• cümə, 19 Aprel, 09:28
  • Baku Bakı 13°C

İnsan xəyal etdikcə yaşayır

21.11.14 10:41 1577
İnsan xəyal etdikcə yaşayır
Bu günlərdə Nizami Kino Mərkəzində Türkiyədə yeni çəkilən “Unutursam fısılda” filminin qala gecəsi keçirildi. Gecəyə filmdə baş rola çəkilən qəhrəmanlar da təşrif buyurmuşdu. Filmin baş qəhrəmanlarında biri də Işıl Yücesoy idi. O, Hanife obrazı ilə görünür, uzun müddət tamaşaçıların yaddaşında qalmağı planlaşdırır.
Vətənimizə ilk dəfə təşrif buyuran məşhur aktrisa Azərbaycan tamaşaçıları tərəfindən də sevilir və yaradıcılığı böyük maraqla izlənilir. Türkiyədə 1969-cu ildən Dövlət Teatrında çalışan aktrisa dövrünün tamaşaçıları arasında daha çox tanınıb. Sonralar o, kazinolarda, restoranlarda ifaçı kimi uzun müddət sənətini davam etdirib. Tanınmış sənətçi daha sonra yaradıcılığına ara verib, aktrisa kimi fəaliyyətə başlayıb. Bu illər ərzində “Milcan”, “Geçim otobüsü”, “Çemberimde gül oya”, “Korkuyorum anne”, “Güz yangını”, “Rüya gibi”, “Zoraki koca”, “Yol arkadaşım”, “Yer Gök aşk” filmlərində əsas qəhrəmanları canlandırıb.
Gecədə aktrisaya yaxınlaşıb qısa da olsa, müsahibə götürdük. Səmimiyyət və mehribanlıqla suallarımıza cavab verən aktrisa Azərbaycanı çox bəyəndiyini, bundan sonra vətənimizə daha tez-tez gəlməyə çalışacağını bildirdi.
- Sizi Azərbaycanda xoş gördük. Işıl Yücesoyu Azərbaycan tamaşaçıları ilə görüşdürən “Unutursam fısılda” filmi haqqında fikirlərinizi eşitmək xoş olardı.
- Mən də sizi görməkdən məmnunluq duyuram. Azərbaycanda çox gözəl ab-hava ilə qarşılandıq. Həyəcanlı olduğum qədər də xoşbəxtəm. Düşünürəm ki, nə yaxşı gəldim və buradakı tamaşaçılarım ilə də görüşdüm. Filmə gəlincə isə, Çağan Irmakla gözəl bir layihəyə imza atdıq. Hesab edirəm ki, bu film mənim gələcəyim üçün də geniş imkanlar yaradacaq. Yəni gələcəkdə filmi izlədikdə, utanc hissi keçirməyəcəyimə əminəm. Bizim yaşda aktrisalara utanc hissi hər şeydən üstün gəlir. Rejissorla və yaradıcı heyətlə heç kimdən utanmadan nümayiş etdiriləcək bir film ərsəyə gətirdiyimizə çox sevinirəm.
- Azərbaycan tamaşaçıları sizi daha çox “Yer Göy aşk” filmi ilə tanıdı və sevdi. Filmin sonu nə üçün əsas qəhrəmanların ölümü ilə bitdi?
- Onu mən deyə bilmərəm. Çünki bu, rejissorun fikri idi. Orda elə hadisələr baş verirdi ki, ölməyimiz məsləhət idi. Əgər ölməsəydik, didişməkdən bir-birimizi yeyəcəkdik (gülür).
- “Unutursam fısılda” filimində yaratdığınız obraz könlünüzcə idimi?
- Bu film mənim özümlə sanki hesablaşmağım idi. Filmdə 35 il sonra yenidən bir araya gələn, fikirlərində haqlı olan iki qardaşın hesablaşmağı əsas yer alır. Yaratdığım obraz Hanife çox sərt görünsə də, əslində yaxşı insandır. Bizim üçün çox gözəl bir iş oldu. Mən bu işdən həzz aldım. Filmin rejissoru Çağan Irmakın əl işinə bələd olduğum üçün bu filmdə oynamağa razılıq verdim. Həmin rejissorla “Çemberimde gül oya”, “Güz yangını”, “Yol arkadaşım” filmlərində birlikdə işləmişik. Çağanın bütün layihələrində sevə-sevə iştirak edərəm.
- Filmdə çəkilərkən onun bəhs etdiyi dövr - ötən əsrin 60-70-ci illəri gözünüzün qarşısında canlandımı?
- Canlanmazmı? Həmin illər biz çox çətinliklər çəkdik. O gündən bu günə çox şey dəyişib. Ancaq mən heç bir zaman gənclikdən ayrı qalmadım. O zamanlar biz orkestr qura bilmək, albom hazırlamaq üçün çox əziyyət çəkirdik. İndi isə hər şey dəyişib və daha da asanlaşıb. Hazırkı dövrdə məşhurlaşmaq daha asandır. Biz çox şanssız bir dövrdə fəaliyyət göstərdik. O dövrlərdə bizim bir televizorumuz, bir də radiomuz var idi.
- Filmin musiqiləri insanı özünə daha çox cəlb edir. Bəs siz necə düşünürsünüz?
- Filmdəki musiqilər bizim sevilən ifaçımız Kənan Doğuluya aiddir. O, Türkiyə üçün çox dəyərli sənətkarlardandır. Çəkildiyimiz film üçün gözəl musiqilər hazırlayıb. O musiqilər filmi daha da baxımlı edir. Mən deyərdim ki, Kənan Doğulu 70-ci illərin bütün duyğusunu filmdə tamaşaçılara ötürə bilib.
- Sizi teatr aktrisası kimi də yaxşı tanıyırıq.
- Mən Ankara Dövlət Konservatoriyasında teatr bölümünün məzunu olmuşam. Məktəbi bitirdikdən sonra İzmirdə işləməyə başladım. Bir müddət orada özümü çox sıxıntılı hiss etsəm də, Egemen Bostançı ilə qarşılaşdım. O gündən həyatım dəyişdi. O mənə söylədi ki, gəl səninlə yeni layihələr hazırlayaq. Mən də onun bu təklifi ilə razılaşdım və biz İstanbula gəldik. 13 il çox böyük kafelərdə işlədim. Sonra evləndim. Evləndikdən sonra yenidən Dövlət Teatrına qayıtdım. Orada aktrisa kimi bir çox obrazlar candırmışam.
- Azərbaycan dinləyicilərinin yaddaşında siz həm də klassik musiqilərin ifaçısı kimi qalmısınız.
- Bir zamanlar klassik mahnılar oxuyurdum. Ancaq indi klassik musiqiyə verilən dəyərlər sanki alt-üst olub. Artıq həmin musiqilərin yerinə xalq mahnıları ifa olunur. Mən heç bir zamani ifa etdiyim mahnılarıma qarşı hörmətsizlik görmədim. İfaçılıq sənəti ilə məşğul olduqda hiss etdim ki, burada fəaliyyətmi dayandırmalıyam. Etdiyim işin mənasız olduğunu düşündüm və ifaçılıq sənətinə başlamağa necə bir anda qərar vermişdimsə, bir anda da qərarımı dəyişdim. Müğənni olduğum ərəfələrdə iki film hazırladım. Filmi çox sevirdim. Ancaq bu mövzuda heç bir bacarığım yox idi. Mənim adətim belədir. Daha çox əmək vermədiyim və üzərində işləmədiyim işlərlə məşğul olmağı sevməzdim. O zamanlar aktrisa olmaq üçün çox çalışdım. Reha Erdem mənə çox inandı. Onunla birlikdə “Korkuyorum anne” filmini hazırladıq. Bu filmlə mən Ankara film festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görüldüm. Bu çox mükəmməl filmdir.
- Yenidən musiqiyə qayıtmaq istəmirsiniz?
- Hazırda düşünmürəm. Hesab edirəm ki, artıq yeni mahnı ifa etmək, albom çıxarmaq mənim üçün çox gecdir. Ancaq hərdən də düşünürəm ki, heç zaman gec deyil. Bu, bir az da tərz və dövrün məsələsidir. Mənə nə var, bir də gördünüz ki, yeni bir mahnı ifa etmişəm. Biz sənətçilər anidən qərarlarımızı dəyişirik.
- Sizi konsert verərkən görə biləcəyikmi?
- Bu mənim tək idealımdır. Konsert vermədən ölsəm, gözüm arxada qalacaq. Çox istəyirəm ki, böyük bir orkestr ilə konsert verəm. Bilirəm ki, bu arzum həyata keçməyəcək. Ancaq içimdə bir ümid var. İnanıram ki, bu arzumu ölmədən öncə həyata keçirəcəm. Allah biləndir və görəndir. Mən ona çox inanıram. Hətta heç övladım olmayacağını düşündüyüm anda məni 44 yaşımda övlad sahibi etdi. Bu, sadəcə bir xəyaldır. Amma insan xəyal etdiyi müddətdə yaşayır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər