• şənbə, 20 Aprel, 05:43
  • Baku Bakı 15°C

İnsanları fərqli düşündüyünə görə təhqir etmək yolverilməzdir

28.09.13 10:38 1409
İnsanları fərqli düşündüyünə görə təhqir etmək yolverilməzdir
Bir neçə gündür ki, internetdə prezidentliyə namizədlərdən birinə dəstək xarakterli video-rolik yayılıb. Həmin video-rolikdə əsasən sənət adamları, o cümlədən müğənnilər, xanəndələr, aktyorlar, həmçinin şoumen və digər peşə sahibləri öz namizədlərinin adını açıqlayır, hər kəsi ona səs verməyə çağırırlar. Son günlər isə “Facebook” sosial şəbəkəsində sözügedən təbliğat rolikində çəkilən şəxslər təhqir olunur, onların seçiminə dözümsüz yanaşmanı ortaya qoyan şəkillər paylaşılır. Yazıçı Günel Mövludun həyat yoldaşı, Müsavat Partiyasına yaxınlığı ilə seçilən Hacı Hacıyev həmin sənət adamlarının şəkillərinin üzərinə “Mən qoyunam” kimi təhqiramiz ifadələr yazaraq, onları “Facebook” səhifəsində paylaşıb. Bu da həm sənət adamlarının, həm də ictimaiyyətin narazılığı ilə qarşılanıb.
Sözügedən hadisə ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən millət vəkili Çingiz Qənizadə sənət adamlarını sərgilədikləri mövqeyə görə təhqir edənləri daha dözümlü və tərbiyəli olmağa çağırıb. O, belə hallara yol verənləri qətiyyətlə pislədiyini diqqətə çatdıraraq, onların bu əməllərə görə qanun çərçivəsində məsuliyyət daşıdığını vurğulayıb: “Ölkədə nə qədər fikir müxtəlifliyi, söz-mətbuat azadlığı, plüralizm olacaqsa, o zaman həmin ölkə daha da inkişaf edəcək, güclü olacaq. Çox təəssüf ki, əksər hallarda bu cür fikir müxtəlifliyinə vəzifədə olan məmurlar deyil, müxalifətdə təmsil olunan şəxslər dözümsüzlük nümayiş etdirirlər. Onlar qarşı tərəfin fikirlərinə hörmətlə yanaşmır, təhqirlərə yol verməklə, sanki hər kəsi özləri kimi düşünməyə məcbur edirlər. Sənət adamları ölkənin tanınmış şəxsləri sayılırlar. Onların haqqı var ki, öz həmkarlarına, pərəstişkarlarına müraciət edib layiqli namizədin dəstəklənməsi üçün təbliğat aparsınlar, hər kəsi ona səs verməyə səsləsinlər. Onu da qeyd etmək yerinə düşər ki, mövcud qanunvericiliyə edilən son dəyişikliklərdən sonra Cinayət Məcəlləsində böhtan və təhqirə görə də məsuliyyət nəzərdə tutulub. Belə olan halda, Hacı Hacıyevin kimliyi, şəxsiyyəti dəqiqləşdirilməlidir. Əgər onun əməlində bizim görkəmli sənət adamlarına qarşı böhtan və təhqir əlamətləri varsa, o zaman qanun qarşısında cavab verməlidir”.
Teleprodüsser Murad Dadaşov təbliğat video-rolikində çəkilən sənət adamlarını təhqir edənlərin tərbiyəsinin, qanacağının aşağı səviyyədə olduğunu bildirib. Deyib ki, belələri “yazdım, qaçdım gizləndim” prinsipi ilə hərəkət edir, fərqli düşünənlərə çirkab atırlar: “Hər bir şəxsin həyatda öz mövqeyi ola bilər. Mənim də müəyyən işlərlə bağlı öz mövqeyim var. Mənim də hər şey xoşuma gələ bilməz. Amma, mövqe bildirən zaman mütləq bu, tərbiyə, əxlaq və hansısa bir dəyərə ünvanlanmalıdır. İnsanı tənqid etmək bir şeydir, təhqir etmək başqa. Konkret olaraq sosial şəbəkələrdə sənət adamlarının, o cümlədən mənim tənqid deyil, təhqir olunmağıma gəlincə, fikrimcə, bu, tərbiyəsizlik və haradasa mədəniyyətsizliklə bağlıdır. Digər tərəfdən, bu işdə hakimliyi öz üzərinə götürən kimdir? Sən həyatda hansı mövqeyin sahibisən? Bir qədər araşdırsaq aydın olacaq ki, bizlərə qarşı bu təhqirləri müəyyən maraq güdən insanlar yazıb. Çox əfsuslar olsun ki, bunların səviyyəsi, tərbiyəsi, qanacağı bu dərəcədədir”.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, sənət adamlarına qarşı bu cür hərəkət edənlərin davranışları onu təəccübləndirmir. QHT sədrinin fikrincə, bu, onların çoxdan adət etdiyi, “bizdən olmayan bizim düşmənimizdir” - kimi faşizm təfəkkürünün növbəti məntiqi nəticəsidir: “Azərbaycanın radikal müxalifəti və onların yedəyindəki gənclər təşkilatları əks mövqedə olan və fərqli düşünən insanları, həqiqət carçısı rolunda çıxış edənləri gözdən salırlar. Azərbaycan reallıqlarını dilə gətirən insanlara qarşı bu cür təhqir, şər kampaniyası həyata keçirirlər. Biz gənclər olaraq daim sosial şəbəkələrdə də oluruq. Onların oradakı davranış tərzlərinə diqqət yetirmək bizə imkan verir ki, bu adamların hansı səviyyənin və siyasi əxlaqın sahibi olduğunu müəyyən edə bilək. Radikal müxalifətdə təmsil olunan adamlar Azərbaycandakı söz və mətbuat azadlığından, fikir plüralizmindən istifadə edib zaman-zaman ayrı-ayrı dəyərli şəxsiyyətləri, Azərbaycan xalqı üçün dəyərli olan insanları təhqir edirlər, onları özlərinin çirkin kampaniyalarının qurbanına çevirirlər. Heç şübhəsiz ki, bu yolverilməzdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər