• şənbə, 20 Aprel, 00:40
  • Baku Bakı 15°C

“İnsanlar elə düşünürlər ki, psixiatr ancaq dəlilərlə işləyir”

30.06.16 12:37 6024
“İnsanlar elə düşünürlər ki, psixiatr ancaq dəlilərlə işləyir”
Əvvəlki illərdən fərqli olaraq, indi psixoloqlara müraciət edənlərin sayı çoxdur və günü-gündən artmaqdadır. Psixiatrlara yanaşma isə bir qədər fərqlidir. Azərbaycan Dövlət Dəmir Yolu Xəstəxanasının psixiatrı Aygün İsgəndərova ilə söhbət zamanı bu sahədə olan problemlər, əhalinin psixiatrlara müraciətləri və sair məsələlərlə bağlı müzakirələr apardıq.

- Aygün xanım, hazırda ölkəmizdə psixiatrlara müraciət edənlər nə qədərdir?

- Müasir dövrümüzdə psixiatra müraciət edənlərin sayı çoxdur. Sadəcə, bu, gizli həyata keçirilir. Belə ki, bir çox imkanlı şəxslər psixiatrı evinə çağırır və müayinə evdə gizlin şəkildə aparılır. Nəticədə rəsmi olaraq heç yerdə qeydiyyat aparılmır. Əgər bizə müraciət edilsə, o zaman həmin şəxsə ambulator kart və yaxud xəstəlik vərəqəsi açılacaq və onlar avtomatik olaraq qeydiyyata düşəcəklər. Bu da onların işində problem yarada, sosial statuslarına neqativ təsir edə bilər. Səbəb isə cəmiyyətdə psixiatrik xəstələrə qarşı olan yanlış stereotiplərdir.

- Bəs psixi pozuntular nədən yaranır, əsas səbəb nələrdir?

- Müasir dövrdə stress faktoru ilə tez-tez rastlaşırıq. Böyük şəhərlərdə yaşayan insanlar stresslə daha çox üzləşirlər. Misal üçün, rayonda yaşayan uşaqlar planşetin nə olduğundan xəbərsizdirlər, məktəbdə, universitetdə, iş yerində sosial statusdakı uçurumlarla üzləşmirlər. Məhz ona görə də onun stressini də yaşamırlar. Ancaq böyük şəhərdə yaşayan məktəblilər müasir texnologiyanın nə demək olduğundan xəbərdardır. Onu əldə edə bilməyəndə anlaya bilmirlər ki, onun ailəsinin maddi durumu digər insanlardan fərqlidir. Belə olan halda həmin şagirdin diqqəti yayınır və depressiyaya düşür. Başlayır özlüyündə sorğu-sual etməyə ki, mən niyə bu ailədə doğuldum.

- Bu gün psixiatrlardan çox psixoloqlara müraciətlər edilir. Sizcə, bu, nə ilə əlaqədardır?

- Son zamanlar psixoloq yanına getmək dəb halı alıb və bu, elit iş hesab olunur. Ehtiyacı olan da, olmayan da psixoloqlara müraciət edir. Təəssüflər olsun ki, bəzən qeyri-peşəkar psixoloqlar bundan istifadə edirlər. Ailədə hər hansı məişət problemi olan kimi psixoloqa müraciət olunur. Elə hesab edirlər ki, psixoloq onların məsləhətçisi, ürəklərini boşalda biləcəkləri bir insandır. O, hipnoz edəcək və bütün problemlər yox olacaq. Psixiatr yanına gedəndə isə proseslər bir qədər uzun olur. Çünki psixiatr ona dərman təyin edir, qayda-qanunlar qoyur, terapiya edəcəksə, seansların sayını, gedişatını deyir, bir növ həyatına qadağalar qoyur. Psixoloq isə ona gözəl bir dünya yaradır. Psixoloqlar reallığı pasiyentlərin göz önünə gətirmir. Həyat gözəl nemətlərlə dolu olan bir zənbil deyil. İnsan hər cür problemlərlə rastlaşır. Həyata real yanaşmaq lazımdır. Siz ömür boyu xoşbəxt ola bilməzsiniz. Psixoloqlar tələbata uyğun hərəkət edirlər və bu da insanlara xoş gəlir. Psixoloq sizə hər gün desə ki, siz çox gözəlsiniz, yaxşısınız, problem sizin əhatənizdəndir, əlbəttə ki, onun yanına gedəcəksiniz. Yenə vurğulayıram, burada söhbət qeyri-peşəkar, peşəsindən daha çox pul qazanmaq üçün sui-istifadə edən psixoloqlardan gedir. Bizim insanların şəxsiyyətinə müdaxilə etmək, onu tamamilə dəyişib yeni insan yaratmaq hüququmuz yoxdur. Biz sadəcə var olan şeyləri obyektiv olaraq göstəririk, nələr etdikdə psixi sağlamlığı və həyat keyfiyyəti yaxşı olar deyə tövsiyələr veririk.

- Siz dünyanın ən məşhur təhsil ocağı olan Harvard Universitetində də təhsil almısınız. İstərdik bizim təhsil sistemi ilə oradakı təhsil sistemini bir az müqayisə edəsiniz.

- Harvardda təhsilim elmi işi necə aparmaqla bağlı idi və bu, 7 aylıq bir kurs idi. Orada epidemiologiya-biostatistika, etika, tədqiqatın məsuliyyətli davranışı kimi dərslər almışam. Həkimlər insanlarla işləyir və apardıqları tədqiqatlar da onlarla bağlıdır. Biz orada onların hüquqlarını pozmadan, sağlamlıqlarına zərər yetirmədən (dərman və yaxud cərrahi sınaqlar zamanı) necə yeniliklər etməyi, insanların yaşamlarını yaxşılaşdırmaq yollarını öyrənirdik. Oradakı fəaliyyətim təkcə təhsillə bağlı deyildi. Belə ki, boş vaxtlarımda Boston Uşaq Xəstəxanasında psixiatrik xəstələrin müayinəsində iştirak edirdim, sahəmlə bağlı konfranslara gedirdim. İyul ayında Türkiyədə Koç Universitetinə gedəcəyəm. Orada ölkə psixiatriyasının vəziyyəti, tibb işçilərinin psixi xəstələrə münasibəti, onlara yanaşma tərzi ilə bağlı çıxışım olacaq. Hazırda üzərində çalışdığım mövzu da bununla bağlıdır.

O ki qaldı müqayisə etməyə, Azərbaycan cəmi 25 ildir ki, müstəqildir. 25 illik bir ölkənin də kifayət qədər istedadlı gənc kadrları var. Bizdə əsas problem düzgün yönləndirilib dəyərləndirilməməkdir. Bizim cəmiyyətdə gənclərə kifayət qədər söz haqqı verilmir. Mən birinci kursda oxuyarkən hər hansı cüzi səhv edəndə professorlarımız deyirdilər ki, sən bunu edə bilmirsənsə, necə həkim olacaqsan? Sən kimsən fikrimin əleyhinə çıxırsan, özün nə bilirsən ki? 30 ilin həkimi özünü 1-ci kursun tələbəsi ilə müqayisə edir. Bu da yeni başlayan gəncə neqativ təsir edir və insan özündə səhv axtarmağa başlayır. Ancaq Harvardda elə deyil. Müəllimlərə sadə bir sual verəndə onlar canla-başla sualı cavablandırırlar. Orada sual vermək tələbə üçün əskiklik deyil. Digər bir fərqli məqam isə xəstəxanalarda qeydiyyatın kompyuterlə aparılmasıdır. Hər hansı pasiyent xəstəxanaya müraciət edəndə onlar bizim kimi arxivi axtarmırlar. Müraciət edən pasiyentin ad və soyadını yazdıqda onun haqqında bütün informasiyalar gəlir. Bir sözlə, oradakı xəstəxanalarda bütün struktur mükəmməl proqramlaşdırıb. Xaricdəki həkimlər heç də bizim həkimlərdən savadlı deyil. Sadəcə olaraq, informasiya bolluğu yaşayırlar, istədikləri məlumatlara çıxışları var.

- Cəmiyyətimiz psixiatriyanın mahiyyətindən xəbərsizdir. Psixiatriyaya nələr daxildir, hansı xəstəliklər aiddir?

- Psixiatriya psixi xəstəliklərin diaqnoz və müalicəsi ilə məşğul olan bir sahədir. İnsanlar elə hesab edir ki, psixiatriya təkcə şizofreniya, psixoz və alkoqolizmdən ibarətdir. Fobiyalar, şəxsiyyət pozuntuları, depressiya, təşviş, qida qəbulu pozuntuları və s. xəstəliklər də buraya aiddir. Bizim əsas problemimiz odur ki, insanlar "əsəb” sözünə görə düşünürlər ki, psixiatr ancaq dəlilərlə işləyir.
- Hazırda psixiatriya sahəsində ciddi kadr problemi mövcuddur. Psixiatriyaya gəlmək istəyənlər çox azdır. Bu gün ölkədə fəaliyyət göstərən psixiatriya müəssisələrində 10-12 həkim ştatı olduğu halda cəmi 2-3 həkim çalışır. Sizcə, buna əsas səbəb nədir?
- Psixiatriya üçün nəzərdə tutulmuş vakant yerlərin özü azdır. Dövlət xəstəxanalarının özləri də psixiatr üçün vakant yer istəmir. Çünki psixiatrdan qorxurlar. Düşünürlər ki, dəlilər xəstəxanaya gələrlər, xəta törədərlər. Hamı rahat həyat istəyir. Bəzən deyirlər ki, psixiatrın özünün psixi problemi var ki, bu sahəni seçib, bu sahəyə özünü müalicə etmək üçün gəlib, ya da psixiatr bu sənəti seçəndən sonra xəstəlik tapıb. Əslində bu belə deyil.

- Olubmu ki, pasiyentlərlə işləyəndən sonra sizdə psixoloji problemlər yaransın?

- Çox vaxt psixiatrlarda "emosional yanma sindromu” yarana bilir. Bu da işə yeni başlayan həkimin təcrübəsizliyindən irəli gəlir. İlkin olaraq xəstə gəlir problemlərini danışır və biz onu mənimsəyirik, onu bütün günlük həyatımıza daşıyırıq, ancaq neqativ düşünməyə başlayırıq. Ancaq işimizə peşəkar yanaşsaq, bunun bizim işimiz olduğunu qəbul edərik. Necə ki cərrahlar xalatlarını geyinib xəstəyə işi kimi baxırsa, bizdə də elə. Bu, təcrübə ilə bağlı bir şeydir. Təcrübəsiz həkimlər pasiyentin problemini özününküləşdirir. İnsanlar bizə öz neqativləri ilə gəlir. Hamımızın həyatında problemlər var. Ancaq elə problemlər var ki, o insanın bütün həyatına - həm şəxsi, həm iş, həm də sosial həyatına təsir edir. Psixiatrların, psixoloqların işi isə o böyük problemi həll etməkdən ibarətdir.

- Psixiatrlar psixoloq ola bilərmi?

- Bu, ən böyük problemlərimizdən biridir. Əvvəllər elə düşünürdülər ki, psixoloqlar psixoterapiya ilə məşğul olmalıdır. Son zamanlar isə belə bir tendensiya yaranıb ki, psixiatrların özləri belə psixoterapiya ilə məşğul olsalar yaxşıdır, əlbəttə ki, lazımi kursları keçdikdən sonra. Çünki xəstə bizə ağır vəziyyətdə gətirilir. Ona sözlə təsir etmək mümkün deyil. Psixiatr bu xəstəliyin dinamikasını görür. Müəyyən mərhələyə gələndən sonra onu psixoloq yanına göndərir. Ondan sonra xəstəyə yanaşma əlbəttə ki, fərqli olur. Psixoloq xəstənin əvvəlki dövrlərini görmür. Pasiyent qida qəbul etmir, çəkisini itirir, müəyyən səslər eşidir, gözünə nələrsə, kimlərsə görünür. Onu psixiatr görür, toparlayır, sonra psixoloqa göndərir. Təəssüf ki, bizdə onlar birgə iş görmürlər. Misal üçün, mənim yanımda psixoloq yoxdur. Xaricdə onlar komanda şəklində işləyirlər-psixiatr, psixoloq və sosial işçi. Çox sevindirici haldır ki, Azərbaycanda belə xəstəxana var – Psixi Sağlamlıq Mərkəzi. Orada psixiatrlar, psixoloqlar və sosial işçilər birgə fəaliyyət göstərirlər. Həmin mərkəzdən çıxan xəstələrin həyat keyfiyyəti daha yaxşıdır, nəinki təkcə psixiatrın, ya da sadəcə, psixoloqun yanında olanların. Türkiyədə 6 ay farmakoloji kurs keçməklə psixoloqlara icazə verilir ki, dərman yazsınlar. Ancaq biz bunu edə bilmək üçün 6 il universitet, 2 il rezidentura oxumuşuq. Resept yazmaq üçün insan orqanizmini, orada gedən bioloji-biokimyəvi prosesləri bilmək lazımdır. Sizcə, tibb bacısı 6 ay kurs keçməklə həkim-terapevt, mamaça isə mama-ginekoloq ola bilər?

- Yaşadığımız cəmiyyətdə psixiatrları "dəli həkimi” kimi qələmə verirlər. Bu stereotipləri qırmaq üçün nələr edilib və nələr edilir?

- Ən böyük problem maarifləndirmədir. Bu sahədə çox böyük boşluqlarımız var. Pasiyent qeydiyyata yaxınlaşıb, problemini deyir, tibb bacıları, həkimlər isə onu yönləndirir. Tibb bacıları, həkimlər dissosiativ-konversion pozuntuların (insanların isteriya deyə tanıdığı xəstəlik – müəl.), paranoyanın, doğuşdan sonra psixozun, depressiyanın nə olduğunu bilsələr, pasiyenti düzgün yönləndirəcəklər. Belə bir düşüncə də var ki, psixatrik xəstələri cəmiyyətdən uzaqlaşdırmaq lazımdır. Ancaq bütün psixiatrik xəstələr qorxulu, xroniki deyil, cəmiyyət üçün təhlükəli deyil. Deyirlər ki, bilmədiyiniz şeyə necə inana bilərsiniz? Nevrologiyada bunun sağaldığını sübut edən hər hansı aparat var. Ancaq bizdə bunu göstərən hər hansı instrumental aparat yoxdur. İnsanlar maddi şeyi sevirlər. Bizdə sadəcə sözdür. İndiki zəmanədə isə insanlar sözə inanmırlar. Biz pasiyentlərin sağaldığını ancaq şkala ilə göstərə bilirik. Bizim maddi sübutumuz olmadığı üçün insanlar inanmırlar ki, onlar sağalıblar. Nələr olunur deyəndə isə, bu gün telekanallara daha çox psixoloqlar dəvət olunurlar.
- Bəs sizcə, nə üçün televiziya kanallarında verilişlər hazırlanarkən psixiatrlara aid mövzularla bağlı psixoloqları dəvət edirlər?

- Bu da televiziyada çalışan insanların təcrübəsizliyi, məlumatsızlığından irəli gəlir. Onlar da düşünürlər ki, psixiatrlar alkoqolizm, şizofreniya, epilepsiyaya düçar olmuş insanlarla çalışır. Fobiyası, depressiyası olanlarla isə sadəcə, psixoloqlar çalışır.

- Azərbaycanda bu sahədə rezidenturada təhsil alan ilk gənc mütəxəssislərimizdənsiniz. Bununla bərabər dünyanın ən məşhur universitetində də ixtisasınızı artırmısınız. Belə olan halda nə üçün hansısa yüksək gəliri olan özəl xəstəxananı deyil, az maaşı olan dövlət xəstəxanasını seçdiniz?

- Məsələyə real tərəfdən yanaşdığım üçün planlarım daha fərqlidir. 4 il bundan əvvəl bizdə rezidentura yox idi. Özəl xəstəxanalara müraciət edən vətəndaşların maddi vəziyyəti bir müayinə üçün 70 manat pul verməyə imkan verir. Ancaq bölgələrimizdən gələn imkansız vətəndaşlarımız həddən ziyadə çoxdur. Axı onların da problemləri var. Sadə vətəndaşı öz sahəm üzrə maarifləndirə bilsəm, daha çox şey edə bilərəm. O özəl xəstəxanadakı həkimlər psixiatrın kim olduğundan xəbərdardırlar, ancaq dövlət xəstəxanalarında çalışanlar bundan xəbərsizdirlər. Əgər mən onları məlumatlandırsam, onlar da başqalarını məlumatlandırar. O ki qaldı maaşa, bu həyatda pul hər şey deyil.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər