AZE | RUS | ENG |

İnsan taleyini özü yaradır

İnsan taleyini özü yaradır
Nurəddin Mehdixanlı: “Bilet alıb tamaşalarımıza baxırlarsa, hər tamaşanın sonunda alqışlar qopursa, deməli, boşuna yaşamamışıq”

Ruhuna "Ruhani” çalınıb bu millətin. Sözü də dəlidir, sazı da. Hərə bir cürə başı havalıdır. Mənə düşən də o havalıları tapmaqdı... "Sən tək deyilsən, səndən biri də, biriləri də bu yanda var” deməkdi. Dərdi hər nədirsə sözlə söylətməkdi. 
Müsahibim bu günlərdə 61 yaşı tamam olan sevimli aktyorumuz Nurəddin Mehdixanlıdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, ona aid kiçik qrim otağında üzünə baxıram və düşünürəm ki, o boyda adam bu boyda otağa necə sığışıb? Təəccübümü sonraya saxlayıb, halını soruşuram: 
 
– Xoş gördük Nurəddin bəy. Necəsiniz? Necə gedir həyat?
– Çox sağ olun. Xoş gəlmisiniz, həyatı necə tutursansa, elə də gedir. Bəzi korrektələr eləmək şərtilə.
 
– Korrektələr etmək mümkündürmü?
– Mümkündür. Deyirlər ki, insanın taleyi alnına yazılıb. Mən buna inanmıram. İnsan öz taleyini özü yaradır. 
 
– Bəs onda Allahın rolu hardadır?
– Allahın rolu odur ki, insanı yaradıb. Və deyib ki, səni faili-muxtar yaratdım, ağlın, şüurun, əlin-ayağın varsa get yaşa, həyatını özün rənglə, özün qur. 
 
– Yaşamağı bacarırsınızmı?
– 61 yaşım tamam oldu. Bu qədər illər keçdisə, deməli, nələrisə bacarmışam.
 
– Nə keçdi? Bu altmış bir ildə nə oldu?
– Çox şey oldu. Dərs keçdim, bir az həyatı tanıdım, nələrsə öyrəndim öyrəndikcə başa düşdüm ki, əslində, heç nə öyrənməmişəm. Sən demə, yaşa dolduqca hər şey sıfırlanır, bildiklərin sənə yetərli olmur.
 
– Nəyi bilmək istədiniz?
– Nəyə gəlmişəm dünyaya? Missiyam nədir? Kainat, bu canlılar... bunların işi nədir?
 
– Missiyasını bilməyən adamın teatrda nə işi var? 
–(gülür) Teatr bir oyun məkanıdır. Burda insanların duyğuları, hissləri, talelərilə oynayırsan. Oynayıb onları da aldadırsan, özünü də aldatmağa çalışırsan. Bu, müqəddəs aldatmadır. Deyirlər, ömür çox qısadır, xeyr. Ömür uzundur. Bu ömrü nə eləməliyik? Oyunlar qurub, başımızı qatırıq. 
Biri var dağıdıcı aldanışlar biri də var qurucu yalanlar. "Müqəddəs yalanlar” deyirlər onlara. İnsan bəzən də aldanmaq, o aldanışda dünyanın ağrısından-acısından təsəlli tapmaq istəyir. İlahi aldanışlarla insani aldanışların da fərqi var. Mən bu barədə çox düşünürəm, dünyaya niyə gəldim, niyə getməliyəm? 
 
– Nurəddin bəy, dünyaya niyə gəldiyini sorğulayan bir adam bu balaca otağa necə sığır?
– Bu otaqda Ağasadıq Gəraybəyli, Həsənağa Turabov, Əlabbas Qədirov və mən oyuna hazırlaşmışıq. Özümü demirəm. Görürsünüz, nə böyük dahilər bura sığıblar. Deməli, əsas məkanın ölçüsü deyil, ruhudur. Burda Ağasadıq Gəraybəyli, Həsənağa Turabov dünyasını dəyişdi. Məndən gənc olmasına baxmayaraq İlham Əsgərov... Növbə mənimdi. 
 
– Qorxmursunuz ölümdən?
– Ölümdən qorxmaq lazım deyil. Elədiyi əməllərdən peşman olanlar qorxar ölümdən. Amma özünü insanlara həsr edən, pislikdən, qeybətdən uzaq duran, hər gün vicdanına hesabat verən adamların qorxmağına ehtiyac yoxdur. 
 
– Birindən soruşurlar ki, niyə olanını bu qədər dağıdırsan? Deyir, varımıydı, verdim. Nəyiniz varıydı, kimə verdiniz?
– Allah mənə bir əmanət vermişdi. Ömrümü. Onu paylamaqla məşğulam. 
 
– Ömrünüzə ömür qatanlar olmadımı?
– Bu, mümkün deyil, sadəcə, bir az xoş yaşamağa səbəb olanlar var. Ailən, sevdiklərin, dostların, ölkən, torpağın, kəndindəki bulağın, ayağını əzən daşlı-çınqıllı yollar...
 
– Yaradıcı adamlar həddindən artıq darıxan olur. Darıxırsınızmı?
– Mənim buna vaxtım yoxdur. Gördüyüm və görəcəyim işlər həddindən artıq çoxdur. Amma desəniz ki, yaradıcı adamlar yaşa dolduqca tənhalığa meyl edirlər, orda həqiqət var. Darıxmaq deyil, əslində, özünü dərk eləməyə çalışmaq və orda ilişib qalmaqdı. O ilişib qalmaq bir çıxılmazlıq halı yaradır. Bu, yol axtarmaqdır.
 
– Tapırsınızmı o yolu?
– Hər halda, bura qədər gəlmişəmsə deməli, bir yolum var.
 
– Mənə elə gəlir ki, Azərbaycan sizə dar gəlir. Şəxsi fikrimdir...
– Azərbaycan kiçik olduğu qədər də böyükdür. Mənim üçün ölçü metrlər, santimetrlər olmayıb. Bilirsiniz, zahid balaca bir qübbədə bütün dünyanı anlaya və dərdləri daşıya bilər. Bütün dünya dediyimiz onun qübbəsindən baxanda çox balaca görünər. Sənət mənasında, bəli, mən çox işlər görə bilərdim. Ömrümüz Sovetlər vaxtına düşdü, sonra da oturuşduq. Biz türklər miqrasiyaya bağlı xalq deyilik. Dağılmağı xoşlamırıq. Yurd, torpaq, ata qəbri, ana qəbri... bəzən deyirlər bu qəbiristanlıqlar nəyə lazımdır. Hətta İslam dinində də məzarın itib-batmağı məqbul hesab olunur. Mən bunun qətiyyən əleyhinəyəm. Gedin Avropaya, o yeddinci, səkkizinci əsrin qəbirlərinin hamısını qoruyub saxlayırlar. O torpağın onlara məxsus olduğunu sübut eləmək üçün. O məzarlar, əslində, canlı abidələrdir. Min illər boyu mənim babalarım bu torpağa tapşırılıb və bu torpaq ona görə dəyərlidir. Yiyəsiz qoyub getmək olmaz. Bu mənada, mən bu torpağa bağlı adamam.
 
– Nə çatmır?
– Çatmayan çox şey var. İstəyirəm, millətimin uşaqları öz kimliklərini bilsinlər və tanısınlar. Dünyada danışılan bütün dilləri öyrənsinlər. İki Azərbaycan türkü bir-biri ilə əcnəbi dildə danışmasın. Mənim ölkəmin övladları milli kimlikləri ilə fəxr eləsinlər və bilsinlər ki, dünya göbəyi kəsilən gündən türkə tapşırılıb. Qiyamətə bir canlı qalacaq, Qurd! Ona görə deyiblər "Qurdla qiyamətə qalmayacaqsan ki”. Deməli, qiyamət günündə qurddan başqa canlı heç nə qalmayacaq. Qurd isə türk deməkdir. Dünyanın doğuluşunda da biz vardıq, sonunda da biz olacağıq! Bu millətin övladları bunu bilməlidirlər, özlərini tanımalıdırlar. Özünü tanıyan milləti qul eləmək olmaz. Özünü tanıyan bir millətin gənci başı yerdə gəzməz. Göyü görməyi öyrənməliyik. Yerdəki hər şey bəllidir, görünür, amma oranı axtarsan artıq ora getməlisən. Mənim millətimin övladları ən yüksək təhsil alsınlar, çünki bir millətin, bir dövlətin taleyi onun məktəblərində yetişdirdiyi uşaqlardır. Onlara nəyi, necə öyrədirlər? Bir millətin məktəbi o millətin hər şeyidir. Çünki o tədris ocaqlarında gələcəkdə dövlət idarə edəcək insanlar yetişdirilir. Necə yetişdiririksə bu dövlətin və millətin taleyi də elə olacaq. Ona görə də mən çox istəyirəm ki, bizim məktəblərimizdə milli duyğuları üstün olanlar meydan oxusunlar. Yaxşı mənada. Uşaqlarımıza dövlət idarə etməyi, milləti qorumağı, silah tutmağı öyrədək. Mən istəyirəm mənim millətimin övladları bu görülən işləri, bax bu çəkilən yolları, asfaltı, ağacları qorusunlar, "mənimdir” deyib, sahib çıxsınlar. Bu millətə istiqlalı qazandıran gənclər vardı ha, qanlarını tökdülər, biz Şəhidlər Xiyabanı qazandıq, o xiyaban isə bizim azadlığımızı və müstəqilliyimizi qazandırdı. Bugünkü nəsil onlardan daha iddialıdır. Azərbaycanın iqtisadi, siyasi, coğrafi mənada ölçüləri bu formada qalmamalıdır və qalmayacaq. Mən buna inanıram. Azərbaycan böyüyəcək, genişlənəcək, daha böyük ərazidə xəritəsini formalaşdıracaq. Dünya təkrarı sevir. Dəyişikliklərə hazır olmalıyıq. Bu mənada, Azərbaycan gənci öz vətənini, öz torpağını sevməlidir. Biz dünən müstəqil deyildik, nə deyilirdi onu edirdik, amma keçdi o dövr, indi bura bizim öz evimizdir. Kişinin də borcudur öz evini qorumaq, sahib çıxmaq, təmiz saxlamaq. Biz bir-birimizin əlindən tutmasaq, heç kim bizim əlimizdən tutmayacaq, arxamızdan itələyəcəklər. Gənclərə deməyim odur ki, kişinin evi olar! Eviniz var! Azərbaycan adında... 
 
– Sizə Azərbaycan teleməkanı ilə bağlı sual ünvanlamaq istəyirəm. Çox böyük dəyərlərimiz var, amma nədənsə biz bu səmimiyyəti ekranlara daşıya bilmirik. Problem nədədir? 
– Əgər bir insan zahiri görkəminə çox fikir verməyə başlayıbsa, ondan uzaq gəzin. Çünki onun içərisində hamıdan gizləməyə çalışdığı xoş olmayan nələrsə var. Mənə belə gəlir ki, Azərbaycan televiziyalarının cəmiyyətə münasibətdə verdiyi müsbət enerjiylə bağlı xoş olmayan şeylər də var. Həmsöhbəti seçmək məsələsi. Orda bir müəllimin, bir alimin bir aktyorun aparıcı ilə həmsöhbət olması, əslində, bir televiziya kanalının həmsöhbət olmasıdır. Televiziya kanalları buna diqqət etməlidirlər. Bu problemin birinci tərəfi. Şəxsi müşahidələrimdən deyim, son zamanlarda bir neçə dəfə. Tv-lər şou proqramları qazanc məqsədilə elədiklərini deyirlər. Amma millətin əxlaqından qazanc ummağa çalışmaq olmaz. Əxlaqsız davranışlara yol vermək olmaz, televiziya hər birimizin evimizdədir. Televiziya bir ideoloji vasitədir.
 
– Nurəddin bəy, sizin bir duruşunuz var və o heç bir rolunuzda dəyişmir. Siz hər rolunuzda Nurəddin Mehdixanlısınız. Bu soyun kökü haradır?
– Təbii ki, hər rolu elə Nurəddin Mehdixanlı ifa edir. Avşarıq biz. Mənim ulu babalarım Güneydəndir, babam Mehdixanın məzarı çayın o tayındadır. Ulu babam Qulu bəy Əfşar Məhəmməd Xudavəndənin şah qvardiyasının rəisi olub. Əşfarlar daim at belində, qılınca qurşanan savaş adamları olub. "Avşar” sözünün mənası da "yaxşı döyüşçü” deməkdir. Mən bax, həmin o soydan gəlirəm. Sonra ara bağlanıb yarı o tayda, yarı bu tayda qalmışıq. Hər Novruz bayramında atam bizi Qazan köşkünə aparırdı.
 
– Harda yerləşir?
– Cəlilabad rayonunda. Hülaki xanın, Qazan xanın köşkləridir. Oradan bizim Azərbaycan tərəfə baxanda Xəzər, o tərəfə baxanda bütün Güney görünür. Babamın sərdabəsi ilə aramızda 500 metr var. Ara açılandan sonra getdik, qəbri ziyarət elədik, qohumlarımızı tapdıq. Biz sərhəd uşaqlarıyıq, başqalarından daha çox o ağrı-acını hiss edirdik. Yaz vaxtı bizi aparardılar sərhədə, orda yaşlı kişilər dəryaz vurardılar, üzləri bu tərəfə. Həmişə o tayda camaat çayın aşağısına düşərdi, üzlərini bu tərəfə tutub qohum-əqrəbanı soraqlaşardılar. Bəlkə də içimizdəki o paralanmış dünyamızı biz daha çox hiss edirdik. 
 
– Heç o tayda səhnəyə çıxdınızmı?
– Xeyr. Amma çox oldum, hər yeri gəzdim. Saqqız, Xorasan, Şirazi, Ardahan, Urmiyə... 
 
– Nə qoxuyur orası?
– Gəncə qoxuyur, Cəlilabad qoxuyur, Bakı, Şamaxı, Şuşa, Qazax qoxuyur. Təbrizdə oturanda hərdən orda elə bir külək əsir, Bakıda olur e, əsəndə bədənindən xoş bir gizilti keçir, ona "cənnət küləyi” deyirlər, bax, ondan. Sərhədi keçəndən sonra yad yerdə deyilsən, o dağ-daş, ağaclar, kol-kos belə bir-birinə taydır. 
 
– Biz Azərbaycanı niyə bu qədər ağrılı sevirik? 
– Səni doğradıqları, yaraladıqları tarixi sənə bayram kimi təqdim eləmişdilər. Bizə tədris olunurdu ki, Azərbaycanın uğrunda şəhid olan qəhrəmanlar düşməndir. Amma bu millət üçün o qanlar tökülməsəydi, o qanda yaşayan savaş havası olmasaydı, bu müstəqillik qazanılmazdı... Beyinlərdə, şüurlarda bu gün də savaş gedir. Dünənə qapanıb qalanlar, dünəndən ayrılmaq istəməyənlər var. Çünki dünən həmin o "yan”lardan yazılan elmi işlər var. Sadəcə unudurlar ki, Azərbaycan artıq müstəqillik yoluna qədəm qoyub və dünyanın bir parçasına çevrilib. 
 
– Azadlıq nədir?
– Azadlıq öz evi, öz qapısı, öz ocağı olmaqdır. Öz dilində ürəkdolusu danışmaqdır. Öz torpağı üstündə dayanmağı bacarıb səhər Tanrısına dua eləməkdir. Öz qadınının gözünə kişi kimi baxmaqdır, azadlıq. Öz oğlunun çiyninə qollarını kişi kimi qoymaqdır, azadlıq. Öz övladının, öz qızının ocağını qurmaqdır. Qoldakı deyil, ruhdakı zəncirləri qırmaqdır! Azərbaycan dövlətinin ayağına badalaq olanlar bilməlidir ki, bu qatar artıq yola çıxıb.
 
– Nurəddin bəy, Kərkükü nə qədər tanıyırıq?
– 1994-cü ildə Kərkükdə olmuşam. Üç gün üç gecə.
 
– Ora haradır sizdən ötrü?
– Bölünmüş Azərbaycanın bir parçasıdır. 2 milyon 865 min kv/km olan Azərbaycan Səfəvi dövlətinin İraq ərazisində qalmış torpağıdır. Türkmən deyirlər onlara. Onlar isə özlərinə Azərbaycan türkləri deyirlər. 
 
– Ab-havası necədir?
– Bura necədirsə, ora da elədir. Davranışları, nəğmələri, dilləri eynidir. Gəncəliylə bakılının danışığı arasında fərq nə qədərdirsə, kərküklü ilə bakılının arasında fərq də o qədərdir. Biz türk millətinin taleyinə məzhəb müstəvisindən baxmamalıyıq. Bu gün Türk millətinin içərisində məzhəb ayrı-seçkiliyi çox ciddi bir problemə çevrilib. Kərkükün müəyyən mənada köməksiz buraxılmasında məzhəbi yanaşmanın rolu var. Bizi Allah türk yaradıb. Milli mənsubiyyətimizlə dünyaya gətirib, sonra biz dinimizi seçmişik. Deməli, öncə mənim milliyyətimdir. Məzhəb müstəvisində mənim millətimi parçalayıb üz-üzə qoyan inancdan imtina edirəm. Məni bütövləşdirən, bir görən, xor görməyən din mənimdir. Məni sünniyə, şiəyə, bölürsə bir din, o mənlik deyil! Onda nədən yerdəki bəndələr Allahın yaratdığı bir milləti parçalayıb birinə yardım edib birini köməksiz qoyur? Kərkük bütün türk dünyasının problemidir. Fəryad qoparır. 
 
– Gəlin bir az da ədəbiyyatdan danışaq. Sözlə aranız necədir?
– Ədəbiyyatı sevirəm. Klassik ədəbiyyatımızın nümunələrini mənim bu otaqdakı kitab rəfimdə görə bilərsiniz. Fizuli, Nizami, Cəfər Cabbarlı, Hüseyn Cavid...
 
– Hansı daha çox dilimizdədir?
– Hamısı! Onların hamısı mənim dilimdə yazıblar. Mənim dilimdə danışırlar. Əgər biz türk kimliyimizi anlamaq istəyiriksə, Hüseyn Cavidi, Azərbaycan türkcəsinin özəlliyini və gözəlliyini görmək istəyiriksə, Cəfər Cabbarlını, dərdlərimizin hardan başladığını bilmək istəyiriksə, Cəlil Məmmədquluzadəni oxumalıyıq. Dünya xalqları içərisində özümüzə layiq olan yeri tutmaqdan ötrü nələrdən imtina eləməyik, bunu bilmək istəyiriksə Üzeyir Hacıbəylini öyrənəcəyik. Bizim böyük dahilərimiz və mənbələrimiz var. Günümüzdə çox sevdiyim Salam Sarvan, Aqşin Yenisey, Qan Turalının, Mirmehdi Ağaoğlunu, Şərif Ağayarın, Cavid Zeynallının əsərlərini oxuyuram, çox gözəl yazırlar. Və Sona Vəliyevanın kitabını oxuyuram – "Arazbarı”nı. Demək olar, hər gün mən bu kitabdan nəyisə təkrar-təkrar oxuyuram. Burda elə məqamlar var ki, sənin duyğularını təzə saxlayır, çirklənməyə qoymur. 
 
– Bu kitabdan ən çox sevdiyiniz şeir hansıdır? 
– "Sərçənin yurd sevgisi”. Siz fikir vermisiniz onlar necə ev tikirlər? (Şeri oxuyur...) Bunu dünyanın ən böyük cinayətkarına oxu, ağlamasa, tövbə eləməsə mənə nə deyirsiniz deyin. Ədəbiyyat budur. Ədəbiyyatın gücü budur. 
 
– Tamaşaçıdan nə gözləyirsiniz?
– Zəhmətimə dəyər verməyi. Tamaşaçıdan mənim zəhmətimə və öz vaxtına dəyər verməyini gözləyirəm. Razıyam onlardan. Hər şeyə rəğmən, bu gün gəlib Akademik Milli Dram Teatrında bilet alıb tamaşalara baxırlarsa və hər tamaşanın sonunda alqışlar qopursa, deməli, biz boşuna yaşamamışıq. Bax, o tamaşaçılar Azərbaycan teatrının fədailəridir. Teatrı anlamaqdan ötəri xüsusi mədəni səviyyəyə ehtiyac var.
 
– Teatr möcüzəvi şeydir, eləmi?
– Yüzlərlə adamın eyni vaxtda susduran, eyni vaxtda ağladan, eyni vaxtda güldürüb, ayağa qaldıran sənətdir. Bu, bir dini ibadət mərkəzlərində olur, bir də teatrda. 
 
– Olubmu ki, səhnədə oyunun ən zirvəsini yaşamısınız və çıxmısınız teatrdan, getməyə yeriniz olmayıb...
– Çox olub. İnsan anlaşılmamaqdan qorxur, bölüşməyə kimsəsi olmadığından qorxur. Təsəvvür edin, çıxırsan çöldə yağış yağır, səni gözləyən tamaşaçı da gedib, bir dünya var, bir də sənsən.
 
– Bu, dəhşətlidir...
– Amma gözəldir. Allah da təkdir və mənə elə gəlir ki, Allah da tək qalanda tək qoyduğu adamlarla dərdləşir. Çünki onu ancaq onlar anlayar. 
 
– Sizi ən pis hala sala biləcək gün hansı olar? 
– Azərbaycanın Qarabağdan imtina elədiyi gün! Hər şeyin sonudur. Mənim üçün də, hər bir azərbaycanlı üçün də, Azərbaycan üçün də!
 
– O gün olmayacaq!
– Bilirəm o gün olmayacaq. Ona görə də ürəyimi partlatmaq fikrində deyiləm. Hələ mənim görəcək işlərim var. İnsanın gücü fiziki deyil, ruhunun gücündədir. 
 
– Nəyin hesabatını verə bilərsiniz? Ailənizə, tamaşaçıya və özünüzə. Ümumiyyətlə, siz neçə yerə bölünürsünüz?
– Mən 30 ildir hər gün yoldaşımı işə aparıb-ətirirəm. Uşaqlarımı da eləcə. Əvvəl məktəbə, sonra işə. Özüm isə teatra gəlirəm. Və hər gün özümə hesabat verirəm. 61 yaş isə artıq deyir ki, bu hesabatların cəmini çıxar, əsas yerə hazırlaş. Həyatımın müəyyən dağılmış hissələrini toplayıb orada hesab verməyə hazırlaşıram. İnsan onun bir zərrəsidir ayrıldı gəldi, indi qayıdıb qovuşacaq ona. 
 
– Ən çox nə vaxt xoşbəxt olmusunuz?
– Xoşbəxtlik anlardır. Saniyə də deyil. Ailə qurduğum gün, xoşbəxt olduğum an qızım Ayturanın, oğlum Ərturanın dünyaya gəlməyi... Oğlum doğulan gecə səhərə qədər Rüstəm Behrudi ilə xəstəxananın qabağında qaldıq, sonra da başladıq şəhəri piyada gəzməyə. Eləcə də qızım Alagözün doğulması. 
 
– Səmimi söhbət üçün minnətdaram, Nurəddin bəy. Bizə sözünüz varmı?. 
– Mən "Kaspi”ni izləyən və oxuyan adamam. Sizin 135 illik yubileyinizdə iştirak etmişəm. 136 ildir insanlar "Kaspi” adına qələm çalıblar. "Kaspi” yaşayırsa sənin sözün, sənin qələmin yaşayır. Biz millətimizin nə düşündüyünü, nə istədiyini məhz yazılanlardan bilirik. Qələm sahiblərinin, söz sahiblərinin üzərində millətin üzünə qapıları açmaq, bayraq olmağı bacarmaq kimi çox böyük və müqəddəs bir missiya var. Bayrağın ardınca getmək qəhrəmanlıqdır, bayrağın özü olmaq isə qəhrəmanlığın heykəlidir. Bayraq ona görə öndə gedir ki, hamıdan böyükdür. Rəhmətlik atam deyərdi, kişinin başı onun bayrağıdır, hər gələnin önündə əyməzlər. "Kaspi” qəzeti Azərbaycan mətbuatında özünün bayrağını qaldırıb, 135 ildir yol gedir. Mən ona bundan sonra da neçə 135 illər arzu edirəm. "Kaspi” Azərbaycan ziyalılarının və işıqlı adamlarının qəzetidir. Heç vaxt işığınız əskik olmasın.
Çox sağ ol, təşəkkür edirəm, Nigar. Milli kimliyinə sahib olan, ona dəyər verən, torpağına, bayrağına, dövlətinə sevgisi, sədaqəti olan adamları çox sevərəm. Böyük sevgilərin təməli torpağa Vətənə, Anaya, dilə, mövcudluğuna olandır. O biri sevgilər məhz bunların üzərində qol-qanad açır. Artıq neçə ildir bir-birimizin ruhuna, duyğularına bələd olan adamlarıq. Hər adamla bu söhbəti eləmək olmur. Xoşbəxt adamlarıq ki, bu duyğuları bölüşməyə kimimizsə var. 
 
Nigar İSFƏNDİYAR

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000