• çərşənbə axşamı, 19 mart, 13:11
  • Baku Bakı 8°C

“İnsanlar bizdən nümunə götürür”

03.04.20 16:45 2525
“İnsanlar bizdən nümunə götürür”
Sənət adamları evdə darıxsalar da, qaydalara əməl etməyin vacib olduğunu deyirlər

Ölkədə elan olunan karantin günlərində, koronavirus infeksiyasının pandemiya halını aldığı bu zamanda mədəniyyət müəssisələri artıq bir aya yaxındır ki, fəaliyyətini dayandırıb. Film və serial çəkilişləri də müvəqqəti olaraq təxirə salınıb. Belə bir zamanda sənət adamlarımızın nələrlə məşğul olduqlarını, sosial izolyasiya günlərini necə keçirdiklərini öyrəndik.

"Oğlumun evi bizim evdən 200 metr aralıdadır"

Əməkdar artist, Pantomima Teatrının direktoru Elman Rəfiyev karantin günlərini evdə keçirənlərdəndir: "Evdə qalanda insan özünü yeniləmək, yeni ruh halı ilə işinin başına dönmək üçün enerji toplayır. Hazırda enerji toplamaqla məşğulam. Bəzən deyirlər ki, evdə qalanda darıxırıq. Mən o insanları anlamıram. Əgər öz evində sevdiyin insanların, ailənin içindəsənsə, necə darıxa bilərsən? Bunun səbəbini anlamıram. Evdə olduğum müddətdə serialları izləyir, flmlərə baxır, aktyor oyunlarına diqqət edirəm. Yerli və xarici müəlliflərin əsərlərini oxuyuram. Gündəlik olaraq televiziyadan və online mediadan ölkəmizdə və dünyada koronavirusa yoluxanlar haqqında statistik rəqəmləri izləyirəm. Evdə karantin günlərim normal keçir, səbrlə oturub bu bəlanın ölkəmizdən, dünyamızdan əl çəkmədini gözləyirik".
Aktyor deyir ki, bütün qaydalara riayət edir: "Qaydalarımızda deyilir ki, evdən 200 metrdən çox aralanmaq olmaz. Nə xoş mənə ki, oğlumun evi bizim evdən 200 metr aralıdadır. Karantin dövründə həyat yoldaşım tibb bacısı işlədiyi üçün onu işə aparıb-gətirirəm".
Teatrın direktoru Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etməsi ilə bağlı sualımıza cavabında bunu Allah rizası üçün etdiyini bildirdi: "Bəzən deyirlər, nə məqsədlə öz maaşını virusdan əziyyət çəkənlərə ayırdın, bu sənin nəyinə lazım idi? Əgər bu bəladan əziyyət çəkən insanlara zərrə qədər köməyim dəyirsə, nə xoş mənə. Heç kim başqa səbəb axtarmasın. Mən bunu Allah rizası üçün etdim".

"Düşdüyüm situasiyanı dəyişə bilməyəndə, özümü situasiyaya kökləməyi bacarıram"

Əməkdar artist Dilarə Əliyeva deyir ki, martın 14-dən evdə karantin rejimində ailəsi ilə zaman keçirir: "Bacardığım qədər evdən çölə çıxmıram. Evdə zamanımı səmərəli keçirirəm. Belə ki, filmlər izləyir, seriallara baxıram, mütaliə edirəm. Qızlarımla söhbət etmək üçün kifayət qədər zamanım da olur. Evdə olan köhnə albomlarıma baxıram. Zamanında yatıb-durmağa üstünlük verirəm. Həm fiizki, həm də mənəvi cəhətdən daha çox dincəlirəm. Maksimum şəkildə bu vəziyyətdən səmərəli istifadə etməyə çalışıram. Düşdüyüm situasiyanı dəyişə bilməyəndə, özümü situasiyaya kökləməyi bacarıram. "Elnən gələn dərd, toy-bayram olar" deyirlər. Bu, elliknən gələn bir dərd-bəladır. Düşünürəm ki, evdə qalmaqla bir-birimizə, əzizlərimizə zaman ayırmaq üçün bir fürsətdir. Evdə onlarla zaman keçirməklə doğmalarımızı da qoruya bilərik. Buna görə evdə qalaq, bundan maksimum yararlanmağa çalışaq. Evdə qalaq ki, yenidən cəmiyyətə dönüşümüz daha səmərəli olsun. Yeni bir dünyaya daha enerjili geridönüş edə bilək".

"Eşitdiyimiz xəbərlərdən ürəyimiz açılmır"

Əməkadr artist Təyyar Bayramov ehtiyac olduğu halda marketə və aptekə getdiyini deyir: "Karantin günlərində evdə köhnə mahnları dinləyirəm. Nə qədər desək ki bu günlərdə evdə məşğuliyyətimiz var, darıxmırıq, yenə də gözümüz telvziyadadır. Gözümüz rəsmi statistik rəqəmlərdə qalır ki, bu virusa yoluxanlarının sayı günü-gündən azaldığını eşidək. Eşitdiyimiz xəbərlərdən ürəyimiz açılmır ki, evdə oturub yaradıclıqla məşğul olaq. Bizə çox çətindir. 3-4 gündən bir çəkilişlərə gedirəm. Dünən aprel döyüşləri ilə əlaqədar efirə dəvət olunmuşdum. Bu gün də canlı efirim var. Biz sənət adamları tamaşaçılara çağırış edirik. Bunun üçün evdən çıxmaq məcburiyyətindəyik. Xalqın çətin zamanlarında aktyorlar, ifaçılar, qiraət ustaları fəal olmalıdır. Bizi də efirə dəvət edirlərsə, belə vaxtlarda getməmək olmur. Evdən ancaq məcbur qalanda, işlə bağlı çıxıram. Əgər tələb varsa, "evdə qalıram, çıxmıram" deyə bilmərəm. Maksimum çalışıram evdə olum. Evdən çıxanda, yolda postlarda nəzarətçilər soruğu-sual edirlər. Xüsusi icazə ilə getsəm də, polislər məni hər nə qədər tanısalar da, yenə də soruşurlar. Mən də onlara izah edirəm".

"Bu işdə hamımız bir olmalıyıq"

Aktrisa Nəzakət Məmmədova da karantin günlərini evdə keçirir: "Evdə kitab oxuyuram, televziyaya baxıram. Xəbərləri izləyir, yeni ssenarilər yazırıq ki, karantin günləri bitəndən sonra onlar ekran üzü görsün. Özümə qapanan insan deyiləm, hər bir situasiyanın xeyrli tərəfini fikirləşirəm. Əgər dövlətimiz belə qərar veribsə, ona riayət etmək lazımdır. İnsan gərək tək özünü düşünməsin, ətrafını, sevdiyi insanları, cəmiyyətimizi də düşünsün. Bütün günü işləyən insanların evdə oturmaları çətindir. Biz bu çətinliyə üstün gəlməliyik. İctimaiyyət içində olan insanlarıq, başqaları bizə baxanda örnək götürürlər. Onlar düşünürlər ki, əgər bütün günü ictimaiyyət içində olan biri evdə oturubsa, niyə mən də evə oturmamalıyam. Əfsuslar olsun ki, əvvəllər bütün günü evdə oturan insnalar elə indi çölə çıxmağa çalışırlar. Özünü düşünmürsən, heç olmasa sevdiyin insanları düşün. İnsan eqosit olub təkcə özünü düşünməməlidir. Bu işdə hamımız bir olmalıyıq. Azərbaycan bir ailədir. Biz bir olsaq, bütün problemlərə qalib gələrik. Hər kəsə cansağlığı arzu edirəm. Canımızın sağlam olması üçün qanunlara riayət etməli, evdə oturmalıyıq".

"Çox darıxıram"

Aktrisa Günel Məmmədova üç gündür evdə olduğunu və dinamik həyat keçirən biri üçün ev mühitinin maraqsız olduğunu bildirir: "Qərar çıxandan sonra çəkilişlərə getmirik. Ev şəraitində zaman keçirmək dinamik həyat keçirən biri üçün darıxdırıcıdır. Mən gündəlik olaraq teatra gedir, çəkilişlərimə zaman ayırır, rəqs və fitneslə məşğul olurdum. İndi evdə kitab oxuyur, areboka ilə məşğul oluram. Çalışıram ki, günlərimi ötüşdürüm. Ümumilikdə çox darıxıram. Çox aktiv həyat sürdüyümə görə evdə qalmaq mənim üçün dəhşətdir. Çölə lazım olanda ehtiyaclarımı ödəmək üçün çıxıram. Belə ki, market, aprek, banka gedib geri qayıdıram. Ancaq bilirəm ki, evdə oturmaqla ailəmi və sevdiklərimi qoruyuram. Onların sağlamlığı hər şeydən önəmlidir. Mən də ölkənin bir vətəndaşı olaraq, bütün qaydalara əməl edirəm, evdə qalıram".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər