• şənbə, 20 Aprel, 00:10
  • Baku Bakı 15°C

“İnsan öz işini quranda, saata baxmadan, həvəslə çalışır” - Biznes

14.12.18 12:30 1504
“İnsan öz işini quranda, saata baxmadan, həvəslə çalışır” - Biznes
"Ofis daxilində səhər saat 10-dan axşam 7-yə qədər işləyirik. Amma bu rejim işçilər üçün keçərlidir. Mən hələ 8-dən tez ofisdən çıxdığımı xatırlamıram. Turizm nə qədər maraqlı və əyləncəli sahə olsa da, bəzən adam yorulur. Hərdən elə olur ki, ümumiyyətlə, davam etmək istəmirəm. Amma bu çox çəkmir. Çalışıram ki, növbəti günə yeni enerji ilə başlayım. Çünki bu şirkəti özüm qurmuşam və ona bir növ ailə üzvümüz kimi yanaşıram”.

Bu sözləri bizimlə söhbətində "Gulftourism.az” şirkətinin təsisçisi Murad İmamquluzadə söylədir. Deyir ki, turizm üzrə təhsili olmasa da, son illər bu sahənin inkişafı onun diqqətini çəkib: "2007-ci ildə Bakı Türk Liseyini fərqlənmə diplomu ilə bitirib BDU-nun regionşünaslıq fakültəsinə qəbul oldum. Hələ tələbəlik dövrümdə sosial işlərlə məşğul olmağı sevirdim. O vaxtı universitetdə Tələbə Həmkarlar İttifaqının rəhbəri idim. Universiteti bitirib hərbi xidmətə yollandım. Qayıtdıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində MBA üzrə magistr təhsili aldım. Amma bununla da kifayətlənmək niyyətində deyildim. Ardınca, təhsilimi Almaniyanın Anhalt Universitetində beynəlxalq ticarət üzrə davam etdirdim. Əslində, turizm ixtisas baxımından mənim sahəm deyil. Amma biznesə olan marağım məni turizmə yönəltdi. 2016-cı ildə isə ölkəmizə ərəb turistlərinin axını başladı. Həmin vaxt qrup yoldaşım Cavid Nəbiyev mənə dedi ki, gəl, bu fürsətdən yararlanaq, özümüzə turizm şirkəti quraq. Beləcə qərara aldım ki, turizm sahəsinə yönəlim. Həmin dövrdə mən Almaniyada təhsil alırdım. Yay tətilində Azərbaycana qayıtdım və bu sahəni araşdırmağa başladım”.


Artıq kifayət qədər tərəfdaşımız var

Həmsöhbətim deyir ki, əvvəlcə turizm şirkətlərində çalışaraq təcrübə qazanıb, sonra isə öz şirkətini yaradıb: "2016-cı ilin yay aylarında müxtəlif turizm şirkətlərində çalışdıq. Çünki öz şirkətimizi qurmaq üçün bir qədər təcrübəyə ehtiyacımız var idi. İdeyamız olsa da, bir qədər çəkinirdik. Amma iş prosesində olanda gördük ki, biz bu işin öhdəsindən gələ bilərik. Bir müddət sonra nəhayət öz şirkətimizi qurduq. Artıq bir ilə yaxındır ki, şirkətimiz fəaliyyət göstərir”.

Ad seçimini isə potensial müştərilərə görə ediblər: "Şirkətin ad seçimi də bir az maraqlı oldu. Dediyim kimi, hazırda ölkəmizə daha çox körfəz ölkələrindən turistlər gəlir. BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Küveyt ölkələri ilə vizasız rejim olduğuna görə, Azərbaycana turist axını var. Həmin ölkələr isə öz aralarında vizasız rejim tətbiq edib, xüsusi təşkilat yaradıblar. Bu təşkilat "Gulf” adlanır. Bu sözün mənası körfəz deməkdir. Bizim də potensial müştərilərimiz bu ölkələrin turistləri olduğuna görə, qərara gəldik ki, şirkətin adını "Gulftourism” olsun”.

Müsahibim deyir ki, şirkət təzə yarananda müəyyən çətinlikləri olub: "Bunun əsas səbəbi turizm sahəsi ilə bağlı təhsilimin olmaması idi. Ancaq bir neçə ildir ki, bu sahədə çalışırıq və müəyyən bilgilərə yiyələnmişik. Gəlmə və ölkə daxili turizmlə bağlı demək olar ki, heç bir çətinliyimiz yoxdur. Adətən, xarici səfərlərlə bağlı müəyyən çətinliklərlə rastlaşırdıq. Çünki hansı sistemlə çalışmalı olduğumuzu ilk vaxtlar bilmirdik. Bu barədə bir qədər araşdırma apardıq. Digər şirkətlərin iş prinsipləri və təcrübələri ilə tanış olduq. Beləcə, müəyyən fikir formalaşdı. Xarici ölkə səfərlərini təşkil edən əməkdaşımıza bu barədə əvvəlcədən demişdik. Özü də bilirdi ki, bu sahədə hər şeyi sıfırdan quracağıq. Zamanla bu çətinliklər geridə qaldı. İndi artıq kifayət qədər tərəfdaşımız var”.


Demək olar ki, 24 saat işləyirik

Şirkət rəhbəri deyir ki, əslində, şirkət qurmaq kənardan göründüyü kimi elə də asan məsələ deyil: "Öz şirkətimi qurmazdan əvvəl mən həm özəl, həm də dövlət sektorunda çalışmışam. Azərbaycanın ən böyük holdinqlərinin birində iş təcrübəm olub. Amma yenə də təcrübə nəzəriyyədə deyilənlərdən fərqlidir. Əgər öz şirkətini qurmaq istəyirsənsə, gecə-gündüz çalışmalısan. Vaxtını düzgün idarə etməyi, hədəflərini müəyyənləşdirməyi bacarmalısan. Şirkətin böyümə strategiyası, marketinqi, yəni hər şey sizdən asılı olur. Ümumilikdə, müqayisə etsək, öz işini qurmağın çətin tərəfləri daha çoxdur”.

Bəlli bir iş rejiminin olmadığını söyləyən həmsöhbətim qeyd etdi ki, günün istənilən saatı onun üçün iş vaxtı hesab olunur: "Bu işi sən qurusansa, konkret iş saatların olmur. Ofis daxilində səhər saat 10-dan axşam 7-yə qədər işləyirik. Bu rejim işçilər üçün keçərlidir. Amma mən hələ 8-dən tez ofisdən çıxdığımı xatırlamıram. Evə getdikdən sonra da onlayn rejimdə işləyirəm. Müştərilərlə müzakirələr aparır, bazar araşdırmaları edirəm. Yeni ölkələri araşdırıb, strategiyalar fikirləşirəm. Elə olub ki, gecə saat 2-də tərəfdaşlarla nəyisə müzakirə etmişik. Çünki bəzi ölkələrlə saat fərqi buna imkan vermir. Yəni demək olar ki, 24 saat işləyirik. Əgər əvvəllər mənə desəydilər ki, gecə saat 12-yə qədər işləməli olacaqsan, heç bir halda qəbul etməzdim. Amma öz işini quranda, saata baxmadan, həvəslə çalışırsan”.


Həvəslə çalışan şirkətlər bu rəqabətə tab gətirəcəklər

Hazırda şirkətin 6 əməkdaşı var: "Biz bu şirkəti quranda fikirləşdim ki, komanda halında işləmək daha faydalıdır. Ona görə də, öz komandamızı qurduq. Birgə fəaliyyət zamanı iş daha tez başa gəlir və keyfiyyətli olur. Çünki bir insanın vaxt və enerji baxımından resursları limitlidir. Tək insan bütün işlərə yetişə bilməz. Burada əsas rol komanda liderinin üzərinə düşür. Əgər idarəetmə yaxşı olmasa, komanda da yaxşı işləməyəcək”.

