AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"İnsanlarda təfəkkürü dəyişmək lazımdır ki, "olmaz"ı anlasınlar"

Cəmiyyət
23 May 2020, 16:51 121
"Son günlərin statistikasına nəzər yetirdikdə koronavirusla bağlı mənzərənin ürək açan olmadığının şahidi oluruq. Bu da əlbətə ki, insanların məsələnin ciddiliyini dərk etməməsi, xüsusilə də ictimai nəqliyyatdan istifadə edərkən tibbi maska və əlcəklərdən istifadə edilməməsi ilə əlaqələndirilir. Digər ölkələrə nəzər yetirdiyimiz zaman tibbi maskadan istifadə edilmədiyinə görə sərt cəza metodlarının tətbiq olunduğunu görürük. Belə ölkələrlə müqayisədə Azərbaycanda cəza metodları daha yumşaqdır. Düşünürəm ki, bu problemin qarşısını daha sərt cəza və nəqliyyatdan istifadə ilə bağlı şərtlərin sərtləşdirilməsi ilə almaq mümkündür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, hər bir vətəndaş karantin rejiminin qayda və tələblərinə olduqca diqqətli və şüurlu yanaşmaq lazım olduğunu anlamalıdır: "Bu hazırda bizim ən ümdə vəzifəmiz olmalıdır. Eyni zamanda hər kəs dərk etməlidir ki, cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa olan mesajlarında çatdırılan tövsiyələr, istərsə də digər dövlət rəsmilərinin çıxışlarında edilən tövsiyələrin hər biri bizim sağlamlığımız, xəstəlikdən qorunmağımız üçün deyilən önəmli sözlərdir. Minimum itkilərlə çıxmaq üçün sosial məsafəni gözləmək, maska taxmaq, şəxsi gigiyena qaydalarına son dərəcə ciddi riayət etməklə əl-ələ verməliyik”.
Politoloq söyləyib ki, təəssüf hissi doğuran məqam son günlərdə ictimai nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlarda məsuliyyətsizliyin olmasıdır: "Tibbi maska, ara məsafəsi ilə bağlı ən başlıca qaydalara demək olar ki, əməl edilmir. İnsanlar küçələrə, ictimai iaşə obyektlərinə kütləvi şəkildə yığışmaqla sanki artıq xəstəliyin bitdiyi kimi məsuliyyətsiz bir mənzərə formalaşdırırlar. Bu da təbii olaraq son günlərin statistikasında yoluxanların sayının artması ilə müşayiət olunur”.
Ş. Həsənova qeyd edib ki, əgər sosial təcrid tədbirlərinə, gigiyena qaydalarına əməl olunmazsa, həm yoluxanların, həm də həyatını itirənlərin sayı getdikcə arta bilə: "Bu baxımdan müsbət dinamikanın qarşısını almaq üçün karantin rejiminin qayda və tələblərini pozanların cərimə olunmalarının tərəfdarıyam. Lakin müasir dünyamızda məsələnin müsbət həllinə cəza tədbirlərindən daha çox maariflənmə aparmaqla nail olmaq olar. İnsanlarda təfəkkürü dəyişmək lazımdır ki, "olmaz”ı anlasınlar”.