• cümə, 19 Aprel, 09:12
  • Baku Bakı 13°C

İnsanları düzlüyə, namuslu həyata çağıran film - Fotolar

24.10.17 12:00 4966
İnsanları düzlüyə, namuslu həyata çağıran film - Fotolar
Müxtəlif dövrlərdə ictimai həyatda gedən proseslərin, baş verən hadisələrin insanların mənəviyyatına təsiri şübhəsizdir. Kino işçiləri mənəvi dəyərlərin insan həyatında oynadığı rolun əhəmiyyətini qiymətləndirərək, bunu filmlərində müxtəlif formada əks etdirməyə çalışıblar.

Məsələ burasındadır ki, haqqında söhbət açdığımız milli-mənəvi məsələlər kinomuz üçün yeni mövzu deyil. Əgər kino tariximizə diqqət yetirsək, hələ 1915-ci ildə Bakıda çəkilmiş ilk Azərbaycan tammetrajlı "Neft və milyonlar səltənətində” 2 seriyalı bədii filmində bu mənəvi-əxlaqi prinsiplərin həllini tapdığını görə bilərik.

Sonrakı illərdə bu mövzuda bir çox dəyərli film çəkilib: "Almaz”, "İsmət”, "Telefonçu qız”, "Sən niyə susursan?”, "Qızıl qaz”, "Xatirələr sahili”, "Bir cənub şəhərində”, "İstintaq”, "Yaramaz”, "Pəncərə”, "Ad günü” və s. kino əsərləri bu qəbildəndir.

Bu filmlərin əsas xüsusiyyətlərini təyin edən cəhət ondan ibarətdir ki, burada qoyulan problemlər günün vacib məsələlərinə cavab verir. Müasir cəmiyyətin ictimai proseslərini kinematoqrafik axtarışlarla dərindən və bütün kəskinliyi ilə açıb göstərir, irəliyə getməyə maneçilik törədən nə varsa – biganəlik, ikiüzlülük, üzgörənlilik və s. qarşı mübarizəni əks etdirir.

"Xatirələr sahili” də film-düşüncədir. Əxlaqi-etik məsələlərə toxunan bu film gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır.

Filmdə Böyük Vətən müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur.

Çətin günlərin birləşdirdiyi bu uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib? Film bu barədə söhbət açır.
Oqtay Orucovun ssenarisi əsasında rejissor Yalçın Əfəndiyevin quruluş verdiyi "Xatirələr sahili” bədii filmi 1972-ci ilin məhsulu olsa da, burada qaldırılan məsələlər bu gün də aktuallığını itirməyib.

...Beş uşaqlıq dostu – Aydın, Kamran, İmran, Vəli və Səlim kənddə müharibə illərində bir yerdə böyüyüb, boya-başa çatıblar. Müharibədən sonra ali savad alan dostların yolları ayrılıb, hərə bir işin sahibi olub.

Aydın jurnalistdir, Bakıda qəzetlərin birində müxbir işləyir. Kamran iri çay sovxozunun direktorudur. İmran konserv zavodunun rəhbəri, Səlim tərəvəz bazasının müdiridir. Vəli mədəniyyət işçisidir.

Səlim dostlarından fərqli olaraq işlədiyi sahədə yeyintiyə yol verir və dövlətin külli miqdarda vəsaitini mənimsəyir. Buna görə də məhkəmənin qərarı ilə ona 6 il iş kəsilir.

Kamranla Aydın bu məsələni müzakirə edərkən Kamran deyir: − Sən nə desən də, o, oğrudur... adi oğrudur və onun gördüyü bütün işlərə görə 6 il həbs azdır.
Aydın isə məsələyə başqa aspektdən yanaşır:

– O, təkcə oğru deyil, o, həm də məktəbdə səninlə bir parta arxasında oturub. Səlimin də sənin kimi uşaqlığı çətin olub. Mən anamla birgə atamın ölüm xəbərini alandan bir həftə sonra o da sənin kimi atasının qara kağızını aldı.

Bu söhbətdən belə başa düşmək olar ki, Səlim səhv etsə də, cinayət törətsə də dost dosta mənəvi dayaq olmağa borcludur.

Məhkəmə qurtarandan sonra Səlimin arvadı Xalidə məhkəmənin xalq iclasçısı olan Kamrana ağzından çıxanı deyir, Səlimə kömək etmədiyinə görə onu təhqir edir: "Adamı türməyə göndərdin, özün də qonaq qəbul edirsən, indi mən nə edim? Sizin uşağınız yoxdur, məndə isə dördü var. Susursan? Bəlkə onları uşaq evinə göndərəcəksən? Əgər sənin başına belə bir iş gəlsəydi, Səlim evini satardı... Səni xilas edərdi...”

Göründüyü kimi, Xalidə Kamranı cinayət törətmiş Səlimə hansı yolla olursa-olsun kömək etməməkdə günahlandırır. Qadın başa düşmək istəmir ki, onun əri cinayətkardır, cəzasını almalıdır.

Kamran isə Aydınla söhbətində özünə belə haqq qazandırır: "Səncə, mən onun bazasında oturub, dilə tutmalı idim ki, əzizim, oğurluq etmə. Yoxsa axırın pis olar...”
Aydının cavabı təkcə Kamrana yox, elə tamaşaçılara da ünvanlanıb: "Kamran, mən istəyirəm ki, təkcə özünə cavabdeh olmayasan.”

"Ən vacib müsahibə” filminin qəhrəmanlarından biri deyir ki, "insanlar bir-birinə borcludurlar.” Borclu sözü burada mənəvi kömək etmək mənasını daşıyır. Aydının sözünə görə, insanlar həm də bir-birinə cavabdeh olmalıdırlar. Müdriklərdən biri deyib ki, özünü insan adlandıran hər kəs biri-digərini ürəkdən sevib, hörmət bəsləməlidir.

Filmin süjet xətti elə qurulub ki, burada əvvəldən axıra kimi retrodan, yəni keçmişə müraciətdən də istifadə olunur. Retrodan əsasən filmin baş qəhrəmanı Aydın istifadə edir. Biz filmdə əvvəllər baş verən hadisələri məhz onun vasitəsilə öyrənirik. O, tez-tez müharibə illərinin uşaqlıq çağlarını xatırlayır.

Aydının daxili səsi də filmin bir çox epizodlarında eşidilir. "Bizdən soruşanda deyirdik ki, atalarımız cəbhədədir. Bəs bu suala Səlimin uşaqları necə cavab verəcəklər?...”

Filmdə səslənən bu sual adamı çox dərin düşüncələrə aparır. Axı, bu gün də həbsxanalarda analar, atalar aldıqları cəza müddətini çəkirlər. Görəsən həbsdə olanların uşaqlarına verilən belə suallara onların cavabları necə olur? Görəsən həbsdə olan valideynlər bu barədə heç düşünüblərmi?

Filmin də maraqlı tərəflərindən biri istər övladların, istərsə də məhkum olunmuş valideynlərin bu suallar ətrafında düşünmələridir.

"Xatirələr sahili” insanları düzlüyə, namuslu əməyə və həyata, bir-birini başa düşməyə çağırır, eyni zamanda incə mətləblərdən, yüksək insani keyfiyyətlərdən danışır, insanlar arasındakı səmimi münasibətlərin vacibliyini xüsusi qeyd edir.

Bərəçi Bəşir dayının Aydına dediyi bu sözlər fikrimizi bir daha təsdiq edir: "Eh, Aydın, Kamrana indi demişəm, Sizə də deyirəm. Savadlı olmusunuz, institut bitirmisiniz, uşaqlar böyütmüsünüz. Amma bir-birinizi qorumağı öyrənmədiniz.” Haqlı iraddır, xüsusilə bu gün üçün.

İkinci ibrətamiz misal. Aydın dostu Səlimin başına gələn bu əhvalatı işlədiyi redaksiyada baş redaktora danışarkən onun cavabında tamaşaçını düşünməyə sövq edir: "İnsanın daxilində çürümə nədən baş verir? Özüm belələri ilə hərdən rastlaşmışam. Xaricən sanki sağlamdır, daxilən isə... daxildən onu hansısa qurd yeyir...”

Filmdə səslənən bu iradları eşidəndən sonra baş verən cinayətlərin kökünün haradan başlaması barədə istər-istəməz fikirləşməli olursan.

Kiminin varlanmaq hərisliyi gözlərini tutur, kimi zəhmət çəkmədən asan yolla qazanc əldə etmək istəyir, kimisi də cəzasız qalacağına əmin olub cinayət törədir. Məncə, əksər cinayətlərin kökündə nəfs, tamah, gözü doymamaq durur.

Nəfs, tamah haqqında müdriklər, yazıçılar sənət adamları nəsihətamiz fikirlər söyləyib, adamları pis əməllərdən çəkindirməyə çalışıblar. Məsələn, folklorumuzda belə bir misal var: "Tamahkarın gözü kor olar.”

Aşıq Ələsgər isə deyib ki,
Aldanıb dünyanın cah-cəlalına,
Haram qarışdıran öz halalına,
Xəyanət eyləyən qonşu malına
Haqqın divanında qaldı da getdi.
Filmdə iki məqama diqqət yetirmək lazımdır.
Onu da qeyd edək ki, filmdə xalqımızın ən əziz bayramı – Novruz bayramı hadisələrə uyğun öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycan kinosunda Novruz bayramı mövzusuna beş dəfə müraciət olunub. İlk dəfəbu müraciətə "Dəli Kür” filmində (1969), sonralar "Yeddi oğul istərəm” (1979), "Xatirələr sahili” (1972), "Qızıl uçurum” (1980) və "Qara gölün cəngavərləri” (1984) bədii filmlərində rast gəlirik.

"Xatirələr sahili” filmində baş qəhrəman Aydın uşaqlıq illərini xatırlayaraq deyir: "Anamı dəfn edəndən iki həftə sonra Novruz bayramı gəldi.”

Ekranda uşaqlar əllərində məşəllər və şamlar kənd meydançasında alovlanan ocağa doğru cumurlar. Cavanlar əl-ələ verib, alovun ətrafında rəqs edir, deyib gülürlər.
Aydının daxili səsi eşidilir: "Bizim tərəflərdə Bahar bayramını belə adlandırırlar. Dörd il ərzində (Böyük Vətən müharibəsi nəzərdə tutulur – A.K.) onun barəsində unutmuşdular. Amma indi 45-ci ilin mart ayı idi. Hamı elə bil zəncirdən qırılmışdı. Bütün kəndə bircə dənə də qara kağız gəlməmişdi. Biz hamımız, Vəlidən başqa, atalarımızın qara kağızlarını almışdıq...”

Aydın evə gəlib şamı yandırır. Sonra cibindən qovurulmuş buğdanı çıxararaq şamın ətrafına səpələyir. Və uzun müddət fikrə dalıb yanan şama baxır.

Filmə Bahar bayramı epizodu təsadüfən daxil edilməyib. Bir tərəfdən müharibənin başa çatması ilə əlaqədar adamların əhval-ruhiyyəsində baş verən müsbət dəyişikliklər, digər tərəfdən Aydının anasını itirəndən sonra bayram axşamı evdə şam yandırması – bütün bunlar həyatın davam etməsinə bir işarədir.

Filmdə ikinci məqam məşhur amerikan yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueylə bağlıdır. Yazıçının əsərləri dünyanın hər yerində, o cümlədən Azərbaycanda çox populyar idi. Xüsusilə 60-70-ci illərdə Bakıda bir sıra mənzil və idarələrdə kitab rəflərinə qoyulmuş, divardan asılmış yazıçının portretini görmək olardı. Həmin portret Aydının mənzilində, iş otağında da olduğu üçün bizə o dövrü xatırladır.

Filmin yaradıcıları, xüsusilə quruluşçu rəssamlar Firəngiz Qurbanova və Fikrət Əhədov dövrlə bağlı bu detaldan yerində istifadə ediblər.

Hər zaman operatorluq sənətindəki səliqə-sahmanı ilə seçilən Zaur Məhərrəmov nəinki filmdə baş verən dramatik hadisələri, dövrün ab-havasını, həm də qəhrəmanların vəziyyətlə bağlı keçirdikləri psixoloji sarsıntıları, onların iç dünyasını müasir kino dili ilə ekranda canlandıra bilib. Quruluşçu operator respublikamızın göz oxşayan təbiət mənzərələrini məharətlə lentə alıb, filmdə müasir gənclərimizə xas olan xüsusiyyətləri canlandırıb.

Bəstəkar Xəyyam Mirzəzadə bu psixoloji filmin janrına uyğun mahnı və musiqi parçaları bəstələyib, bu musiqi parçaları personajların mənəvi aləmlərinin qabarıq şəkildə nəzərə çarpmasında əhəmiyyətli rol oynayıb. Filmdə mahnını estrada müğənnisi Oqtay Ağayev ifa edir.

"Xatirələr sahili”ndə maraqlı aktyor ansamblı iştirak edir. Aktyorlardan Tofiq Mirzəyev Aydının, Həsənağa Turabaov Kamranın, Əliabbas Qədirov İmranın, Rafiq Əzimov Vəlinin obrazlarını yaradıb. Səlimin rolu kiçik olduğuna görə aktyor Gümrah Rəhimov epizodda çıxış edib.

Beş dostun uşaqlıqlarını isə Samir Səlimov, Comərd Əliyev, Ələkbər Əliyev, Çingiz Quliyev və Bəhruz Qarayev ifa edib.

Digər rollarda Murad Heydərov (Murad), Amaliya Pənahova (Xalidə), Telman Adıgözəlov (Şamil), Ələddin Abbasov (Əhməd dayı), Zemfira Sadıxova (Əminə) oynayırlar.
Aydın Kazımzadə



banner

Oxşar Xəbərlər