Şirkətlərlə rəqabət aparmağın çətin olduğunu deyən Murad söylədi ki, bu sektorda qalmağın yeganə yolu yeni ideyalardan keçir: "Son bir neçə ildə dövlətin turizm sahəsinə diqqət və qayğısı artıb. Yeni ölkələrdən Azərbaycana turistlər cəlb olunub. Viza anlaşmalarına dair sərəncam və sənədlər imzalanıb. Bildiyiniz kimi turizm bumu ərəblərlə başlamışdı. İndi isə Hindistan və Pakistandan gələn qonaqların sayında da artım müşahidə edilir. Qonşu ölkə Rusiyadan da Azərbaycana xeyli sayda turist gəlir. Növbəti hədəf Çin və digər uzaq Şərq ölkələrinin turistlərini cəlb etməkdir. Turizm inkişaf etdikcə rəqabət də artır. Açığı, şirkətlər arasında rəqabət çox güclüdür. Çünki şirkətlər çoxaldıqca digərləri məcbur olub qiymət endirimləri edir. Yeni tərəfdaşlar tapmaq və köhnə tərəfdaşlarını itirməmək uğrunda rəqabət gündən-günə artır. Bu rəqabətə isə yalnız yeni marketinq taktikası, yeni strategiya fikirləşməklə davam gətirmək olur. Düşünürəm ki, şirkət strategiyasını yaxşı quran, öz işini yaxşı yerinə yetirib daha həvəslə çalışan şirkətlər bu rəqabətə tab gətirəcəklər”.


"Çox gəzən, çox bilər”

Həmsöhbətim həm də səyyahdır. O, səyahət etməyin faydalarından da söz açdı: "Mən özüm də səyahət etməyi sevirəm. Bu günə kimi 27 ölkədə olmuşam. Bunların içərisində Avropa ölkələri üstünlük təşkil edir. Amma Afrika, Misir və Yaxın Şərq ölkələrinə də səyahət etmişəm. Düşünürəm ki, insan yalnız səyahət etməklə özünü yeniləmiş olur. Uzun müddət stress altında işləmək sağlamlığımıza ziyandır. Bundan başqa, dünyanın gözəlliklərini də yalnız səyahət etməklə görə bilərik. Gəzməklə, yeni mədəniyyətlərlə tanış olursan. Həmçinin, dünyagörüşünü artırmaq üçün səyahət ən ideal yoldur. İnsan nə üçün yaşadığının fərqinə varır. Deyirlər ki, çox gəzən çox bilər. Səyahət həm də bizim yeni nələrsə öyrənməyimizə kömək edir. Adətən aşağı büdcə ilə səyahət etməyi sevirəm və ən çox buna diqqət edirəm. Avropada bu, çox geniş yayılıb. Orada sən çiyninə bel çantası alıb müxtəlif ölkələrə səyahət edə bilirsən. Amma Afrika və Yaxın Şərq ölkələrində bunu etmək o qədər də asan deyil. Belə ölkələrdə məcbur olub 3-4 ulduzlu oteldə qalırsan. Amma ümumilikdə, həmişə minimum büdcə ilə səyahət etməyi sevirəm. Ona görə, qərara gəldim ki, xaricə səyahəti hamı üçün əlçatan etmək lazımdır. Bizim xarici tur konsepsiyamızın əsasını məhz bu təşkil edir. Əlimizdən gəldiyi qədər tur qiymətlərini minimuma endirmişik”.

Murad deyir ki, turizm nə qədər maraqlı və əyləncəli sahə olsa da, bəzən adam yorulur: "Hətta elə olur ki, ümumiyyətlə davam etmək istəmirsən. Amma bu çox çəkmir. Çalışırıq ki, növbəti günə yeni enerji ilə başlayaq. Çünki bu şirkəti özümüz qurmuşuq və ona ailə üzvümüz kimi yanaşırıq. Övladın kimi, öz şirkətini də sağlam şəkildə böyütmək istəyirsən. Şirkət uğur qazandıqca, sən də onun uğurları ilə fəxr edirsən. Bu, bir növ sənin həyatda nəyisə bacardığının sübutudur. Yorulanda əsas motivasiyam məhz bu olur. Daha da inkişaf etmək və irəliyə getmək əsas məqsədimdir”.

Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər