflə vurğulayıb ki, bir sıra
hallarda bu münasibətlərə xələl gətirən hadisələrin şahidi oluruq.
Millət vəkili H.Babaoğlu deyib ki, jurnalist F.Abbasovun
Rusiyadan deportasiya edilməsi ilə bağlı qəbul edilən qərarhüquqi deyil,
siyasi qərardır: "Belə bir qərarın nə üçün qəbul edildiyini hamı yaxşı bilir.
Diasporumuzun fəal üzvü olan, jurnalist və bloqqer kimi tanınan Fuad Abbasov əslində
heç də təqdim edildiyi kimi millətlərarası münasibətləri qızışdıran addımlar
atmayıb, tam əksinə, ermənilər tərəfindən xüsusi qydada hazırlanmış çeçen-azərbaycan
qarşıdurmasının qarşısının alınmasında ciddi işlər görüb. Bu isə əlbəttə
Rusiyanın dövlət maraqlarına uyğundur. Yaxşı olar ki, məhkəmə, təxribatı
hazırlayan erməni olduğu halda özünü Azərbaycanlı kimi tanıdaraq qardaş Çeçen
xalqının nümayəndəsini təhqir edib azərbaycanlılarla çeçenlər arasında
qarşıdurma yaratmaq istəyən ermənini deportasiya etsin, ya da hüquq çərçivəsində
alternativ şəkildə cəzalandırsın”.
Deputat H.Babaoğlu qeyd edib ki, şimal qonşumuzda bəzi
güc mərkəzlərinin, hətta ayrı-ayrı hallarda dövlət idarəetməsində mühüm vəzifə
tutan bəzi məmurların ermənipərst mövqeyi əsla ürəkaçan deyil: "Ona görə də
mütləq nəzərə alınmalıdır ki, azərbaycanlılar bu münasibətə layiq deyillər və
belə məsələlərə son qoymaq lazımdır. Ölkəmizdə Rusiyaya münasibət necədirsə,
Rusiyada da bizə qarşı münasibət elə olmalıdır. Yarnmış vəziyyətdə nə etməliyik
sualına gəldikdə isə biz bütün rəsmi və qeyri rəsmi resurslarımızı səfərbər edərək
Fuad Abbasovun yanında olamalı, ona qarşı verilmiş bu ədalətsiz hökmün ləğv
edilməsinə çalışmalıyıq. Çünki bu qərar təkcə Fuad Abbasovla bağlı məsələ deyil,
bir nümunə kimi digər azərbaycanlıların da ictimai fəal hərəkətlərinin məhdudlaşdırılması
üçün president kimi düşünülüb. Azərbaycanlıların özünümüdafiə haqqlarından çəkindirməyə
hesablanıb. Ancaq heç kəs düşünməsin ki, Azərbaycanın belə hərəkətlərə qarşı
adekvat addımlar atmaq imkanı yoxdur. Belə imkanlar var və biz yeri gəldikdə
ondan mütləq istifadə etməliyik. Heç də hadisəni elə yozmaq lazım deyil ki,
guya kimsə qəsdən belə addımlarla Rusiya-Azərbaycan münasibətlərini pozmağa
çalışır. Unutmaq lazım deyil ki, münasibətlərin pozulması hər iki tərəfin
maraqlarına uyğun deyil. Bu münasibətləri qarşlıqlı hörmət əsasında qorumaq
lazımdır”.
Alpər TURAN