• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

İnsanın taleyi

03.10.19 09:15 1163
İnsanın taleyi
Akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Müəllimim İsa Həbibbəyli haqqında düşünəndə hərtərəfli kamil bir insanın müasiri və tələbəsi olduğum üçün fəxr edirəm. İstədim, müəllimim haqqında bir neçə söz deyim. Akademikin çoxcəhətli fəaliyyətini nəzərdən keçirdim. Böyük ədəbiyyatşünas alim həm də siyasi fəaliyyəti, bədii yaradıcılığı olan, cəfakeşliyi ilə müasir alimlər nəslinin içərisində xüsusilə seçilən bir insandır. Müəllimimin elə böyük insani keyfiyyətləri var ki, bu vaxta qədər onlar haqqında danışılmayıb. O haqda danışmaq istəyirəm. Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun II kursunda oxuyurdum. Sovet ədəbiyyatından Mixail Şoloxovun "İnsanın taleyi” əsəri tədris olunurdu. O zaman İsa Həbibbəyli gənc bir müəllim kimi mühazirə oxumaqla yanaşı, həm də seminar dərsləri aparırdı. Qrupda bu əsər haqqında söhbət saldı və soruşdu ki, kim povest haqqında danışa bilər. Mən əlimi qaldırıb əsəri oxuduğumu və danışmaq istədiyimi bildirdim. Müəllim məni lövhənin önünə dəvət etdi və tam 45 dəqiqə əsəri danışdım. Povest mənə o qədər dərindən təsir etmişdi ki, istər-istəməz, danışığımda o effekti yaratmağa çalışırdım. Deyəsən, ona nail olmuşdum. Danışdığım müddətdə heç kimin səsi çıxmadı, hamı çox maraqla qulaq asırdı, müəllimim İsa Həbibbəyli də o cümlədən. Danışığı bitirdim, lakin sükunət bir qədər də davam etdi. M.Şoloxovun yaratdığı bu misilsiz əsərin bədii təsir gücü özünü göstərmişdi.
Bugünkü kimi yadımdadır: İsa müəllim mənə "əla” qiymət yazdı və dedi ki, mən bu dərsdən çox böyük mənəvi zövq aldım. O zamandan 45 ilə qədər vaxt keçib və mənim sonradan işlədiyim sahələr elə olub ki, İsa müəllim ilə çox az-az görüşə bilmişəm. Amma həmişə İsa müəllim haqqında düşünəndə, nədənsə o hadisəni xatırlayıram və Mixail Şoloxovun "İnsanın taleyi” əsəri xəyalımda bütün obrazları ilə birlikdə canlanır. Əsərin baş qəhrəmanı Sokolovdur. Bu obraz ilə yazıçı bir insanın dəyanətini, mərdliyi və mübarizliyini, qayğıkeş bir ailə başçısını, almanlara əsir düşmüş bir hərbçinin mətanətini, sonra da ailəsini itirmiş sahibsiz bir uşağa atalıq missiyasını öz istəyi ilə öhdəsinə götürmüş atanın taleyini gündəmə gətirmişdir. Bu hadisənin nəql edildiyi kimi olub-olmamağından asılı olmayaraq, sovet dövrü ədəbiyyatının tələbləri məhz bu cür idi. Sovet adamı obrazı dünyada ən mütərəqqi fikirli, xeyirxah, işgüzar, ədalətli, mübariz, vətənpərvər olmalı idi. Məhz belə bir obrazı yaratmaq hər bir yazıçıya nəsib olmasa da, Mixail Şoloxov bu işin öhdəsindən ləyaqətlə gəlmişdi. Bu, yazıçının böyüklüyü, sənətkarlığı, ustalığı idi.
Kimsə düşünə bilər ki, bunun mətləbə nə dəxli var?! Amma var; Bir var kamil insanın bədii obrazını yaradasan, bir də var insanın tam mükəmməl yetişməsinə zəmin yaradasan. Kamil insanın obrazını yaratmaq belədir ki, yazıçı müxtəlif hadisələr ilə obrazı üz-üzə qoyub onu bir qəhrəman kimi oxucuya təqdim edir. Bu, özü də çətin prosesdir, çünki bədii qəhrəmanın bu və ya digər müsbət xüsusiyyətləri zamana görə fərqli şəkildə qəbul edilir. Dünən müsbət qəhrəman kimi təqdim edilən obraz, bu gün nifrətlə anılır və yazıçı özü də dünənki şöhrətinin, bu gün sağdırsa, xəcalətini çəkir, sağ deyilsə, ya tamamilə unudulur, ya da xoş olmayan ovqatla xatırlanır.
Bəli, bu cür mürəkkəb bir zamanda bədii obraz dursun bir yana, insana zamin durmaq, onun kamil bir şəxsiyyət kimi cəmiyyətə təqdim etmək daha məsuliyyətli, daha ciddi, daha ağır işdir. Məhz akademik İsa Həbibbəyli çiyinlərini 50 ildir ki, belə bir ağır və məsuliyyətli işin altına verib. İlk əmək fəaliyyətinə müəllim kimi başlayan İsa Həbibbəyli, yüzlərlə mütəxəssis yetişdiribdi. Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində həm müəllim, həm rektor kimi işləyəndə İsa Həbibbəylinin nəinki tələbələrin, eyni zamanda müəllimlərin də kamilləşməsində xüsusi rolu olub.
Akademik İsa Həbibbəylinin Naxçıvandan Bakıya gəlişi ilə humanitar sahədə bir canlanma başladı. Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu sözün həqiqi mənasında çağdaş ədəbi mühitin baş meydanına çevrilib. Burada müzakirə olunan məsələlər, kitab təqdimatları, söz adamları ilə görüşlər çağdaş Azərbaycan ədəbiyyatının istiqamətlərinin müəyyənləşməsində böyük rol oynayır. Təbii ki, ədəbiyyat institutunda, ümumən akademiyanın humanitar sahəsində baş verən canlanma daha çox bu sahəyə nəzarət edən vitse-prezident İsa Həbibbəylinin adı ilə bağlıdır. Burada Xalq şairi Sabir Rüstəmxanlının bir fikri yadıma düşür. İsa müəllimin Bakıda işə başladığı ilk illər idi. Tədbirlərin birində Sabir Rüstəmxanlı İsa müəllim haqqında belə dedi: "İsa Həbibbəylinin Bakıda işə gəlməsi ilə Naxçıvan çox itirdi, amma əvəzində Azərbaycan qazandı”.
Xalq şairinin bu sözləri tez bir zamanda özünü göstərdi. Amma Naxçıvanın da itirəcəyi bir şeyi olmadı, çünki Azərbaycanla birlikdə onun ayrılmaz parçası olan Muxtar Respublika da qazandı və bu gün də bu diyar akademikin diqqətindən kənarda deyil. Bu gün ədəbi mühitdə başlanan canlanma yüksələn xətt ilə davam edir. Bu haqda daha ətraflı danışmaq olar. Lakin mənim düşüncəmdə olan, əminliklə gəldiyim qənaət bundan ibarətdir ki, İsa Həbibbəyli Mixail Şoloxovdan fərqli olaraq, canlı insanın kamilləşməsində əvəzsiz işlər görür.
"Kamil insan” problemi hər zaman mövcud olubdu. Hətta İmadəddin Nəsiminin yaşadığı zamanda hürufilərin əsas məqsədləri kamil insan haqqında düşüncələrini həyata keçirmək idi. Kamil insan yetişdirmək üçün kamil müəllim lazımdır. Bu gün elm, ədəbiyyat, incəsənət, musiqi sahəsində xeyli mütəxəssislər vardır ki, öz ustadları ilə fəxr edirlər, onları bir-bir sayıb xatırlamaq da olar. Lakin buna da ehtiyac duymuram. Sadəcə akademik İsa Həbibbəylinin bir ustad kimi fəaliyyətini qeyd eləmək istəyirəm. Xüsusilə mənim həyatımda, elmi yaradıcılığımda müəllimim İsa Həbibbəylinin əvəzsiz rolu vardır. Belə ki, fəlsəfə doktoru adı alandan sonra tezliklə elmlər doktorluğu haqqında heç düşünmürdüm. Bir gün institutumuzun direktoru, akademik Muxtar İmanov məni yanına çağırıb soruşdu:
- Doktorluq mövzusu seçdinmi?
- Nə doktorluq?
- İsa müəllim deyir ki, Nizamiyə doktorluq mövzusu verin.
- Xəbərim yoxdur.
Muxtar müəllim sözümə inandı, inanmadı bilmirəm. Amma mənim bu əhvalatdan, ümumiyyətlə, xəbərim yox idi. Bu, İsa Həbibbəylinin şəxsən öz təşəbbüsü idi. Mən bir neçə mövzu fikirləşib, götür-qoy eləyib, sonra müəllimimin görüşünə getdim. Mövzuları akademikə təqdim etdim, oxuyub kənara qoydu. "Yaz”- dedi; "Müstəqillik dövrü Azərbaycan şeiri və folklor”. Sənin mövzun budur.
Onu da qeyd edim ki, mənim həyatımda bir neçə dəfə belə hadisələr baş vermişdi. Bundan əvvəl də - 1996-cı ilin oktyabr ayında məni Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbov yanına çağırmışdı. Elə həmin gün də mənə təqdimat verilmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri məni Ordubad rayon icra hakimiyyətinin başçısı vəzifəsinə tövsiyə edib Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin qəbuluna göndərmişdi. Tam səmimiyyətimlə deyirəm ki, belə bir iş olacağından xəbərsiz idim. Hətta, evə qayıdıb, paltarlarımı dəyişib gəlməyimə də icazə vermədilər. Buna da o zaman çoxları inanmadı, hətta mənim özümə də yuxu kimi gəlir. Amma bu, belə idi. Bu, Heydər Əliyevin xətti, ulu öndərin kadr seçimindəki siyasəti idi. Müəllimim İsa Həbibbəyli də Ümummilli liderimiz Heydər Əliyevin ən sadiq silahdaşlarından biri olaraq ənənəni davam etdirir. Bu gün onlarla alimin əməyinin, xəbəri olmadan, İsa müəllim tərəfindən çox yüksək qiymətləndirilməsi hadisəsi baş verir. Nə isə... Keçək mətləbə.
Bəli, mən mövzu üzərində işləməyə başladım. Mövzunu bitirəndən sonra dissertasiyanı elmi məsləhətçim kimi İsa Həbibbəyliyə oxumağa verdim. İsa müəllim dedi: "İşim çoxdu, ona görə darıxma, amma 3 ay müddətinə oxuyub rəyimi bildirəcəyəm”.
Elə də oldu. 3 ayın tamamında, Novruz bayramı ərəfəsində İsa müəllim dissertasiyamı mənə qaytardı. Baxdım, dissertasiyada bir vergül buraxılmışdısa, İsa müəllim onu da düzəltmişdi. Səhifələrdə qeydlər eləmişdi. Yekun olaraq yazmışdı: "Qeydlərimə diqqətlə bax! Xeyirli-uğurlu olsun! Novruz bayramınız mübarək. İmza: İsa Həbibbəyli”. 09.03.2017.
Həmin dissertasiyanı yadigar olaraq saxlayıram. İsa Həbibbəylinin xətti-hərəkətində bir böyük ideya durur -Azərbaycançılıq.
Bu ideya ətrafında İsa Həbibbəylinin o qədər böyük düşüncələri var ki, sutkanın 24 saatını işləməklə belə, bunların hamısının icrasına nail olmaq mümkün deyil. Amma daha vacib olanlar, daha çox əhəmiyyətlilər, vətənimiz, xalqımız üçün daha çox gərəkli olanlar İsa müəllimin gündəliyinin önünə çıxarılır. İsa Həbibbəyli bir vətəndaş olaraq, bir türkçü olaraq azərbaycançılıq ideyası ətrafında birləşən düşüncələrin "kamil insan” formuluna böyük diqqət ayırır. Bu, özünü həm ətrafında işləyən alimlərin yetişdirilməsində, həm ədəbi mühitdə görünən, bilinən ziyalıların fəaliyyətinin qiymətləndirilməsində, həm gənc nəslin vətəndaş mövqeyinin tərbiyəsində, həm də nəvələrinin gələcəyə bütöv əqidəli, saf, təmiz, sağlam düşüncəli olaraq qədəm qoymasında göstərir. Mən dəfələrlə şahidi olmuşam ki, İsa Həbibbəyli bazar günləri nəvələri ilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin abidələrini, canını vətən yolunda fəda etmiş ərənlərimizin şəhidlər xiyabanındakı məzarlarını yad edir. Mən dəfələrlə şahidi olmuşam ki, İsa Həbibbəyli nəvələri ilə birgə milli ruhlu teatr tamaşalarına gəlib. Mən dəfələrlə şahidi olmuşam ki, İsa Həbibbəyli qatıldığı ədəbi-bədii tədbirlərə nəvələrini də gətirib. İnsanın taleyi doğulduğu torpaqla, yurdla bağlı olur. Kim ki, doğulduğu yurdu, torpağı sevir, el-obanı sevir, vətənini sevir! Kim ki, vətənini sevir, xalqını, millətini sevir! Kim ki, xalqını, millətini sevir, bu vətənin övladlarını, vətəndaşını sevir! Akademik İsa Həbibbəyli Azərbaycanı sevir!
Akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Müəllimim İsa Həbibbəyli haqqında düşünəndə onun hərtərəfli bir insan olduğunu özüm üçün bir daha qət elədim. İstədim müəllimim haqqında bir neçə söz deyim. Akademikin çox cəhətli fəaliyyətini nəzərdən keçirdim. Böyük ədəbiyyatşünas alim həm də siyasi fəaliyyəti, bədii yaradıcılığı olan, cəfakeşliyi ilə müasir alimlər nəslinin içərisində xüsusilə seçilən bir insandır.
Nizami MURADOĞLU,
Filologiya elmləri doktoru
banner

Oxşar Xəbərlər