• çərşənbə axşamı, 19 mart, 13:59
  • Baku Bakı 8°C

İnsan ölür və unudulur

01.07.19 13:00 15267
İnsan ölür və unudulur
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Aslan Quliyevdir. Aslan müəllimin sevdiyi əsər Milan Kunderanın "Ölümsüzlük” romanıdır

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Milan Kunderanın "Ölümsüzlük” romanı sizin sevdiyiniz əsərdir?
– Kundera yazıçı kimi bənzərsizdir, üslubuyla, sözlə işləmək bacarığıyla, süjet qurmaq məharətiylə, əşyalara, insanlara, insan xarakterlərinə fərqli münasibətiylə. Söhbət sırf "Ölümsüzlük”dən gedirsə, yaratdığı obrazları, təsvir elədiyi hadisələri, detalları ölümsüzlüyə qovuşdura bildiyinə görə ən çox sevdiyim romanlardan biridir.
– Milan Kundera deyir ki, "Ölümsüzlükdən” sonra yazdığı bütün romanlar əvvəlki əsərlərinin təkrarı oldu. Yazıçının belə bir qənaətə gəlməsini necə izah edərdiniz?
– Əksər yazıçılarda belədir, Kundera da istisna deyil. Heminqeyi "Qoca və dəniz”, Cek Londonu "Martin İden” və şimal hekayələri, Kuperi "Sonuncu mogikan” və "Ləpirçi” məşhurlaşdırdı. Sonra yazdıqları isə bu yazdıqlarının solğun kölgəsi, əks-sədası oldu. Kunderanın da heç bir əsəri yuxarıda xatırlatdığım iki roman səviyyəsində olmadı. Onu dünyaya tanıdan məhz bu iki roman oldu. Amma mən yenə də "Ölümsüzlük”lükdən sonra yazdıqlarının əvvəlkilərin təkrarı olduğunu deməzdim. Sadəcə olaraq yalnız özünə xas olan eyni dəst-xətlə, eyni üslubla yazdı, eyni cığırla getdi. Bu da istər-istəməz əvvəl yazdıqlarını xatırladır. Onun niyə bu qənaətə gəlməsini yalnız bir səbəblə izah edərdim, "Ölümsüzlük” onun çex dilində yazdığı son roman oldu. Əslində, bununla dilindən, ölkəsindən, köklərindən ayrılandan sonra nə yazdısa da, ürəyincə olmadığını demək istəyir. Yəni necə yazdısa, doğma dilində düşündüklərini yad dildə necə qələmə aldısa da, onun illərcə formalaşan, təşəkkül tapan yazıçı mənliyi, daxili eqosu, çex mentaliteti bunu qəbul eləmədi.
– Əsərdə sevdiyiniz detal, məqam, yaxud dialoq hansıdır?
– Bettinanın ölümsüzləşdiyi səhnə. Hote ilə Bethovenin gəzinti səhnəsi: "Onlar kurort xiyabanının yanı ilə gedirmişlər, birdən fransız kraliçası Mariya-Luiza ailəsi və saray xidmətçiləri ilə birlikdə onların qarşısına çıxır. Onları görən Höte Bethovenin sözlərinə qulaq asmağa son verir, yolun kənarına çəkilərək şlyapasını çıxarır. Bethoven isə şlyapasını alnına bir az da basır, qaşqabağını elə tökür ki, onun sıx qaşları daha bir neçə santimetr uzanır və addımlarını yavaşıtmadan irəliyə doğru addımlayır. Buna görə də onlar, aristokratlar dayanmağa, ona yol verməyə və baş əyməyə məcbur olurlar. Yalnız onlardan bir qədər aralanandan sonra Bethoven geri dönüb dayanır və guya Höteni gözləməyə başlayır. Və onun nökər hərəkəti üçün ürəyindən nə keçirsə, hamısını ona deyir. Höteni məktəbli uşaq kimi danlayır”.
Bu kiçik səhnə iki dahinin xarakterini haqlarında yazılan yüzlərlə cild əsərlərdən daha aydın açır.
Ya da Bernara yüz faizli eşşək diplomu təqdim edilməsi səhnəsi: "Yanıma naməlum bir kişi gəlmişdi. İri qarnı vardı, məndən bir baş hündürdü. Özünü təqdim elədi, ehtiyatlı bir səmimiyyətlə gülümsədi və dedi: "Bu diplomu sizə təqdim eləməyi özümə şərəf bilirəm”. Mənim əlimə böyük bir karton lüləni qoyaraq təkid elədi ki, onu dərhal açım. Lülədə diplom var idi. Rəngliydi. Bir xəttat xətti ilə orda yazılmışdı: Bernar Bertran yüz faizli eşşək rütbəsinə layiq görülmüşdür”. Əslində bu guya zarafatdı, amma Pol ona baxır və başa düşür ki, "artıq heç vaxt özlüyündə onu Bernar adlandıra bilməyəcək, yalnız yüz faizli eşşək adlandıracaq”, çünki onun qənaətincə "Əyər insan eşşək rütbəsinə layiq görülübsə, o özünü eşşək kimi aparmağa başlayır”.
Romanda belə ölümsüz səhnələr, məqamlar, dialoqlar, insan xarakterini açan detallar çoxdur.
– Əsərdə yazıçı obrazla romana müdaxilə edir, əsas xarakterlərdən biri olan professor Avenariusla əsərin mövzusunu müzakirə edir. Siz bu məqamı necə qiymətləndirirsiniz?
- Avenarius əsərdəki obrazlardan biridir, bu obrazı yazıçı yaradıb. Amma onunla oturub söhbət eləyir, müzakirələr açır. Bu mənada yazıçı burda həm özüdür, həm də professor Avenarius. Avenarius deyir: "Mən bu haqda böyük bir kitab yazmağı arzulayıram: "Təsadüfün nəzəriyyəsi”. Yazıçı da onunla bu kitabı, təsadüfləri müzakirə eləyir. Çünki onun öz kitabı da təsadüflər nəzəriyyəsidir, bu nəzəriyyədən doğur. Avenariusla öz yazdığı romanı da, yaratdığı obrazları da, onların psixoloji hallarını, xarakterlərini də müzakirə eləyir. Obraz Avenariusun fikirlərini öyrənmək, onları dəyərləndirmək təkcə yazıçı Avenrius üçün yox, oxucu üçün də maraqlı olur. Yəni yazıçı qarşısında süjet boyu açdığı hadisələrə eyni zamanda iki şəxs kimi baxır, əsərin qəhrəmanı Avenarius kimi, o qəhrəmanı yaradan yazıçı Avenarius kimi.
– Romanın altıncı hissəsində ortaya çıxan Rubens obrazına daha öncəki və sonrakı bölmələrdə rast gəlinmir. Obrazın bu şəkildə "qeybi” sizə təbii görünür, yoxsa?
– Bunu yazıçı bilərəkdən eləyir, öz qəhrəmanı Avenariusla yazdığı romanı müzakirə eləyəndə ona deyir: "Mən altıncı hissəni səbirsizliklə gözləyirəm. Romana tamami ilə yeni olan yeni qəhrəman gələcək. Hissənin axırında isə necə gəlmişdisə özündən sonra heç bir iz qoymadan elə də gedəcək. Nəyinsə səbəbi, nəyinsə təhqiqatı olmayacaq. Mənə məhz bu xoş gəlir. Altıncı hissə roman içində roman və mənim nə vaxtsa yazdığım ən qüssəli erotik əhvalat olacaq. Sənin üçün də qüssəli olacaq”. Yəni burda səbəb axtarmağa dəyməz, bu yazıçının öz istəyidir. Hələ romanı yazmağa başlayanda bunu planlaşdırır və yazı prosesində planını həyata keçirdir. Rubens gözlənilmədən gəldiyi kimi, gözlənilmədən də gedir. Obrazın bu şəkildə romanda iştirakı, gəlişi və gedişi ola bilsin digər bir yazıçıya təbii görünməsin, amma şəxsən mən bir yazıçı kimi Rubensi və yazıçının yazdığı kimi onun "qüssəli erotik əhvalatı”nı bu romanın içində təbii qəbul elədim.
– "Mən” anlayışı əsərdə çox qabardılır müəllif göstərir ki, müasir dünyada fərdilik əvvəlki əsrlərə nisbətdə daha vacibdir, müasir insan fiziki-mənəvi baxımdan təkrarlanmaq, kölə olmaq istəmir. Sizcə, müəllif "mən anlayışına” əsərdə niyə bu qədər xüsusi dəyər verir?
– Müəllifin əsərdə "mən anlayışı”na bu qədər önəm və xüsusi dəyər verməsinin əsas səbəbi özünün yazıçı mənliyinə qiymət verməsidir. Yazıda nəyə qadir olduğunu başa düşür və buna dəyər verir. Bu romanda da yaratdığı obrazlarla romanını müzakirə eləyərkən yazıçı mənini çox qabardır. Yazıçı fərdiliyi, tənhalığı müasir dünyada insanlar üçün vacib hesab eləyir. Çünki yalnız belə olan halda insanın müasir dünyanın tələbləri ilə ayaqlaşa, qloballaşan dünyanın mənəvi dəyərlərinə köklənə biləcəyini düşünür. İnsanın kölə olmasını istəmir, çünki o uzun müddət Çexoslavakiyada sosialist rejimində yaşayıb, altşüurunda ömrünün ən qaynar çağlarını yaşadığı o dövrlərlə bağlı etirazı öz iradəsini və istəyini diqtə eləyir. Yazıçı da bu diqtənin təsiri altında yazır.
– Ədəbi tənqidçilər müəllif haqda yazırlar ki, o, bu əsərdə öz qəhrəmanını hərəkətdən, bədən dilindən yaratmağı bacarır. Sizcə, qəhrəmanların hərəkətləri əsərin mahiyyətinin açılmasında rol oynayırmı?
– Həm də çox oynayır. Təkcə tənqidçilər yox, müəllif özü də bunu yazır. "Həvva Adəmin qabırğasından yaranan kimi, Venera dəniz köpüyündən doğulan kimi Anyes də öz məşqçisinə əl eləyən və üz cizgiləri artıq yaddaşımdan boy verən altmış yaşlı qadının əl işarəsindən yaranıb. Həmən işarə o vaxt məndə sonsuz və izah olunmaz bir kədər oyatdı, kədərdən isə qadın yarandı, mən onu Anyes adlandırdım”. Yazıçı qəhrəmanını öz məşqçisinə əl eləyən yaşlı qadının əl işarəsindən yaradır. Daha doğrusu bu işarə onda kədər oyadır və kədərdən qadın yaranır.
Qəhrəmanların hərəkətlərinin əsərin mahiyyətinin açılmasında müstəsna rolu var. Yazıçı jestlərə, işarələrə, bir sözlə bədən dilinə böyük əhəmiyyət verir, onları belə ölümsüzlüyə qovuşdurmağa cəhd eləyir və buna nail də olur. "Onun jestini xatırlayaq, mən bu jesti ölümsüzlüklə mükafatlandırılan jest adlandırmışam”.
Hətta qəhrəmanlarının istək və arzularını, fikirlərini, hisslərini ifadə eləmələrini belə jestlərlə izah eləyir, bədən dilini təsnifatlara ayırır: "Mübahisə vaxtı Brijit qısa, cəld hərəkətlə başını yırğalayır, həm də çiyinlərini çəkir və qaşlarını qaldırırdı. Evdə bu səhnəni atasına danışanda onun başı elə həmən hərəkətləri eləyirdi. Biz artıq bu jestlə rastlaşmışıq: bu jest bizim ən təbii haqlarımızı qəbul eləmək istəməyənlər üçün qanqaraldan heyrəti ifadə eləyir. Buna görə də bu jesti insan haqlarının pozulması əleyhinə olan jest adlandıracağıq”.
Ya da Bernarla Loranın münasibətlərində: "Bernar onun bədən hərəkətlərinin virtouzluğunu özünün qəbul eləyə bilməyəcəyi çağırış kimi qəbul eləyirdi. Bu onda erotik yetişkənliyinin qiymətləndirilməyəcəyi kimi köhnə yeniyetməlik həyəcanı yaradırdı”.
– Əsərdə Höte ilə Heminqueyin belə bir söhbəti var:
"– Bizim kitablarımız sözsüz ki, ölümsüzdür, – Höte çiyinlərini çəkərək əlavə etdi: – Amma özümüz yox...
– Tam əksinə, – Heminquey etiraz etdi. – Günün birində bizi oxumaqdan bezəcəklər. Sizin "Faust”unuzdan geriyə qalan Qunonun mənasız operası olacaq. Ya da ki bu fikir: "Qadın cazibəsi daim maqnit kimi özünə çəkir”. Amma insanlar həyatınızla bağlı ən xırdalıqlarına qədər maraqlanmaq istəyəcəklər.
Mənim kitablarım mənsiz yaşayırlar, Ernest! Mən ölmüşəm, artıq onların heç birində yoxam. Heç kim məni o kitablarda tapa bilməz.
–Mən bir şeyi anlamıram, – Heminquey dedi, – əgər yaratdığınız obrazın sizinlə heç bir əlaqəsi yoxdursa, onda bu qədər diqqət və vaxt ayırmağın nə mənası vardı?” Siz bu əsər kontekstində müəlliflərin mübahisə etdiyi rakurslardan hansını özünüzə daha yaxın hesab edirsiniz?
– Çox maraqlı dialoq gedir, amma təbii, bu Hötenin və ya Heminqueyin fikirləri deyil, müəllif məhz belə düşünə biləcəklərini güman eləyir və onlar da yuxarıdakı dialoqu dilə gətirirlər. Müəllifin qənaəti budur, onlar görüşərdilərsə, məhz belə də düşünər və belə də deyərdilər. Sualınıza gələndə isə əlbəttə, Hemiqueyin dəlillərini daha yaxın hesab eləyirəm. Yazıçı ölümə və ya ölümsüzlüyə qovuşandan sonra da kitablarında yaşamalıdır. Yaşamayacaqsa, yazmağa dəyməz. Necə ki, Kundera öz kitablarında əbədi yaşayacaq.
– Piter Kussi: adlı ədəbiyyatşünas bu əsəri "Bu, romandan çox, içində roman da olan fəlsəfi mətndir”. Romanın bu cür qiymətləndirilməsi ilə razısınızmı?
– Razıyam, bircə fəlsəfi mətn olmasını bütünlüklə qəbul eləyə bilmirəm. Roman sırf bədii mətndir, bədii mətnin tələblərinə cavab verən bütün şərtlərə malikdir. Yazıçı özü də romandakı altıncı hissəni roman içində roman adlandırıb. Əvvəldə xatırlatmışam, kiçik süjetlər əsas süjetə qovuşaraq bir tamlıq yaradır. Bununla belə əsəri oxuduqca bir qələm adamı kimi düşünürsən, Anyeslə Polun, Lora ilə sevgililərinin, Bettina ilə Hötenin münasibətləri ayrıca bir romandır. Amma Kundera da bir dahi, o da yəqin yazı prosesində bunları görüb, duyub, hiss edib, amma onun ustalığı sayəsində romanın içindəki romanların yadlığı hiss olunmur, ümumi süjetə xələl gətirmir.
– Maykl Vud məqaləsində həm özünə, həm oxucuya bir sual ünvanlayır: "Kundera bir yazardır. Amma onun yazdığı fəlsəfədir, yoxsa hekayə? "Hekayə sənəti”ndə özü deyir ki, onun yazdıqlarını "fəlsəfə” adlandırmaq, uyğunsuz müqayisədir. Səbəb kimi isə fəlsəfədə fikrin abstrakt təxəyyül üzərində, qəhrəmansız, təsvirsiz inşa edildiyini göstərir. Bəs, bu qəhrəmanları, təsvirli mətnin bir romandan çox uzaq olduğunu özü hiss edə bilmirmi?!”. Bəs bu əsəri siz nə hesab edirsiniz fəlsəfi traktat, yoxsa roman?
– Mən bu əsəri sırf roman hesab edirəm. Böyük yazıçının böyük məharətlə yazdığı bədii mətn, çox gözəl roman kimi və bu əsəri "fəlsəfi traktat” adlandırmaq absurddur. Yazıçı qəhrəmanlarının və özünün fikirlərini, düşüncələrini, hisslərini hamının düşündüyü tərzdə yox, hamının gördüyü, duyduğu, bildiyi, amma fərqinə varmadığı tərzdə təqdim eləyir. Bunu yazıçının "fəlsəfi düşüncələri” də adlandırmaq olar, amma daha fəlsəfi trakatt yox.
– Kafka ilə Kunderanın yaradıcılıq fərqini qeyd edəndə, əsasən müəllifin bu əsərini nəzərdə tutaraq deyirlər: Kafkadan fərqli olaraq, Kundera qəhrəmanın beynindən keçəni yox, yazarın beynindən keçənləri qələmə alır”. Sizcə, doğru müşahidədirmi?
– Bu Kunderada çoxşaxəlidir və bu baxımdan Kafkadan çox fərqlənir. Təkcə qəhrəmanın ya yazıçının beynindən keçənləri yox, eyni zamanda onların hər ikisinin beynindən keçənləri qələmə alır. Obrazları yaradır, sonra onlara ruh verir, canlandırır və onların müşahidələrini, mühakimələrini yazır, onlarla yazdığı romanı və həyat hadislərini müzakirə eləyir, onlarla oturub söhbət eləyir. Ən çox da Avenariusla. Bu obraz daha canlı, maraqlı və diqqət çəkəndir. Hadisələrə, həyata baxışları fərqlidir. Öz yaratdığı obrazları hətta hansısa hərəkətlərinə görə məzəmmətləyir, danlayır da, onlara irad da tutur. Özü yaratmış olsa da bu obrazlar hansısa məqamda onun nəzarətindən çıxırlar. Bu baxımdan Kundera təkcə Kafkadan yox, əksər yazıçılardan fərqlənir.
– "Guardian” dərgisində yayımlanmış bir məqalədə Kunderanın aktuallığı, qəhrəmanların bu günün oxucusu üçün təsirlilik gücü haqq-hesab edilir. "Ölümsüzlük” romanındakı qəhrəmanlara xüsusi diqqət çəkilir. Agne ilə birbaşa münasibəti olan Rubens adlı qəhrəmanın cəmi bir hissədə yer alması, Agnenin yaşlı bir qadın kimi təsvir edilsə də, feminant cəhətlərinin qabardılması, ilk hissədə əsas qəhrəmanlardan biri kimi gördüyümüz professor Avenariusun əsərin böyük hissəsində siluet kimi qalması, hər yeni qəhrəmanın tam portretinin iki-üç hissə sonra məlum olması və s. kimi faktorlar məqalədə tənqid atəşinə tutulur. Oxucu üçün bu qədər qarışıq obrazların əsəri daha maraqlı etmədiyi iddiası səsləndirilir. Siz bu iradlarla razısınızmı?
– Kundera hamı kimi yazmır. Alışdığımız, oxuduğumuz bədii mətnlərə oxşar mətnlər yaratmır. Bunu ona irad tutmaq mənasızdır. Qənaətimcə qarışıq obrazlar romanı daha da canlandırır, romanın hər fəslində həyat qaynayır, hisslər, duyğular dəniz kimi ləpələnir, sanki hər bir obraz dənizdə üzüb yorulandan sonra sahilə çəkilərək sudan çıxıb gözləyir, dincini alır və dənizi ləpələndirmək, dalğalandırmaq üçün yeni obrazlara yol verir. İndi də onlar suya baş vurur, dalğalı dənizdə üzür, yalnız yorulandan sonra sahilə çıxıb dincəlmək və yeni obrazlara yol vermək haqda düşünürlər. Onlar sahildə dincələndə isə oxucunun diqqətini artıq dənizə girmiş yeni obrazlar məşğul eləməyə başlayırlar. Ona görə də oxucu yorulmur, heç bu qarışıqlığı hiss eləməyə macal da tapmır.
– Əsəri yazılış formasına görə "roman-esse” adlandırmaq olarmı?
– Yox. Esselerdən ibarət deyil axı. Süjet möhkəm, səhər alatoranlığında işıldayan dəmir yol relsləri kimi keçib gedir və hadisələr bu süjetə dalan dəmir yolu kimi qovuşur, onu daha da canlandırırlar. Yəni hadisələr, obrazlar bir-biriylə bağlı, əlaqəlidir. Birinin düşüncəsindən, bədən hərəkətindən, jestindən, bədən hərəkətindən digər obraz, digər hadisə doğur. Bu digərlər də romana yeni səs, nəfəs gətirir.
– Belə demək olarmı, bu əsərdə süjet sadəcə Kunderanın düşüncələrinin təsviri üçün fon xarakteri daşıyır?
– Hər bir yazıçı rəssamdır, fərq yalnız rəssamların fırçayla, yazıçıların isə qələmlə işləməsindədir. Kundera böyük yazıçı olduğu kimi böyük də rəssamdır. Hər sahədə. İsveçrə haqda yazır: "İsveçrə: quşların ağacların çətirləri üzərindəki nəğməsi idi”. Bütöv bir ölkənin taleyini bircə cümlə ilə bundan daha yaxşı necə ifadə eləmək olar? Anyesin atasının ölümündən sonrakı mərhələni də gözəl təsvir eləyir: "Atasının ölümündən sonra, doğrudan da, səssizlik oldu, bu səssizlik onun qəlbində idi və çox gözəl idi; bir daha təkrar eləyirəm: bu ağacların çətirləri üzərində susan quşların səssizliyi idi”. Əyər bir ölkə ağacların çətirləri üzərindəki quşların nəğməsi idisə, ölüm isə ağacların çətirləri üzərində susan quşların səssizliyi idi. Burda məna nə qədər güclüdür. Sadə məntiq! Əyər bir ölkə ağacların çətirləri üzərindəki quşların nəğməsidirsə, bu ölkənin ölməsi üçün həmən ağacların çətirləri üzərində susan quşların səssizliyi kifayətdir.
– "Ölümsüzlük” deyərkən, yazıçı əsərdə nəyi nəzərdə tutur, müəllifin konkret hədəfi nədir?
– Sırf ölümsüzlüyü nəzərdə tutur, amma ölümsüzlüyə müxtəlif tərəflərdən, prizmalardan baxır. Əslində, ölümsüzlük nədir, ölümsüzlük deyiləndə nə başa düşülür? İnsan cismən ölür, yəni sözün hərfi mənasında ölümsüz insan yoxdur. Yer üzündən 80 milyarda yaxın insan gəlib keçib, ölüblər, amma onların bir qismi ölümsüzlüyə qovuşub. Yəni bu mənada ölümsüzlük əməlləriylə, işləriylə yaddaşlarda əbədi qalanlardır, ölməyənlərdir. İnsan ölür və unudulur, o 80 milyard insandan neçəsini xatırlayırıq? Kundera da romanda ölümsüz obrazlar yarada bilib. Onun ölümsüzlüyə münasibəti maraqlı, düşündürücüdür. Məsələn Hote, Heminquey, Bethoven də ölümsüzlüyə qovuşurlar, amma deyək ki, Tixo Braqe da. Amma necə? "Astronom Tixo Braqe böyük astronom idi, lakin o bizim gülməli adlandırdığımız ölümsüzlüyə qovuşur. Bu gün ondan bizim yadımızda qalan budur ki, Parisdəki imperator sarayında təntənəli şam yeməyi vaxtı ayaqyoluna getməyə utandığından onun sidik kisəsi partlayıb və əzabkeş gülməli ölümsüzlüyə xəcalət və sidik içində çıxıb gedib”.
Müəllif romanda həm də təkcə ölümsüzlüyə qovuşanlardan yox, onların sayəsində ölümsüz olanlardan da yazır. Məsələn, Bettinanı Höteyə olan məhəbbəti ölümsüzləşdirir. Ölümsüzlüyü müəllif özünə xas tərzdə daha gözəl təsvir eləyir: "Hər bir insan böyük və ya kiçik, daha kiçik və ya uzun ölümsüzlüyə nail ola bilər və artıq cavanlıqdan bu haqda düşünür. Danışırlar ki, mənim uşaqlığımda tez-tez baş çəkdiyim bir Morav kəndinin kəndxudasının evində bir tabut var imiş və o özünün xoşbəxt anlarında, özündən tamami ilə razı olan vaxtda tabuta uzanar və özünün dəfnini təsəvvür eləyirmiş. Tabutda keçirdiyi həmən o dəqiqələrdən daha gözəl həyatında nəsə olmayıb: o özünün ölümsüzlüyünü yaşayırdı”.
Bu əsərdə təkcə insanlar yox, əşyalar, jestlər də ölümsüzlük qazanır: "Bettina dünyaya şlyapasını gözünün üstünə basmış, irəliyə doğru addımlayan Bethovenin obrazını yaratdı və sonra isə bu obraz özü-özünə əsrlərlə yol açdı.
Burdan isə belə çıxır: ölümsüzlüyü əvvəlcədən modelləşdirmək, onu manipulyasiya eləmək, onu hazırlamaq mümkün ola bilsə də, heç vaxt əvvəlcədən planlaşdırıldığı kimi olmur. Bethovenin şlyapası ölümsüzlük qazandı”.
– Kunderanın bu romanını postmodernizmin ən yaxşı nümunələrindən biri saysalar da, özü bunu qətiyyətlə rədd edir. Sizcə kim haqlıdır?
– Bu əsər postmodern ədəbiyyatın ən yaxşı nümunəsidir. Yazıçının istedadı, üstünlüyü, gücü elə burda üzə çıxır. Adətən klassik, – realist və ya modernist nəsri oxumağa üstünlük verən yaşlı nəsil belə bu romanı həvəslə oxuyur. Əslində, əsərin hansı cərəyana mənsub olmasını da hiss eləmirlər. Sadəcə olaraq onlar üçün yazıçı bütün postmodern əsərlərdən fərqli olaraq maraqla oxunan, oxucunu düşündürən gözəl bir roman yazıb. Bəs özü əsərinin postmodern olmasını niyə rədd eləyir? Çünki düşünür, roman yazıb, hansısa cərəyan haqda düşünmədən və içindəki yazıçı eqosu kimlərinsə onun romanını hansısa cərəyana aid eləməsini qəbul eləyə bilmir. Bunca sadə.
– Kunderanın qadınları – romandakı qadınlar nəzərdə tutulur – belə deyirlər ki, indiyədək başındakı şeytanilikləri təsvir olunmuş ən dəqiq obrazlardır. Üstəlik bunu məhz qadın ədiblər deyirlər, sizcə hansı kriteriyalarına görə belə düşünürlər?
– Digər qəhrəmanları kimi Kunderanın qadın qəhrəmanları da düşüncələrinə, baxışlarına görə maraqlı, yenidir. Onları başa düşmək, hiss eləmək, ən əsası da qəbul eləmək olur. Bu romanda ölümsüzlüyə qovuşan qadınlar Anyes, Anyesin bacısı Lora, Hötenin məşuqəsi Bettina, Hotenin arvadı Xristianadır. Anyesin qızı Bricit də var, amma solğun obrazdır, qənaətimcə digər qadınlardan fərqli olaraq ölümsüzlüyə qovuşa bilmir. Heç yazıçı da bunun qayğısına qalmır, Briciti kölgədə qoymağa daha çox üstünlük verir. Heç birinin də başında, düşüncəsində hansısa bir şeytanilik əlaməti yoxdur. Anyesi həyatda daima sıxan, incidən bir epizoda diqqət yetirək: "O səkiylə getməyə davam eləyirdi, səkidə adam daha da çox idi, lakin onlardan heç biri ona yol vermirdi və buna görə də o şosse yoluna düşərək səkinin kənarı və keçib gedən maşınların arasıyla gedirdi. Bu onun çoxdankı təcrübəsi idi, adamlar ona yol vermirdilər. O bunu bilir, özünün uğursuz qisməti kimi qəbul eləyir və tez-tez bu qismətdən qaçmaq istəyirdi, özünü ələ almaq, cəsarətlə irəli getmək, öz yolundan çıxmamaq və qarşısından gələni yolundan çəkilməyə məcbur eləmək istəyirdi, lakin bundan heç nə alınmırdı. Güclərin bu gündəlik sınaqlarında məhz o həmişə məğlub olurdu. Bir dəfə qarşısından yeddi yaşında bir uşaq gəlirdi. Anyes ona yol verməməyə cəhd elədi, lakin tezliklə onunla toqquşmaq istəmədi, sonda uşağa yol verməkdən başqa yolu qalmadı”. Belə bir qadının başında şeytanilik təsvir olunmuş bir obraz olduğunu necə düşünmək olar? Yazıçının böyüklüyü nədədir? Qadının məğlubiyyətini nə qədər sadə, adi, amma dahiyanə tərzdə verib! Anyesin məğlubiyyəti adamların ona yol verməməsi, onun isə öz yolunda qarşısına çıxan hər kəsə yol verməsi idi.
– "Ölümsüzlük” ruscaya tərcümə edildikdən sonra ruslar əsəri incikliklə qarşılayıblar ki, rus müəllifləri haqqında şişirdilmiş və əskildilmiş yazıb. Necə düşünürsünüz, onları haqlı saymaq olarmı?
– Milan Kunderanı rus dilinə tərcüməçi Nina Şulqina çevirib və bunu belə əsaslandırıb: "Öz ölkəmin günahlarını yuyuram”. Bununla da rus ziyalısı ölkəsinin çexlər və Çexoslovakiya qarşısında günahı olduğunu etiraf eləyir. Doğrudur, Sovet Ordusu Çexoslovakiyanı alman işğalından xilas eləmişdi, amma eyni zamanda özü 1968-ci ildə Çexoslovakiyanı təzədən işğal elədi. Bu daha dəhşətli işğal idi. Çex xalqı sındı, qırıldı, mənəvi dəyərlər itdi. Sovet ordusu ölkəni işğal eləyəndən dörd-beş ay sonra ən yaxın adamlar belə bir-birlərindən danoslar yazır, bir-birlərinin üzünə dururdular. Bunu isə Kundera rusların və rus ordusunun ayağına yazır. Kundera yazır: "Çexoslovakiyanı işğal eləyərək Rusiya çex mədəniyyətinin məhvi üçün hər şeyi elədi… Mahiyyət etibarıyla totalitar rus sivilizasiyası dörd yüz əvvəl yaranan müasir Qərbin radikal inkarıdır…” Ruslar haqda isə yazır: "Ah, bu ruslar… Mən Praqada yaşayanda orda rus qəlbi haqda lətifələr dolaşırdı. Çex inanılmaz bir cəldliklə rus qadınına sahib olur. Cinsi əlaqədən sonra rus qadını ona sonsuz nifrətlə deyir: "Sən mənim bədənimə sahib oldun. Lakin mənim qəlbimə heç vaxt sahib ola bilməzsən!” Bu sosialist mənəvi dəyərlərinin lağa qoyulması idi.
Əlbət ki, Kunderanın onlara və ölkələrinə, mədəniyyətlərinə olan bu münasibəti rusların xoşuna gələ bilməz. Amma bununla belə tərcüməçi Kunderanı yüksək dəyərləndirir, daha hisslərə qapılıb onun böyüklüyünü görməzlikdən gəlmir. "İndiyə kimi tərcümə elədiklərimin içərisində Kunderanı zirvə hesab eləyirəm”.
Bununla belə Kunderanın özü də o az qala bütün əsərlərində rus klassiklərinə müraciət edir, onların xarakterlərini açır, yaratdıqları obrazları dəyərləndirir. Bircə Dostoyevskini bəyənməyib, onu tənqid eləyib. Buna görə Rusiyadan mühacirət eləmiş Brodski ona cavab verib, lakin Kundera bu maraqlı dialoqu davam elətdirməyib.
– Kunderanın məhz bu romanla keçmiş Çexoslovakiyaya arxa çevirdiyini düşünmək olarmı?
– Yox, hər halda çexlər belə düşünmədilər. "Ölümsüzlük” 1990-cı ildə çap olunub. Kunderanın ölkəsi ilə problemləri bu romana qədər başlamışdı. Kunderanı 1970-cu ildə baxışlarına, anti-sosialist fəaliyyətinə görə işdən, kommunist partiyasının üzvlüyündən azad eləyirlər və kitabxanalardan bütün kitablarını yığışdırırlar, teatrlar daha pyeslərini tamaşaya qoymadılar. Ölkəsində kitablarının və yazılarının çapına qadağa qoyuldu. 1975-ci ildə ölkədən getməsinə icazə verildi və yazıçı arvadı ilə birlikdə Fransaya köçdü. Dörd ildən, "Əyləncə və gülüş kitabı” çap olunandan sonra çex hökuməti onu vətəndaşlıqdan da məhrum elədi. 1981-ci ildə Fransa hökuməti ona vətəndaşlıq verdi və hətta 2009-cu ildə öz doğma şəhəri Brno onu özünün fəxri vətəndaşı seçsə də, incik düşmüş Kundera Fransanı özünün yeganə vətəni hesab eləyir. Doğrudur, bütün bunlar iqtidarın Kunderaya münasibətidir, çexlər isə haqqında yazılan bütün yazılara baxmayaraq onu özlərinin mili qəhrəmanları hesab eləyirlər.
Dünya güclərinin hədəfində sovet sosialist rejimi idi, rejim əleyhinə yazan hər kəs onların diqqət mərkəzindəydi, anındaca dəyərləndirir, qiymət verirdilər. Kundera da bunu bilirdi, Soljenitsin haqda yazırdı: "Aleksandr Soljenitsin öz ölkəsindən xaric edildi, onun saqqallı və qandallı qeyri-adi görünüşü qərb intellektuallarını ovsunladı, onların içində belə birisi yox idi, böyük tale özü bu adamı onların yanına göndərmişdi”. Kundera da ölkəsindən qovuldu, amma qərb onu Soljenitsin kimi qəbul eləmədi. Kundera da sosialist rejiminin bir cəmiyyəti necə sındırdığını, iyrəncliklərini yazdı, özündən əvvəlkilərdən daha bacarıqla, inandırıcı dəlillərlə yazdı. Nəsr deyəndə dünyanın göz önünə gələn iki-üç yazıçısından biri olduğu halda ona Nobel mükafatını belə vermədilər. Niyə? Çünki o sosialist rejiminin iyrəncliklərindən hansı ağrıyla, yanğıyla yazmışdısa, həmən o böyük güclərin yaratdığı rejimlərdə də insanların xoşbəxt ola bilmədiklərini, daima tənhalığa can atdıqlarını, bu rejimlərdə mənəvi dəyərlərin necə itdiyini də yazdı. Yəni onun üçün fərqi yox idi, mövqeyi birtərəfli deyildi. O rejimləri sevmədi, rejimlər də onu...

Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər