• şənbə, 20 Aprel, 06:20
  • Baku Bakı 14°C

İnsanlar qənaət etməyə öyrənəcəklər

01.12.16 12:35 913
İnsanlar qənaət etməyə öyrənəcəklər
Ötən il dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına, neft ixrac edən dövlətlərdən biri kimi Azərbaycanın gəlirlərinin azalmasına, manatın iki dəfə devalvasiyaya uğramasına səbəb olub. Yaranmış şəraitə uyğun olaraq, Azərbaycan prezidentinin rəhbərliyi altında yeni iqtisadi prioritetlər elan olunub, çevik iqtisadi siyasət, zəruri islahatlar həyata keçirilib. Biz sözlə, bütün zəruri addımlar atılıb ki, ölkə əhalisinin sosial təminatında hər hansı problemlər yaranmasın və yarnmayıb da. Lakin bununla belə, dövlətin bir sıra sosial öhdəliklərini yerinə yetirməsi üçün bəzi sahələrdə, xüsusən də kommunal xidmət sektorunda qiymətlərin real tələblərə uyğunlaşdırılması zərurətə çevrilib. Məhz bu zərurətdən irəli gələrək, noyabrın 28-də Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar qəbul edib. Amma bu qərarda da ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması, optimal qiymətlərin tətbiqi daha məqsədəuyğun hesab olunub.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərovmövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, hər şey dəyişir, bahalaşır və qiymətlər artır. O, belə olan halda bəzi kommunal xidmətlərin bahalaşması da normaldır: "Təbii qazın qiymətinə sonuncu dəfə 3 il bundan qabaq – 2013-cü ildə baxılıb. Həmin ildən təbii qazın pərakəndə satışı 1000 m3 üçün 100 manat müəyyən edilib ki, bu da 1 m3-ə 10 qəpik demək idi. İşığın qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılıb. 2016-cı il 14 iyul tarixində Tarif Şurasının növbəti iclasında "Azərişıq” ilə "Azərenerji” ASC-lərin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Həmin qərara görə, 1 kilovat/saat elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı 7 qəpik müəyyən olunub. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq, yəni 2007-ci ilin yanvarından 6 qəpik təyin edilib. Aradan keçən müddət ərzində ölkədə elə bir sahə olmayıb ki, qiymət artımı baş verməsin. Ən azı, manatın dollar qarşısında 2 dəfə devalvasiyaya uğradığı faktını nəzərə almalıyıq. Bizlər istəyirik ki, bəzi istiqamətlərdə bu, özünü göstərməsin - baş verməsin. Bu isə mümkün deyil”.

İqtisadçı ekspert deyib ki, Tarif Şurası bu dəfə qiymət artımlarına diferensiallaşdırılmış şəkildə yanaşmağa məcbur olub. Onun fikrincə, bu, ölkəmizdə neçə illərdən bəridir, həyata keçirilən ümumi qiymət siyasətində ilk belə haldır: "İndiyədək demək olar ki, heç bir sahədə və istiqamətdə qiymətlərdə differensiallaşdırma tədbiq olunmayıb. Hesab edirəm, buna indiki şəraitdə böyük ehtiyac var idi. Çünki əhalinin ölkənin istehlak bazarında son qiymət artımları, inflyasiya, manatın kəskin ucuzlaşması tendensiyaları ilə əlaqədar sosial-iqtisadi vəziyyəti - real gəlirləri xeyli dərəcədə azalmış və zəifləmiş vəziyyətdədir. Nəzərə alsaq ki, qazın tarifi təqribən, 2 dəfə, işığınkı isə 1,6 dəfə artırılıb, bunun hamı üçün eyni dərəcədə tətbiq olunması vətəndaşların aztəminatlı təbəqəsi üçün onların sosial-iqtisadi durumu baxımdan, böyük fəsadlar yarada bilərdi. Və nəticədə yığım faizi özü belə, aşağı düşəcəkdi. Ona görə də belə bir addım atılıb”.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə bildirib ki, son qiymət artımı əhalinin 70 faizə qədərinə aid olmayacaq. O, enerjidaşıyıcıların tarif artımının pozitiv tərəflərini də diqqətə çatdırıb: "Dövlət Neft Şirkətinin rəsmi məlumatlarına görə, hazırda ölkə əhalisinin 62 faizinin qaz istehlakı illik 1500 kubmetr həddini keçmir. "Azərişıq” ASC-dən əldə etdiyimiz məlumata görə, əhalinin 75 faizinin aylıq elektrik enerji sərfiyatı 250 kilovat saatdan çox deyil. Deməli, orta hesabla qaz və işığın qiymətindəki dəyişikliklər əhalinin təxminən 70 faizinə aid olmayacaq. Tariflərdə edilən dəyişikliklərdən sonra, insanların qənaət rejiminə keçməsi nəticəsində, bir il ərzində bu rəqəmin daha 10 faiz artaraq, 80 faizə çatacağı gözləniləndir.Əhalinin yerdə qalan 20 faiz imkanlı təbəqəsi tərəfindən qaz və elektrik enerjisinin limitdən artıq sərfinə görə artan tariflərlə ödəniş etməsi isə tam normal bir haldır. Bununla yanaşı, enerjidaşıyıcıların tarif artımının pozitiv tərəfləri də var. Birincisi, insanlar real olaraq qənaət etməyə öyrənəcəklər. Razılaşaq ki, biz çox az hallarda qənaət haqqında düşünə bilirik. Qənaət haqqında düşünə bilmədiyimizi sübut edən kifayət qədər "yaxşı” nümunələrimiz var. Məsələn, toy məclislərimizə dəvət etdiyimiz insanlara onların bir axşam yeyə biləcəyindən 10-20 dəfə çox yemək təklif etməyimiz, dünyasını dəyişən yaxınımıza yas mərasimi vermək üçün imkanımız olmasa belə, bankdan kredit götürüb yüzlərlə insana "ehsan” verməyimiz bu sıradan olan israfçılığımızın bariz nümunələridir. Görəsən özümüzdən başqa kim bizi bu israfçılığa məcbur edə bilər? Heç kim! Bu siyahıları kifayət qədər genişləndirmək mümkündür. Doğrudan da biz nə vaxtsa qənaət etməyi öyrənməyə başlamalıyıq. Digər tərəfdən, yeni tariflər insanlarımızı alternativ enerji mənbələrindən istifadə etməyə stimullaşdıracaq. Bu gün artıq dünyanın bir çox ölkələrində bu sahədə böyük nailiyyətlər əldə olunub. Ölkəmizdə isə günəş və külək enerjisindən istifadə etmək imkanları kifayət qədər böyükdür”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər