İnsan iradəsinin qüdrətini nümayiş etdirən Oluxan - Portret
İdman aləmini paralimpiya hərəkatı olmadan təsəvvür etmək çətindir.
Ətrafına milyonlarla insanı toplayan
nəcib hərəkat Azərbaycanda da böyük təşəkkül tapıb. Minlərlə fiziki
məhdudiyyətli şəxs bu imkandan yararlanır, sərhədsiz əzmləri ilə fiziki
məhdudiyyətləri aşaraq, insanların nümunə,
istinad yerinə çevrilir.
Belə insanlardan biri də Oluxan Musayevdir. Nümunəvi həyat hekayəsinə
görə, İlham Zəkiyevlə müqayisə edilən qəhrəmanımız, paralimpiya çempionu, Dünya
Oyunlarının dəfələrlə qalibi, dünya və Avropa çempionudur.
O, 1979-cu ildə Rusiya
Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. İsa və
Fatimat Musayevlərin altıncı övladı olan
Oluxan 3 yaşında olarkən, ailə Azərbaycana köçmək qərarına gəlir.
Musayevlər Balakən rayonunun Katex kəndində məskunlaşırlar. Səkkiz uşaqlı
ailənin fiziki məhdudiyyətli övladı olan
qəhrəmanımız, burada dərsləri ilə bəzən məktəbdə, bəzən isə evdə məşğul
olmaqla, 11 illik tam orta təhsilini başa vurur. Dərslərində göstərdiyi
fəallığa, hazırlıq səviyyəsinə görə sinif yoldaşlarından heç nədə geri qalmasa
da, onun sadəcə, bir arzusu var idi - böyük idmançı olmaq!
İlk addım
Arzusu onu öncə qol güləşinə gətirir. Oluxan bu növdə sağlam
idmançılarla birgə mübarizə aparırdı. İlk baxışda mürəkkəb görünsə də, o, artıq
yeniyetmə yaşlarından fiziki məhdudiyyətinin gətirdiyi bütün çətinlikləri
aşmışdı. Balakəndən Dağıstana at çapar, əlləri üstündə dağ-düzən gəzər, odun
yarar, hətta ailənin maddi ehtiyacını qarşılamaq üçün yük maşınına daş yığardı.
Bu amillər, nəticədə, sözünü deyir. Oluxan həm də daha az - cəmi 80 kiloqram
çəkisinə rəğmən, 100 və daha artıq kiloqram çəkidə olan rəqibləri ilə başabaş mübarizə aparır. O, qol
güləşi ilə məşğul olduğu müddətdə iki dəfə - 2001 və 2003-cü illərdə Azərbaycan
çempionu olur.
Yarımçıq pauerliftinq
karyerası
Qol güləşində göstərdiyi nəticələr ağır atletika üzrə məşqçi Vaqif
Hüseynovun diqqətini çəkir. Hüseynov onu, yetirməsi və o vaxtlar Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə
məşqçisi işləyən Vaqif Müsəddiqlə tanış edir. O isə Oluxanı bu idman növü ilə
məşğul olmağa dəvət edir. Musayev dəvəti qəbul edərək, yeni, daha perspektivli
yola çıxır. Bir müddət Bakıda məşq keçdikdən sonra ona nəticəsini bir qədər
artırmalı olduğu, yalnız 200 kiloqram həddini keçdikdən sonra yığma komandaya
düşə biləcəyi bildirilir. Oluxan doğma
kəndinə dönür, məşqlərini təkbaşına keçir. Uzunmüddətli gərgin məşqlərdən
sonra nəticəsini 115 kiloqramdan 225-ə
qaldırır. Beləliklə də komandaya cəlb
olunur. Getdikcə nəticə daha da yaxşılaşır. Yekunda Malayziyanın paytaxtı Kuala-Lumpurda
təşkil olunan Dünya Oyunları üçün yığma komandanın heyətinə cəlb olunur. İş elə
gətirir ki, turnir bu idman növündə onun
son yarışı olur. Belə ki, yarışdan sonra hakimlər sol qolunun tam açılmadığını
əsas gətirərək, növbəti turnirlərdə onun iştirakının məqbul olmadığını
bildirirlər. Nəticədə Pekin Paralimpiya Oyunlarına iki ildən də az qalarkən,
Oluxan bu idman növü ilə vidalaşmalı olur.
Hər qaranlıq gecənin aydın
sabahı
Vəziyyət gözlənilənin əksinə cərəyan edir. Bu, Oluxanın idman
karyerası üçün yeni, daha parlaq işığa vəsilə olur. Belə bir unikal insanı,
fitri istedadı itirmək günah olardı. Bunu hamıdan yaxşı Vaqif Müsəddiq
anlayırdı. Elə onun təşəbbüsü ilə idmançı yeni növə - nüvə itələməyə yönəldilir. Oluxan Paralimpiya Oyunlarına
lisenziyaların müəyyənləşməyə başladığı bu dövrdə qarşısına ən böyük hədəfi
qoyur. Bu yolda isə ilk dayanacaq Tayvanın paytaxtı Taypey şəhərində keçirilən
Dünya Oyunları olur.
Bir neçə aylıq hazırlığın nəticəsi: 11.08 metr göstərici ilə
debütdəcə çempionluq və Paralimpiya Oyunlarına lisenziya!
Paralimpiya zirvəsi!
Cəmi iki il bu növlə məşğul olan Oluxan, təcrübəli rəqiblərini böyük
fərqlə geridə qoyaraq adını Pekin qəhrəmanları sırasına yazdırır. Göstərdiyi
13.49 metr nəticə isə dünya rekordu olaraq tarixə düşür. Sözügedən göstərici
əvvəlki - Polşa idmançısı Kristof Smorşevskiyə məxsus 11.60 metrlik rekordu
böyük fərqlə geridə qoyurdu ki, bu da digər idmançıları qayğılandırırdı. Hətta
fəxri kürsünün ikinci pilləsində yer alan sabiq dünya rekordçusu ona belə bir
etiraf edir: "Sən elə bir səviyyədəsən ki, artıq bizim birinci olmağımız
mümkünsüzdü".
Vətənə döndükdən sonra Oluxan Musayev dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunur.
Paralimpiya zirvəsi 29 yaşlı idmançının həyatında dönüş nöqtəsi olur.
Haqqını halal edən məşqçi
Gözlənildiyi kimi, uğurların arası kəsilmir, müxtəlif miqyaslı
beynəlxalq turnirlərdə çempionluqlar qazanılır. Musayev 2009 və 2011-ci
illərdə də Dünya Oyunlarında nüvə
itələmə üzrə ən güclü olur.
Bəhs olunan illər haqqında Vaqif Müsəddiq danışır: "Bir gün
Vaqif Hüseynov mənə zəng edib, belə bir güclü idmançının olduğunu dedi. Dedim,
gətirin, yoxlayaq. Elə ilk görüşdə onun fiziki göstəriciləri mənim diqqətimi
çəkdi. Məşqlərə yazdırdım. Bir müddət burda qaldı, sonra proqram yazdım,
rayonda davam elədi. Çox keçmədi ki, qarşıya qoyulan hədəfə çatdı. 2006-cı ilin
sonlarında Dünya Oyunlarına apardım. Orada məlum oldu ki, bu növ onun üçün
uyğun deyil. Çox pis olmuşduq. Bu qədər əziyyət hədər getməməli idi. Dilxor
halda o baş-bu başa gəzirdik ki, qarşıma Özbəkistan komandasının yüngül atletika
üzrə məşqçisi çıxdı. Vəziyyəti ona nəql elədim. O, mənə məsləhət gördü ki,
Oluxanı nüvə itələməyə yönləndirim. Dedi ki, qolları da uzundur, tezliklə
uyğunlaşacaq. Bakıya gəldik, Oluxanı bir müddətlik rayona göndərib, yüngül
atletika üzrə məşqçi Baba Zeynalovla görüşdüm, onunla məşğul olmasını xahiş
elədim. Dedim ki, məsuliyyətini öz boynuma götürürəm. Təklifimi qəbul etdi.
Texniki hazırlığı üzərində o işlədi, fiziki hazırlığı ilə mən məşğul oldum.
Hazırlıqdan heç altı ay keçmədi ki, Dünya Oyunlarında iştirak elədi və qalib
oldu. Bu nəticə ona Paralimpiya Oyunlarının qapısını açdı. Altı ay məşğul
olmaqla Paralimpiya Oyunlarına lisenziya qazanmaq çox nadir haldır. Biz onun
Pekində də çempion olacağına inanırdıq. Elə də oldu. Özü də tarixi nəticə ilə.
Üzərində əziyyətim çox olub. Ancaq mən ona bütün haqqımı halal
edirəm. İdmançı kimi böyüklüyü bir yana, bir insan kimi də gözəl insandır.
Qədirbilən, diqqətcil, ədalətlidir. Onun kimi yetirməm olduğu üçün fəxr
edirəm".
Rekordun gətirdiyi başağrısı
Pekin çempionluğu üçün göstərdiyi rekord nəticə, Oluxana başağrısı
olur. Aşkar fərqdən narahat olan ali paralimpiya qurumunun funksionerləri yarış
qaydalarında dəyişiklik etmək qərarına gəlirlər. Belə ki, bunadək əlillik
dərəcəsinə görə üç kateqoriya müəyyənləşdirilmişdi ki, bunların da hər birinin
atış məsafəsinə görə xal hesablanma qaydası fərqli idi. Kateqoriyalar müvafiq
ardıcıllıqla F54, F55, F56 olaraq adlandırılırdı. Məsələn, əvvəlki kateqoriyalar 1000 xalı 8 və 9 metr məsafəyə
atışla qazanırdısa, Oluxanın kateqoriyasında yer alan idmançılar üçün bu, 11
metr olaraq qəbul edilmişdi. İdmançımızın parlaq nəticələrindən sonra həmin
kateqoriyanın xal hesablama sistemi daha yüksək, əvvəlki fərqdən ikiqat artıq
rəqəmlə müəyyənləşdi, digərləri isə olduğu kimi saxlanıldı. Nəticədə F56
kateqoriyasında mübarizə aparan idmançıların sırası yavaş-yavaş seyrəldi.
2012-ci ildə Londonda keçirilən yarışlardan sonra isə böyük etirazlar baş
qaldırdı. İş o yerə çatdı ki, Oluxan bu kateqoriyada tək qaldı. Bu minvalla nüvə itələmə növü Paralimpiya proqramından
çıxarıldı.
Əvvəlki hesablama sistemi digər növlərlə müqayisədə kifayət qədər
ədalətli idi. Məsələn, görmə əngəllilərin mübarizə apardığı cüdo idman növündə
üç kateqoriya var ki, uzun illərdi burada heç görməyən idmançılarla 40 faizədək
görmə imkanına malik idmançılar birgə mübarizə aparır, rəqabət üçün isə heç bir
güzəşt nəzərdə tutulmayıb.
Ümumiyyətlə, dünya idmanında
durmadan artan xaos, hərc-mərclik nəcib məramlı paralimpiya hərəkatından da yan
keçməyib. Müxtəlif maraqlar naminə bəzən tam sağlam şəxslər də paralimpiyaçı
adı ilə yarışlara buraxılır. Nəticədə, olduqca arzuolunmaz mənzərə yaranır.
Yeni növdə köhnə təcrübə
Nüvə itələmə ilə bağlı sözügedən qərardan sonra Oluxan lövhə atma
növünə üz tutur. Uğur isə özünü çox gözlətmir. Musayev irili-xırdalı beynəlxalq
nailiyyətlərdən sonra 2014-cü ildə Avropa rekordunu yeniləyərək, qitə çempionu
olur. Lakin burada da onun yer aldığı müvafiq kateqoriya zamanla sıxışdırılır,
eksperimentlər bir-birini əvəz edir. Tanınmış yüngül atletika mütəxəssisi Oktay
Şaxtaxtinskinin rəhbərliyi altında hazırlıq keçdiyi Rio Paralimpiya Oyunlarında
hakimlərin qərəzli qərarları ilə medalın bir addımlığında dayanır.
Ruh düşkünlüyü yaşasa da...
Bu haqsızlıq onun əhval-ruhiyyəsinə çox pis təsir edir. Hətta
sarsıntının təsiri ilə bir ara idmandan uzaqlaşmaq qərarına gəlir. Lakin Milli
Paralimpiya Komitəsi rəsmilərinin təkidi ilə fikrindən daşınır. Çətin günlərdə
ona ailəsi, dostları da böyük dəstək verir.
Oluxan barədə ikiqat paralimpiya çempionu, Milli Paralimpiya
Komitəsinin vitse-prezidenti, Azərbaycan paralimpiya komandalarının kapitanı
İlham Zəkiyevin fikirləri: "O, bizim əvəzolunmaz idmançımızdı. Yaxşı dost,
yoldaş, əsl örnəkdir. Uzun illərdi
birlikdəyik, heç vaxt haqqındakı düşüncələrimdə yanılmamışam. Tokioda da
sözünü deyəcəyinə inanıram".
Vətəndə ilk beynəlxalq
qalibiyyət
2017-ci ildə ölkəmiz daha bir kütləvi idman yarışına ev sahibliyi
etdi. Tarixdə dördüncü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarının özəlliyi
onda idi ki, ilk dəfə paratletika proqrama salınmışdı. Yarışda müsəlman
ölkələrinin yüzlərlə paralimpiyaçısı qələbə uğrunda mübarizə apardı. Bu, ən çox
da Azərbaycan paralimpiyaçıları adına sevindirici, qürurverici hal idi. Fiziki
məhdudiyyətli atletlərimiz ilk dəfə olaraq doğma divarlar arasında mötəbər
beynəlxalq yarışda qüvvəsini sınayırdı. Bu da Azərbaycan dövlətinin paralimpiya
hərəkatına verdiyi qiymətin nümunəsi idi.
Şübhəsiz ki, əsas medal ümidlərimizdən biri Oluxan hesab olunurdu. O
da etimadı layiqincə doğruldur. Nüvə itələmədə qızıl, lövhə atmada isə bürünc
medal qazandı.
Hobbi
Onun bir neçə hobbisi var. Boş vaxtlarında zərgərliklə məşğul olur,
mütəmadi elmi və dini kitablar oxuyur, müxtəlif tarixi şəxsiyyətlər haqqında
məlumatlar toplayır, idman yarışlarını izləyir. Sərbəst özünüifadə
qabiliyyətindən, həyat, ölkə və dünyada gedən proseslər haqqında dolğun
fikirlərindən inkişaf göstəricilərinin fiziki planla çərçivələnmədiyi aydın
hiss olunur.
Nümunəvi ailə başçısı
Oluxanın iki övladı var. Qızı Fatimə 17, oğlu Hacı 13 yaşındadır. Hər
ikisi əvvəllər idmanla məşğul olub. Fatiməni atasının layiqli davamçısı da
hesab etmək olar. O, nüvə itələmə üzrə bir neçə dəfə yeniyetmələr üzrə
respublika əhəmiyyətli yarışlarda qaliblər sırasında yer alıb. Lakin atasının
məsləhəti ilə hazırda idmana ara verib, ali məktəblərə qəbul imtahanına
hazırlaşır. Onuncu sinifdə oxuyan Fatimə qatıldığı sınaq imtahanlarında ən
yüksək göstəricilərə nail olub. Hacının da məktəbdəki nəticələri gələcəyinə
inam yaradır.
Hər şeydən əvvəl, Musayev övladlarını layiqli şəxsiyyət kimi görmək
istəyir. Qəbul etdiyi idealların onlarda təcəssüm tapmasını arzulayır, uğrunda
əlindən gələni əsirgəmir. Bunun üçün də əsas amilin təhsil olduğunu düşünür. O,
fikirləşir ki, idmanla sonra da məşğul olmaq olar, hər şeydən öncə təhsil
gəlir.
Portret
Əzmkar, son dərəcə iradəli, kamil insan, sadəcə maksimumu hədəfləyən, bunun üçün usanmadan,
yorulmadan çalışan vətənpərvər idmançı. Oluxan Musayevin portretini yaradarkən
bu amillər xüsusi diqqət cəlb edir. Diz qapağı olmadan dünyaya gəlib, ayaqları
inkişafını tamamlamayıb. Müxtəlif ölkələrdə həkim qəbulunda olsa da, fiziki
əngəlinə çarə tapılmayıb. O, ömürlük yerimə qabiliyyətindən məhrumdur. Lakin
bu, onun həyata sıx bağlanmasına əngəl deyil. Onun adı ilə bağlı olan bütün bu
faktlar fiziki məhdudiyyətli insanlar üçün əsl motivasiya mənbəyi, övladının
fiziki qüsurla doğulmasını faciəyə çevirən valideynlər üçün isə parlaq nümunədir.
Oluxan Tokio Paralimpiya Oyunlarına əzmlə, çempionluğa sonsuz inamla
hazırlaşır. Həftədə beş dəfə - üçü fərdi, ikisi ikiqat paralimpiya çempionumuz,
hazırda Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə baş məşqçisi kimi
fəaliyyət göstərən Oleq Panyutinin rəhbərliyi altında olmaqla, məşq keçir.
Digər əyyarlı medal haqqında ümumiyyətlə düşünmür. "Sadəcə
çempionluq" deyir, - zəmanəmizin qəhrəmanı.
Sahib