• çərşənbə axşamı, 19 mart, 12:41
  • Baku Bakı 8°C

İnsan özü-özü ilə yarışmalıdır – Uğur hekayəsi

10.02.17 12:30 4536
İnsan özü-özü ilə yarışmalıdır – Uğur hekayəsi
İşləməyi sevən insanlardandır. Hətta deyir, həyatında heç vaxt elə bir məqam olmayıb ki, ancaq bir işlə məşğul olsun. Bu, onu nəinki yorur, əksinə, daha çox iş görmək üçün stimul verir. Müsahibimiz "Fairmont Baku” hotelinin Təlim və İnkişaf üzrə meneceri Aygün Novruzovadır.

Qeyd edək ki, Aygün Novruzovanın 26 yaşı var. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirib. Magistratura təhsilini Türkiyə, Fransa və Almaniyada "CIFE” universitetinin Avropa İnstitutunda Avropaşünaslıq və beynəlxalq münasibətlər üzrə tamamlayıb. Avropa Parlamenti, WIP Qlobal Forumu, AYAPE (Avropadakı Gənc Azərbaycanlı Peşəkarlar Birliyi) kimi beynəlxalq qurum və təşkilatlarda iş təcrübəsi var. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin təlimçi mütəxəssisi vəzifəsində çalışıb. Müsahibimiz eyni zamanda "GR8” Şəxsi və Professional İnkişaf Mərkəzinin həmtəsisçisidir. Həmçinin Amerikanın "Project Rousseau” xeyriyyə təşkilatı ilə könüllü əməkdaşlıq edir.

- Bakalavr və magistr təhsiliniz hüquq və beynəlxaq münasibətlər üzrədir. Yəqin ki, o sahəni sevməsəydiniz, magistr təhsilini də almazdınız. Amma indi təlimçi kimi çalışırsınız. Niyə fərqli sfera?
- Oxuduğum müddətdə aldığım təhsilə sevgimlə bağlı heç bir tərəddüdüm olmayıb. Heç indi də peşman deyiləm. Qlobal işlərə meyilli olduğum üçün beynəlxalq təşkilatlar məni daha çox cəlb edirdi. Düşünürəm ki, hər bir insan maksimum dərəcədə daha böyük miqyasda töhfə verməyə çalışmalıdır. Buna əsasən də magistraturanı seçdim. Magistr təhsilimi aldığım Avropa İnstitutu Avropa Komissiyası tərəfindən dəstəklənirdi. Bu, o demək idi ki, biz birbaşa bu təşkilatlarla əlaqədə idik. Sonra Avropa Parlamentində təcrübə keçdim və təcrübə bitdikdə, mənə təcrübəmi davam etdirmək və çalışdığım Avropa Parlamenti üzvünün layihəsində yer almaq təklif edildi. Bu layihə bütün dünya parlamentlərindəki deputat qadınları bir araya yığan platforma idi. 8 mindən çox üzvü var idi. Həmin o təşkilatda Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Regional menecer olaraq fəaliyyət göstərirdim. Mənim işlərim həmişə paralel olub. Həyatımda heç vaxt elə bir məqam olmayıb ki, ancaq bir işlə məşğul olum.
- Bir neçə işdə çalışmaq yorucu olmur?
- Əksinə, nə qədər enerjimiz çoxdur, daha artıq işləmək imkanımız var, daha çox fayda verməliyik. Bu yaşda, ailə, uşaq məsuliyyəti olmayan vaxtlarda daha çox iş görmək mümkündür. Ailəyə verəcəyim enerjimin bir hissəsini indi işə verə bilirəm. Mənə görə, 9:00-18:00 arası iş rejimi ən yaxşı halda 30-40 yaşlarda olanlara aid ola bilər. Avropa, Skandinaviya ölkələrində iş saatı 16:00, 17:00-də də bitə bilir. Amma standart iş vaxtından sonrakı zamanı dəyərləndirmək, müxtəlif işlərlə məşğul olmaq olar. Demirəm ki bütün gün işləyək. İşdən sonra dostlara, idmana və istirahətə də vaxt ayırıram. Amma normal iş saatından sonra işləmək üçün kifayət qədər vaxt olur. Mən 6-dan sonra da işləyirəm. Düzdür, deyirlər ki, birdən çökəcəksən. Amma inanıram ki, nə qədər enerjim var, o qədər də işləməyə həvəs və istək olacaq. 4-5 ildir dediyim rejimlə işləyirəm, amma bu müddətdə 10 ilin təcrübəsini yığdığımı düşünürəm.
- Bəs işləriniz qarışmır?
- Bir neçə işlə məşğul olmaq fokusu itirməmək şərtilə yaxşıdır. Hazırda hansı işdəsənsə, o işə fokuslanmalısan. Mən hoteldə olanda ancaq hotelin işləri ilə bağlı düşünürəm və onunla məşğul oluram, ağlımda başqa işlərim olmur. Təcili nə isə olsa, bu zaman fasilə müddətindən yararlanıram. "GR8”-dəyəmsə, oranın işinə köklənirəm. Demirəm, hamı üzərinə 2-3 işi götürüb, sonra da bir-birinə qarışdırsın. Bir neçə işdə işləmək bacarığı olduğu halda işləmək mümkündür.
- Təlimlərdən birində danışdıqlarınıza əsaslansaq, elə də asan yol keçmədiyinizi deyə bilərik...
- Düzdür. Asan iş məni cəlb etmir. Asan olanda tərəddüd edirəm ki, nəsə yolunda deyil. Çox zaman deyirlər ki, qızsan, bu cür çətin işləri niyə öhdənə götürürsən? Amma mənə belə xoşdur. Bildiyim qədəriylə, nəslimizdə ilk qadın idim ki, ailədən ayrı, təkbaşına xaricdə işlədim. Oxumağı birtəhər qəbul edirlər, amma xaricə gedib işləmək o qədər də qəbuledilən deyildi. Amma etmək olur. Bir-iki il vaxt aparır, amma alınır. Atam həmişə təhsilimlə bağlı dəstək olub, deyib ki, oxumağa gedirsənsə, arxandayam. "19 yaşlı qızı xaricə göndərəcəm, təkbaşına orada necə olacaq” düşüncəsi onda da varıydı. Birinci dəfə iki həftəlik getmişdim. Yavaş-yavaş mənim xaricə təkbaşına gedəcək, orada oxuya, işləyə biləcək gücdə olduğumu qəbul etdi. Həm də valideynin övladına verdiyi tərbiyəyə bir arxayınlığı da olur. Mən buna inanıram. Ailə tərbiyəsi, dəyərlər və prinsiplər çox önəmlidir.
- Kişilər deyirlər ki, qadınların iş tapması daha asandır. Qadınların isə "kişi olsam, daha çox irəli gedərdim, kişi sərbəstdir, həyatına, işlərinə qarışanı yoxdur” yanaşmaları olur . Siz necə düşünürsünüz?
- Qadın-kişi mövzusunda fikirlərim azərbaycanlılara bir az inqilabi gəlir. Əgər bir insanla evlənmək istəmirsənsə, o adamın cinsi sənə maraqlı olmamalıdır. Mənim diş həkimimin qadın və ya kişi olması mənə maraqlı deyil, əsas odur ki, işini professional görsün. Ümumiyyətlə, mən cəmiyyətdə cinsi ayırımın sonlandırılmasını istəyirəm. Qısacası, əvvəl qadın olduğuna görə müəyyən fərqlər yaranır, amma insan xarakterini ortaya qoyanda, işi görənin kim olduğuna baxmırlar.
- Müəyyən karyeraya malik qadınlar hansısa ciddi bir çətinliyə düşəndə, bəzən "ər çörəyi” yemək məsələsini dilə gətirirlər. Çətinlik olanda bu cür düşünmüsünüz?
- Bir-iki dəfə öz-özümə zarafatla demişəm, heç yarım saniyə keçməmiş, çox yüksək səslə gülmüşəm ki, bu necə ağlıma gəlib. Lap ibtidai icma quruluşuna getsək, kişi evə çörək gətirən bir obrazda olub. İndiki halda isə bu vəzifə iki nəfər arasında paylaşılır. Bayaqkı fikirlərlə razıyam ki, indiki halda bəzən qadın olaraq iş tapmaq daha asandır. Elə xidmət sahələri var ki, azərbaycanlı kişisi orada oturub kiməsə xidmət etmək istəmir. Qadınlar daha rahat uyğunlaşdıqlarından o cür sahələrdə daha tez iş tapırlar. Bu sahələrin sayı isə gündən-günə artır. İndiki dövrdə işəgötürən üçün təkcə texniki biliklər deyil, həm də ünsiyyət, uyğunlaşa bilmə bacarığı, ümumilikdə emosional zəka böyük rol oynayır. Qadınlar da kişilər qədər iş tapa bilirlər. Bəzi fiziki güc tələb edən işlər var ki, orada qadınlar üçün işləmək çətin ola bilər. Amma yazıq ər nə qədər çörək qazanacaq? Qadın da qazana bilirsə, ona iş tapmaq daha asandırsa, ikisi də qazanıb bir-birinə dəstək olsunlar. Dəstək olmağı üstün tutaram, nəinki ərin çörəyini yeməyi. "Həmişə məşğulam, işləməyə vaxtım yoxdur” demək üçün gərək 10 uşağa baxasan.
- Bu gün ərtafımızdakı insanlardan "vaxtım yoxdur” fikrini çox eşidirik. Amma sizin işiniz çox olsa da, vaxt məsələsində deyəsən, problem yaşamırsınız...
- "Vaxtım yoxdur” cümləsini tamamlanmamış hesab edirəm. "Sənin üçün vaxtım yoxdur”, "filan iş üçün vaxtım yoxdur” desək, daha aydın olar. İnsan istədiyi hər şey üçün vaxt tapır. Sadəcə, "sənin üçün vaxtım yoxdur” deyə bilmirlər, ya xətirə dəymək istəmir, ya da heç fərqində deyillər. Səhər 06:30-da oyanıram. İlk işim gələn elektron məktublara baxmaq, bəzən "Skype” vasitəsilə danışıqlar olur. Sonra hazırlaşıb işə gedirəm. 9-da iş başlasa da, adətən 8:15-də işdə oluram. İşdən sonra isə digər işlərimə, istirahətimə, dostlarıma vaxt ayırıram, Amerikada səhər açıldığı üçün gecə oradakı işlə məşğul oluram. Eyni zamanda, ailə üzvlərimə də vaxt ayırıram. Ailəli olsaydım, yəqin ki, vaxt sərf etdiyim nələrdənsə imtina etməli olardım. Amma indiki hal üçün prioritetləşdirirəm, mənim üçün nə önəmlidirsə, onlara vaxt ayırıram. Normalda bu, nizamlı insanların işidir, nizamsız insanlarda isə xaotik durum olur. Bəzən elə mənim özümdə də belə olur.
- 9:00-da başlayan işə 15 dəqiqə gec getmək adəti daha çox populyardır. Amma siz tez gedirsiniz. İşə tez getməyin önəmi nədir?
- Biz işdə uniforma geyinirik. 9-da iş başlayır, amma mən işə gedib formamı geyinməliyəm. 9-da formam əynimdə, görəcəyim işlərin siyahısı və kofem əlimdə, elektron poçtum açıq şəkildə işə başlayıram. İş başlayan saatda gəlib uniformamı geyinib, işçilərlə salamlaşıb, bir fincan kofe içəsi olsam, bu zaman işin bir saat yarımı gedəcək. Ən önəmli vaxtı itirmiş olaram. Səhət 7-8 arası yuxudan oyanan adam üçün iş cəhətdən fiziki olaraq ən səmərəli vaxt 10-11 arasıdır. Sürəti səhər götürəndə günün qalan hissəsi də məhsuldar keçir.
- Sərbəst yoxsa, ciddi iş rejimi sizə uyğundur?
- Bu, mənim bir az yaralı yerimdir. Mən iki il ancaq "GR8”-lə məşğul olmuşam. Orda bütün rejimi, standartı, prinsipləri özümüz qurduq. Səhər neçədə gələcəyimizi, işdən neçədə çıxacağımızı özümüz müəyyənləşdirirdik. Amma sözün düzü, ən çox işlədiyim də məhz sərbəst rejimli işdə olub. Səhər 9-da işə gedib, bəzən gecə 11-ə qədər işləmişəm. Sistemli iş artıq öncədən planlanmış olur. Bu, onun üstünlüyüdür. Sərbəst rejimdə isə kreativlik olur. Rejimi mən seçəsi olsam, sərbəst rejimi üstün tutaram. Düşünürəm ki, kifayət qədər məsuliyyətli və intizamlı insanam. Amma ümumi götürsək, ciddi rejim daha yaxşıdır. Çünki hamının planlama bacarığı olmur.
- Elə insan var ki, tez-tez iş dəyişməyə meyillidir. Eləsi də var, 15-20 il eyni yerdə çalışır. Siz hansını effektli hesab edirsiz?
- Eyni vəzifədə 10-15 işləyən tiplərdən yüz faiz deyiləm. Çünki davamlı inkişafa meyiliyəm. Mənə görə, insan özü-özü ilə yarışmalıdır. Heç vaxt başqası ilə rəqabət aparmıram. Əgər 5-6 ay sonra dünənimdən heç nə ilə fərqlənmirsəmsə, deməli, ya nəyisə səhv edirəm, ya da düzgün yerdə deyiləm. Əvvəl verdiyiniz sualın cavabını da indi vermiş olacam ki, niyə təlimçilik? Çünki insanlarla ünsiyyət, özümü inkişaf etdirmək, üstəlik, insanların da inkişaf etmələrinə dəstək ola bilirəm. Belə bir iş həmişə ağlımda olub. Təlimçilik o cəhətdən mənə uyğundur.
- İndi təlimçilik bazarında qeyri-peşəkarlar həddindən artıq çoxdur. Təlimçilik bazarının bu cür olması bu sahədə çalışan biri olaraq sizi narahat etmir? Sizin də barənizdə təlimçi deyəndə "əşi, bu da elədir” deyənlər ola bilər...
- Yəqin ki, deyirlər (gülür). Mən ona inanıram ki, təkcə təlimçiliklə məşğul olan insanın bir yerdən sonra biliyi paslanmağa başlayır, çünki praktikada müəyyən iş görülmür. Ona görə mən "Fairmont”da işləyirəm, öz işimdə müəyyən əməliyyatları icra edirəm. Mən inkişafdan danışıramsa, öz təcrübəmdə də daimi inkişaf olmalıdır. Düzdür, demirəm ki, bütün inkişafla bağlı kitab yazanlar, təlimçilər hər şeyi özləri görüblər. Amma maksimum görməyə yönəlik olmalıdır. Mən təcrübədə lider olmamışamsa, liderliklə bağlı təlimim nə dərəcədə effektiv olar? Təlimçiləri nəzəriyyəçilər və təcrübədə nə isə edənlər - deyə iki qrupa ayırmaq olar. Nəzəriyyəni çox gözəl bilənlər var. Amma mən nəzəriyyə və təcrübənin balansını saxlamağa çalışıram.
- Bir çox adam "yox” demək qabiliyyətinin olmamasından şikayətlənir. "Yox” deyə bilirsiniz?
- Müəyyən yerə qədər "yox”dan istifadə etmirdim. Maksimum dərəcədə hər kəs üçün əlimdən gələni etməyə çalışırdım. Amma bəzən mənə aidiyyatı olmayan işlər üçün də mənə müraciət edənlər olur. Bu zaman artıq onları işi daha yaxşı bilən birinə istiqamətləndirirəm. "Yox” deyirəm, amma alternativ göstərirəm. İnsan mənə müraciət edirsə, inanırsa, kömək etməyə çalışıram. İndiki halda o işə vaxt ayıra bilmirəmsə, müəyyən bir zaman sonra kömək edə biləcəyimi deyirəm. Passiv deyil, aktiv "yox”la cavab verirəm.
- Uğurunuzun sirri nədir?
- Bu işi mənə görə, ən yaxşı Malkolm Qladuel "Fərqlənənlər: uğurun tarixçəsi” ("Outliers”) kitabında ifadə edib. O, Bill Qeytsdən tutmuş, "Queens” qrupunun üzvlərinə qədər bütün uğurlu insanları araşdırıb. Kitabın və araşdırmaların əsas məqsədi uğurun formulunu tapmaqdır. Kitabdan çıxış edərək deyə bilərəm ki, uğurun formulu içində mütləq çox çalışmaq var, ən azından, bir yerə qədər. Daha uğurlu olmaq üçün daha çox çalışmalısan. Mark Kubanın belə bir sözü var; deyir, elə işlə ki, elə bil, onu sənin əlindən almaq üçün 24 saat işləyən biri var. Çalışqan olmaq, insanlarla düzgün ünsiyyəti bacarmaq, düzgün insan şəbəkəsi qurmaq, emosional zəkası yüksək olmaq və şans əsas tələb edilənlərdir. Şansı isə insanın özünün yarada biləcəyinə inanıram.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər