• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

İnsanı qocaldan sənət – Sadə peşə adamı

27.01.15 06:20 4672
İnsanı qocaldan sənət – Sadə peşə adamı
Bəzən onlardan şikayətlənirik. Amma bu peşə adamları mənzil başına çatmağımızda bizə kömək edir. Əgər şəxsi avtomobiliniz yoxdursa, onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Bu peşə adamlarının “çörək ağacı” avtobuslardır. Hər gün hava işıqlanmamış işə çıxır, yüzlərlə insanı mənzil başına çatdırır və gecə evlərinə yollanırlar. Bəzən əsəbiləşir, bəzən də əsəbiləşdirirlər. Söhbət avtobus sürücülərindən gedir. Kiməsə bu sənət asan gələ bilər. Lakin digər peşələrdə olduğu kimi, sürücülük, xüsusilə avtobus sürücülüyü ağır məsuliyyət və zəhmət tələb edən peşələrdəndir. Müsahibimiz 10 ildən çoxdur bu işlə məşğul olan Yalçın Şəbiyevdir. Yalçın bu vaxta qədər 271, 255, 82, 165 nömrəli marşrutlarda çalışıb. İndi isə Mehdiabad qəsəbəsindən metronun «Nəriman Nərimanov» stansiyasına qədər hərəkət edən 155 nömrəli avtobusda işləyir.
Nə qədər məşəqqətli olsa da...
Həmsöhbətimiz deyir ki, avtobus sürücülüyü nə qədər məşəqqətli və ağır peşə olsa da, həmişə işindən zövq alıb. Onun sözlərinə görə, bu peşədə onu cəzb edən müxtəlif tipli insanları tanımaq və onlarla ünsiyyətdə olmaqdır: “Əksər oğlan uşaqlarında olduğu kimi, uşaqlığımdan məndə də sürücülüyə və maşınlara maraq olub. Həmişə deyərdim ki, böyüyəndə sürücü olacam. Elə də oldu. Bu sənətin sirlərini öyrəndim və orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getdim. Orada da sürücü kimi fəaliyyət göstərirdim. Əsgərliyimi bitirdikdən sonra da peşəmi davam etdirdim və xüsusilə avtobus sürücülüyü diqqətimi çəkdi. Çünki hər gün müxtəlif insanlarla ünsiyyətdə olursan. 23 yaşımdan avtobus sürücüsü kimi çalışdım. Lakin bu işin bu qədər məşəqqətli olduğunu bilmirdim”.
Demək olar, bütün günü sükan arxasında olan həmsöhbətimiz deyir ki, bu peşə nə qədər ağır olsa da, insanı qocaltsa da, sənətindən heç vaxt bezməyib: “Əgər bezsəydim, 14 ildir bu işi görməzdim. Ümumiyyətlə, nə iş olursa olsun, insan onu sevərək edirsə, heç vaxt yorulmur. İşimdən zövq almasaydım, maşınların və naşı sürücülərin bu qədər çox olduğu bir vaxtda bu işi görə bilməzdim. Sükan arxasında çalışıb pul qazanmağı o qədər sevirəm ki, özümü bu peşədən başqa heç bir sənətdə görə bilmirəm”.
“Səbirsiz olsan, çalışa bilməzsən”
Sərnişinlərin sürücüyə olan münasibətlərinə gəldikdə, müsahibimiz deyir ki, 5-6 il bundan öncə sərnişinlər bu qədər qəddar və əsəbi deyildilər: “Sanki zaman keçdikcə, insanlar da dəyişir. Bundan 6 il öncə insanların bir-birinə münasibəti fərqli idi. Bir-birləri ilə bu qədər kobud rəftar etmirdilər. İndi isə hər kəsin münasibəti dəyişib. İnsanlar qəddarlaşıb, dalaşmaqdan zövq alırlar. Əvvəllər sürücüyə hörmət var idi. İndi isə istər yaşlı, istərsə cavan təbəqə olsun, sürücüləri incidirlər. Çalışıb hamını yola vermək lazımdır. Əsas narazıçılıq sürücünün dayanacaqdan kənarda saxlamaması ucbatından yaranır. Bu da qarşılıqlı anlayış nəticəsində yoluna qoyulmalıdır. Çalışıram, avtobusu yalnız dayanacaqdan dayanacağa saxlayım. Dayanacaqdan kənarda saxlamayanda sürücü ilə sərnişin arasında anlaşılmazlıq yaranır. Bəzən sürücü ilə elə rəftar edirlər ki, elə bil hər şey sürücünün günahıdır. Tıxac varsa, günahkar sürücüdədir, yolda qəza olub, yol bağlıdırsa, yenə də günahkar sürücüdür. Buna görə hər sərnişinlə dil tapmağı bacarmalı və səbirli olmalısan. Səbirsiz olsan, çalışa bilməzsən və günün polis bölmələrində keçər”.
İkinci dərəcəli millət
Əhali arasında sürücüləri “ikinci dərəcəli millət” adlandırırlar. Bunun səbəbi isə avtobus sürücülərinin acıdil olmaları, bəzilərinin sərnişinlərlə kobud rəftar etmələridir. Sözügedən fikrə münasibət bildirən həmsöhbətimiz gülərək bu fikrin səhv olduğunu deyir. Onun sözlərinə görə, avtobus sürücüsünün bacardığını hər kəs bacara bilməz: “Şəxsən mənim sürücülərə hörmətim var. Çünki onlar çox əziyyət çəkir. Buna dözmək çox çətindir. Xoruz banlamayan vaxt sürücülər şirin yuxudan oyanır, səhər yeməyi yemədən tələsik geyinib işə çıxırlar. Bu çox məsuliyyətli və yorucu işdir. Təsəvvür edin ki, eyni yolu hər gün azı 10 dəfə dövr edirsən. Həm də, idarə etdiyin avtobusda onlarla insanın həyatı səndən asılıdır. Kiçik bir səhv hansısa ailəni başsız qoya bilər. Kimsə yeganə övladını sənə etibar edir. Bundan başqa, avtobusa yaşlı, hamilə qadın minir. Sürücü tək olur, sərnişin çox. Sürücü tək olduğu halda, hər gün onlarla sərnişini mənzil başına sağ-salamat çatdırmaq üçün əlindən gələni edir. O qədər diqqətli oluram ki, bəzən evdə yuxuda olarkən də sayaqlayıram”.
Elə bildim ölüb
Müsahibimiz deyir ki, şəhərdə maşınların sayı çoxaldığı üçün işləri də bir qədər çətinləşib. Onun sözlərinə görə, bundan bir neçə il öncə avtobus sürücüsünün gəlirləri qənaətbəxş olurdu: “Amma indi paytaxtda maşın çoxdur. Elə əhali də çoxalıb. Çoxlu piyada keçidləri, körpülər tikilsə də, yenə sürücülərlə piyadaların probleminə son qoyulmur. Çünki piyadalar piyada keçidini qoyub avtomobil yolundan keçməyə üstünlük verirlər. Sürücülərin də əksəriyyəti yol-hərəkəti qaydalarına riayət etmir. Lazım oldu-olmadı siqnal verirlər. Üstəlik, şəhərdəki tıxaclar adamı çox yorur. Maşınların sayı çoxaldığı kimi xam sürücülərin sayı da çoxalıb. ən pisi odur ki, sürücülük vəsiqəsi olmayanlar da, indi avtobus sürücüsü işləyir. Bu, bizim işimizə mane olur”.
Gənc sürücü iş başında qarşılaşdığı gülməli hadisələrdən də danışdı. O deyir ki, bəzən ağır iş günündən sonra o qədər maraqlı hadisələr olur ki, işin ağırlığını unudursan: “Maraql hadisələr əsasən sərxoş sərnişinlərlə bağlıdır. Bəzən birinin ayaqqabısının bir tayı, bəzən də özü yadından çıxıb avtobusda qalır. Bir dəfə Nərimanov metrostansiyasından 155 nömrəli avtobusla yola çıxdım. Son dayanacaq Mehdiabad qəsəbəsi idi. Mehdiabadda düşəndə gördüm ki, arxa oturacaqda kimsə yatıb. Əvvəlcə, qorxdum, elə bildim ölüb. Sonra yaxınlaşdım, nə qədər sirkələdim oyanmadı. Oradakı iş yoldaşlarımızla üzünə su vurub birtəhər oyatdıq. Məlum oldu ki, sərnişin sərxoş imiş. Sonra onu evinə yola saldıq. Belə hadisələrlə tez-tez rastlaşırıq”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər