• cümə, 19 Aprel, 22:53
  • Baku Bakı 24°C

İnsanları bir araya gətirən kitab - Fotolar

01.10.19 09:30 1164
İnsanları bir araya gətirən kitab - Fotolar
Bakı VI Beynəlxalq sərgi-yarmarkası başa çatdı. Oxucuların, ədəbiyyat adamlarının, kitab həvəskarlarının yaddaşında kitabla, kitabı sevən insanlarla təmas və xoş xatirələr qaldı. Əlbəttə, sərgi-yarmarka ilə bağlı iştirakçıların bir sıra təklifləri və arzuları da səsləndi. Təklif və arzular reallaşarsa, ölkəmizdə bu tip tədbirlər daha mükəmməl keçirilər və kitabın təbliğatında böyük rol oynaya bilər. "Kaspi” kitab sərgi-yarmarkasının yekunu ilə bağlı tədbirdə iştirak edən ziyalıların təəssüratları ilə yanaşı, təşkilatçıların da səslənən təkliflərə münasibətini öyrənib.

Hələlik Bakı İdman Sarayı

"Təşkilatçı olaraq yarmarkaya gələn insanların razılığı bizim üçün ən böyük göstəricidir”- deyən Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla işşöbəsinin müdiriAslan Cəfərov hesab edir ki, kitab yarmarkası hər il keçirilsə, kitaba maraq da güclənər, oxucu da çoxalar: "Müasir texnologiyalar insanları bir qədər kitabdan uzaqlaşdırıb. 1990-cı illərin axırı -2000-ci illərin əvvəlindən başlayaraq internet, mobil telefonlar yaranandan bəri kitaba münasibət dəyişib. Yəni kitablar bir qədər insanlardan uzaqlaşıb. Artıq sevindirici haldır ki, insanlar yenidən kitaba doğru gəlir, həmçinin kitablar insanlara yaxınlaşır - bu, qarşılıqlıdır. Biz də çalışırıq ki, insanlarımız daha çox mütaliə etsin”. Mediada və sosial şəbəkələrdə kitab yarmarkası haqqında xoş fikirlər yazıldığını deyən nazirlik rəsmisi, səslənən təkliflərə də münasibətini bildirdi: "Təkliflər olunur ki, yarmarka günlərinin sayını çoxaltmaq lazımdır. Məkanın darısqal olması ilə bağlı səslənən fikirlərə gəlincə, hələlik şəhərin mərkəzinə yaxın elə bir məkan yoxdur. Açıq havada da bu fəsildə yarmarkanı keçirmək münasib deyil. Daha geniş məkan deyəndə, "Ekspo” mərkəzini nəzərdə tuta bilərik. Amma hazırkı vaxtda insanları həmin sərgi salonuna aparmaq da o qədər asan deyil. Düzdür, sərgi salonu uzaq məsafədə yerləşsə belə, kitabsevərlər gələcək, ancaq əhalinin əksəriyyəti gəlməyəcək. Bəlkə biz bu gün "Ekspo” mərkəzə getsək, insanlarımızı yenə kitabdan uzaqlaşdırmış olarıq. Amma Bakı İdman Sarayına insanlar öz körpə uşaqları ilə də gələ bilirlər. Mənə elə gəlir ki, hələ bir neçə il də kitab yarmarkasını şəhərin mərkəzində keçirməliyik. Yarmarkanı keçirmək üçün çox yerlərə baxmışıq və müzakirələr etmişik. Ən uğurlu yer Bakı İdman Sarayı sayılıb».

Qiymətlərdə endirimlərin olması

Professor Rüstəm Kamal Azərbaycan oxucusunun yarmarkaya axını və kitaba marağın güclənməsini ürəkaçan məqam kimi dəyərləndirir: "Keçən ilki yarmarkada mənzərə belə deyildi. Onda insanlar tədbirə az gəlmişdi. Bu il isə qələbəlik idi. Kitab insanları bir araya gətirdi. Müəyyən müəlliflər öz əsərlərinin satışını təşkil edə bilmişdilər. Hesab edirəm ki, kitab sərgilərinin olması, yarmarkaların təşkili Bakı şəhərinin obrazını da dəyişir. Kitab özü böyük bir mədəniyyətdir. Bakı kimi şəhərlərdə kitab sərgi və festivallarının, yarmarkaların keçirilməsi çox vacibdir”. Hər kitab yarmarkasında iştirak etdiyini deyən ədəbiyyatşünas alim, müşahidələrindən danışaraq xarici kitab nəşriyyatlarının az təmsil olunmasına təəssüfünü bildirdi: "Bu məqam məni bir az təəssüfləndirdi. Azərbaycan kitabı isə tam mənzərəsi ilə yarmarkada təmsil olunurdu. Mən, hətta, ildə bir dəfə respublika səviyyəli kitab yarmarkasının olmasının da tərəfdarıyam. Ayrı-ayrı ustad dərslərinin təşkil olunmasını istərdim. Yazıçılarla, ədəbiyyatşünas alimlərlə oxucuların görüşlərinin daha çox keçirilməsi yaxşı olardı. Azyaşlı uşaqlar uşaq yazıçılarını canlı görüb tanıyaydılar. Bu cür yarmarkalar ölkənin böyük şəhərləri ilə birgə də keçirilə bilər. Bu da kitabın təbliğatına təkan verər”. Alimin fikrincə, yarmarkada qiymətlərdə endirimlərin olması da çox vacibdir: "Bütün kitablara endirimlər olsa, yaxşıdır. Kitablar dükanlardakı satış qiymətlərindən fərqli olaraq hamıya əlçatan qiymətdə satılmalıdır. Qoy nəşriyyatlar 50-100 kitabı endirimli qiymətlə satmaq üçün nəşr etsinlər. Bununla ziyana düşməzlər, ancaq bu, kitabın təbliğatı ola bilər”. R.Kamalın fikrincə, kitab yarmarkasının kontekstində Nəsiminin 650 illiyi ilə bağlı tədbirin keçirilməsi də sərgi-yarmarkanın statusunu qaldırıb.

Kitabdan ƏDV-nin götürülməsi

Kitabın təbliği və insanların cəlb olunması baxımından kitab yarmarkasını Mədəniyyət Nazirliyinin uğurlu layihələrindən biri adlandıran «525-ci qəzet»in baş redaktoru, Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcidindiyə qədər Bakıda keçirilən kitab sərgi yarmarkalarının hamısında iştirak etdiyini deyir: «Fikrimcə, budəfəki yarmarka keçən ildəkilərlə müqayisədə daha qələbəlik idi. Mən insanların kitaba daha çox marağının şahidi oldum. Bu, bizdə xoş təəssürat yaratdı. İmza günlərinin də çox olması, müəlliflərin kitablarının çapı da yarmarkaya marağı artırmışdı. Həmçinin oxucuların, millət vəkillərinin, dövlət rəsmilərinin iştirakı da yarmarkaya olan marağın nəticəsi idi. Onların yarmarkaya təkcə kitaba baxmaq üçün yox, kitab almaq üçün gəlmələri sevindirici hadisə idi. Yarmarka günlərində mən həmin məkanda oldum və yaddaşımda xoş bir xatirə qaldı. İnsanlar hamısı bir-birinə yaxınlaşır, bir-birlərini kitab bayramı münasibəti ilə təbrik edirdilər. Doğurdan da, bu, bir bayram idi. Kitab oxuyan, kitabı sevən insanlar fərqli adamlardı. Onların xoş aurası var». R.Məcidin sözlərinə görə, yarmarkada «Qanun» nəşriyyatı ciddi fəallığı ilə seçilib. Belə ki, nəşriyyat çoxlu imza günləri, o cümlədən məşhur fransız yazıçısı Jan Kristof Rüfənin kitabının imza gününü keçirib: "O cümlədən, "TEAS-press” nəşriyyatının, Azərbaycan Tərcümə Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyinin, "XAN” nəşriyyatının stendləri də yaddaqalan idi. Hesab edirəm ki, kitab sənayesinin inkişafı, müəlliflərin qonorar alması, kitablarının çapı nəşriyyatların rəqabət şəraitində inkişafı ilə bağlıdır. Nəşriyyatlar rəqabətə uyğun olaraq nə qədər çox inkişaf etsələr, müəlliflərin də gələcəkdə cəlb olunması istiqamətində addımlar atılacaq. Bu baxımdan sərgi-yarmarka kitabın təbliği üçün dövlətin yaratdığı bir şəraitdir”. R.Məcid hesab edir ki, bundan sonra da kitab çapı ilə bağlı qanunlarda müəyyən dəyişikliklərin olmasına, proqramın qəbul olunmasına ehtiyac var: "Kitabdan ƏDV-nin götürülməsi, kitab mağazalar şəbəkəsində vergilərin azaldılması, xüsusən bölgələrdə kitab mağazalarının yaradılması çox vacib məsələdir. Hesab edirəm ki, bu yarmarkanın da çox böyük təsiri oldu. Bu onu göstərir ki, Azərbaycanda ən müxtəlif nəsillərin nümayəndələri, xüsusən gənclər kitaba maraq göstərirlər». Sərgi-yarmarkada iki kitabının imza gününün keçirildiyini deyən R.Məcid «Qələmsiz yazılanlar» kitabının ən çox satılan kitablar sırasında olduğunu qeyd etdi: «Bu, sosial şəbəkə ədəbiyyatının bir nümunəsi idi. Ona görə, artıq yazıçı və şairlərimiz oxucuların marağını nəzərə alıb, dövrə uyğun belə mövzular, əsərlər yaratmalıdırlar ki, diqqəti cəlb edə bilsinlər».

Xarici nəşriyyatların cəlbi

Yazıçı-publisist Mirmehdi Ağaoglu hesab edir ki, əvvəlki illərə nəzərən budəfəki sərgi-yarmarka xeyli maraqlı keçib: "Mən sərginin birinci günü və sonuncu günləri orada oldum. Deyim ki, gələnlərin ardı-arası kəsilmirdi. Xüsusən "Qanun”, "Xan”, "Parlaq imzalar”, "Teas Press” nəşriyyatlarının, "Bakumoz”un stendinin qarşısında demək olar, 3 gün boyu qələbəlik yaşandı. Yarmarkada hər yaş qrupundan alıcıların olduğunu gördüm. Bu onu göstərir ki, son illərdə ölkədə kitab oxuyanların sayı xeyli dərəcədə artıb, kitaba maraq güclənib”. Yazıçı bir-birindən maraqlı imza günlərinin keçirilməsini təqdirəlayiq hal hesab edir: "Bildiyim qədər, hətta bir xarici yazıçının da imza günü keçirildi. Bütün bu müsbət cəhətlərlə yanaşı, onu da deyim ki, xarici nəşriyyatlar yox dərəcəsində idi. Yaxşı olardı, bizə daha yaxın olan Rusiya və Türkiyə nəşriyyatları bu sərgi-yarmarkada iştirak edərdilər. Görünür, Türkiyənin nəhəng nəşriyyatları Azərbaycana gəlməyi rentabelli hesab etmirlər. Ancaq düşünürəm ki, hər halda, onları Bakı yarmarkasına gəlmək üçün cəlb etməyin hansısa bir yolunu tapmaq olar. Yəqin növbəti illərdə Bakı Yarmarkasının miqyası daha da güclənər, xarici nəşriyyatlar da lazımı şəkildə təmsil olunarlar”.

Gələcəyin oxucuları

Yazıçı-şair Kənan Hacı yarmarkanın böyük coşqu ilə keçdiyini deyir: «Tədbirdə böyük qələbəlik gördüm. Bir yazıçı olaraq qürur duydum. Kitabın təbliğində, satışında, oxunmasında əvvəlki illərə nisbətən böyük irəliləyiş olduğunu hiss etdim. Yarmarkaya böyük insan axını var idi”. İmza gününün də xeyli izdihamlı keçdiyini deyən K.Hacı yarmarka üçün daha böyük məkanın olmasını vacib hesab edir: "İnsanlar artıq yarmarka günlərində Bakı İdman Sarayına sığmırlar. Arzu edərdim ki, bu tipli sərgilər ildə 2-3 dəfə və daha geniş məkanlarda keçirilsin. Yarmarkada iştirak edənlərin çoxu gənclər - gələcəyin oxucuları idi. Bu, bizi sevindirir. Gənclər axın-axın gəlirdilər, bu, çox ürəkaçan mənzərə idi. Hiss olunur ki, Azərbaycanda oxucu var».
Üç aydan bir keçirilsin

"Milli mətbuatımızın banisi, görkəmli maarifçi və dəyərli ziyalımız Həsən bəy Zərdabi deyirdi ki, yaxşı kitab çox qiymətli xəzinədir. Bu gün xəzinə dalınca getdim və deyəsən tapdım. Sərgi yox, sanki xəzinələr adası idi”- deyə sərgi-yarmarkada iştirakından məmnunluğunu "Facebook” profilində paylaşan Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev yarmarkaya böyük həvəslə qatıldığını deyir: "Bazar günü olmasına rəğmən, böyük həvəslə kitab yarmarkasına getdim. Mənim uşaqlıqdan, məktəb illərindən kitaba, xüsusən kitab qoxusuna böyük bağlılığım var. Bir ay ərzində 30, yəni hər gün bir kitab oxuya bilərdim. İndi bunu fiziki olaraq çatdıra bilməsəm də, bu sevimli məşğuliyyətimdən uzaq düşməməyə çalışıram. Kitaba böyük marağım var. Bu baxımdan kitab sərgisi də ürəyimcə oldu”. A.Mirzəyev yarmarkada hər oxucunun zövqünə, istəyinə uyğun kitabların yer aldığını söyləyir: "Mən bir neçə kitab aldım. Bəzilərinin müəllifləri ilə tanış oldum. Kitabların imza günündə iştirak etdim”. A.Mirzəyev bu cür sərgilərin hətta üç aydan bir keçirilməsini arzulayır: "Yarmarkada qarşılaşdığım mənzərədən çox sevindim. Bəzən deyirlər ki, oxucu sayı, gənclərin kitaba marağı azalıb, uşaqlar virtual dünyaya üstünlük verir, kitaba yaxın durmurlar və s. Bu, əslində mübahisəli fikirdir. Mən bu fikirlərin yanlış olduğunu yarmarkada müşahidə etdim. Sərgidə çoxlu gənclər, uşaqlar vardı. Onlar kitablar alır, əsərlərlə bağlı müzakirələr aparır, müəlliflərlə şəkil çəkdirirdilər. Bu ümumi bir bayram idi. Mən belə bir bayramın iştirakçısı olduğuma görə çox sevindim”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər