• cümə axşamı, 28 mart, 23:07
  • Baku Bakı 13°C

İnsanlar niyə və necə fikirlərini dəyişirlər?

09.10.18 09:00 1743
İnsanlar niyə və necə fikirlərini dəyişirlər?
İnsan içində eqoizmə həddindən artıq dəyər verdiyindən beynindəki fikirlərin, rəhbər tutduğu ideyaların sabit və qəti olduğuna inanırıq. Amma son sosial-elmi araşdırmalar göstərir ki, siyasi düşüncələr, nəzəriyyələr də daxil olmaqla, istənilən mövzu ilə bağlı insan düşüncələrinin istiqaməti asanlıqla dəyişə bilir. Bu araşdırmalar üzərində işlədikcə məni ən çox təəccübləndirən isə tamamilə başqa nüans oldu – insanın hansısa məsələ ilə bağlı qəti, yekun fikrini dəyişməsi heç də ağlımıza ilk gələn səbəblərə görə baş vermir.
Həqiqətin imtahanı
"Həqiqətin haqq-hesabı” məsələsində uzun illərdir aparılan araşdırmalar hansısa bir mövzuda beynimizdə formalaşmış fikirləri təsdiqləyən və dəstəkləyən məlumatları və hadisələri ayırd etmə, axtarma və xatırlamağa daha meylli olduğumuzu göstərir. Məsəlçün, şərab içməyi sevirsinizsə, onun faydaları haqqında aparılmış araşdırmaları, zərərləri haqqında aparılmış nəticələrindən əmin olduğunuz araşdırmalardan daha yaxşı xatırlayırsınız.
Həmçinin beynimizin həmfikir olduğu düşüncələri qısa müddətdə reallaşdırmağa başlamaqda daha sürətli davrandığı iddia edilir. Məsələn, belə bir situasiya ilə aydınlaşdırma aparaq. Siz hansısa bir şirkətdə sosial media menecerisiniz. Şirkət sizdən sosial şəbəkədə aşağıdakı iki mövzudan biri ilə bağlı sorğu keçirməyinizi istəyir:
1. İnternet insanları daha da sosiallaşdırır;
2. İnternet insanları ətrafdan təcrid edir;
Siz dərhal öz düşüncənizlə səsləşən mövzunu seçəcəksiniz. Əgər birinci bənddəki ideya ilə həmfikirsinizsə, o haqda, ikinci ilə razısınızsa, o haqda sorğu aparacaqsınız. Hər iki mövzu haqqındakı sorğunu cavablandırdıqda isə siz daxilən razı olmadığınız mövzu haqqında daha uzun müddət götür-qoy edirsiniz. Əgər sorğuda irəli sürülən versiya sizin düşüncənizlə uyğundursa, onu dərhal cavablandırırsınız. Yəni, özümüz də bilmədən fikirlərimiz avtomatik olaraq, reaksiyalarımızın önünə keçir, ona yön verir.
Bütün bunların əsasında isə fərdin "eqo” məsələsi durur, yəni, beyin öz məhsulu olan fikirləri daha çox önəmsəyir, ön planda saxlayır. Amma bu fikirlər sonsuza qədər sabit qalmaya da bilir. Əslində, fikirlərimiz düşündüyümüzdən daha dəyişkəndir.
Psixoloji özünümüdafiə sistemi
Məsələn, San Fransiskoda plastik su qutularının istifadəsinə qadağa qoyulacağı ilə bağlı qərara etiraz edənlər həddindən artıq çox olub. Qərarın müzakirəsi 2 aya yaxın davam edib. Lakin qadağanın tətbiqindən sonra əhalinin yeni vəziyyətə uyğunlaşması heç iki ay çəkməyib. Bu tip sosial-psixoloji problemlərin dərin araşdırmaçısı, "British Columbia” universitetindən Kristin Laurin məhz bu vəziyyəti "psixoloji özünümüdafiə sistemi” adlandırır. Beynimizə yeni bir sistem yeridiləndə xüsusi sahə formalaşır, bu sahə əvvəl beyni, sonra isə bütün bədəni özünə uyğunlaşdırır. Beyin yavaş-yavaş xüsusi sahədəki yeni fikri mənimsəməyə, onun təhlükəli olmadığını qəbul etməyə başlayır.
Bu tip araşdırmalardan biri də Kanadada aparılıb. 2015-ci ildə Ontarioda ictimai yerlərdə siqaret çəkmək qadağası qoyulub. Laurin qadağan qərarı ilə bağlı müzakirələrin başladığı gündən ictimai reaksiyanı müşahidə edib. Araşdırma göstərib ki, əhalinin ciddi etirazla qarşıladığı bu qərar qəbul edildikdən sonra insanların nəinki davranışları, hətta qərardan əvvəlki dövrdə ictimai yerlərdə siqaret çəkilməsinə verdikləri reaksiyalarla bağlı xatırladıqları belə dəyişib. Onlar özlərini elə əvvəldən ictimai yerlərdə tütün məhsullarının istifadəsindən narahat olurmuş kimi təqdim ediblər.
Laurin bunu belə izah edir: "Bu sadəcə beyninizin sizin özünüzü yeni situasiyada daha rahat hiss etməyiniz və yaşamaq dirənişinizin artması üçün göstərdiyi dərin mənəvi cəhddir”.
Yəni, insanlar yeni vəziyyətə öyrəşmir, sadəcə beynin fövqəltəbii balanslı fəaliyyəti nəticəsində düşüncə sistemi dəyişir. Sanki beyin bədənin tab gətirə bilməyəcəyi "davamlı aqressiv münasibət”in zərərlərindən qorunmaq üçün onu "hər şey yaxşı olacaq”ın verdiyi nisbi sabitliyə çəkir. Bu isə insan orqanizmində qeyri-şüurlu baş verən proseslərdəndir. Yəni, bu sistem planlı mexanizm deyil, həyatı davam etdirə bilmək üçün lazımı təbii qaynaqların şüuraltı bir aparatla düzgün istifadəsidir. Əgər insanda bu sistem aktivləşmirsə, mütəmadi gərginlik, aqressivlik halı fərdi sürətlə fiziki məhvə aparır.
Dərketmədə yanılma
Bu psixoloji proses daha çox fərdin yaşadığı keçmişdə bədxah əməllərə səbəb olur, amma bəzən yararlı addımlar atmasına da əngəl yaradır. Məsələn, tarixə nəzər salsaq, müxtəlif xarici faktorların (rifah halı, cəhalətin geniş yayılmış olması, müharibə və ölüm qorxusu və s.) da təsiri ilə dövrün insanlarında baş qaldırmış "dərketmədə yanılma” psixoloji halı onların, əslində, heç dözmək məcburiyyətində olmadıqları bir sistem daxilində yaşamağa boyun əymələri ilə nəticələnib.
Nisbətən daha əvvəlki dövrlərin elm adamlarının "tərs reaksiya” kimi dəyərləndirdikləri bu situasiyada insanlar qərar verərkən gələcək haqqında yanlış emosional-psixoloji vəziyyətə düşür. Harvard Universitetinin 2015-ci ildə apardığı bir araşdırma isə göstərib ki, insanlar gələcək haqqında bu gün də fikirləşəndə yanlışa düşürlər. Əgər bir şeyin gələcəyi ilə bağlı tragik bir son yazırlarsa, bu mütləq baş verə biləcəklərin ən ağırının xəyalı olur. Və ya əksinə nəyinsə gələcəyi ilə bağlı nikbin proqnoz verirlərsə, heç vaxt baş tutmayacaq qədər pozitiv tablo yaradırlar.
İnsan beyni nə zaman dəyişməyə başlayır?
Başımıza nəsə pis bir hadisə gələndə insanda elə bir fikir formalaşır ki, o bunun altından əsla qalxa bilməyəcək. Və ya əksinə ard-arda yaxşı şeylər baş verəndə dərhal nəsə ciddi dəyişikliklərin olacağı xəyalına qapılırıq. Halbuki hər iki situasiyada biz eyni insanıq. Baş verən hadisənin ilk təsirləri sovuşduqdan sonra duyğularımız da sakitləşir və əvvəlki ilə müqayisədə bir az daha yaxşı və ya pis hiss etməyə başlayırıq. Eyni şey istər məişət aspektində olsun, istərsə də beynəlxalq siyasət fonunda – fərd oxşar reaksiyalar sərgiləyir. Əvvəllər neqativ, dözülməz hesab etdiyimiz şeyləri o qədər də böyütməməyə başlayırıq.
Bu, əslində hansı aspektdən dəyərləndirsək, ümidvericidir. Hər vəziyyətdə yaxşı olan istiqaməti tapmağa çalışırıq. Amma bu heç də insan beyninin sonsuz "qəbuletmə” mexanizminə sahib olduğu demək deyil. İstənilən etiraz kütləviliyə çatanda, insanlar mövcud vəziyyəti rasionallaşdırmaqdansa, dəyişikliyə getməyi seçir.
Klaudia Hammond
Mənbə: BBC Future
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər