• çərşənbə, 24 Aprel, 17:02
  • Baku Bakı 27°C

İnsan xarakteri dəyişə bilərmi? - Polemika

28.10.17 12:00 17537
İnsan xarakteri dəyişə bilərmi? - Polemika
"İnsanyeddi yaşında necədirsə,yetmişində də odur” – deyirlər. "İlan qabığını dəyişər, xasiyyətini dəyişməz” kimi bir atalar sözümüz də var. Yəni, insan necə gəlibsə, elə də gedəcək. Onun xarakterini dəyişmək mümkün deyil. Lakin digər qisim isə iddia edir ki, insan yaşa dolub, həyat təcrübəsini artırdıqca, kənar təsirlər, yaşadığı hadisələr, düşdüyü mühit onun xarakterinə ciddi təsir göstərə bilir. Bəs görəsən, gənclərimiz bu haqda nə düşünürlər? İnsanın xarakteri dəyişə bilərmi?
Xarakter heç vaxt tam olaraq dəyişmir
Həşim Sərablı, tələbə
Həşim fikirləşir ki, xarakter insanı fərd edən ən başlıca amildir: "Ümumiyyətlə, fərdləri fərqləndirərkən onların xarici görünüşü ilə bərabər, necə insan olması, xarakteri də bir o qədər önəmlidir. Xarakterin zamanla dəyişilməsinə gəldikdə isə bu, bir qədər fərqli məsələdir. Belə ki, güclü iradəyə sahib insanların xarakteri daha möhkəm olur. Adətən, güclü xarakterə malik insanlar hətta yanlışlarını gördüyü zaman da bəzən hər hansı dəyişikliyə getmək istəmirlər. Amma bir qisim insanlar var ki, zaman-zaman kiminsə təsirinə düşərkən, xarakterində müəyyən dəyişikliklər yarana bilir. Təbii ki, tam olaraq heç bir fərdin xarakterini dəyişdirmək olmur. Sadəcə, təbliğat yolu ilə fərdin özünün də səhv olduğunu başa düşdüyü müəyyən xarakteri dəyişmək olar”.
Həşim qeyd etdi ki, bir fərd öz xarakterini tam olaraq dəyişməməlidir: "Əlbəttə, yanlış olduğu, səhvlərə yol verdiyi halda, dəyişiklik edilməsi normaldır, amma bütünlükdə xarakteri dəyişmək yaxşı hal sayıla bilməz və məncə, bu, mümkün deyil. Çünki xarakter insanın kimliyindən xəbər verir. İnsan qısa müddət ərzində xarakterini dəyişirsə, deməli, tez-tez öz kimliyini, şəxsiyyətini də dəyişir”,
Xarakter dəyişkən bir məfhumdur
Elvin Paşazadə, jurnalist
Elvin isə deyir ki, xarakter insanın özünəməxsus davranış formasıdır. Lakin əlavə təsirlər xarakterin dəyişməsinə səbəb olur: "Psixologiyada belə bir anlam var ki, istənilən insanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri özünü əks etdirir. Temperamentin formalaşmasında isə ətraf mühit, həyat tərzi, insana verilən tərbiyə ciddi şəkildə təsirini göstərir. Ona görə də şəxs daha çox uşaq və yeniyetməlik çağlarında bu təsirə məruz qalır. Zaman keçdikcə həmin təsirlər özünü göstərməkdə davam edir. Özümüz də bəzən gülərüz, həmişə ətrafındakılara sevinc bəxş edən uşağın böyüdükcə tədricən dəyişdiyinin şahidi oluruq. Və yaxud əksinə. Məhz bu səbəbdən də insan xarakterinin dəyişkən olduğunu demək olar. Nadir hallarda ola bilər ki, bir insan xarakteri dəyişməz olaraq qalsın. Nümunə kimi özümü deyə bilərəm ki, xarakterim dəyişkəndir və melanxolikdir. Mənimlə eyni xarakterdə olan insanları anlamaq digər şəxslərə bəzi hallarda çətinlik yaradır”.
Elvin bildirdi ki, xarakterin dəyişkən olması yaxşı və arzuolunan hal deyil, lakin dəyişkən xarakterli insanlarla münasibət qurmamaq haqda da əminliklə fikir yürütmək də doğru olmaz: "Ümumiyyətlə, psixoloqlar və dünya alimləri insan xarakterlərini üz cizgilərinə görə də müəyyən etməyin mümkün olduğunu deyirlər. Bütün bunlarla bərabər, insan xarakteri onun dünyagörüşü və əqidəsilə də sıx bağlıdır. Daha sonra imzalarla insan xarakterini müəyyənləşdirənlər də az deyil. Yəni, insanın xarakterinin müəyyənləşməsi ciddi və qəliz məsələdir. Təbii ki, hər kəsin ətrafında müxtəlif xarakterli insanlar mövcuddur. Hər bir halda, onlar bizim şəxsiyyətimizin formalaşmasında xüsusi rol oynayır”.
Daxilində olan mahiyyət heç vaxt tam olaraq dəyişmir
Könül Şibliyeva, müəllimə
Könül də Elvinlə həmfikirdir. O da xarakterin dəyişə bilən olduğunu düşünür: "Xarakterin az bir hissəsi insana əvvəldən verilir. Yəni, bu hissə onun özündən asılı olmur. Lakin getdikcə şəxsin xarakteri ailəsindən və olduğu mühitdən asılı olaraq formalaşır. Uşaq vaxtı hər kəs ətrafına fikir verir, gördüklərini öyrənir. Ətraflarında olan mənfi və müsbət hər şeyi kiçik yaşlardan başlayaraq mənimsəyirlər. Onlar mənimsədiklərini qavraya bilməsələr belə, bu, onların xarakterinin formalaşmasında mühüm rol oynayır. Lakin böyüdükcə yaxşı və pisin nə olduğunu daha aydın ayırd edə bilirik. Fikrimcə, insanın xarakteri zamanla dəyişə bilir. Amma insan əvvəl-axır özündə olana geri dönür. Fərqi yoxdur, nə qədər dəyişirsənsə dəyiş, daxilində olan mahiyyət heç vaxt tam olaraq dəyişmir”.
Könül əlavə etdi ki, xarakteri tez-tez dəyişən insanlara qarşı münasibəti elə də yaxşı deyil: "Xarakterin dəyişməsi mənfi və müsbət olan hər şeyi üzə çıxarır. Bəzən elə olur ki, qarşımızdakı insanı tanıya bilmirik. Dəyişkən xarakterli insanın sabah necə olacağını, sənə qarşı necə davranacağını bilmək olmur. Müəyyən mənada, belə insanlardan ehtiyat edirik. Dəyişkən xarakterli insanların ətrafında da az adam olur. Çünki bələd olduğun insanın dəyişdiyini gördükcə, ondan uzaqlaşmalı olursan. Hesab edirəm ki, xarakterin dəyişməsində həm ətraf təsirlərin, həm insanın yaşadığı hadisələrin müəyyən qədər təsiri olur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər