• şənbə, 20 Aprel, 11:11
  • Baku Bakı 14°C

«İnsanın öz müəllimlərinə rəhbərlik etməsi sizə asan gəlməsin» - Müsahibə

24.11.14 10:53 2291
«İnsanın öz müəllimlərinə rəhbərlik etməsi sizə asan gəlməsin» - Müsahibə
Naxçıvan Muxtar Respublikasının Babək rayonunu Payız kənd məktəbində direktor işləyir. Kənd mühitində böyüyüb başa çatan müsahibimiz təhsili, əzmi, savadı nəticəsində məhz oxuduğu məktəbə rəhbər təyin olunub. Bir çoxlarının dediyi kimi, “rayon, kənd yerində qızın karyera qurması mümkün deyil” kimi fikirlə razı deyil. O deyir ki, insan qarşısına məqsəd qoyduqdan sonra hər şeyə nail ola bilər. Müsahibimiz Turan Məmmədlidir.
- 1984-cü ildə Naxçıvanda anadan olmuşam. Payız kənd məktəbini fərqlənmə ilə bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin biologiya ixtisasına qəbul olundum. Buranı da fərqlənmə ilə bitirdikdən sonra həmin universitetin magistratura şöbəsində təhsil aldım və doktoranturaya qəbul oldum. 2012-ci ildə isə müdafiə etdim. 3 kitabın müəllifiyəm. İki kitabım da hazır vəziyyətdə nəşriyyatdadır.
Təhsilimi tamamladıqdan sonra çalışmağa başladım. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq fakültəsinin baytarlıq kafedrasında baş laborant işlədim. 2008-dən 2012-ci ilə qədər Naxçıvan Dövlət Universitetinin baytarlıq kafedrasında müəllim kimi çalışdım. 2012-ci ildə Xırdalan şəhərində müəllim işlədim lakin ailə vəziyyətimə görə, yenidən Naxçıvana köçdüm. Payız kənd məktəbində müəllim işlədikdən sonra, 2014-cü ilin avqust ayından sözügedən təhsil ocağında direktor kimi çalışıram.
- Gənc yaşınızda direktor vəzifəsində çalışırsınız. Bunun müsbət və mənfi cəhətləri nədir?
- Çətinliyi odur ki, kənd yeridir. Müəllimlərin çoxu yaşlıdır və üstəlik həmin müəllimlər mənə dərs deyib. Bir tərəfdən onlara bir söz deyəndə çətinlik yaranır. Çünki insanın öz müəllimlərinə rəhbərlik etməsi, göstəriş verməsi sizə asan gəlməsin. Amma öz boya-başa çatdığım kəndə, onun təhsilinə belə xidmət etmək daha qürurvericidir.
- Adətən deyirlər ki, gənc müəllimlər üçün şagirdləri idarə etmək çətindir. Siz necə düşünürsünüz?
- Fərqi yoxdur. İstər gənc olsun, istərsə də yaşlı. Müəllimin pedaqoji təcrübəsi olmalıdır. Universitetdə müəllim ixtisasına kim yiyələnirsə, ona pedaqogika dərsi keçirilir. Bizim müəllimimiz o qədər yaxşı dərs deyib ki, pedaqogikanın hər sirrini bilirəm. İlk təcrübəmə də universitet tələbələri ilə başlamışam. Baxmayaraq ki, o qədər də aramızda yaş fərqi yox idi. Amma mən onları ələ almağı bacarırdım. Həmişə çalışmışam ki, şagirdlər və tələbələrlə daha yaxşı ünsiyyət qurum. Onları öz dilində danışdırmaq lazımdır ki, səni daha yaxşı başa düşsünlər. Şagirdlərə uşaq kimi yanaşmaq düzgün deyil. Onlara şəxsiyyət kimi yanaşmaq onların hisslərinə, düşüncələrinə hörmət etmək lazımdır. Bu zaman onlar daha yaxşı inkişaf edir, özlərinə inanırlar. Buna görə də nə orta, nə də ali məktəbdə bu mövzuda heç bir çətinliyim olmayıb.
- Həm kənddə, həm də şəhərdə çalışmısız. Kənd məktəbləri ilə şəhər məktəbləri arasında hansı fərqlər var?
- Fərq çoxdur. Kəndə uşaqları bağçaya getmirlər. Şəhərdə müəllim işləmək kənddən daha asan olur. Çünki şəhərdə uşaqlar bağçadan gəldiyi üçün müəyyən təhsili və dünyagörüşü olur. Kənddə isə belə deyil. Təsəvvür edin, elə ailələr var ki, hər birindən başqa tərbiyədə uşaqlar çıxır. Onlarla danışmaq dili də başqadır. Çünki valideynlərin əksəriyyəti ali təhsilli olmur, öz övladlarına kömək edə bilmirlər. Mən Bakıda da, universitetdə də, kənd məktəbində də işləmişəm. Şəhər məktəbinin şagirdləri daha sərbəst olur. Bunun arxasında onların həm bağça, həm də şəhər mühitindən aldığı tərbiyə durur. Kənddə isə şagirdlər daha qapalı, dünyagörüşləri zəif olur. Məktəbdən sonra müxtəlif kurslar, dərnəklər əyləncə məkanları olmadığı üçün inkişafda, dünyagörüşünün formalaşmasında şəhər uşaqlarından geridə qalırlar. Onlar dünyagörüşlərini yalnız evdəki televizordan götürürlər.
- Bəzi regionlarla qızın təhsil almasına o qədər də yaxşı baxmırlar. Sizcə, qızın təhsil alması nə dərəcədə önəmlidir?
- Mən düşünürəm ki, qızın təhsil alması daha önəmlidir. Çünki işlər hər vaxt istədiyimiz kimi getmir. Bəzən olur ki, qız ailə qurur, ailəsi dağılır. Ailəsini saxlamaq üçün isə işləmək məcburiyyətində qalır. Hər vaxt valideyn yanında ola bilmir. Ali təhsilin olması ona bu zaman daha yaxşı kömək edir. O, həyatda öz yoluna davam edə bilir. Belə ailələr ilk növbədə qızlarının gələcəyini fikirləşsinlər. Oğlan uşaqları bəzən fəhləlik edib, öz gələcəyini təhsilsiz də qura bilir. Amma qızlar üçün oxumaq mütləq lazımdır. Çünki, bu zaman həyatda tək qaldıqda yaşamaq daha asanlaşır.
- Rayonda və ya kənddə bir qızın inkişaf etməsi, karyera qurması nə dərəcədə mümkündür? Çoxları düşünür ki, bu çətin məsələdir.
- Yox, belə deyil. Mən kənddə böyümüşəm. Karyera qurmağımda valideynlərimin böyük rolu olub. Ailə çox önəmlidir. Kitablarımın çıxmağında atam mənə yol göstərib. İnsanın hər hansı mövqeyinə çatması üçün valideyn əsas şərtlərdən biridir. İstər şəhərdə, istərsə də kənddə övladı valideyn qabağa çəkmirsə, ona dəstək olmursa, onun inkişaf etməsi çətin məsələdir. Mən də kənd yerində böyüyən bir uşaq idi. Valideynim mənə hər hansı yaş dövründə dur desəydi, bəlkə mən də bu yerlərə gəlməzdim. Erkən yaş dövründə ailə həyatı qurmaq məsləhət görülsəydi, mən də o yöndə gedərdim.
- Region gənclərinə məsləhətiniz nədir?
- Region, kənd qızları universitetdə oxuyarkən, xüsusilə də birinci kursda şəhərli, kəndli məsələsi ortaya çıxır. Bəzən tələbə yoldaşları tərəfindən gülüş obyektinə də çevrilirlər. Kimi geyiminə gülür, kimi ləhcəsinə lağ edir. O zaman həmin tələbələr kompleksə girir, çəkinirlər ki, biz kəndçiyik. Amma araşdırsaq görərik ki, Azərbaycanın ziyalıları, vəzifəliləri, öndə gedənləri öz savadı ilə, qabiliyyəti ilə daha yaxşı yerlərdə olanların əksəriyyəti kəndlərdə, rayonlarda böyüyənlərdir. Kəndlilərin intellektual səviyyələri daha yaxşı olur. Bilmirəm çətinlik görüblər deyə belədir, yoxsa başqa səbəbi var. Regionlarda yaşayanlar özlərini nə qədər sıxmasalar, nə qədər özlərini şəhər uşaqlarından aşağı tutmasalar o qədər də irəliyə gedəcəklər.
- Turan xanım, gələcək planlarınız nədir?
- Naxçıvan Dövlət Universitetinə yenidən daxil olub işləmək və dosentliyimi alıb, elmlər doktoru olmaq istəyirəm. Hazırda iki kitabım çapdadır, onların nəşrini gözləyirəm. Bundan əlavə 4-5 məqaləm var ki, tərcümə olunub, hazırdır. Onları xaricə göndərməyi planlaşdırıram.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər