“İnsan malından və canından daha çox, dövlətini sevməlidir” - Fotolar
"Türkiyə və Azərbaycan İş
Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB) qlobal iqtisadi əlaqələrin
yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb.
"Millətimiz və dövlətlərimiz varsa, biz də varıq!” şüarı ilə fəaliyyət göstərən
iş adamları öz sahələrində əldə etdikləri uğurlarla yanaşı, xalqımızın rifah
halının yaxşılaşdırılması üçün öz üzərilərinə düşən vəzifələri də layiqincə
yerinə yetirirlər. Müsahibimiz TÜİB İdarə Heyətinin sədri, iş adamı Hüseyn
Böyükfıratdır.
"Bakıda həm ali təhsil aldım, həm də iş qurub çalışmağa başladım"
-
Hüseyn bəy, nə vaxtdan Azərbaycanda yaşayırsınız və buraya gəlişinizin ilkin səbəbi
nə olub?
- Azərbaycana ilk dəfə 1992-ci ildə ali təhsil
almaq üçün gəldim. O zaman Nəriman Nərimanovun adını daşıyan indiki Azərbaycan Tibb Universitetinə daxil oldum. Əczaçılıq ixtisası üzrə təhsil almağa
başladım. Azərbaycanın müstəqilliyinin ilk illərinə, mənim isə tələbəlik
dövrümə təsadüf edən həmin dövr çox çətin idi. Bütün çətinliklərə,
çatışmazlıqlara rəğmən, ali təhsilimi başa vurdum. Hələ tələbə olarkən
əhatəmdəki bəzi tanışlarla iş ortaqlığım var idi. Əczaçılıq ixtisası üzrə
təhsil aldığım üçün bizim burada bir sağlıq mərkəzimiz oldu. O sağlıq mərkəzi
indi də var. Plastik qapı-pəncərə istehsalı üzrə Almaniyanın məşhur şirkətinin
Azərbaycanda təmsilçisi olmaq hüququnu əldə edə bildik. Burada eynən həmin
keyfiyyətdə istehsal qurduq. Ən nəhayət, bir tələbənin qürbətdə tez-tez
üzləşdiyi qidalanma problemini də Urfa-Anadolu mətbəxinin kiçik bir nümunəsini
müştərilərə təklif edə bilən restoran açdıq. Beləliklə də, 1992-ci ildən
2000-ci ilə qədər Bakıda yaşayaraq həm ali təhsil aldım, həm də iş qurub
çalışmağa, ictimai-sosial-ticari sferada aktivlik nümayiş etdirməyə başladım.
"Azərbaycan insanının dərdinə mənən şərik çıxırdılar"
-
Nə üçün ali təhsil almaq üçün məhz Azərbaycanı seçdiniz?
- O dövrlərdə Türkiyə televiziyası, türk mediası
Bosniya və Herseqovina, Azərbaycan barədə sürəkli xəbərlər, süjetlər verir,
buradakı müstəqillik mücadiləsindən reportajlar yayırdılar. Xüsusən də Dağlıq
Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinə Ermənistanın təcavüzü, mitinqlər və
sair kimi məsələlər gündəmdə saxlanılırdı. İnsanlarımız buna təpki verir,
duyğulanır, hətta ağlayır, Azərbaycan insanının dərdinə mənən şərik çıxırdılar.
O zamanlar türk insanı əlindən nə gəlirdisə, onu edirdi. Kimisi duası, kimisi
əməli ilə öz münasibətini büruzə verirdi. Təbii olaraq, bizlər də bu duyğularla
yaşayırdıq. Ona görə də, Azərbaycanda ali təhsil almaq seçimində bu duyğular
mühüm rol oynadı. Bu duyğuların təsiri ilə də Azərbaycana, paytaxt Bakıya
gəldim. İndi o illərə çevrilib baxanda öz-özümə deyirəm: yaxşı ki, belə seçim
etdim, yaxşı ki, belə oldu. Yəni, seçimimdən peşman deyiləm.
- O zaman valideynləriniz buna necə reaksiya verdilər?
- Əlbəttə ki, xarici ölkəyə
getmək istəyən bir gəncə onun valideyninin verəcəyi ilk reaksiya - haraya, kimin yanına, nə üçün gedirsən kimi
suallar olur. Lakin burası da var ki, Azərbaycana mən tək gəlmədim. 20-30 nəfər
dost-tanış, qohum bərabər şəkildə Bakıya gəldik. Hamımız bir-birimizə əmanət
edilmişdik.
"Uşaq vaxtlardan bu çalışqanlığı görmüşəm"
-
Qeyd etdiniz ki, əczaçılıq ixtisası üzrə tibb təhsili alıbsınız. Nə üçün tibb
sahəsinə deyil, sahibkarlığa, iş adamı olmağa maraq göstərdiniz?
- Tələbə olmazdan öncə də
ticari əlaqələrin içində olan bir şəxs idim. Türkiyədə yaşadığım qəsəbədə
babamın, atamın böyük təsərrüfatı, əkin sahələri var idi. Uşaq vaxtlardan bu
çalışqanlığı görmüşəm. Hələ orta məktəbdə oxuyarkən tarlalarda çalışan
işçilərimizin hesab-kitabını aparırdım. Misal üçün, pambıqçılar hər axşam
yığdıqları pambığı gətirib təhvil verirdilər, mən də onları qeydə alırdım.
Bütün bunlar təhsillə yanaşı, ticarətin içində böyüməyimə səbəb olurdu.
"Azərbaycan və Türkiyəni bir-biri ilə bağlayan dəyərlər, ortaq tarix var"
-
Hazırda Azərbaycanda fəaliyyətiniz, həyata keçirdiyiniz layihələr nədən
ibarətdir?
- Şəxs olaraq tək özümün
deyil, bizim Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin
(TÜİB) Bakıda bir çox layihələri var. Bu məqamda xüsusilə vurğulamaq istərdim
ki, müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətin 100 illiyini qeyd edən
Azərbaycan və bir neçə il sonra müstəqilliyinin 100 illiyini qeyd edəcək
Türkiyə arasında çox sıx əlaqələr var. Çanaqqala savaşında azərbaycanlılar türk
qardaşlarına yardım etmiş, düşmənə qarşı savaşmışlar. 1918-ci ildə Nuru Paşanın
rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanın yardımına gəlib. 1920-ci ildə
Azərbaycana Nəriman Nərimanovun rəhbərlik etməsindən sonra da Türkiyə ilə
münasibətlər qırılmayıb. 1921-ci ildə Türkiyənin apardığı milli mücadilənin ən
qızğın günlərində Mustafa Kamal Paşa Nəriman Nərimanova məktub yollayaraq ondan
maddi kömək - borc pul istəyib. "Paşam, qardaş qardaşa borc verməz, əl tutar”
deyən Nərimanov, dərhal yardım əlini uzadıb. Mustafa Kamal Atatürkün
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və
Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri isə iki ölkə
arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq
ifadə edən ən mükəmməl formul kimi qəbul edilir. Bir sözlə, Azərbaycan və
Türkiyəni bir-biri ilə bağlayan dəyərlər, ortaq tarix var. Türkiyə və
Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi olaraq Azərbaycanda
həyata keçirdiyimiz layihələr də bu cür maddi-mənəvi dəyərlərə, ortaq tarixə
söykənir. Türkiyəli iş adamı Azərbaycana gələrkən sadəcə, iş qurmaq, pul
qazanmaq barədə düşünmür. Misal üçün deyə bilərəm ki, Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoralın da iştirakı ilə ötən il TÜİB Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində olub. Əvvəlcə qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələri
tərəfindən işğaldan azad edilən Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin
diqqət və qayğısı ilə tamamilə yenidən qurulub, bütün dünyaya nümayiş olunub.
Bu siyasətə dəstək olaraq, TÜİB də Cocuq Mərcanlıda yaşayan insanlara dəstək
olmağa çalışıb. Cocuq Mərcanlı kənd orta məktəbinin kitabxanasına TÜİB üzvləri tərəfindən min
ədəd kitab hədiyyə olunub. Türkiyənin dünya şöhrətli "DünyaGöz” xəstəxanasının
Bakıdakı nümayəndəliyi tərəfindən yerli sakinlər üçün pulsuz göz müayinəsi,
"Türk-Amerikan Medikal Center” tərəfindən "Sağlamlıq müayinəsi” təşkil edilib. Bundan
başqa, Türkiyənin iş adamları uzun illərdən bəri istifadəsiz qalmış əkinə
yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd
təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf
etdirilməsinə, sakinlərin iş vərdişlərinin və yaşayış imkanlarının bərpasına
dəstək veriblər. Beləliklə də insanların sosial ehtiyaclarının təmin edilməsi
üçün Cocuq Mərcanlının inkişafı layihəsi həyata keçirilib. TÜİB bu layihədə
maddiyyatdan daha çox, mənəviyyatı düşünüb. Çünki, Türkiyə varsa, Azərbaycan
varsa bizlər də varıq, iş adamları da vardır. İnsan malından, canından daha çox
dövlətini sevməli, qorumalı, onun inkişafına dəstək verməlidir.
"İstəyirik ki, öz fəaliyyətimizlə bu münasibətlərə, əlaqələrə töhfə verə bilək"
- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində hansı işləri görürsünüz?
- Azərbaycandan kənarda, o
cümlədən Türkiyədə Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkünə çevrilməsi, hüquqlarının pozulması, Xocalı soyqırımı
barədə tədbirlər təşkil edir, görüşlər keçiririk. Xocalı soyqırımının 25
illiyində Türkiyədə, Azərbaycandan gələn heyətin prezident Rəcəb Tayyib
Ərdoğanla görüşü oldu. Türkiyə Böyük Millət Məclisində ilk dəfə Azərbaycan
bayrağı asıldı. Hansı ki, qanunlara görə, Türkiyə bayrağından başqa heç bir
bayraq o Məclisdə asılmır. Azərbaycandan olan millət vəkili Elman Məmmədov da
bizim nümayəndə heyətinin tərkibində bütün tədbirlərdə iştirak etdi, Xocalı
Soyqırımının canlı şahidi kimi fikirlərini geniş ictimaiyyətə çatdırdı.
Beləliklə də, bir daha nümayiş olundu ki, Azərbaycanın dərdini öz dərdimiz
hesab edirik. Bundan başqa, ticari sərgilərdə Azərbaycanın tanıdılması üçün
həyata keçirilən layihələrimiz də var. Görülən işlərə əlavə olaraq, Türkiyədən
Azərbaycana mədəniyyət turlarının təşkili məsələsini də diqqətə çatdırmaq
istərdim. Türkiyənin tanınmış şəxsləri bu turlar çərçivəsində Azərbaycana
gələcək, onların, paytaxt Bakı və digər bölgələrlə tanışlığına şərait yaradılacaq.
Bu istiqamətdə çalışmalarımız davam edir. Türkiyə televiziyalarında yayımlanan
teleseriallarda Azərbaycan haqqında maraqlı məlumatların verilməsini təmin
edirik. Bu da Türkiyə vətəndaşında Azərbaycan haqqında təsəvvür yaradır. Eyni
zamanda, Türkiyənin məşhur aktyorlarının Bakıya səfərləri təşkil olunub. Bu
kimi çalışmalar davamlıdır. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında
əlaqələr, hər iki ölkə başçısının yüksək səviyyəli qarşılıqlı münasibətləri
bütün dünyanı qısqandıracaq durumdadır. Biz də istəyirik ki, öz fəaliyyətimizlə
bu münasibətlərə, əlaqələrə töhfə verə bilək.
"Azərbaycanın gələcəyini çox parlaq görürəm"
-
TÜİB olaraq Azərbaycanda sahibkarlara –
iş adamlarına yaradılan şəraiti necə dəyərləndirirsiniz?
- Azərbaycanda qeyri-neft
sektorunun, sahibkarlığın inkişafı son illər daha da sürətlənib. Xüsusən də
kənd təsərrüfatı sahəsinin tərəqqisi üçün geniş imkanlar açılıb. Biz də TÜİB
olaraq öz təcrübəmizdən çıxış edərək, bu inkişafa qatqımızı vermək istəyirik.
İndiyə qədər reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars,
TANAP kimi layihələri və hazırda qeyri-neft sektorunun inkişafı üçün atılan
addımları nəzərə alanda, Azərbaycanın gələcəyini çox parlaq görürəm.
- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Bu suala
tək bir cümlə ilə cavab verə bilərəm: Bir qədər əvvəl qeyd etdiyim sosialyönlü
layihələr bundan sonra da davam etdiriləcək.
Rufik İSMAYILOV