“İnsan psixologiyası qadağaya tabedir”
Nazirlər
Kabineti "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nı təsdiq edib. Trend-in məlumatına görə, "Reklamı qadağan
olunan əmtəələrin Siyahısı”na 15 növ əmtəə daxildir. Belə ki, bu siyahıya sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış əmtəələr, məhsulların istehsalına (satışına) lisenziya
tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr, həkim resepti
əsasında buraxılan dərman vasitələri, dopinq vasitələri, istifadəsinə (tətbiqinə)
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi
təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya
metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə
əsaslanan müalicə metodları, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər,
süni mayalanma üzrə tibbi xidmətlər, tütün, tütün məmulatları və onların ləvazimatları,
o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret
kağızları, alışqanlar, satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli
kağızlar, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata
alınmamış digər lotereyalar, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin
dövlət reyestrinə daxil edilməmiş idman növləri, qumar oyunları, pornoqrafiya,
"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş əmtəələr, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş əmtəələr daxildir.
Lakin
yuxarıda qeyd etdiyimiz siyahıya daxil olan bəzi əmtəələr var ki, onların həm şəhərin
küçələrində, həm də müxtəlif sosial şəbəkələrdə kifayət qədər reklamı gedir. Bəs
görəsən bu qadağalar nəyi dəyişəcək? Bu kimi amillərə diqqət yetiriləcəkmi?
Professor Adil Qeybulla deyir ki, hamiləliyin süni
yolla sonlandırılması məsələsi hələ sovet dövründən
qadağan olunub: "Tibbi göstəriş olmadan aparılan abortlar cinayət hesab olunur.
Əslində sovet dövründə də gizli yolla həmin abortlar həyata keçirilib. Bu isə
onu göstərir ki, bu kimi inzibati qadağaların heç bir faydası yoxdur. Hesab
edirəm ki, hamiləliyin süni yolla pozulması vətəndaşın öz ixtiyarına
buraxılmalıdır. Bu məsələni təqib etmək, fikrimcə, düzgün deyil və nəticə də
vermir. Lakin süni mayalanma məsələsi nəzarətdə olmalıdır deyə düşünürəm. Çünki bu, millətin genofondu ilə bağlı bir məsələdir.
Bu, həmçinin özlüyündə hüquqi xarakter də
daşıyır. Bu kimi məsələdə ər və arvadın birgə məlumatlı
olmadan prosesin hansısa bir formatda aparılması əslində cinayət mahiyyəti
daşıyır. Bununla bağlı hər hansı bir qadağa mexanizminin olması fikri ilə mən də
razıyam. Hətta hesab edirəm ki, bu kimi
hallar zamanı hətta məsuliyyət nəzərdə
tutulmalıdır. Həmçinin qeyd edim ki, həkimlər də bu qaydaları mütləq nəzərə
almalıdır. Dünyanın hər yerində həkim etikası məcəlləsi var. Adını çəkdiyim məsəllədə bu tipli məsələlər öz hüquqi həllini
tapıb. Biz isə bütün məsələləri Hippokrat andının öhdəsinə buraxırıq. Bu and
sovet vaxtından bəri ideologiyalaşmış bir anddır və onun heç bir hüquqi qüvvəsi
yoxdur”.
A.Qeybulla
dəyişikliklərin hər hansı müsbət nəticə verib-verməməsi barədə də söz açdı. O
deyir ki, bu, insanın arzusundan asılıdır: "Süni mayalanma məsələsinə gəldikə
isə, bu, gələcəkdə müxtəlif münaqişələrə səbəb ola bilər. Genofonda nəzarət məsələsinə
maneə törədə bilər və real vəziyyyətin araşdırılmasına imkan verməyə bilər.
Buna ciddi nəzarətin və hüquqi mexanizmlərin
tətbiq edilməsinə çox ciddi ehtiyac var”.
A.Qeybulla
dünya təcrübəsindən misal göstərdi: "Hər bir ölkədə bu kimi məsələlərə münasibət
fərqlidir. Müharibə aparan ölkələrdə populyasiya və demoqrafik vəziyyətin
normallaşması istiqamətində hökumət hansısa cari qərarlar və tədbirlər qəbul edə
bilər. Amma azad ölkələrdə bu məsələlər sərbəst buraxılır. Hesab edirəm ki,
problemin həlli üçün daha çox sanitariya maarifinə ehtiyac var. Bəzən abortlar
sonsuzluğa gətirib çıxara bilir. Bu kimi məsələlərlə bağlı insanlar maarifləndirilməlidir. Sosial şəbəkələrdə indi çox şey sürətlə
yayılır. Hətta orqan satışı ilə bağlı da reklamlar gedir. Halbuki qan qohumluğu
olmayan birinə orqan satışı qadağandır. Amma sosial şəbəkədə böyrəyini satan
kim, ciyərini satan kim. Bu cür elanlar var. Əgər konkret olaraq ciddi nəzarət
olacaqsa, bu məsələyə də ciddi yanaşılmaldır. Fikrimcə, həmin elanlarla bağlı izlənilmə aparıla bilər. Lakin elan üzrə
görüşlər, hansısa prosedurun həyata keçirilməsinə təəssüf ki, nəzarət etmək
olmur. Çünki insanlar bunu gizli həyata keçirir. Düşünürəm ki, hüquqi nəzarət və
məsuliyyət güclü olarsa, insanlar buna əməl edə bilər”.
Sosial Strateji Tədqiqatlar
Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli də qadağaların tərəfdarıdır. O deyir ki, reklamlar üzərində xüsusi nəzarət
mexanizmi qurulmalıdır: "İstər tütün məmulatları, istər kimyəvi tərkibli dərmanlar,
istərsə də heç bir ziyanı olmadığı söylənilən qəlyanın reklamlarına mütləq nəzarət
edilməldir. Elə istehlak malları var ki, onların kütləvi şəkildə reklam
olunması ciddi fəsadlar törədə bilər. Burada söhbət müxtəlif xəstəliklərin
yaranması, zərərli vərdişlərə aludəçilikdən gedir. O cümlədən bu siyahıya qəlyan,
siqaret və digər tütün məmulatlarını da aid etmək olar. Əgər tütün məmulatları,
o cümlədən də qəlyanların reklamları gedirsə, bu işlə məşğul olan şirkət məsuliyyətə
cəlb edilməlidir. Əgər küçədə olan insanlara, nəqliyyat vasitələrinin sürücülərinə
hansısa kafedə, yaxud restoranda müxtəlif çeşidli qəlyanların olmasına dair
kiçik bukletlər paylanılırsa, hətta bunun üçün də cərimə tətbiq olunmalıdır. Həmin
şəxslər fərdi qaydada cərimə olunmalıdır”.
Ekspert
deyir ki, insan psixologiyası özünü qadağalara daha çox tabe etdirir: "Əslində
cəmiyyətin idarə olunmasında müəyyən sanksiyaların, qadağaların, cərimələrin tətbiqi
müsbət dəyişikliklərə səbəb olur. Təxminən 5 il bundan öncəyə qədər nəqliyyat
vasitələrini idarə edən şəxslərin kəmər taxması faizi ilə indikini müqayisə etsək,
görərik ki, 90 faiz artım var. Həmçinin müşahidələr göstərir ki, indi artıq
piyada keçidlərindən əvvələ nisbətən daha çox istifadə edilir. Bütün bunlar
qadağa və cərimələr nəticəsində əldə olunub. Dünyanın hər yerində cəmiyyət
qanunvericilik aktları ilə idarə olunur. Bir çox hallarda problemin həlli yolu
qadağadan keçir”.
Şəbnəm Mehdizadə