• çərşənbə axşamı, 19 mart, 15:23
  • Baku Bakı 8°C

İnsan öz cəhənnəmini özü yaradır

13.05.19 12:45 2068
İnsan öz cəhənnəmini özü yaradır
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimizədəbi tənqidçi, ədəbiyyatşünas Mətanət Vahiddir. Mətanət xanımın sevdiyi əsər Joze Sarmaqonun "Korluq” romanıdır.

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Joze Sarmaqonun "Korluq” romanı sizin sevdiyiniz əsərdir?
– Joze Saramaqonun ən çox üslubunu sevirəm və "İsanın incili”ndən sonra ona elə aşiq oldum ki, bütün romanlarını oxumaq qərarına gəldim. Saramaqonun stili unikaldır: onun az qala səhifə boyunca uzanan, bununla belə yormayan cümlələrdən ibarət, yüngül akademik çalarlı, bütün mətni müşayiət edən, ləzzəti damaqda qalan incə ironiyalı təhkiyəsi zövq verir. "Korluq” romanında sətir aralıqlarında "İncil”ə, dini rəvayətlərə və bədii əsərlərə sıx-sıx göndərmələrin fərqinə varmaq mümkündür.
"Korluq” romanında etik məsələlər qabardılır; bir-birinin ardınca insanları saran korluq metaforadır – ağlın, təfəkkürün, düşüncənin, hətta qəlbin, bəsirət gözünün korluğudur, mənəvi görməzliyi ifadə edir. Müəllif kor olmuş insanları nahaq yerə dəlixanaya yığmır ki. Müəllif insan psixologiyasının bilicisi kimi, təbib kimi bu mənəvi bəlanın diaqnozunu qoya bilib. Sosial eksperimentləri sevən Saramaqo üçün korluq priyomu cəmiyyətə özünü göstərmək məqsədi daşıyır. İnsan kritik situasiyalarda əsl özünü tanıyır, sərhədlərini bilir. "Korluq” cəmiyyətə özünü göstərən güzgüdür – "buyurun baxın özünüzə, əsl kimliyinizi görün, mahiyyətinizə varın” deyir.
Kitabın əvvəlində onun orijinaldakı adı yazılıb – "Ensaio sobre a cegueira”. Portuqal dilindən mənası "Korluq haqqında esse”dir. Nədənsə bizdə də, rus, türk və ingilis dillərinə də romanın adı məhz "korluq” kimi tərcümə olunur. Halbuki bu romana ən çox elə müəllifin verdiyi ad yaraşır. Romanda yaşananlar bir xəyal məhsulu olduğu və bu fiziki qüsur vasitəsilə insanın mənəvi zəlalətindən bəhs edildiyi üçün "Korluq haqqında esse” adı, fikrimcə, əsəri və müəllifin məramını daha dolğun ifadə edir.
Əsəri dilimizə Nadir Qocabəyli rus dilindən tərcümə edib. Adətən, dilimizə bərbad tərcümələr ucbatından əcnəbi müəlliflərin əsərlərini rus dilində oxumağa üstünlük verən biri kimi deyim ki, müəyyən qüsurları gözardı etsək, tərcüməçi bu əsərdə Saramaqonun üslubunu saxlamağa əsasən nail olub.
– Saramaqonun "Korluq” əsəri dialoqların quruluşuna görə müəyyən qədər Folknerin əsərlərini yada salır. Ümumi stil baxımdan isə sanki bir az Kamünün "Vəba” əsərini xatırladır. Hətta süjetinə görə də oxşarlıq duyulur. Kamünün əsərində vəbadan, Saramaqonun romanında korluqdan söhbət gedir. İstərdim yuxarıda haqqında danışılan oxşarlıqları şərh edəsiniz...
– Bu bənzərliklər üst qatda görünən və buna görə də çox bilinən, haqqında çox bəhs edilən məsələlərdir. Joze Saramaqo kimi Uilyam Folknerin əsərləri də çətin oxunan mətnlərdən hesab olunur. Folknerə sual verilir ki, sizin romanlarınızı hətta üç dəfə oxuduqdan sonra belə, anlamayan oxuculara məsləhətiniz nə olardı? Yazıçı cavab verir ki, 4-cü dəfə oxusunlar. Həqiqətən, müəllif yazdığını necə oxumaq barədə qaydalar kitabı da yazmalı deyil ki. O, dəfələrlə vurğulayırdı ki, üslubu əsərin mövzusu müəyyənləşdirir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, Saramaqonun "Korluq” romanında təhkiyə oradakı mövzu qədər ağırdır. Bununla belə, müəllifin ironiyası oxu prosesinə qəribə bir "əyləncə” qatır. Kitabı yeni oxumağa başlayanda Saramaqonun yazı tərzi, xüsusən, dialoqların durğu işarələrsiz və təhkiyə kimi təqdim olunması müəyyən çətinlik törədə bilir. Az sonra isə artıq mətnə elə aludə olursan ki, bu dəyişikliyin fərqinə varmırsan. Bu kimi fərqliliklər şəxsən mənim üçün sadəcə bir eksperiment təsiri bağışlayır. Alber Kamyunun romanı ilə müqayisəyə gəlincə, korluq, vəba, ümumiyyətlə, fiziki xəstəliklər mənəvi bəlalara metaforadır və onlarla müəllif tərəfindən bu və ya digər dərəcədə işlənilib.
– Bu romanla dünya ədəbiyyatında başqa hansı əsərlərlə paralelik görürsünüz?
– Oxuduqlarımdan Con Uindemin "Triffidlərin günü” romanı ilə müəyyən paralelliklər gördüm. Bu əsərdə yaxınlaşan kometaya baxdıqları üçün əhalinin böyük əksəriyyəti korlaşır, yalnız başını qaldırıb göyə baxmayan olduqca az sayda adam görməyə davam edir. Korluq azmış kimi, sonradan əhali həm də vəbaya tutulur. Saramaqonun romanında olduğu kimi Uindemin də əsərindən çıxan nəticə həm də budur ki, insanlar düşdükləri bütün vəziyyətlərdə, sağ qalmaq uğrunda mübarizədə insan olduqlarını yaddan çıxarmamalıdırlar. Ümumiyyətlə, apokaliptika janrında yazılmış bütün əsərləri qlobal faciələrin insan həyatına müdaxiləsi və bunun nəticələri ilə bağlı qənaətlər bu və ya digər dərəcədə bir-birinə bağlayır. Bu baxımdan Herbert Uelsin "Dünyaların savaşı” romanı ilə də müəyyən bir paralellik aparmaq olar. Baxmayaraq ki, orada faciəyə səbəb pandemiya və ya təbiət hadisəsi deyil. Korluq motivini isə H.Uels "Korlar ölkəsi” hekayəsində işləyib.
– Saramaqo korluq ideyası ilə bu əsərdə eksperiment aparır. İnsanın daxilində birinci hansı hiss gəlir: İnsani, yoxsa ki heyvani instinkt? Sizcə, Saramaqo bu suala nə qədər cavab tapa bilib?
– İnsanı aliləşdirən, hər mənada ehtiraslarının qulu olmaqdan çəkinməkdir. Həvəs gəldiyi anda düşünmədən sənə aid olmayana əl uzadırsansa, başqasının haqqına sahiblənirsənsə, demək, heyvani instinkt qalib gəlir. İçindəki insan yalnız imtinalardan sonra üzə çıxır. İnsanın qarşısına çıxan hər imkana sahiblənmək azarı nəticədə hər cür əxlaqsızlığa ehtiyac donu geyindirməklə, hər cür şərəfsizliyə bir şəkildə haqq verməklə nəticələnir. Lap uşaqlıqdan "insan yer üzünün əşrəfidir” fikrini eşitməyə alışmışıq. İnsanın xislətindəki şeytanilik ağır gələndə eyni fikri deyə bilirikmi? Qarnını doyurmaq və cinsi istəkləri uğrunda heyvani mübarizə verən insanın heyvandan fərqi nə olur? Məsələn, "Korluq” romanında ilk fürsətdə gənc və gözəl qadınla birlikdə olan həkimin vicdanı yalnız həvəsi ötüb keçəndən sonra tərpənir. Halbuki onun arvadı sədaqət mücəssəməsidir və onunla birlikdə bu cəhənnəmə gedən yolu özü seçmişdi. Həkim isə düşünmədən ona xəyanətlə təşəkkür etdi. Ümumiyyətlə, Saramaqonun romanlarında qadına yaxşı mənada fərqli münasibət müşahidə edirəm. "Korluq” romanında da qadınlar daha vicdanlı, daha mərhəmətlidirlər.
İnsanlar tox, təmin edilmiş olanda yüksək ideallardan, ali prinsiplərdən daha çox bəhs edirlər. Həqiqətən bu ideallar və prinsiplərlə yaşayanlar isə adətən, bu haqda danışmırlar, sadəcə onları həyata keçirirlər. Həyatını maddi, fiziki ehtiyacları uğrunda mübarizəyə həsr etməli olanlar zamanla ya yorulur və ideallarından əl çəkib ehtiyaclarının dalınca düşür, ya da o ideallarından imtina etmirsə, ehtiyac onu sıradan çıxarır. "Korluq” romanında insanlar ən sonda itirilməli olanı – ümidi belə itiriblər. Qarşıda onları nə gözləyir? – bəyaz "qaranlıq”. Aralarında maşın oğrusu yarası iltihablandığı və sağalmaq ümidi olmadığı üçün intiharı seçir, əsgərlərin ona güllə atacağını bildiyi üçün klinikadan çıxır və qətlə yetirilir. Qalanları isə yaşamaq istəyir və adi fiziki mövcudluğun tələbləri göstərir ki, insanın ehtiyacları artdıqca heyvani instinkt qalib gəlir. Hələ əvvəldən də bu instinkt üstün olubsa, onda vəziyyət lap dəhşətlidir.
– Əsərdə yazıçının qoyduğu problemlərdən biri də insanın təhlükə anında nələrə qadir olmasıdır. İstərdim bu məsələdən danışaq...
– Romanda korluğun səbəbi göstərilmir, bu səbəbi personajların sonrakı davranışları əsaslandırır. Hər şey elə bir həddə qədər pisləşir ki, epidemiyanın gözlənilmədən başlandığı kimi, finalda gözlənilmədən keçib getməsi sevinc və xoşbəxtlik kimi görünmür. İnsan bu qədər pisliyə, çirkaba batdıqdan, özünün bu qədər mənfur olduğunu bildikdən sonra gözlərinin açılması xoşbəxtlikdirmi? Bu bəyaz korluq fiziki mənada insanın gözünün qarşısına pərdə çəksə də, özünə, kimliyinə dönüb baxmaq üçün imkan yaradır və biz insanın kritik anda heyvandan fərqlənmədiyini, sağ qalmaq uğrunda mübarizədə vəhşiləşdiyini, canavarlaşdığını görürük. İnsanlar yemək üçün bir-birini satmağa da hazırdırlar. Hətta həkimin arvadı qadınları alçaldan korların başçısını öldürdükdən sonra onlara yemək verilməyəndə kişilərdən biri deyir, gəlin qatili onlara təhvil verək ki, bizə yemək versinlər. Sözün bitdiyi yerdir. Bu əsərin etik tərəfi əsər boyu özünə bu situasiyada necə davranacağın barədə sual verməyə məcbur edir.
Romanda yeganə ən xeyirxah, anlayışlı, fədakar insan, bütün olanları gözü ilə gördüyü halda, insanların xilası üçün mücadilə aparan həkimin arvadıdır. Zərif, lakin ədaləti bərpa etmək gərək olduğu zaman "uf” demədən öldürə biləcək qədər güclü qadın. Təəssüf ki, itmiş ədalətin bərpası da yalnız güc tətbiq etməklə mümkün olur. Beləcə, korluğun səbəbinin insanın fitrətən vəhşi olması, bir-birini əzməyə, özünü ucaltmaq, xilas etmək üçün başqalarını tapdalamağa hazır olmasının nəticəsi kimi görürük. Bu bəladan salamat qurtaran, fiziki cəhətdən məhv olmayanlar məhz insanlığını bir şəkildə qorumağı bacaranlar, çətin məqamlardan keçmək üçün hər mənada bir-birinə tapınanlardır.
– Əsərdə insanın daxili keyfiyyətləri ilə xarici görünüşü arasında fərq nəzərə çarpdırılır. Saramaqo korluqla bu daxili və xarici aləmi hansı vəziyyətlərdə müqayisə edir?
– Əsərdə həkimin təxminən belə sözü var ki, mən ömrüm boyu insanların gözlərinə baxmışam, bəlkə də gözlər insan bədəninin yeganə hissəsidir ki, orda ruh yaşayır, bəs gözlər də olmasa, nə olar? Qeyd etdiyim kimi, romanda korluq insandakı bütün çirkin xislətlərə metaforadır, başqa sözlə, aşınmış mənəviyyatı ifadə edir. Həkimin arvadının görməsi isə onun mənəvi təmizliyinin, kamillik dərəcəsində yaxşılığının göstəricisidir. Səhv etmirəmsə, "Zumər” surəsindədi məşhur ayə – "heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?”. Bilməyi görməklə əvəzləsək, eyni məntiqi mənaya vararıq. O bu kor "qövm”ün görən rəhbəridir, yalnız o bu insanları ardınca aparmaq iqtidarındadır, çünki yeganə görəndir.
– Sizcə, gözü görən yeganə insan mahiyyət etibarı ilə kimdir və onun əsas missiyası nədən ibarətdir?
– Mahiyyətcə xilaskardır. Adına peyğəmbər deyək, müqəddəs hesab edək, Məryəm, lap İsa, ya da Nuh adlandıraq, fərq etməz, onun əməllərinin mahiyyətində xilaskarlıq var. Həkimin arvadının bütün gücü tükənəndə ərindən xahiş edir ki, onu kilsəyə aparsın. O əmindir ki, orada bir balaca uzana bilsə, yenidən doğulmuş kimi olacaq, özünə gələcək. Onun üçün bütün olanları görmək korluqdan qat-qat artıq bir əzabdır. Korlar gözləri görmədiyindən, tədricən utanma hissini də itirir, sadəcə özlərinin fiziki ehtiyaclarını ödəyə bilmək məqsədilə hər cür iyrəncliyi həyata keçirir və bu insanların əsl korluğu, mənəvi şikəstliyi onları başqasının görmədiyi düşüncəsi ilə başlayır. Həkimin arvadı, içində olduğu xaosu, çirkabı görən yeganə insandır və hər cür ağlasığmaz çirkinliyə məhz mərhəmət gözü ilə baxır; ya haqq qazandırır, ya da göz yumur. Hətta ərinin qonşu çarpayıda əxlaqsız qadının yatağına girməsini gözləri ilə görsə də, heç birini qınamır, onlara sevgi ilə yanaşmaqda davam edir, sanki ruhlarını xilas edir. Xeyirxahlıq edərkən bu günahkarları digərlərindən fərqləndirmir: onu heç bir zaman görməyən əxlaqsız qara eynəkli qadın, əsərin sonlarına doğru deyir ki, mən səni görmüşəm, iki dəfə yuxuda, sən gözəlsən. İnsanı gözəl göstərən həm də ona olan sevgidir. Əlbəttə, həkimin arvadının qarşısındakı gənc qadının gözlə görmədiyi gözəlliyi qəlbinin, ruhunun gözəlliyi ilə bağlıdır. Onun gördüyünü ərindən başqa heç kim bilmirdi, insanlara kömək etməyə və təkbaşına bu qədər adamın yükünü çiyninə götürməyə də bilərdi. Həkimin arvadı bu dəhşətli situasiyada insanlığını sona qədər qoruyub saxlayan yeganə insandır. Onun görmə səbəbi də digərlərindən fərqli – xeyirxah, mərhəmətli, özü üçün başqalarının rifahını qurban verən yox, özünü başqaları naminə qurban verən olmasıdır. Elə təkcə gördüyü halda əri ilə onu da aparsınlar deyə "mən də koram” deyərək yalan danışması da özlüyündə bir qəhrəmanlıqdır. Sevdiyinə sədaqət sevgidən daha ali duyğudur...
– Əsərdə adi korluqdan yox, niyə məhz bəyaz korluqdan gedir söhbət? Sizcə, bu korluğun məhz ağ olmasının səbəbi nədədir?
– Müstəqim mənada, fiziki korluq qaranlığa bürünər, romandakı "bəyaz korluq” isə insanların vicdan korluğunu ifadə edir. Psixologiyada "bəyaz korluq” fenomeni insanların fərqində olmadığı, baxsa da görmədiyi, yaxud görmək istəmədiyindən şüurunu "söndürdüyü” nəsnələr üçün istifadə edilir. Əslində, "bəyaz korluq”dan daha çox İQ səviyyəsi aşağı olan insanlar əziyyət çəkirlər. Mən "əziyyət” deyirəm, amma insan fərqində olmadığının əziyyətini də çəkmir heç. Baxın intellektual kəsim cəmiyyət üçün həmişə narahatdır, onların sənət zövqündən tutmuş, özlərini inkişaf etdirmək istəməməyinə qədər hər şeyin dərdini çəkir. Yer üzündə heç nəyi düşünmədən, daim başqalarını qınayan, özünə baxmağı ağlının ucundan belə keçirməyən insanlar qədər bəxtəvəri yoxdur. Onlar nə sözlərini, nə özlərini, nə də əməllərini ölçüb-biçər, beləcə ölçü-biçisiz həyatlarında yalnız beyinlərinə yerləşə biləcək qədəri ilə xoşbəxt olarlar. Onları ölkənin, cəmiyyətin, dünyanın problemləri maraqlandırmır. "Toyuq korluğu” insanlara dünyanı xoşbəxtlik rəngində göstərir. Yeri gəlmişkən, Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni” romanında Bulud müəllim sarı korluğa tutulur və dünyanı sarının onlarla müxtəlif çalarında görür. Saramaqonun romanından sonra Zahid bəyin romanını bir də oxudum, maraqlı analogiyalar aparmaq olar. Bunun üçün illah da bir mətnin o birinin təsiri ilə yazılması lazım deyil, hətta özündən əvvəlki əsərlə tanış olmadan da oxşar fikri mətndə ifadə etmək mümkündür. Hər iki əsərdə korluğun qaranlıq kimi deyil, birində bəyaz, digərində sarı olması onu fiziki korluqdan fərqləndirmək, bəsirət gözünün korluğunu bildirmək üçündür, gözlərə çəkilmiş pərdədir, metaforadır.
– "Düşünürəm ki, biz kor olmamışıq. Biz elə əvvəldən də kor idik, indi də kor olaraq qalırıq. Biz görən korlarıq. Biz görə bilən, amma görmək istəməyən korlarıq!” Sizcə, Saramaqo bu fikirlərinin sətiraltı qatında hansı düşüncələrini qabardırdı?
– Bu sətirlər romanın finalındandır. Xatırlayırsınızsa, bunun ardınca həkimin arvadı pəncərəyə yaxınlaşıb əvvəlcə aşağıya, zibil dolu küçəyə, gözləri açılmış oxuyan, qışqıran insanlara baxır, başını göy üzünə doğru qaldırdığı an isə o da kor olur: hər tərəf ağappaq. Əvvəlki səhifələrdə onun görmə ilə bağlı dediyi sözlər yada düşür. Görmək burada qarşılıqlıdır – insanların bir-birini görməsi, başqa cür ifadə etsək, sevgisi, xeyirxahlığı, qayğıkeşliyi görməni şərtləndirir, birinin ürəyində yaranan gözəl duyğular digərinin ürəyində əks-sədasını tapır. İnsanı görməyə qoymayan içində özünə yer etmiş qorxularıdır – hər kəs özü üçün qorxur, ona aid olandan ötrü təşviş keçirir. Yalnız özünü qoruyan insan ətrafına biganə qalır, lakin zamanla biganəlik göstərdiyi məsələlər üst-üstə yığılıb artıq onun da qurtula bilməyəcəyi bir bataqlığa çevrilir. İnsan öz cəhənnəmini özü yaradır. Çünki pislik yoluxucudur, izi qalır. "Korluq” romanında yalnız öz xilasına yönəlik addımlar atan insanlar məhv olurlar, həkimin arvadı Nuh misalı arxasınca apardığı insanları isə birgə hərəkət etməyə sövq edir, bir-birlərinin maraqlarını tapdalamağa imkan vermir.
– Korların saxlandığı yer bir mikro-kosmos kimi qəbul edilə bilər. Burada qadın-kişi münasibətləri, güc və iqtidar məfhumları, qidalanma-sığınacaq tapma kimi müasir dünyanın əsas problemləri yenidən məna qazanır, yenidən müzakirə edilir, əslində, nəyə nə qədər ehtiyacımızın olduğu göstərilir.
– Mikro-kosmos deyək, mikroskopik sosium adlandıraq, ya cəmiyyətin, yaxud elə dünyanın kiçik modeli deyək, mahiyyətcə fərq etməz. Həmin klinika nəticədə dünya qədər genişlənir. Əslinə baxsaq, bu mətndə qeyri-real görünən yalnız korluğun epidemiya kimi mövcud olmasıdır. Belə bir şey real olsa, mətndə yaşananların dəhşəti daha artıq olar. Reallıqdakı vəziyyət mahiyyətcə "Korluq” romanındakından fərqli deyil ki. Gözlərimiz açıq olsa da, "görmürük”, "geniş yumulmuş gözlərlə” gerçəklərə koruq. Bunları yaşamağa məhkumuq. Bu məhkumluq insanı hər gün içdən-içə əzir. Əzilən, tapdalanan olmamaq üçün güclüdən daha güclü olmağı seçən insan da həmin o eybəcərləşmiş güclünün yolunu gedir, ona çevrilir və bu epidemiya sürətlə bütün dünyanı tutur. Sanki gözlər açıqdır, lakin fikrən onları bərk-bərk yummusan, gördüklərini fəhm etməmək üçün. Bu, romanda qoyulmuş ideyanın bir tərəfi.
Saramaqo, bilindiyi kimi, antiqlobalist idi. Elmi-texniki tərəqqinin müsbət tərəflərini görməklə yanaşı, çağdaş dünyada bədbəxtliyin də artdığı fikrində idi. Müasir insanın həyatında ona heç də vacib olmayan onlarla nəsnə yer tutur, insan bu lazımsız şeylər uğrunda mübarizə aparır: göz qamaşdıran parıltı, bahalı aksessuarlar, bir-birinin bəhsinə min bir əziyyətlə başa gələn telefonlar, avtomobillər və s. Halbuki yaşamaq və xoşbəxt olmaq üçün insana bu qədəri lazım deyil. Elmi texnologiyanın inkişafı həyatımızı asanlaşdırdıqca, əlçatanlıq artdıqca hüzurumuz qaçır, lazımsız əşyalar, lazımsız adamlar böyük bir lazımsız kütləyə çevrilib həyatımızı çirkaba bulayır. "Korluq” romanında insanların gözünün tutulması bu mənada cəza da sayıla bilər, lütf də. Axı bu korluq epidemiyası olmasaydı, insanlar nə qədər yanlış yaşadıqlarının, mənasız şeylər uğrunda mübarizə apararaq həyatlarını çətinləşdirdiklərinin fərqində olmazdılar. O klinikada bir neçə günlük nahar üçün üst-başlarındakı ən qiymətli əşyalarından imtina edən, veriləcək qiymətli əşyaları qalmadıqda istəmədən bədənlərini təslim edən insanlar üçün ən vacib olanı sağ qalmaqdır. İnsan yüzilliklər boyu nələri öyrənib, nələrə sahib olub, amma kritik situasiyalarda heç düşünmədən hamısından imtina edə bilir. Bu baxımdan "Korluq” həm də Joze Saramaqonun antiqlobalist düşüncələrini əks etdirən romandır.
– Bəzi insanlar düşünürlər ki, bu əsər insanın istənilən çətin vəziyyətdə insanlığını itirmədən yaşaya bilməsinin mümkünlüyü barəsindədir... sanki yazıçı demək istəyir ki, hər zaman seçim imkanımız var. Və ən başlıcası hər zaman sevgi var. Bəs siz bu məsələlər barədə nə düşünürsünüz?
– Romanın atmosferi o qədər ağırdır ki, hərdən kitabı qatlayıb bir tərəfə qoymaqdan özünü zorla saxlayırsan. Çılpaq həqiqətin bunca iyrəncliyi adamı ürpərdir. Olanlar getdikcə daha çox dəhşət saçır, situasiya olduğundan daha çox qaranlıqlaşır, çirkab sözün hər iki mənasında bataqlıq kimi insanları içinə çəkir. Aclıq, ölümlə sonuclanan xəstəliklər, sağ qalmaq uğrunda insanların bir-birinin boğazını çeynəməsi, bir qarın yemək üçün alçaldılan, ən iyrənc formalarda təhqir edilən insanlar... Bu qədər pisliyin yaşandığı qaramat bir mühitdə hər hansı bir yaxşılıqdan, sevgidən bəhs etmək absurd kimi görünür. Lakin həkimin arvadı bu qaranlığın içində, ölülər dünyası, korlar mühitində qəlbinin işığı ilə öz ruhunu və ətrafındakıları qorumağa, xilas etməyə nail olur. Onun simasında xeyirxahlıq və sevgi, sədaqət və qayğıkeşlik cəm olaraq kiçik qrupun vicdanına çevrilir, qaranlıqda yolunu itirmiş insanlara mayak olur, çıxış yolu göstərir.
– Əsərdə heç bir obrazın adı yoxdur. Sizcə, Saramaqo niyə obrazlarına ad verməyib?
– Roman, ümumiyyətlə, xüsusi isimlərdən arınmış şəkildə yazılıb. Yalnız obrazların deyil, məkanların da adı verilmir. Burada baş verənlər zamansız və məkansızdır, hansısa konkret milliyyətə də aid edilmir. Yəni kim oxusa, orada öz ölkəsini, şəhərini və özünü görə bilir. Əsərdə həkimin arvadından başqa heç kim görmür, hamısı üçün dünya bir rəngdədir, əslində, rəngsizdir. Bu insanlar görmə qabiliyyətini itirməklə hər şeyi itiriblər, iş, ev, maddi imkanlar arxada qalıb, aralarındakı irqi, milli, dini, sosial fərqlər silinib. Müəllifin məqsədi insanı hər hansı milliyyətə mənsubluğunu vurğulamaqdan daha üstün olduğuna, ideyanın bəşəri olduğuna, ümumiyyətlə, insana aid edildiyinə görə adlandırmalara ehtiyac görməyib.
– Romanda belə bir cümlə var: "Kordan daha pisi, görmək istəməyəndir!”. Sizcə, müəllif "görmək istəməyən” deyərkən kimləri nəzərdə tutur?
– Romanın əvvəlində "Nəsihətlər kitabından” epiqraf verilir: "Baxa bilən görəcək. Görə bilən yadda saxlayacaq.” Burada baxmaq, görmək yalnız gözün ixtiyari nöqtəyə yönəlməsi anlamında deyil, ağıl, qəlb gözü ilə baxıldığı zaman idrak edildiyi, baxdığına ürəklə yanaşıldığı zaman görməyin mümkünlüyü anlamındadır. Saramaqo deyir ki, insan Marsda həyat axtarır, amma yanında acından ölənlərin fərqində deyil. Yəni insan öz ətrafında baş verənlərə, içində yaşadıqlarına kordur.
– Əsərdə kilsələrdəki heykəllərin də gözləri bağlıdır. Sizcə, o cansızlar da niyə kor olmağa məhkumdur ki?
– O heykəllər cansızlar yox, məhz dini, hətta Tanrını simvolizə edir. Saramaqoya görə, romanında yaratdığı bu korlar dünyasının tanrısı da kordur; əks halda bu qədər zülmə, rəzalətə, bədbəxtliyə imkan verməz. Kilsə epizodunda təsvir olunan heykəllərə diqqət yetirsək, Saramaqo adlarını çəkmədən, sadəcə əlamətlərlə o müqəddəslərin kimliyinə ipucu verir, biz onları əlamətlərindən tanıyırıq: Hz.İsa, Müqəddəs Sebastian, İrina və s. Burada Tanrının görmədiyi birbaşa və ya dolayısı ilə bir neçə dəfə qeyd olunur. Məsələn, uzun müddət çirkaba bulaşaraq yaşamalı olan qadınlar eyvanda güclü yağış altında yuyunarkən onlar arasındakı söhbəti xatırlayaq. Bütün ümidsizliklərə və ziddiyyətlərə baxmayaraq, Tanrının kor olmadığına inanan birinci korun arvadı deyir ki, bizi yalnız Tanrı görür. Həkimin arvadı isə ona etiraz edir, "heç o da görmür, göy üzü tamamilə buludlarla örtülüdür, sizi görən təkcə mənəm”. Tanrıya inanmayan Saramaqo üçün insan özü müqəddəsdir, dünyanın yaradıcısıdır, qoruyucusudur, ya xilaskarıdır. Saramaqoya görə, yaradılan yaradandan daha çoxunu görməlidir, vicdanın korluğu insanı uçuruma aparır.
- Yaşlı kişi obraz deyir: "Biz sonradan kor olmamışıq, biz əvvəldən kor idik”. Sizcə, bu cümlədə altında keçmişə hansı kontekstdə işarə edilir?
– Korluq motivinin köklərini mifologiyada, dini və klassik ədəbiyyatda tapmaq olar, buna kifayət qədər nümunələr var. "İncil”də Hz.İsanın möcüzələrindən biri kimi yer alan pritça məşhurdur: İsa davamçıları ilə birgə gedərkən anadangəlmə kor birinə rast gəlir və ondan soruşurlar ki, bu adamın kor doğulmasının günahkarı özüdür, ya valideynləri? İsa cavab verir ki, heç biri günahkar deyil, onun gözünə əlini sürtür və gözlərini açır. Apostol Pavel haqqında başqa bir pritçada isə İsanı və ümumiyyətlə, xristianlığı qəbul etməyən Savl onlarla mübarizə aparır, Tanrı onu cəzalandırır və Dəməşqə yollanarkən, başını qaldıranda günəşin güclü şüasından gözləri tutulur. Variantlardan birində onun Tanrının, digərində İsanın şüası olduğu qeyd edilir. Savl xristianlığı və İsanı qəbul edir, 3 gün sonra isə gözləri açılır. Bu pritçaları müxtəlif cür mənalandırmaq olar: Hz. İsanın o adamın gözünü açması, əslində, insanın bəsirət gözünü açması, həqiqətə çatması və buna bir müqəddəsin vasitəsilə nail olması deməkdir. Başqa sözlə, insan çox şeylərin fərqinə varmadan yaşayır, ta ki çətinliklərlə üzləşənə kimi. "Dar gün” həmişə gerçəklərin üstündən pərdələrin qaldırılmasına səbəb olur, hər şey çılpaqlığı ilə görünür. "Korluq” antiqlobalist ideyanı əks etdirən, eyni zamanda, bayaq qeyd etdiyim kimi, apokaliptika janrının xüsusiyyətləri ilə yazılmış roman-pritçadır. Köklərini isə mifoloji mətnlərdə və xristianlıqdakı pritçalardan alır. Ümumiyyətlə, Saramaqonun yaradıcılığında dini mətnlərin interpretasiyası əsas yer tutur. Bu mənada bu pritçalarda əksini tapan fikir "Korluq” romanı üçün keçərlidir və sizin sualınıza cavabdır.
– Romanda xüsusi diqqətinizi çəkən detal, dialoq və ya məqam hansıdır?
– Əsərdə səhnələr olduqca sarsıdıcıdır, göz yaşlarımı saxlaya bilmədiyim, ürəyimi ağrıdan epizodlar çox oldu. Ən çox sarsıldığım hissə isə korların kilsəyə gəldikləri və orada qarşılaşdıqları ilə bağlı epizod idi. Burada həkimlə arvadı arasındakı dialoq xüsusi anlam kəsb edir: "...Ancaq obrazlar onsuz da görmür. Səhv edirsən, obrazlar onlara baxanların gözlərilə görür, ancaq indi hər tərəfi korluq bürüyüb. Sən ki görürsən. Görmə qabiliyyətimi itirməsəm belə, hər gün daha az görəcəyəm, günü-gündən korlaşacağam, ona görə ki, məni heç kəs görməyəcək”. Dialoqun davamı dəhşətlidir, sadəcə fikirlər uzun-uzadı ilmə-ilmə bir-birinə elə toxunub ki, o təəssüratı yaşamaq, romanın, bəlkə də, bütün yükünü özündə daşıyan kəlmələri dərk etmək üçün yalnız əsəri oxumaq lazımdır.
– 2008-ci ildə rejissor Fernandu Meyrelleş əsər əsasında eyniadlı film çəkdi... Bu ekran əsəri birmənalı qarşılanmadı. Xüsusən də, final hissəsinin qısaldılması ilə bağlı narazılıqlar var idi. Sizin bununla bağlı fikirləriniz necədir?
– Korluq” filmi haqqında çox yüksək fikirlər deyə bilməyəcəyəm. Çünki "Korluq” roman olaraq yalnız süjet xətti ilə deyil, məhz Saramaqonun yozumunda, onun təqdimatı və üslubunda mükəmməllik qazanır. Bədii mətn mütaliə prosesində oxucunun təsəvvüründə vizuallaşır və əksərən əsərin ekran həlli tənqidə məruz qalır. Nadir halda əsəri oxuyub filmindən tam razı qalmaq olur. "Korluq” filmində müəyyən çatışmazlıqlar var, amma fikrimcə, bunlar daha çox romanı oxuduğumuza görə özünü büruzə verir – qeyri-ixtiyari beynimizdə ikisinin müqayisəsi gedir və film romana uduzur.
Əsərdə Saramaqo adlardan imtina yolu ilə məkan və milli mənsubluq fövqündə bir mətn yaratmağa nail olursa, Meyrelleş bu "beynəlmiləlliyi” korların müxtəlif irqlərə mənsubluğu ilə vurğulayır. Mənə elə gəlir filmin əsas qüsuru kifayət qədər "çirkli” olmamasındadır. Romanda oxuduqlarımızla təsəvvür etdiyimiz çirkab filmdə səthi nəzərə çatdırılır. Bəlkə də, ekran əsərində bunu çatdırmaq asan olmayıb, ya bəlkə də heç rejissor qarşısına belə bir məqsəd qoymayıb. Hər halda, mən filmi izləyərkən rejissorun belə bir ağır əsəri ekranlaşdırma cürətini alqışlamışdım. Aktyor oyunu isə elə də ürəkaçan deyil. Final səhnələrinin ixtisarı, xüsusən, romandakı tək yaşayan qarı ilə bağlı hissələrin filmdə yer almamasını isə çox da böyük qüsur hesab etmirəm. Nəticə etibarilə, 2 saatlıq filmdə rejissor əsərin əsas fikrini çatdıra bilib. Bu romanı öz ağırlığı ilə ekrana köçürmək üçün yəqin rejissora bir az da dəli cəsarəti lazımdır.

Söhbətləşdi: Fərid Hüseyn



banner

Oxşar Xəbərlər