• cümə axşamı, 25 aprel, 21:13
  • Baku Bakı 21°C

İnsan robotu öyrədəcək, sonra isə ondan istifadə edəcək – İstedad

14.10.16 11:23 2460
İnsan robotu öyrədəcək, sonra isə ondan istifadə edəcək – İstedad
Bu günlərdə Altun Həsənli adlı 14 yaşlı bir oğlan süni intellekt alqoritmi yaratması ilə bağlı gündəmə gəldi. Yaşını eşidəndə təəccüblənməmək mümkün deyildi. Çünki hansısa alqoritmi yaratmaq üçün gərək o sahədə təcrübən olsun, o istiqamətdə illərini sərf edəsən. Bəs "14 yaşlı yeniyetmə bu işi görmək üçün hansı illəri verib?” – deyə düşündüm...
Məni daha çox yaşının az olmasına rəğmən belə bir iş görməsi maraqlandırsa da, söhbətə yaratdığı alqoritmlə başladıq. A.Həsənli bildirdi ki, qurduğu İRİS adlı robot yaratdığı Dinamik Ağıllı Kontekstual Dialoqdan Öyrənmə (DICIG) alqoritmi üzərində qurulub. Robot müəyyən komandaları yadda saxlayaraq gələcəkdə buna bənzər tapşırıqları müstəqil yerinə yetirə biləcək: "Alqoritm üzərində təkmilləşdirilən bu proqram istifadəçi üçün ən zəruri hesab olunan ev, ofis, hətta iri biznes idarələri üçün əməliyyatları bir səs komandası ilə yerinə yetirir. Verilən ifadənin kontekstini analiz edir, bazada olan mövcud kontekstdə dialoqları açır, interfeysdə göstərir”.

"İnsandan insana danışıq təcrübəsi üzərində araşdırma aparıram”
A.Həsənli deyir ki, işlərin öhdəsindən qısa zamanda gəlməyə yardım edəcək bu robotdan müxtəlif internet platformaları üzərindən istifadə etmək olar: "İlk başlayanda yeni anadan olmuş bir uşağa oxşasa da, yavaş-yavaş insanlarla danışdıqda hər bir sahəyə uyğun özünü inkişaf etdirir. Bunun sayəsində də robot hər bir insanın maraqlarını bazaya yazır. Hər insanı özü kimi tanıyır və elə də danışır. İlk olaraq insan onu öyrədir. İstənilən məhsula quraşdırılanda həm biznesini inkişaf etdirənlər üçün, həm də proqram yazanlar üçün böyük bir platforma açmış olur; həm yaddaş, həm xidmətlərin təşkil olunması cəhətdən. UBER hazırda avtopilot maşınlar çıxarır. Yalnız UBER-in xidməti üçün hazırladığı interfeys çox qarışıqdır. Robot bu qarışıq interfeyslərə quraşdırılaraq onları asanlaşdıracaq və səs ilə idarə oluna biləcək. Hər bir insanın şəxsiləşdirilmiş bazası olacaq. Araşdırmalar üçün araşdırma bürosu açmaq istəyirəm. Məncə, bu iş üçün gələcəkdə maliyyəyə ehtiyacım ola bilər. Süni intellekt alqoritmi bütün dünyada araşdırılan mövzudur. Alqoritmi daha da inkişaf etdirmək üçün insandan insana danışıq təcrübəsi üzərində araşdırma aparıram. İnsan robotu öyrədəcək, sonra ondan istifadə edəcək”.

"Əgər bir uşağın əyləncəsi oyunlar olubsa, mənim əyləncəm budur”
Daha sonra onun bu işlərə marağının necə yaranmasından danışdıq. A.Həsənli deyir ki, bu işə yaşıdlarının oyunlara meyil etdiyi 7-8 yaşlarından maraq göstərib. Oyunu, əyləncəsi, işi kompyuter olub: "Heç kim məndə bu sahəyə maraq yaratmayıb, yaxud deməyib ki, bu istiqamətə get. Əksinə, öz seçimlərimdə sərbəstlik verilib. 7-8 yaşlarımda həmişə saytlara daxil olanda kontentin azlığından şikayətlənirdim. Öz fikir və düşüncələrimi insanlarla bölüşmək istəyirdim. Düzdür, sosial şəbəkələr var, amma daha qrafikal, vizual şəkildə çatdırmaq çox maraqlı idi. Yavaş-yavaş təcrübəm genişləndi və süni intellekt proqramı haqqında düşünməyə başladım. Əslində az yaşımdan bu işdə çalışmaq mənə elə də asan olmayıb. Proqramlarla işləmək çətindir. Əgər bir uşağın əyləncəsi oyunlar olubsa, mənim əyləncəm budur”.
Yaşı az olduğu üçün kompyuter qarşısında oturmaqla bağlı valideynlərin məhdudiyyəti də olub. Altun deyir ki, məhdudiyyət olsa da, ona icazə verilən müddət öz işlərini yerinə yetirmək üçün bəs edib: "Məhdudiyyətlər mənim bu işə marağımı öldürə bilməz. Təxminən gün ərzində fasilələrlə 5-6 saat işləməyimə imkan verirdilər. Bu müddət özümü inkişaf etdirmək üçün bəs edirdi. Valideynlərimin bu məhdudiyyəti isə sağlamlığımla bağlı idi. Çünki kompyuter qarşısında çox oturmaq hər kəs üçün ziyanlıdır. Amma iş olaraq valideynlərim məni hər zaman dəstəkləyiblər. Onlar araşdırmanı çox sevirlər, bu isə məndə maraq yaradır. Kompyuter mühəndisliyi yaxın minillikdə lazım olacaq maraqlı peşədir. Valideynlərim məni bu işdə dəstəkləyirlər. Amma başqa bir istiqamət də seçsəm, bilirəm ki, dəstəkləyəcəklər. Əgər səhv seçim etdiyimi görsələr, mənə yanlışlarımı izah edərlər”.
"Həm dincəlirəm, həm də öyrənirəm”
O, uşaqlığını bu işləri öyrənməyə sərf edib. Deyir ki, valideynləri ona uşaqlığını keçirməyi, gələcəkdə onsuz da işləyəcəyini çox deyiblər. Amma o işləyərək, öyrənərək həm də öz yaşına uyğun əyləndiyini bildirdi: "Hərtərəfli olmağı sevirəm deyə, maraqlı gələn sahələrə girməyə çalışıram. Birinci texnologiya, sonra biznesin inkişafı və sosial psixologiya sahələrini öyrənməyə çalışdım. İnsan psixologiyası haqda, demək olar, ilkin dəqiq anlayışlarım var. İndi keçirmədiyim uşaqlığımı gələcəkdə tələb edəcəyimi başa düşürəm. Çünki araşdırmalara görə, uşaqlığını yaşamayan insanlar 30-40 yaşında oyunlar oynaya bilirlər. Mənim öz əyləncələrim var. Öz uşaqlığımı filmlərə, seriallara baxmaqla keçirirəm. Vaxt itkisini xoşlamıram deyə, maraqlı sistem ortaya çıxarmışam. Gördüyüm hər şeyi, oxuduğum xəbərləri, kitabları, baxdığım serialları, filmləri, videoları - hamısını ingilis dilində izləyirəm. Həm dincəlirəm, həm öyrənirəm”.

"Pul hazırda mənim üçün vacib amil deyil”
O, az yaşı olmasına rəğmən, belə bir iş ərsəyə gətirməsini əqli cəhətdən yaşının daha böyük olması ilə əlaqələndirir: "Biologiyada da belə bir şey var ki, bəzi insanlar boy cəhətdən yaşından əvvəl inkişaf edir, bəziləri də əqli cəhətdən. Məndə də beynim yaşımdan tez inkişaf edir. Dostlarım da, demək olar, 18-19 yaşdan yuxarı insanlardır. Amma öz yaşıdlarıma da uyğunlaşmağa çalışıram. Əgər yaşıdlarımla oturmuşamsa, onlarla ortaq mövzuda söhbət edə bilirəm. Amma əsasən 18-19 yaşda olanlarla söhbət edirəm”.
Müsahibimiz məşğul olduğu işlərdən indiyə qədər müəyyən qədər qazanc da əldə edib. Amma hazırda öyrənməyə üstünlük verdiyi üçün qazanc tərəfini ikinci plana keçirib: "İki ildir ki, proqramlaşdırmadan əlavə, bizneslə də maraqlanıram. İki startapım olub. Üç il əvvəl isə "WEBS” adlı ilk veb studio şirkətim olub. Şirkətin fəaliyyət göstərdiyi vaxtlarda pul qazanırdım. Layihəmi gerçəkləşdirəndə isə perspektiv gördüyümdən pul deyil, təcrübəmin inkişafına yönlənmişdim. Pul hazırda mənim üçün vacib amil deyil. İlk qazancım "WEBS” vaxtlarında - 2014-cü ildə 300 manat olub. Amma belə işləri görmə tezliyimdən asılı olaraq ay ərzində 1000 manat da qazanırdım. Bu pulu da özümə investisiya edirdim. Proqramlaşdırmada mənə güclü kompyuter lazım idi. Pul yığaraq özümə yaxşı kompyuter aldım”.

"Hara getsəm, Azərbaycan adına çalışacam”
Gələcəklə bağlı planları da məhz indiki işini təkmilləşdiməkdir: "Kompyuter mühəndisliyini seçmişəm. Hazırda isə daha çox məşğul olduğum sahə süni intellekt proqramlaşdırılmasıdır. Hələ ki bu sahədə özümü inkişaf etdirərək, biznes və süni intellekt proqramlaşdırmasını bir araya gətirərək öz biznesimi qurmaq istəyirəm. Hərtərəfli inkişafım üçün dair böyük sahələri birləşdirirəm, bəzi ideyalar ortaya çıxır. Ona görə süni intellektdən əlavə, kiçik hobbi kimi layihələrim var. O layihələri yaxında hobbidən iş rejiminə keçirmək istəyirəm. Məsələn, sosial gündəmə çıxan hadisələrin ortaya gətirilməsi proqramıdır. Başlıqda sadə bir şey kimi görünsə də, onun geniş bir işləmə texnikası var, geniş kütləyə sahib olacaq potensialı var. Gündəmə çıxan və çıxarılmaq istəyən bütün mövzuların hamısı həmin platformada yuxarı çıxarılacaq. Platformada xüsusi səhifə olacaq ki, hazırda gündəmdə olan hadisələri göstərəcək. Mən hazırda biznes mövzusunu izləyirəmsə, biznes mövzusunda dünya üzrə gündəmdə olan başlıqları göstərir. Proqram bütün dillərə tərcümə olunacaq”.
O, proqramlarla işləsə də, dərslərinə da yaxşı hazırlaşdığını deyir: "Liseydə oxuyuram. Liseydə imtahanlar çox olur. Zəif nəticə göstərənlər məktəbdən çıxarılır. Dərslərim əla gedir. Qiymətlərim yaxşıdır”.
Gələcəkdə xaricdə, yoxsa ölkəmizdə çalışacağını isə zamanın göstərəcəyini deyir: "Həmişə öz vətənimi təmsil etmək istəmişəm. Hara getsəm də, Azərbaycan adına çalışacam”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər