• cümə, 19 Aprel, 22:05
  • Baku Bakı 24°C

“İnsan özünə inanmasa, bütün məqsədlər arzu olaraq qalacaq” – Uğur hekayəsi

12.05.14 08:18 5094
“İnsan özünə inanmasa, bütün məqsədlər arzu olaraq qalacaq” – Uğur hekayəsi
Onun fikrincə, məqsəd olanda insan istədiyinə çatmaq üçün könüllü surətdə hər bir şeyi edir. Yalnız istək və məqsəd olanda insan həyatda yerini tuta bilər. Müsahibimiz Azərbaycan Skautlar Asosiasiyasının prezidenti İlyas İsmayıllı ilə yaxından tanış olaq…
- 1989-cu ildə anadan olmuşam. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, kommersiya hüququ ixtisasını isə magistr pilləsi üzrə ingilis dilində bitirmişəm. Əvvəlcə 1 saylı İnzibati İqtisad Məhkəməsində işlədim. Sonra Busines Servis Centre, daha sonra isə bu ilin aprelinə kimi “Deloyd and Tour” şirkətində hüquqşünas kimi çalışdım.
- Bəs necə oldu ki, Azərbaycan Skautlar Assosiasiyasına prezident seçildiniz?

- 14 yaşımdan sözügedən assosiasiyaya üzv oldum və o vaxtdan dərsdən, işdən kənar zamanlarımı bu təşkilata sərf edirdim. İlk dəfə Skaut təşkilatının dəstəyi ilə Pirşağıda düşərgədə oldum və düşərgə çox xoşuma gəldi. Bundan sonra təşkilata marağım daha da artdı. Sonra təşkilatın beynəlxalq komissarı seçildim. 2012-ci ilin dekabrında isə prezident vəzifəsinə irəli çəkildim.
- Bir az Azərbaycan Skautlar Assosiasiyası haqqında məlumat verərdiniz, zəhmət olmasa.

- Hərfi mənada “skaut” “kəşfiyyatçı” deməkdir. Söhbət hərbi və yaxud dövlət kəşfiyyatçısından getmir. Dünyada skaut hərəkatı 1907-ci ildə yaradılıb, Azərbaycanda isə 1997-ci ildə təsis edilib. Məqsədimiz gənclərin layiqli vətəndaş kimi yetişdirilməsidir. Əsas fəaliyyətimiz isə uşaqların və gənclərin beş istiqamətdə - psixoloji, ictimai, fiziki, əqli, emosional - inkişafını təmin etməkdir. Bu 5 istiqamətin inkişafını isə qeyri-formal təhsil üsulları ilə təmin edirik. Skautların öz təhsil metodları var. Bu, BMT tərəfindən də rəsmi olaraq “Skaut təhsil üsulları” kimi tanınır. Bu üsul kiçik qruplarla iş, skaut qanununun və andının bütün fəaliyyətə təsiri, təbiətlə daimi təmasdır. Çalışırıq ki, bütün fəaliyyətimiz bu dörd üsula uyğun getsin. Bu da uşaqlar və gənclər üçün qeyri-adi mühit yaradır.
- Azərbaycan Skautlar Assosiasiyası olaraq konkret olaraq hansı hansı işləri görürsünüz?
- Beynəlxalq və yerli tədbirlərə qatılırıq. Həmçinin hər il “Wonderland” (“Möcüzələr diyarı”) adlı düşərgə təşkil edirik. Ötən il bu düşərgəni Şəkidə düzənlədik. Yeniyetmə və gənclərə liderlik dərsləri keçirildi. Azərbaycandan, eyni zamanda, İngiltərə, Fransa, Macarıstan, Qazaxıstan, Polşa, Gürcüstan, Ukrayna, Belorusiya, Moldava, Türkiyədən də iştirakçılar var idi. Bu tədbir bizim üçün önəmli idi. Çünki sonradan təşkilatımıza qoşulan uşaqların təlimlərini, skaut qruplarında iştirakını təmin etmək üçün liderlərə ehtiyacımız var. Uşaqlar üçün qış məktəbləri də təşkil edirik. Qış şəraitində yürüşə gedəndə, yaxud düşərgədə olanda necə geyinmək, hansı əşyaları götürməyin vacibliyi barədə maarifləndirmə işləri aparırıq. Bundan başqa, tez-tez müxtəlif profilli aksiyalar keçiririk.
- Maliyyəni haradan alırsınız?
- Əsas maliyyəmiz layihələrdən gəlir. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu bizim əsas yardımçımızdır. Bizim Skaut təşkilatının tərkibində də qrant verən fondlarımız var. Avropa Gənclər Fonduna da layihələr yazıb veririk. Bir sözlə, donor kifayət qədərdir, sadəcə işləmək lazımdır.
- Hüquq ixtisasının məzunu kimi müxtəlif nazirliklərdə, şirkətlərdə daha çox gəlir gətirən bir sahədə də çalışa bilərdiniz. Nəyə görə məhz Skautlar təşkilatını seçdiniz?
- Bu sahəyə marağım daha çoxdur. Həm də hazırda Azərbaycan Skautlar Assosiasiyasının yaxşı idarəçiyə ehtiyacı var. Ümumdünya Skaut Konfransının 2017-ci ildə Azərbaycanda keçirilməsi üçün namizədliyini irəli sürmüşük. Bununla bağlı işlər kifayət qədər çoxdur. Çünki namizədlik təkcə təşəbbüs irəli sürməklə bitmir. Onun üzərində işləmək lazımdır. Bu ilin avqust ayında nəticə bəlli olacaq. Hazırda cəmi iki namizəd ölkə qalıb - Azərbaycan və Malayziya. İki ölkə arasında Ümumdunya Skaut Hərəkatı Təşkilatının konfransında səsvermə olacaq. 165 ölkədən olan nümayəndələr səsvermədə iştirak edəcək. Şansımız kifayət qədərdir.
- Dünyada Skaut təşkilatları necə fəaliyyət göstərir? Haradan dəstək alırlar?
- MDB ölkələrində bu ənənə olmadığına görə skaut təşkilatlarını işlətmək kifayət qədər çətindir. Nəzərə almalıyıq ki, keçmiş postsovet ölkələrində 70 il ərzində skautlar pionerlərə çevrilmişdi. Türkiyədə 100 ildən artıqdır ki, Skaut təşkilatı fəaliyyət göstərir və dövlət büdcəsindən onlara pul ayrılır. Avropa ölkələrində maliyyələşmə üzvlük haqqı və qrant əsasında həyata keçirilir. Amerikada, Qərb ölkələrində Skaut hərəkatı cəmiyyətdə böyük bir ənənəyə çevrilib, hər bir uşaq, gənc skaut olur. Ərəblərdə skaut hərəkatı 1950-ci illərdən başlayıb və çox vaxt dövlət tərəfindən maliyyələşir. Səudiyyə Ərəbistanında Şahzadə bu hərəkatın rəhbəridir, İsveçdə isə təşkilatın rəhbəri ölkənin kralıdır. Cənub-şərqi Asiyada da skaut hərəkatını dövlət tam olaraq dəstəkləyir, hətta skaut hərəkatı dövlət təhsil proqramının tərkib hissəsidir, məktəblərdə “skautinq” adlı fənn tədris olunur.
- Sosial şəbəkələrdə şəkillərinizə baxdıq. Xeyli xarici ölkədə olmusunuz. Avropa, Amerika ölkələrindəki gənclərlə Azərbaycan gəncləri arasında hansı fərqləri sezmisiniz?
- Avropa gəncləri hərəkətlərində, davranışlarında daha sərbəstdirlər. Bizim gənclər özlərinə daha çox əmin olsalar da, fikirlərini söyləməyə utanırlar. Avropa gəncləri daha təşəbbüskar, bizim gənclər isə daha vətənpərvərdir
- Planlı şəkildə işləyirsiniz?
- İş baxımından planlı şəkildə işləməyi sevirəm.
- Bəs həyat strategiyası baxımından necə, yaxın və uzaq gələcək üçün planlar qurursunuzmu?
- Həyat strategiyasında uzunmüddətli planlaşdırma bir az çətindir. Heç gözləmədiyin anda gözləmədiyin hallarla qarşılaşa bilərsən. Hər an həyat dəyişə bilər. Buna görə həyatımda uzunmüddətli planlar qurmuram. Amma yaxın 5 ildəki planlarım Skaut təşkilatı ilə bağlıdır. Bütün Azərbaycanda fəaliyyət göstərməyi planlaşdırırıq. İstəyirəm Azərbaycanda da skaut hərəkatı ənənə halını alsın. Regionda ən güclü təşkilat olmaq və beynəlxalq səviyyədə tanınmış təşkilat kimi çıxış etmək planlarım sırasındadır. Üzvlərimizin sayını yaxın 5 ildə artıq 10 minə çatdırmağı da düşünürük. Bölgələrdə isə təlim mərkəzləri yaratmaq fikrindəyik. Onu da deyim ki, yaşamaq, ailə saxlamaq üçün pul lazım olduğundan gələcəkdə sırf ixtisasım üzrə işləmək fikrim var. Çünki Skautlar təşkilatı o qədər də gəlirli sahə, kommersiya təşkilatı deyil.
- Sizcə, bir gənc həyatda öz yerini tapmaq, karyera pilləsində irəliləmək üçün nə etməlidir?
- Qarşısına məqsəd qoyub bu məqsədə doğru getməlidir. Məqsəd olanda insan istədiyinə çatmaq üçün könüllü surətdə hər bir şeyi edir. İstək və məqsəd olanda həmin gənc həyatda yerini tuta bilər. Bu, təbii ki, insanın məqsədindən də asılıdır. Özünə inam da əsas şərtdir. İnsan özünə inanmasa, bütün məqsədlər onun üçün məqsəd deyil, arzu olaraq qalacaq.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər