• cümə, 29 Mart, 16:00
  • Baku Bakı 14°C

“İnsan öz həyatının memarı olmalıdır” – Uğur yolu

24.07.15 11:21 97698
“İnsan öz həyatının memarı olmalıdır” – Uğur yolu
Babək Bayramov: “Həyatın dəyişilməsi 10-20 ildə deyil, insanın dəyişməyə qərar verdiyi anda baş verir”
Bu gün dünyada siyasətçilər, biznesmenlər, dövlət qurumlarının əməkdaşları Neyro Linqvistik Proqramlaşdırma (NLP) ilə həyatlarını dəyişmək, daha uğurlu olmaq istəyirlər. Mütəxəssislərin sözlərinə görə, NLP proqramı ilə nəticənin daha sürətlə alınması, dəqiqələr ərzində inancın dəyişdirilməsi, fobiyanın yox olması mümkündür. Müsahibimiz Beynəlxalq dərəcəli NLP Master Treyner Babək Bayramovdur.
- Neyro Linqvistik Proqramlaşdırma nədir və nəyə yarayır?
- NLP 40 ilə yaxındır ki, dünyada mövcuddur. Neyro, beyinin neyroloji sistemini təmsil edir. Beynimiz beş dillə danışır: Görmə, eşitmə, dad bilmə, qoxu və toxunma. Hər təcrübədə bu beş dildən birindən, yaxid bir neçəsindən istifadə edirik. Bunlar dünyanı qavrama sistemlərimizdir. Linqvistika özümüz və digərləri ilə ünsiyyətimizi təmsil edir. İnsan özü ilə ünsiyyətə girməyi bacarmırsa, digərləri ilə də ünsiyyətə girə bilməz. Proqramlaşdırma isə bizim davranış qəliblərimizdir. Bu günkü davranışlarımız dünənkinə, dünənki srağagünkünə və s. çox bənzəyir. Bu, o deməkdir ki, qəlibləşmiş davranışlarımız var. Bu qəlbləşmiş davranışlar bizim həyatımıza eyni nəticələr gətirir, çünki eyni yolla gedirik. Həyatda nəticələrimizi dəyişmək, həyatımızı daha yüksək səviyyəyə daşımaq istəyiriksə, o zaman davranışlarımızı dəyişdirməliyik. Amma təkcə davranışlarını dəyişdirməklə insanın həyatını dəyişdirmək mümkün deyil. Çox hallarda inanclarının və dəyərlərinin də dəyişməsinə ehtiyac yaranır. Həyatın çətin olacağına inanan insanın həyatı təbii ki, çətin olacaq. İnsan nəyə inanırsa, ondan ibarətdir. Bunun üçün NLP inanc dəyişdirmə sistemləri var. Bizi gücləndirən və zəiflədən inanclarımız var. Bəzən bizi zəiflədən inancları yox etsək, bizi gücləndirən inancları yaratmasaq da bu, uğur qazanmağımız üçün kifayət edir. Çünki öz potensialı ilə həyatda bir yerə çata biləcəyinə inanmayan insanlar ətrafımızda yüzlərlədir. Belə insanlar həyatlarını dəyişmək üçün özlərində kifayət qədər gücün olduğuna inanmırlar. Amma insan edə biləcəklərinin hamısını edə bilsəydi, özünü belə heyrətə salacaq nəticələr alardı. Əslində həyatın dəyişilməsi 10-20 ildə deyil, bir anda baş verir. Bu da insanın dəyişməyə qərar verdiyi andır. Bu zaman ən azı, həyatının yönü dəyişir.
- İnsanların uğur qazanmasına maneə olan nədir? Yaxud həyatda uğuru necə qazanmaq olar?

- Əslində insanlar nə istədiklərini bildiklərini zənn etsələr də, əksəriyyəti bunu bilmir. Bir adamdan nə istədiyini soruşanda əzablardan canının qurtarmasını, yaxud kasıbçılığına son verilməsini istədiyini deyir. Bir sözlə, nə istədiyindən daha çox, nə istəmədiyini deyir. Beyində ən çox nəyi düşünürsənsə, həyat ondan ibarət olur. “Narahatçılıq istəmirəm” demək, nə istəmədiyini deməkdir. Amma “rahatlıq istəyirəm” demək nə istədiyini ifadə etməkdir.
Birinci nə istədiyinizi müəyyənləşdirir və onu beyinə tanıdırıq. O hədəf beyində tanındıqdan sonra orada bərkiyir. Daha sonra bu hədəfi əldə edəcəyinə insanın inamı gücləndirilməlidir, ona inanmalıdır. Bu zaman insan tamamilə dəyişmiş olur, sönmüş vəziyyətdən güclü vəziyyətə keçir. Əgər insan gedəcəyi yerdə yolun sonunu görmürsə, həvəssiz olur, həyatdan zövq almır, tez-tez depressiyaya düşür. İstəklərini dilə gətirmək, nəyi isə istəmək bəzilərinin fikrincə, xəyaldır. Amma hər bir şey öncə xəyal olub sonra gerçəkləşir. Ətrafımızdakı bütün texnologiyaları yaradaraq dünyanı dəyişdirən insanlar, nə yaradacaqlarını beyinlərində xəyal olaraq canlandırmasaydılar, istədiklərini heç vaxt gerçəkləşdir bilməzdilər. İnsan özü nə istədiyini bilməli və öz həyatının memarı olmalıdır. Bəzən hesab edirik ki, dünyada nəsə bir dəyişiklik olacaq və bizim həyatımız dəyişəcək, ağ atlı şahzadəni gözləyirik. O şahzadə heç vaxt gəlməyəcək. Çünki insan ilk növbədə özündə dəyişiklik etməlidir. Qarşımıza hədəf qoyuruq. Hədəf görsənməyən bir şeydir. Uğurun sirri də görsənməyənə inanmaqdır. Onun mükafatı isə inandığını görməkdir. Hədəfinizə uyğun olaraq bir kimliyinizin olması vacibdir ki, sizi hədəfə aparsın. Mövcud kimliklə hədəfinizə çata bilməzsiniz. Məsələn, müğənni olmaq istəyirsinizsə, əvvəlcə özünüzdə müğənni kimliyi yaratmalısınız. Yeni bir kimlik və bu kimliyin içərisində yeni davranışlar, bacarıqlar olmalıdır. O zaman biz həyatımızı tamamilə dəyişdirə bilərik.
- Çoxları cəmiyyəti qınayır, uğur qazanmaq üçün mütləq insanın arxansında pulun, yaxud “dayday”ın olmasının vacibliyini düşünür. Sizcə, bu, düzgündür?

- İlk növbədə öz qanadlarına güvənməlisən. Amma təbii ki, “dayday”, pul kimi resurslardan istifadə edirik. Hesab edirik ki, bizim resurslarımız çatmır və bunlar olarsa, həyatımızı dəyişə bilərik. NLP-də belə bir qanun var ki, insan ona lazım olan bütün resurslara malikdir, yaxud onları yarada bilər. İstənilən resurs yaradıla biləndir. Burada problem resursun olmamağında deyil, insanın bu resursu yarada bilməməsindədir.
- Babək bəy, uğur qazanmaqda bəxtin, şansın nə dərəcədə rolu var?
- Alın yazısı yazılmış bir trayektoriyadır. Əgər alın yazısı deyilən bir şey varsa, özümüzü niyə oda-közə vurmalıyıq? Bir şey olacaqsa, deməli, olacaq. Yaxud əgər biri vurub digərini öldürürsə, deməli, bu alnına yazılıb və olmalıdır. Əgər taleyində bu vardısa deməli, qatil boynuna düşən bir missiyanı yerinə yetirib. Niyə qatili cəhənnəmə göndərsinlər ki? Buna görə mən bəxtin yaradıla bilən bir şey olduğuna inanıram. Yəni biz özümüz öz bəxtimizi yarada bilərik. Əgər bir şeylərin dəyişiləcəyini gözləyir və özümüz bir şey etmiriksə, inanmıram ki, bizim bəxtimiz gətirsin.
- NLP vasitəsilə tənbəl, bacarıqsız insanlar da uğur qazana bilərlər?
- Zəif insan yoxdur, insanı zəiflədən ruh halları var. Əgər insan istəyirsə, qazanar. Bu halda önəmli olan istəkdir. Siz əgər dəyişmək istəmirsinizsə, dünyanın ən güclü ustaları gəlsə belə, sizi dəyişdirə bilməzlər. Bir var heç bir şey istəməyən, bir də var istəsə də, özünü hərəkətə gətirə bilməyən insan. Biz belə adamlara kömək edə bilirik. İnsanlarda dəyişmə qorxusu deyilən bir şey də var. Çox zaman insanlar dəyişikliyi qəbul etmək istəmirlər. Çünki beyin “sən burada güvəndəsən” deyir. Bilinməyən bir şey beyin üçün təhlükəlidir. Amma insan istəyərsə, dəyişim çətin deyil.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər