• çərşənbə axşamı, 19 mart, 07:33
  • Baku Bakı 8°C

İnsani keyfiyyətləri, əsgər məsuliyyəti ilə seçilən kəşfiyyatçı - Fotolar

23.01.21 09:00 2448
İnsani keyfiyyətləri, əsgər məsuliyyəti ilə seçilən kəşfiyyatçı - Fotolar
"Oğlumun bir çox xarakterini şəhid olandan sonra kəşf etdim”
"Mən bu hərbi hissəyə ondan sonra gəlmişəm. Amma ilk gündən diqqətimi çəkən əsgərlərdən oldu. Həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçilirdi. Gözəl dostluğu, yoldaşlığı var idi. 10 qəpiyi olsa belə, onu əsgər yoldaşları ilə ürəklə bölüşürdü. Əsgər kimi də seçilməyi bacarırdı. Bu adamda qorxu yox idi, həmişə öndə getməyə çalışırdı. Səhər yuxudan duranda idmanda, təlimlərdə çox aktiv olurdu. Həmişə döyüşə hazır olan əsgərlərdən idi. Hələ müharibə başlamağı ilə bağlı heç bir məlumat yox idi, amma o deyirdi ki, kaş döyüş olardı, gedib vuruşardıq”.

Bu sözləri şəhid, kiçik çavuş, kəşfiyyatçı Əkbər Hüseynov haqqında danışan əsgər yoldaşı Ayxan İskəndərli bizimlə söhbətində söylədi. Əkbər həm də manqa komandiri imiş. A.İskəndərli deyir ki, Əkbər manqa komandiri olduğu əsgərlərlə dostluq-qardaşlıq münasibətlərini çox gözəl saxlaya bilirdi: "Hərbi hissədə müvəqqəti və daimi heyət olur. Əkbər müvəqqəti heyətin manqa komandiri idi. Daimi heyətlər, bəzən təlim vaxtı əsgərlərlə müəyyən qədər sərt davrana bilirdilər. Amma Əkbərin ürəyi dözmürdü. Komanda verirdi, sonra hamısına deyirdi ki, bu komandadır, vəzifədir, etməliyik, amma dostluq, qardaşlığımız başqa. Vəzifə və şəxsi münasibət arasında balansı qoruyub saxlayırdı. 19 yaşı var idi, amma davranışı, dünyagörüşü, xasiyyətindəki yetişkinliyə əsasən, 30-40 yaşı olduğunu deyərdin”.

Bildirək ki, Ə.Hüseynov Vətən Müharibəsinin ilk iştirakçılarından olur. 27, 28, 29 sentyabr tarixlərində baş tutan döyüşlərdə iştirak edir, postlarda irəliləyirlər. Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olur.


Əsgər yoldaşının dedikləri Əkbərin necə biri olduğu haqqında ümumi təsəvvür yaratdı, amma şəhidimizi doğmalarının dilindən tanımaq üçün onun evinə üz tutduq.

"Nənə, Əkbərin cibində pul qalmadı”

Yaşadıqları həyətə daxil olanda, binanın qarşısındakı bu qeyd artıq bizi istiqamətləndirdi: "Əkbər Bahadur oğlu Hüseynov bu binada yaşamışdır. 11.07.2001-30.09.2020. Torpaq, uğrunda ölən varsa, vətəndir”.

Bu qeydi oxuyub, valideynləri ilə həmsöhbət olmaq üçün 5-ci mərtəbəyə doğru pilləkənləri addımlayırıq. 4-cü mərtəbədə qarşılaşdığımız qonşu Nanə Əyyubovanın Əkbərlə bağlı ürəyi dolu idi. Ağlaya-ağlaya onunla bağlı bizə danışmağa başladı:"Mən 8 ildir bu binaya köçmüşəm. Yeni gələndə, heç kimi tanımırdıq. Bir gün bazarlıq edib əli yüklü gəlirdim, iki binanın arasından keçəndə, uşaqların həyətdə maraqla nəsə oynadığını gördüm. Birdən o uşaqların içindən biri məni görüb üstümə gəldi. Əlimdəki yükləri aldı, dedi ki, bibi, harda olursan? Binanı göstərdim, dedi ki, biz də burda yaşayırıq. Gətirdi 4-cü mərtəbəyə qoydu, getdi. Sonra məhlədəki uşaqlara deyib ki, bibi nə vaxt gəlsə, onun yükünə kömək edərsiniz. Həmin gündən sonra mən əlimdə yük yuxarı qalxmamışam. Həyətdəki uşaqlar görən kimi üstümə qaçırdı. O vaxt 10-11 yaşı olardı. Bir az yaşlı adam görürdüsə, tanıdı-tanımadı, mütləq onun yükünə kömək edirdi, ən yuxarı mərtəbəyə qədər qaldırırdı”.


Nanə xanım Əkbərlə bağlı daha bir xatirəsini də danışdı: "Nəvəm həyətdə uşaqlarla oynayırmış. Uşaqlar hamısı nəsə alıb yeyirmiş, mənim nəvəmdən başqa. Əkbər bunu görüb, nəvəmi mağazaya aparıb. Nəvəm görüb ki, Əkbər əlini cibinə atdı ki, 2 manatı var. Deyib ki, ürəyin 2 manatlıq nə istəyir götür. Nəvəm evə gələndə dedi ki, nənə, Əkbərin cibində pul qalmadı, hamısını mənə xərclədi. Bax, belə uşaq idi”.

"Bizi xərcə saldığına necə utanırdı”

Daha sonra Əkbərin yaşadığı evə daxil olduq, valideynləri ilə söhbətləşdik. Anası Tahirə Hüseynova deyir ki, Əkbər çox zəhmətkeş uşaq olub, ailəyə yük olmamaq üçün əlindən gələni edib: "Balalarımın 3-nü də zəhmətkeş böyütmüşdük. Əkbər 14-15 yaşından işləmək istəyirdi. Kafedə qəlyançı işinə düzəlmək istəyib, yaşına görə götürməyiblər. Deyib ki, boyum balacadır, amma 17 yaşım var. Bunu eşidəndə ,dedim ki, sənin yaşın azdır, belə etmə. Nə qədər dedimsə, dedi ki, yox, işləmək istəyirəm. Kafedə yaşının çox olduğuna inanmayıblar, deyiblər ki, şəxsiyyət vəsiqəni gətir. Bu da vəsiqəni aparıb, görüblər ki, 14 yaşı var. Deyib ki, bəs ehtiyacımız var, işləmək istəyirəm. Həmin şəxs də evə zəng vurdu, dedi ki, xanım, o yaşda birini işə götürməyə ixtiyarımız yoxdur. Dedim ki, mən də nə qədər deyirəm, xeyri yoxdur, işləmək istəyir. Getdi-gəldi, axırda orda işə düzəldi. Sonra məhəlllədəki uşaqların hamısını yığıb ora işləməyə apardı. "Formula-1”-də, trenajor zalında, hətta şor-pendir satılan yerdə belə işləyib. 3 ayı qalmışdı gəlməyinə, deyirdi ki, maraqlanmışam, qayıdanda da iş problemim olmayacaq”.

Tahirə xanım deyir ki, Əkbər ailəni xərcə salacaq nəyəsə səbəb olanda, çox utanırmış: "Bir dəfə dostunun maşınını vurmuşdu, yüngül xərci var idi. Onu biz edəsi olduq. Bizi xərcə saldığına görə necə utanırdı... Dedim ki, narahat olma, həll edəcəyik. Əsgərliyə gedənə qədər işlədi. Yığdığı pulla özünə yığıncaq etdi. Mənə dedi ki, mama, kommunal ödənişlərlə bağlı çekləri ver, hamısını ödəyim, gedim. Dedim ki, lazım deyil, üstündə pul saxla. Ürəyi dayanmayıb, çekləri gizlin götürüb, gedib ödəyib. Ödəniş qəbzlərini də dayısına verib ki, ödəmişəm, sonra deyərsən”.


Şəhid olanda, bildim ki…

Atası Bahadur Hüseynov deyir ki, oğlunu şəhid olandan sonra daha çox kəşf edib: "Çox vətənpərvər, qohumpərəst, elpərəst, canıyananlıqda bizim nəslimizə çəkdi. Elə bir oğul böyütdüyüm üçün çox şad idim. Mənim işim elə idi ki, evdə az olurdum, uşaqlarla elə də çox vaxt keçirə bilmirdim. Mən evə gələndə, Əkbər işdə olurdu, mən gedəndə, o gəlirdi. Ona görə, son illər bir yerdə çox vaxt keçirə bilmirdik. Oğlumla bağlı bir çox xarakteri, o, şəhid olandan sonra kəşf etdim. Necə biri olduğunu bilirdim. Güləş, taekvando, kikboksinq kimi idman növlərinə gedirdi, xeyli medal qazanmışdı. Amma bilmədiyim məqamları da var idi. Şəhid olanda, bildim ki, Bakıxanovda onu nə qədər tanıyan, hörmət edən varmış. Bilirdim ki, hörmət qazanan oğuldur, amma bu qədər bilmirdim. Bədahətən meyxana demək qabiliyyəti varmış”.


"Əkbərdən doymadıq”

Bacısı Nərmin Hüseynova bildirdi ki, Əkbərə xüsusi bağlılığı olub, onun şəhid olduğu gün də öncədən nəsə olacağını hiss edirmiş: "Bilmirəm, sonbeşik idi deyəmi, yoxsa niyə, onu dəhşət çox istəyirdim. Hərbi xidmətini başa vurmağına az qalmışdı. Hər gün daha çox darıxırdım, günləri sayırdım ki, gəlsin. O da evə gələcəyi günü səbirsizliklə gözləyirdi. Amma müharibə başlayandan sonra mənə qəribə sıxıntı gəlmişdi. İştaham olmurdu, nəsə bir xəbər gələcəkmiş kimi gözüm telefonda qalırdı. Mən klinikada əməliyyatxana şöbəsində işləyirəm. Assistent kimi əməliyyatlara girirəm, 29-u günü səhər narahat idim, girmədim. Günorta saat bir olardı, əməliyyata girməli oldum. Amma yanımdakı xanıma dedim ki, zəng gəlsə, götür cavab ver. Elə də oldu. Əməliyyatda idim, qonşu zəng vurub, xanım açıb. Mənə ilk xəbəri belə verdilər ki, mamanın halı pisdir, evə gəl. Amma hiss edirdim ki, qardaşıma nəsə olub. O, anam üçün gəlmək qaçışı deyildi. Gəlib həyətdə adamları gördüm, dedilər ki, Əkbər yaralanıb, gətirirlər. Dedim ki, yaralını evə niyə gətirirlər, xəstəxanaya aparsınlar. Amma yaralı deyildi, o, şəhid olmuşdu. Onu deyə bilərəm ki, Əkbərdən doymadıq. Hərbi xidmətdə olduğu 1 il 3 ay müddətdə üzünü görmədik. Çox çətindir, ağırdır”.

Qardaşı Elmin Hüseynov Əkbərdən böyük olsa da, onu həmişə dayağı hesab etdiyini deyir: "Məndən balaca olsa da, arxam, dayağım idi. Qardaşlıq yaşa baxmır, varsa, belin yerə dəyməz. Həmişə Əkbərlə fəxr etmişəm və edirəm”.


E.Hüseynov Əkbərin hərbi xidmətə sanki hobbi kimi xüsusi maraqla yanaşdığını deyir: "O kəşfiyyat bölməsində idi, buna isə marağı çox böyük idi, həvəslə danışırdı. Sanki bir hobbisi var, onunla məşğul olur. Hərbi xidmətdə olmağı ilə fəxr edirdi”.

"Deyirdi ki, hər şey yaxşı olacaq”

Uşaqlıqdan bir yerdə böyüdüyü dostu Fərid Abduləliyev onunla müharibədə olduğu müddətdə ən çox əlaqə saxlayan şəxslərdən olur. Fərid onun dilindən ən çox "yaxşı olacaq” cümləsini eşitdiyini deyir: "Uşaqlıqdan bir yerdə böyümüşük, nə etmişiksə, bir yerdə etmişik. Dostdan çox, qardaş kimi idik. Təsəvvür edin, bir konfeti olurdusa, onun yarısını bölüb yanındakı adama verərdi. Mərd, igid, dosta can yandıran, saf, ürəyiaçıq, hamıya hörmət edən uşaq idi. Buna görə ətrafında hər kəsin sevgisini, hörmətini qazanmışdı. Hələ əsgərlikdə olanda, imkan etdikcə danışırdıq. Hərbi xidmətə getdiyindən razı idi, kəşfiyyat bölməsində olmağına sevinirdi. Döyüş başlayandan sonra da imkan etdikcə danışırdıq. Deyirdim ki, özündən muğayat ol. Deyirdi ki, məndən nigaran olmayın, torpaqları alacağıq, sağ-salamat geri qayıdacağıq, hər şey yaxşı olacaq”.


Malını, pulunu əsirgəməyən, son qəpiyini başqası üçün xərcləyən, sevgisini səxavətlə hər kəsə bəxş edən Əkbər vətən üçün də canını əsirgəmədi, vətən uğrunda şəhid oldu.

Qeyd edək ki, Əkbər Hüseynov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.
Aygün Asimqızı



banner

Oxşar Xəbərlər