İnsanlar arasında ruh kimi yaşayan şair

İnsanlar arasında ruh kimi yaşayan şair

Mədəniyyət
24 Dekabr 2012, 09:11 1619
Adil Mirseyidin 60 illiyinə
divar saatının əqrəblərindən
vaxt süzülür damcı damcı
döşəmədə laxtalanır
laxtalanır vaxtın qanı
uzun güzgüdə ömrü boşuna umudlarla
yaşamış bir adam
yalnızlıqlar sərxoşdu bu axşam
adama elə gəlir divar saatındadı canı
saat susan kimi o da öləcək
bahar bulud ağac pəncərə
tənhalıq rənglər fırçalar rəsmlər
vaxtıın qanı damcı damcı damır ağ kətana


yaradandan küsmüşəm
məni xilas et ana


Uzun güzgüdə görünən adam şair və rəssam Adil Mirseyiddi. O, metofizik güzgülərdə zamanın gerçək üzünü arayır. Zamanın gerçək üzünü isə peyğəmbərlər, övliyalar və şairlər görə bilərlər. “İnsanlar arasında ruh kimi yaşayıram”, “mənim vaxtım sizin vaxtla uğraşmır” və ya

“dağ yolundan qərib bir yolçu keçir
qara sevda var dərdli başında
ölümlə oyun oynayır zaman dışında
60x60 ölçüdə kətan
zaman içində zaman
məkan içində məkan
insan içində insan”-deyəndə biz şairin misralarına şəkki-şübhə etmədən inanırıq. İnanırıq və bəzən ən ağır, ən dərdli günlərimizdə şairin misralarını dua kimi pıçıldayırıq...

yüz il geri qalır zəngli saatım
bu da mənim ömrüm günüm həyatım


***

Adilə saat düşmür. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olanda atası Mirseyid kişi (Allah rəhmət eləsin) ona bahalı bir yapon saatı alır, saatın arxasını da yazdırır. On altı-on yeddi yaşlı Adilin daha iki yoldaşla kirayədə qaldığı evə gəlib gedən bir nəfər (o iki nəfərdən birinin qohumu) arxası yazılı bahalı yapon saatını bir-iki günlüyə istəyir və ata yadigarı saat geri qayıtmır. Aradan illər keçəndən sonra bir “zakazdan” əlinə keçən pulla eyni saatdan alır, amma bu dəfə öz puluna aldığı saatı qardaşına bağışlayır. Yeri gəlmişkən onu da deyim ki, uzun illərdən bəri tanıdığım, əxlaqına və zövqünə inandığım Adil Mirseyid kiməsə nəsə bağışlamaqdan, hədiyyə etməkdən zövq alır. Və həmişə belə bir fürsət axtarır. Onun çantasında iki-üç qutu siqaret, beş-on qələm olar-çayxanada kiminsə siqareti qurtaranda “sehirli çanta” kara gəlir. Adil rəsmlərini də dosta-tanışa bağışlamağı sevir, amma təəssüflər olsun ki, Adilin bu əlaçıqlığından sui-istifadə edən insanlar da görmüşəm.
Aramızdan vaxtsız getmiş şair Aydın Əfəndi qızıl saatını Adilə bağışlamaq istəyəndə o, dostunun saatını götürmək istəmir, Aydın israr edəndə isə-“mənə saat düşmür” deyir. Sonralar Aydın Əfəndinin ölümündən sonra Adil “Aydın Əfəndinin qızıl saatı və vaxtsız ölümü” adlı bir esse qələmə aldı.
Mənə elə gəlir ki, Adil Mirseyidə təkcə saat deyil, zaman da düşmür. Şair öz zamanında deyil, yazdığı şeirlərinin zamanında yaşayır. O, şeirləri ilə zamanı qabaqlayır, həyatda isə bu zamanla heç cürə uzlaşmır. Öz zaman baxışlarından dönüb bu real zamana boylanan şair lümpen adamların gözünə hardasa bir qədər qəribə görünə bilər. Dahi rəssam Səttar Bəhluzadə, Mircavad, Vinsent Van Qoq, Amadeo Modilyani, Salvabor Dali... kimi. Siyahını uzatmaq istəməsəm də bu məqamda Şarl Bodleri, Andrey Voznisenskini, Atilla İlhanı, bizim Əli Kərimi mütləq yad etməliyik.

Hərə həyata öz gözləriylə, baxışlarıyla baxır, çoxlarımızın baxışları eynidir, oxşardır. Amma xoşbəxtlikdən bu dünyada könüllərinin gözləriylə baxan insanlar da var. Könlünün gözləriylə baxıb, könlün nazıyla oynamaq isə yalnız gerçək şairlərə nəsib olur.

Zaman Adilə düşmədi. Zaman Nəsimiyə, Sabirə, Hadiyə,Van Qoqa, Apollinerə, ... Mircavada, Kamal Əhmədə də düşməmişdi. Qışın soyuğunda əl yazmalarını yandırıb isinmək istəyən Mirzə Cəlilin, 37-də Sibirə sürğün edilən Cavidin, könlü tərlan kimi göydən enməyən, Stalin repressiyası qurbanı-30 yaşına belə çatmamış güllələnmiş Mikayıl Müşfiqin, biganəliyin və haqsızlığın qurbanı olan neçə-neçə ziyalılarımızın qədrini bilmədik. Bu məqamda Adil Mirseyid yaradıcılığını yüksək qiymətləndirən Vaqif Bayatlı Ödərin Lermantova ithaf etdiyi şeirin bəzi misralarını xatırladım:

Nə oldu birdən-birə Mixail Yuriyeviç?
Qəbir tüfəng lüləsi kimi dar.
Elə bilirdiz
hamının Allahı var.
Güllələyin şairləri sonra diz çökün.


***
Adil Mirseyidin rəssam olduğunu hamı bilir. Onun modern şeirləri sürreal rəssamlıq elementləri ilə zəngin rəngkarlıq və qrafika əsərləri xatırladır. Adil esselərinin birində belə yazır: “Futurist şair Velimir Xlebnikov yeni fransız rəngkarlığı ilə özünün poetik dillə bağlı axtarışlarının analoqunu dönə-dönə xatırlayırdı. Mikelancelo bütün unuversiallığı ilə bərabər şair idi. Onun şeirlərində heykəltaraşlıq elementləri var, misralar relyefli və qabarıqdı. Pablo Pikasso da, Mark Şaqal da, Salvador Dali də şeir yazırdılar. Pikassonun şeirləri analitik rebus şeirlərdi. Şaqalın poeziyası ovqatın qrafik lövhələridir.”

Məsələn:

Sən bir şeir rəsmi çək
Ay qonsun budağına
Bir açılmaz sirr də bük
ən yaşıl budağına


və yaxud

ay işığı qarışıb mayağın işığına
açıq dənizdə məxmər bir gecə
uşaqlığım canlanır göz önündə


daha bir şeirdən örnək

masanın üstündə
hələ zərfi açılmamış məktubun
masanın üstündə siqaret validol açar su alma
huş aparmışdı məni birdən ayıldım
hər şey yerindəydi masanın üstündə
mən masanın arxasında yoxuydum ancaq


bu misralara da diqqət yetirək

ağ kətanda kömürlə çəkilmiş tək
görünür ağac


yaxud

avqust yağmurunda bir tut ağacı
umutlar şirin sevdalar acı


Yuxarıda söyləmişdim ki, Adil Mirseyid özgə zamanın adamıdı. Onun zamanı bizim zamanla uzlaşmır. Aydın Talıbzadə 2000-ci ilin sentyabr ayında Adil haqqında yazdığı essenin bir yerində belə deyir: “Mən Adil Mirseyidi bir də Mövlanə xanəgahında görmüşdüm. Onda Adil çilə çəkirdi. Mənə söylədi ki, yaşıl yeddinin sonuna çatıb, səma etməyə hazırlaşır, ulduzdan ulduza uçacaq. Telefon nömrəmi ona verdim, dedim ki, qayıdanda zəng eləsin. Yəqin indi hansı planetdəsə tramvay gözləyir.”

***
Adil Mirseyid Qərb-Şərq ədəbiyyatını, incəsənətini bilən bir islam şairidir.
Şeirlərinə palitra qatan bir poeziya adamıdır.
Başdan-ayağa, təpədən-dırnağa qədər poeziyadır.
Barmaqlarından rənglər, iliyindən poeziya qətranı axan bir mədəniyyət adamıdır.

Rəssamlığı ilə musiqi duyumu onun şeirlərinə xüsusi bir ovqat qatır.
Ədəbiyyatı, mədəniyyəti, milləti, bəşəriyyəti sevən, bütün bunları ürəyindən keçirən adamdı, Adil Mirseyid.

Heç kəsdən, heç bu dünyadan da umacağı olmayan, həyata, hamıya, kağıza, vatmana, pəncərə önündəki göyərçinlərə, parklardakı qumru quşlarına, yollara, umanlara, gözündə umacaq görsənənlərə olanını verən ümid şairidir.

Özünə güzgüdən, bu dünyaya çox-çox uzaqlardan baxan adamdı, Adil Mirseyid.

Elçin Əfəndiyevin təbiri ilə desək, elitar şairdir.
Adil şam kimi əriyən şairdir. Poeziya işığında pərvanə olanların şairidi. Onun poeziyası kütləvi oxucu üçün nəzərdə tutulmayıb.
Adilin Şərq, Qərb ədəbiyyatını, mədəniyyətini, musiqisini gözəl bilməsi, onun yaradıcılığında da açıq-aydın sezilir və duyulur. Bunlar Adil yaradıcılığını başqalarından fərqləndirən əsas cəhətlərdəndir.
Tənqidçi Vaqif Yusifli yazır ki, Adil Mirseyid 80-ci illərin əvvəllərində Azərbaycan modern şeirinə yaşam haqqı gətirdi.

Adil Mirseyid dairəvi eynəyinin arxasından çox az adamların görə bildiyini görənlərdəndir.
Adil Mirseyid dünyaya könlünün gözüylə baxan şairlərdəndir.
Onun gecə saatlarının əqrəblərindən vaxtın qanı damır.

Adil taleyi ilə oynayan şairdi.
O, buludu, onun kölgəsini, yağmurunu sevən bulud şairidi.
Pafoslu da olsa, Adil Mirseyid bizlərə onu görmək, onu eşitmək və hərdən onu duymaq qisməti yaşadan tale şairidir.

***
Ötən ilin dekabrında “Art Qaleri”də Adil Mirseyidin əsərlərindən ibarət ilk fərdi sərgisi nümayiş etdirildi. Xalq rəssamı Arif Hüseynov onun orijinal bir rəssam olduğunu vurğulayanda, mən onun şeirlərini xatırlayırdım. Sənətşünas Ziyatxan Əliyev Adili tələbəlik illərindən tanıyır. Ziyatxanın fikrincə poeziya və təsviri sənət onun qoşa qanadlarıdır.

Düzü mən çoxdandır rəsm sərgilərində belə qələbəliyə rast gəlməmişdim. Təəssüf ki, o günlərdə dostumun səhhətində problemlər var idi. Və sanki öz fərdi sərgisində bir qədər qərib görünürdü. Elə bil ağrılar içində gülümsəyirdi, saqqalından nur tökülürdü.

Mən o sərgidə haçansa Adil Mirseyidə ithaf etdiyim “adil mirseyidin akvarelləri” şeirini oxudum. İndi həmin şeir dilimin ucundadır:

uzaqdan dənizə qovuşan
sevdalı buludlar
adil mirseyidin akvarelinə köçəcək bir azdan
sonra da dolub dolub boşalacaq
yummaq istəyəcək
gümanı yağışa yağmura qalan
bu məmləkətin günahlarını
ya da qəfil gələn rüzgar
qovub aparacaq
əlində fırça tutmuş
bir divanə rəssamın
ümidləri üstünə
buludların ovqatı
qarışıb rəssamın ovqatına
köçəcək rənglərin yeddinci qatına
bu başqa bir mənzərədi
rəssamın akvarelində
hüznlü göyüzü və biz

təkcə adil mirseyidin akvarelində qalacaq
sevdalı buludlar
ağ qara ümidlər
bir də gözünü göyüzünə dikən dəniz


Indi mən bu sətirləri həmin sərginin ovqatıyla qələmə alıram və bir maraqlı epizadu xatırlayıram. Dediyim kimi şairlər, jurnalistlər, millət vəkilləri sərgilənəm rəsmlərə maraqla tamaşa edirdilər. Diqqətinizə çatdırmaq istədiyim epizod da elə bu vaxt baş verdi-hamımızın tanıdığı “APA Holding”ın prezidenti Vüsalə Mahir qızı rəssamın “Avtoportret” adlı tablaosunu satın alıb onun özünə bağışladı. Xalq rəssamı Ağaəli İbrahimin dediyinə görə hələ indiyə qədər bizim rəssamların sərgisində belə hadisə baş verməmişdir. İndi o tablo Adilin evində divardan asılıb. Məncə əsl sənətkarın sənətkar xoşbəxtliyi elə budur.

Fəxri adlar, ödüllər, boğazdan yuxarı təriflər, yalançı şöhrət çox tez ölüb keçir, unudulur. Ancaq böyük sənət bizi əbədiyyətə qovuşdurmaq gücünə malikdir. Əbədiyyətdə isə zaman məhdudiyyəti yoxdur. Adil o zamansız dünyada Məhəmməd Füzuliyə, Şarl Bodlerə, Akutaqavaya, Nazim Hikmətə, Məhəmməd Hadiyə şeirlər oxuyur, Van Qoqla, Modilyani ilə Parisdə, Sena çayının sahilində balaca bir kafedə bir qədeh absent içir...

***
Adil tənhalığı sevir, tənhalıq da Adili. O heç nədən gileylənmir, heç nədən şikayətlənmir. O, vağzal çayxanalarını sevir. O, bir qatara bilet alıb vağzaldan yola düşməyi sevir. Bir yolçuluq sevdası onu harasa uzaqlara səsləyir. Onun vağzal sevdası Ləki vağzalından başlayır və dünyanın bütün vağzallarından keçir. “Vağzal eskizləri” silsiləsindən aşağıdakı misraları xatırlayaq:

vağzallarından tanınar şəhərlər
vağzallarda gecə qatarlarının
hərəkət cədvəllərindən oxudum adamların taleyini
mənim taleyim yoxdur amma
qatarların hərəkət cədvəlində
bıçaqlandım bir dəfə gözləmə salonunda
öz qoluma girdim öz yaramı sarıdım sonunda
dilimin ucunda hələ kimsənin eşitmədiyi
hələ kimsənin demədiyi bir söz
və arxamda ağlar qoyub
gəldiyim bir cüt göz

vağzallarından
və vitrinlərindən tanınar şəhərlər
vitrinlər göstərdi mənə insanların içini
insanların içini gördüyüm gündən
kimsəyə qibtə etmirəm
umacağım yox kimsədən
insanların içini gördüyüm gündən
cəlai vətən bir şairəm mən

vağzallardan vitrinlərdən
divarlarda tor toxuyan əqrəbsiz saatlardan
bir də qəbristanlıqlarından tanınar şəhərlər...


Doğrudan da böyük şairlər qatarların hərəkət cədvəllərində özlərinin talelərini tapa bilmirlər. Zira onların saatları bizim saatla uzlaşmır.

Mən Adili onun şeirləri qədər tanıyıram. Adil özgə Zamanın adamıdır. Onun Zamanı bizim Zamanla uzlaşmır.

Bəlkə doğrudan da özlərindən çox-çox sonralar doğulur əsl şairlər.

“Bəzən Tanrı üçüncü göz verir insan oğluna. Üçüncü göz peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazıma inanıram və mən alın yazımı yazan adamam. Mən o adamlardanam ki, şairin qeyri-adi məxluq olduğuna şübhələrim yoxdur. Mən şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq, qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydir”, deyib, Adil Mirseyid.

***
Hər dəfə təyyarədən pəmbə buludların arasından dənizə boylananda Adil Mirseyidin şeirləri və akvarelləri yadıma düşür. Dəniz, Bakı kəndləri, ağaran, qızaran, qaralan buludlar...

Bir də bütün bunları yaşadan ADİL MİRSEYİD...

Rəfail Tağızadə