İnsanlar niyə və necə fikirlərini dəyişirlər?
İnsan içində eqoizmə həddindən artıq
dəyər verdiyindən beynindəki fikirlərin, rəhbər tutduğu ideyaların sabit və
qəti olduğuna inanırıq. Amma son sosial-elmi araşdırmalar göstərir ki, siyasi
düşüncələr, nəzəriyyələr də daxil olmaqla, istənilən mövzu ilə bağlı insan
düşüncələrinin istiqaməti asanlıqla dəyişə bilir. Bu araşdırmalar üzərində
işlədikcə məni ən çox təəccübləndirən isə tamamilə başqa nüans oldu – insanın
hansısa məsələ ilə bağlı qəti, yekun fikrini dəyişməsi heç də ağlımıza ilk
gələn səbəblərə görə baş vermir.
Həqiqətin
imtahanı
"Həqiqətin haqq-hesabı” məsələsində uzun
illərdir aparılan araşdırmalar hansısa bir mövzuda beynimizdə formalaşmış
fikirləri təsdiqləyən və dəstəkləyən məlumatları və hadisələri ayırd etmə,
axtarma və xatırlamağa daha meylli olduğumuzu göstərir. Məsəlçün, şərab içməyi
sevirsinizsə, onun faydaları haqqında aparılmış araşdırmaları, zərərləri
haqqında aparılmış nəticələrindən əmin olduğunuz araşdırmalardan daha yaxşı
xatırlayırsınız.
Həmçinin beynimizin həmfikir olduğu
düşüncələri qısa müddətdə reallaşdırmağa başlamaqda daha sürətli davrandığı
iddia edilir. Məsələn, belə bir situasiya ilə aydınlaşdırma aparaq. Siz hansısa
bir şirkətdə sosial media menecerisiniz. Şirkət sizdən sosial şəbəkədə
aşağıdakı iki mövzudan biri ilə bağlı sorğu keçirməyinizi istəyir:
1. İnternet insanları daha da
sosiallaşdırır;
2. İnternet insanları ətrafdan təcrid edir;
Siz dərhal öz düşüncənizlə səsləşən
mövzunu seçəcəksiniz. Əgər birinci bənddəki ideya ilə həmfikirsinizsə, o haqda,
ikinci ilə razısınızsa, o haqda sorğu aparacaqsınız. Hər iki mövzu haqqındakı
sorğunu cavablandırdıqda isə siz daxilən razı olmadığınız mövzu haqqında daha
uzun müddət götür-qoy edirsiniz. Əgər sorğuda irəli sürülən versiya sizin
düşüncənizlə uyğundursa, onu dərhal cavablandırırsınız. Yəni, özümüz də
bilmədən fikirlərimiz avtomatik olaraq, reaksiyalarımızın önünə keçir, ona yön
verir.
Bütün bunların əsasında isə fərdin
"eqo” məsələsi durur, yəni, beyin öz məhsulu olan fikirləri daha çox önəmsəyir,
ön planda saxlayır. Amma bu fikirlər sonsuza qədər sabit qalmaya da bilir.
Əslində, fikirlərimiz düşündüyümüzdən daha dəyişkəndir.
Psixoloji
özünümüdafiə sistemi
Məsələn, San Fransiskoda plastik su
qutularının istifadəsinə qadağa qoyulacağı ilə bağlı qərara etiraz edənlər
həddindən artıq çox olub. Qərarın müzakirəsi 2 aya yaxın davam edib. Lakin
qadağanın tətbiqindən sonra əhalinin yeni vəziyyətə uyğunlaşması heç iki ay
çəkməyib. Bu tip sosial-psixoloji problemlərin dərin araşdırmaçısı, "British
Columbia” universitetindən Kristin Laurin məhz bu vəziyyəti "psixoloji
özünümüdafiə sistemi” adlandırır. Beynimizə yeni bir sistem yeridiləndə xüsusi
sahə formalaşır, bu sahə əvvəl beyni, sonra isə bütün bədəni özünə uyğunlaşdırır.
Beyin yavaş-yavaş xüsusi sahədəki yeni fikri mənimsəməyə, onun təhlükəli
olmadığını qəbul etməyə başlayır.
Bu tip araşdırmalardan biri də Kanadada
aparılıb. 2015-ci ildə Ontarioda ictimai yerlərdə siqaret çəkmək qadağası
qoyulub. Laurin qadağan qərarı ilə bağlı müzakirələrin başladığı gündən ictimai
reaksiyanı müşahidə edib. Araşdırma göstərib ki, əhalinin ciddi etirazla
qarşıladığı bu qərar qəbul edildikdən sonra insanların nəinki davranışları,
hətta qərardan əvvəlki dövrdə ictimai yerlərdə siqaret çəkilməsinə verdikləri
reaksiyalarla bağlı xatırladıqları belə dəyişib. Onlar özlərini elə əvvəldən
ictimai yerlərdə tütün məhsullarının istifadəsindən narahat olurmuş kimi təqdim
ediblər.
Laurin bunu belə izah edir: "Bu sadəcə
beyninizin sizin özünüzü yeni situasiyada daha rahat hiss etməyiniz və yaşamaq
dirənişinizin artması üçün göstərdiyi dərin mənəvi cəhddir”.
Yəni, insanlar yeni vəziyyətə öyrəşmir,
sadəcə beynin fövqəltəbii balanslı fəaliyyəti nəticəsində düşüncə sistemi
dəyişir. Sanki beyin bədənin tab gətirə bilməyəcəyi "davamlı aqressiv
münasibət”in zərərlərindən qorunmaq üçün onu "hər şey yaxşı olacaq”ın verdiyi
nisbi sabitliyə çəkir. Bu isə insan orqanizmində qeyri-şüurlu baş verən
proseslərdəndir. Yəni, bu sistem planlı mexanizm deyil, həyatı davam etdirə
bilmək üçün lazımı təbii qaynaqların şüuraltı bir aparatla düzgün
istifadəsidir. Əgər insanda bu sistem aktivləşmirsə, mütəmadi gərginlik,
aqressivlik halı fərdi sürətlə fiziki məhvə aparır.
Dərketmədə
yanılma
Bu psixoloji proses daha çox fərdin
yaşadığı keçmişdə bədxah əməllərə səbəb olur, amma bəzən yararlı addımlar
atmasına da əngəl yaradır. Məsələn, tarixə nəzər salsaq, müxtəlif xarici
faktorların (rifah halı, cəhalətin geniş yayılmış olması, müharibə və ölüm
qorxusu və s.) da təsiri ilə dövrün insanlarında baş qaldırmış "dərketmədə
yanılma” psixoloji halı onların, əslində, heç dözmək məcburiyyətində
olmadıqları bir sistem daxilində yaşamağa boyun əymələri ilə nəticələnib.
Nisbətən daha əvvəlki dövrlərin elm
adamlarının "tərs reaksiya” kimi dəyərləndirdikləri bu situasiyada insanlar
qərar verərkən gələcək haqqında yanlış emosional-psixoloji vəziyyətə düşür.
Harvard Universitetinin 2015-ci ildə apardığı bir araşdırma isə göstərib ki,
insanlar gələcək haqqında bu gün də fikirləşəndə yanlışa düşürlər. Əgər bir
şeyin gələcəyi ilə bağlı tragik bir son yazırlarsa, bu mütləq baş verə
biləcəklərin ən ağırının xəyalı olur. Və ya əksinə nəyinsə gələcəyi ilə bağlı
nikbin proqnoz verirlərsə, heç vaxt baş tutmayacaq qədər pozitiv tablo
yaradırlar.
İnsan
beyni nə zaman dəyişməyə başlayır?
Başımıza nəsə pis bir hadisə gələndə
insanda elə bir fikir formalaşır ki, o bunun altından əsla qalxa bilməyəcək. Və
ya əksinə ard-arda yaxşı şeylər baş verəndə dərhal nəsə ciddi dəyişikliklərin
olacağı xəyalına qapılırıq. Halbuki hər iki situasiyada biz eyni insanıq. Baş
verən hadisənin ilk təsirləri sovuşduqdan sonra duyğularımız da sakitləşir və
əvvəlki ilə müqayisədə bir az daha yaxşı və ya pis hiss etməyə başlayırıq. Eyni
şey istər məişət aspektində olsun, istərsə də beynəlxalq siyasət fonunda – fərd
oxşar reaksiyalar sərgiləyir. Əvvəllər neqativ, dözülməz hesab etdiyimiz
şeyləri o qədər də böyütməməyə başlayırıq.
Bu, əslində hansı aspektdən
dəyərləndirsək, ümidvericidir. Hər vəziyyətdə yaxşı olan istiqaməti tapmağa
çalışırıq. Amma bu heç də insan beyninin sonsuz "qəbuletmə” mexanizminə sahib
olduğu demək deyil. İstənilən etiraz kütləviliyə çatanda, insanlar mövcud
vəziyyəti rasionallaşdırmaqdansa, dəyişikliyə getməyi seçir.
Klaudia Hammond
Mənbə: BBC Future
İngilis dilindən tərcümə edən: Elcan
Salmanqızı