• cümə, 29 Mart, 09:17
  • Baku Bakı 5°C

İnsan kapitalının hərəkətverici qüvvəsi olan Azərbaycan gəncliyi

05.02.19 19:30 820
İnsan kapitalının hərəkətverici qüvvəsi olan Azərbaycan gəncliyi
Azərbaycanda bu gün həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən bu siyasət nəticəsində bu gün Azərbaycan gəncliyi dünyanın hər yerində dövlətini uğurla təmsil edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasət Azərbaycanda öz dövlətinə, bayrağına bağlı, eyni zamanda müasir dünyada öz sözünü deyə biləcək bir gəncliyin formalaşmasına gətirib çıxarıb. Dövlət başçısının "neft kapitalının insan kapitalına çevrilməsi” fikri bu gün həyata keçirilən gənclər siyasətinin də doğru istiqamətdə olduğunu bir daha təsdiqləyir.
Onu qeyd edək ki, Prezident İlham Əliyevin bu günlərdə Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqi də Azərbaycan gəncliyi üçün mayak rolunu oynayacaq. Bu toplantıda dövlət başçısı bildirib ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar: "Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Prezident, həmçinin qeyd edib ki, gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirdi ki, Gənclər Gününün təsis edilməsi gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin gələcək inkişafında xüsusi yeri və rolu var. Ümummilli liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən təsis edilən Gənclər Günü həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Çox yaxşı haldır ki, bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Ulu öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyub. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Dövlər başçısının iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır”.
Deputat vurğuladı ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərinin sayının ildən-ilə artması təsadüfi deyil: "Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır”.
E.Səlimov qeyd etdi ki, ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir: "Sosial həyatın bütün sferalarına nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyini görmək mümkündür. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər”.
Millət vəkili Azər Badamov bildirdi ki, Azərbaycan dövləti hər zaman gənclər siyasətini özünün prioritet istiqamətlərindən biri kimi uğurla həyata keçirir: "Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Gənclər Gününə həsr olunmuş tədbirdə çıxışı da bu baxımdan xüsusi diqqət çəkir. Dövlət başçının gənclərə xitabən "bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstündür” deməsinin əsasında gənclərimizin vətənpərvər, bilikli, savadlı və milli təfəkkürlü olması dayanır”.
A.Badamov qeyd etdi ki, gənclərimiz məhz dövlət müstəqilliyimizin qorunması istiqamətində inkişaf etməli və onun dayaqlarını daha da möhkəmləndirməlidirlər: "Çünki müstəqilliyimiz uzun illərin həsrətindən sonra əldə olunub. Biz müstəqil olmayan vaxtlarda da, indi də bunu yaxşı görürük. Müstəqil olandan sonra öz milli bayrağımızı dalğalandırırıq, himnimizi oxuyuruq, bütün milli və mədəni sərvətlər xalqın olub. Azərbaycan inkişaf edir, güclənir. Dünya xəritəsində müstəqil Azərbaycan görünür. Dünyanın harasında olsaq da, azərbaycanlı olmaqla qürur duyuruq və biz hiss edirik ki, arxamızda böyük, güclü ölkə dayanıb. Bundan gözəl nə ola bilər?! Ona görə də bizim gənclərimizin üzərinə düşən əsas vəzifə müstəqilliyi qorumaq, ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışan qüvvələrə sərt cavab vermək, vətənpərvər ruhda tərbiyə olunmaq və dövlət idarəetmə sistemində yaxından iştirak etməkdən ibarətdir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər