• cümə, 29 Mart, 00:45
  • Baku Bakı 7°C

“İnsanın ətrafı onun müqəddəratını təyin edir” – Uğur hekayəsi

26.01.15 06:34 2348
“İnsanın ətrafı onun müqəddəratını təyin edir” – Uğur hekayəsi
Jalə İsgəndərova: “Gələcək planlarımdan birincisi hakim kimi çalışmaqdır”
Uğurun sirrini məqsədli olmaqda görür. Düşünür ki, insan qarşısına məqsəd qoyduqdan sonra hər şeyə nail ola bilər. Ona görə, əgər uğur qazanmağı həqiqətən istəyirsənsə, özünə inanmalı və əzmlə çalışmalısan. Müsahibimiz 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin vətəndaşların hüquqlarının təminatı sektorunun müdiri Jalə İsgəndərovadır.
- Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsini bitirmişəm. İstər məktəb, istərsə də tələbəlik illərində seçilmişəm. Məktəbi də, universiteti də əla qiymətlərlə başa vurmuşam. Bizim dövrümüzdə universitetə ən yüksək balla qəbul olan tələbələrdən biri də mən idim.
- Jalə xanım, niyə məhz hüquq?

- BDU-nun hüquq fakültəsində oxumaq mənim arzum olub. Bu fakültə ilə məktəb illərindən maraqlanırdım. İnsanların hüquq və azadlıqlarının qorunması, pozulmuş hüquqlarının bərpası, bu sahədə onların müdafiə olunması, vətəndaşa bir növ köməklik olunması hər zaman diqqətimi çəkib. Xarakterim də belədir. Hansı sahədə olursa olsun insanlara kömək etmək məni həmişə maraqlandırıb. Bu səbəbdən ixtisas olaraq hüququ seçdim.
- Ailənizdə hüquqşünas varmı?

- Maraqlısı odur ki, mənim həm ata, həm də ana tərəfim hamısı fizik, riyaziyyatçıdırlar. Hətta mənim də məktəb illərində riyaziyyat sahəsində uğurlarım olub, müsabiqələrdə iştirak etmişəm. Respublika səviyyəsində riyaziyyat yarışmalarında birinci yerə çıxmışam. Buna baxmayaraq, seçimimdə riyaziyyata üstünlük vermədim.
- Riyaziyyat sahəsində bu qədər uğurlarınız olduğu halda hüququ seçməyinizi ailəniz necə qarşıladı?

- Ailəm çox normal qarşıladı. Bu sahədə ən böyük dəstəkçim atamdır. Məni həvəsləndirən, stimul verən atam olub.
- Məktəbdə və universitetdə fərqlənən məzun kimi seçdiyiniz sahədə də fərqləndinizmi. Harada işə başladınız?

- Vətəndaşlara kömək etmək, onların hüquqlarının qorunmasına yardım etmək üçün məhkəmə sistemini seçdim və bu sahədə vakansiyalarla maraqlanmağa başladım. Əsas məqsədim hüquq sahəsində çalışmaq və insanların hüquqlarını müdafiə etmək idi. İlk dəfə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində hüquq şöbəsində baş mütəxəssis kimi işə başladım. Burada çalışarkən də daim vakansiyalarla maraqlanırdım. Bir gün qarşıma Dövlət Qulluğu Məsələləri Komissiyasında Binəqədi Rayon Məhkəməsinə hakim köməkçisi elanı ilə bağlı vakansiya çıxdı. Burada özümü sınamaq istədim və sənədlərimi verdim. Imtahandan keçdikdən sonra hakim köməkçisi kimi işləməyə başladım.
- “ASAN xidmət”ə necə gəldiniz?

- “Daim karyera yolunda necə inkişaf edə bilərəm” sualı məni düşündürüb və vakansiyalarla maraqlanmışam. Əsas prinsiplərimdən biri də özümü daha harada sınamağım olub. “ASAN xidmət” mərkəzləri yaradılanda məni cəlb etdi və maraqlanmağa başladım. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirildiyindən “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri mənim prinsiplərimə uyğun idi. Dövlət qulluğunda müsabiqə və müsahibə mərhələsindən keçdikdən sonra sektor müdiri kimi çalışmağa başladım.
-Birbaşa sektor müdiri təyin olundunuz. Bunu ilk dəfə necə qarşıladınız?

- İşlədiyim yer vətəndaşların hüquqlarının təminatı sektoru olduğu üçün əlbəttə ki, bu mənim üçün çox sevindirici hal idi. Sırf mənim istəyim, arzum həyata keçmişdi. Hansı ki, burada dövlət qulluqçusu vətəndaş münasibətləri yüksək səviyyədə idarə olunur.
- CV-nizə baxdıqda görürük ki, ancaq dövlət qulluğu işlərində çalışmısınız. Özəl sektorda işləmək fikriniz olubmu?

- Heç vaxt özəl sektorda işləmək istəməmişəm. Düşünürəm ki, dövlət qulluğunda vətəndaş dövlət qulluqçusu münasibətləri yüksək səviyyədədir. Burada dövlətə xidmət, xalqa xidmət kimi prinsiplər daha yaxşı qorunur. Ümumiyyətlə, maddiyat mənim həyatımda heç zaman birinci planda olmayıb. Mənim üçün xalqa, dövlətə xidmət etmək hər şeydən önəmlidir.
- Karyera və ailə. Sizcə bunların ikisini də eyni balansda aparmaq mümkündürmü?

- Düşünürəm ki, qadın öz istiqamətini düzgün götürsə, istər ailəsində, istərsə də karyerasında uğur qazana bilər.
-Xanım olaraq rəhbər vəzifədə çalışmaq çətin deyil ki?

- Rəhbər olmaq çox məsuliyyətli bir işdir. İnsan sevdiyi işi gördükdə onun üçün heç nə çətin olmamalıdır. İşimlə bağlı heç vaxt çətinlik çəkməmişəm, əksinə, işim mənə mənəvi cəhətdən zövq verir. Vətəndaşları məmnun etməkdən xüsusilə zövq alıram.
- Belə bir deyim var ki, gözəl xanımlar daha şanslı olur, karyerada daha tez irəliləyirlər. Bu fikirlə razısınızmı?

- Bu fikirlə razı deyiləm. Karyera qurmaqda gözəllik və ya çirkinlik önəm kəsb etmir. Yetər ki, insanın məqsədi olsun. İnsan qarşısına qoyduğu məqsədə doğru irəliləyərsə, ona nail olmaq üçün əlindən gələni edərsə, mütləq həmin məqsədə çatacaq.
- Tələbkarsınız?

- Məsuliyyət olan yerdə tələbkarlıq da vacibdir. Rəhbər vəzifəsində olmaq üçün xüsusilə tələbkar olmaq lazımdır. Mən də işimə qarşı çox tələbkaram, amma hər şey sərhəd daxilindədir. Sadəcə, çalışıram, tələbkarlığım müəyyən çərçivədən kənara çıxmasın.
- Gənc yaşda rəhbər olmaq üçün insana nə lazımdır?

- Əgər gənc yaşında uğur qazanmaq istəyirsənsə, mütləq
sağlam ətrafın və sağlam ailən olmalıdır. Bu iki nüansdan biri olmasa, bu zaman işin çətinləşir. İnsanın ətrafı onun müqəddəratını təyin edir. Bundan əlavə, insanın rəhbər olması üçün kifayət qədər savadı olmalı, işinə məsuliyyətlə yanaşmalıdır.
- Uğurun formulu nədir?

- Məncə, uğurun formulu insanın qarşısına məqsəd qoymasındadır. Əgər insan sağlam düşünüb, etmək istədiklərini məqsəd kimi qarşısına qoyursa və yorulmadan onun üçün çalışırsa, məqsədinə çatır, uğur qazanır.
- 10 ildən sonra özünüzü harada görürsünüz?

- 10 il də, 20 il də keçsə, mənim əsas məqsədim dövlətə və xalqa xidmət etməkdir. İllər keçsə belə, bu, dəyişməyəcək. Gələcək planlarım da məhz bununla bağlıdır. Gələcək planlarımdan birincisi hakim kimi çalışmaqdır. Konstitusiyamıza əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Odur ki, qeyd edilən tələbləri təmin etdikdən sonra bu sahədə də özümü sınayacam.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər