• çərşənbə axşamı, 19 mart, 11:35
  • Baku Bakı 8°C

İnsan iradəsinin qüdrətini nümayiş etdirən Oluxan - Portret

16.06.18 11:00 4015
İnsan iradəsinin qüdrətini nümayiş etdirən Oluxan - Portret
İdman aləmini paralimpiya hərəkatı olmadan təsəvvür etmək çətindir. Ətrafına milyonlarla insanı toplayan nəcib hərəkat Azərbaycanda da böyük təşəkkül tapıb. Minlərlə fiziki məhdudiyyətli şəxs bu imkandan yararlanır, sərhədsiz əzmləri ilə fiziki məhdudiyyətləri aşaraq, insanların nümunə, istinad yerinə çevrilir.

Belə insanlardan biri də Oluxan Musayevdir. Nümunəvi həyat hekayəsinə görə, İlham Zəkiyevlə müqayisə edilən qəhrəmanımız, paralimpiya çempionu, Dünya Oyunlarının dəfələrlə qalibi, dünya və Avropa çempionudur.

O, 1979-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində anadan olub. İsa və Fatimat Musayevlərin altıncı övladı olan Oluxan 3 yaşında olarkən, ailə Azərbaycana köçmək qərarına gəlir. Musayevlər Balakən rayonunun Katex kəndində məskunlaşırlar. Səkkiz uşaqlı ailənin fiziki məhdudiyyətli övladı olan qəhrəmanımız, burada dərsləri ilə bəzən məktəbdə, bəzən isə evdə məşğul olmaqla, 11 illik tam orta təhsilini başa vurur. Dərslərində göstərdiyi fəallığa, hazırlıq səviyyəsinə görə sinif yoldaşlarından heç nədə geri qalmasa da, onun sadəcə, bir arzusu var idi - böyük idmançı olmaq!
İlk addım

Arzusu onu öncə qol güləşinə gətirir. Oluxan bu növdə sağlam idmançılarla birgə mübarizə aparırdı. İlk baxışda mürəkkəb görünsə də, o, artıq yeniyetmə yaşlarından fiziki məhdudiyyətinin gətirdiyi bütün çətinlikləri aşmışdı. Balakəndən Dağıstana at çapar, əlləri üstündə dağ-düzən gəzər, odun yarar, hətta ailənin maddi ehtiyacını qarşılamaq üçün yük maşınına daş yığardı. Bu amillər, nəticədə, sözünü deyir. Oluxan həm də daha az - cəmi 80 kiloqram çəkisinə rəğmən, 100 və daha artıq kiloqram çəkidə olan rəqibləri ilə başabaş mübarizə aparır. O, qol güləşi ilə məşğul olduğu müddətdə iki dəfə - 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olur.


Yarımçıq pauerliftinq karyerası
Qol güləşində göstərdiyi nəticələr ağır atletika üzrə məşqçi Vaqif Hüseynovun diqqətini çəkir. Hüseynov onu, yetirməsi və o vaxtlar Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə məşqçisi işləyən Vaqif Müsəddiqlə tanış edir. O isə Oluxanı bu idman növü ilə məşğul olmağa dəvət edir. Musayev dəvəti qəbul edərək, yeni, daha perspektivli yola çıxır. Bir müddət Bakıda məşq keçdikdən sonra ona nəticəsini bir qədər artırmalı olduğu, yalnız 200 kiloqram həddini keçdikdən sonra yığma komandaya düşə biləcəyi bildirilir. Oluxan doğma kəndinə dönür, məşqlərini təkbaşına keçir. Uzunmüddətli gərgin məşqlərdən sonra nəticəsini 115 kiloqramdan 225-ə qaldırır. Beləliklə də komandaya cəlb olunur. Getdikcə nəticə daha da yaxşılaşır. Yekunda Malayziyanın paytaxtı Kuala-Lumpurda təşkil olunan Dünya Oyunları üçün yığma komandanın heyətinə cəlb olunur. İş elə gətirir ki, turnir bu idman növündə onun son yarışı olur. Belə ki, yarışdan sonra hakimlər sol qolunun tam açılmadığını əsas gətirərək, növbəti turnirlərdə onun iştirakının məqbul olmadığını bildirirlər. Nəticədə Pekin Paralimpiya Oyunlarına iki ildən də az qalarkən, Oluxan bu idman növü ilə vidalaşmalı olur.
Hər qaranlıq gecənin aydın sabahı
Vəziyyət gözlənilənin əksinə cərəyan edir. Bu, Oluxanın idman karyerası üçün yeni, daha parlaq işığa vəsilə olur. Belə bir unikal insanı, fitri istedadı itirmək günah olardı. Bunu hamıdan yaxşı Vaqif Müsəddiq anlayırdı. Elə onun təşəbbüsü ilə idmançı yeni növə - nüvə itələməyə yönəldilir. Oluxan Paralimpiya Oyunlarına lisenziyaların müəyyənləşməyə başladığı bu dövrdə qarşısına ən böyük hədəfi qoyur. Bu yolda isə ilk dayanacaq Tayvanın paytaxtı Taypey şəhərində keçirilən Dünya Oyunları olur.

Bir neçə aylıq hazırlığın nəticəsi: 11.08 metr göstərici ilə debütdəcə çempionluq və Paralimpiya Oyunlarına lisenziya!
Paralimpiya zirvəsi!
Cəmi iki il bu növlə məşğul olan Oluxan, təcrübəli rəqiblərini böyük fərqlə geridə qoyaraq adını Pekin qəhrəmanları sırasına yazdırır. Göstərdiyi 13.49 metr nəticə isə dünya rekordu olaraq tarixə düşür. Sözügedən göstərici əvvəlki - Polşa idmançısı Kristof Smorşevskiyə məxsus 11.60 metrlik rekordu böyük fərqlə geridə qoyurdu ki, bu da digər idmançıları qayğılandırırdı. Hətta fəxri kürsünün ikinci pilləsində yer alan sabiq dünya rekordçusu ona belə bir etiraf edir: "Sən elə bir səviyyədəsən ki, artıq bizim birinci olmağımız mümkünsüzdü".

Vətənə döndükdən sonra Oluxan Musayev dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunur.
Paralimpiya zirvəsi 29 yaşlı idmançının həyatında dönüş nöqtəsi olur.

Haqqını halal edən məşqçi
Gözlənildiyi kimi, uğurların arası kəsilmir, müxtəlif miqyaslı beynəlxalq turnirlərdə çempionluqlar qazanılır. Musayev 2009 və 2011-ci illərdə də Dünya Oyunlarında nüvə itələmə üzrə ən güclü olur.

Bəhs olunan illər haqqında Vaqif Müsəddiq danışır: "Bir gün Vaqif Hüseynov mənə zəng edib, belə bir güclü idmançının olduğunu dedi. Dedim, gətirin, yoxlayaq. Elə ilk görüşdə onun fiziki göstəriciləri mənim diqqətimi çəkdi. Məşqlərə yazdırdım. Bir müddət burda qaldı, sonra proqram yazdım, rayonda davam elədi. Çox keçmədi ki, qarşıya qoyulan hədəfə çatdı. 2006-cı ilin sonlarında Dünya Oyunlarına apardım. Orada məlum oldu ki, bu növ onun üçün uyğun deyil. Çox pis olmuşduq. Bu qədər əziyyət hədər getməməli idi. Dilxor halda o baş-bu başa gəzirdik ki, qarşıma Özbəkistan komandasının yüngül atletika üzrə məşqçisi çıxdı. Vəziyyəti ona nəql elədim. O, mənə məsləhət gördü ki, Oluxanı nüvə itələməyə yönləndirim. Dedi ki, qolları da uzundur, tezliklə uyğunlaşacaq. Bakıya gəldik, Oluxanı bir müddətlik rayona göndərib, yüngül atletika üzrə məşqçi Baba Zeynalovla görüşdüm, onunla məşğul olmasını xahiş elədim. Dedim ki, məsuliyyətini öz boynuma götürürəm. Təklifimi qəbul etdi. Texniki hazırlığı üzərində o işlədi, fiziki hazırlığı ilə mən məşğul oldum. Hazırlıqdan heç altı ay keçmədi ki, Dünya Oyunlarında iştirak elədi və qalib oldu. Bu nəticə ona Paralimpiya Oyunlarının qapısını açdı. Altı ay məşğul olmaqla Paralimpiya Oyunlarına lisenziya qazanmaq çox nadir haldır. Biz onun Pekində də çempion olacağına inanırdıq. Elə də oldu. Özü də tarixi nəticə ilə.

Üzərində əziyyətim çox olub. Ancaq mən ona bütün haqqımı halal edirəm. İdmançı kimi böyüklüyü bir yana, bir insan kimi də gözəl insandır. Qədirbilən, diqqətcil, ədalətlidir. Onun kimi yetirməm olduğu üçün fəxr edirəm".
Rekordun gətirdiyi başağrısı
Pekin çempionluğu üçün göstərdiyi rekord nəticə, Oluxana başağrısı olur. Aşkar fərqdən narahat olan ali paralimpiya qurumunun funksionerləri yarış qaydalarında dəyişiklik etmək qərarına gəlirlər. Belə ki, bunadək əlillik dərəcəsinə görə üç kateqoriya müəyyənləşdirilmişdi ki, bunların da hər birinin atış məsafəsinə görə xal hesablanma qaydası fərqli idi. Kateqoriyalar müvafiq ardıcıllıqla F54, F55, F56 olaraq adlandırılırdı. Məsələn, əvvəlki kateqoriyalar 1000 xalı 8 və 9 metr məsafəyə atışla qazanırdısa, Oluxanın kateqoriyasında yer alan idmançılar üçün bu, 11 metr olaraq qəbul edilmişdi. İdmançımızın parlaq nəticələrindən sonra həmin kateqoriyanın xal hesablama sistemi daha yüksək, əvvəlki fərqdən ikiqat artıq rəqəmlə müəyyənləşdi, digərləri isə olduğu kimi saxlanıldı. Nəticədə F56 kateqoriyasında mübarizə aparan idmançıların sırası yavaş-yavaş seyrəldi. 2012-ci ildə Londonda keçirilən yarışlardan sonra isə böyük etirazlar baş qaldırdı. İş o yerə çatdı ki, Oluxan bu kateqoriyada tək qaldı. Bu minvalla nüvə itələmə növü Paralimpiya proqramından çıxarıldı.

Əvvəlki hesablama sistemi digər növlərlə müqayisədə kifayət qədər ədalətli idi. Məsələn, görmə əngəllilərin mübarizə apardığı cüdo idman növündə üç kateqoriya var ki, uzun illərdi burada heç görməyən idmançılarla 40 faizədək görmə imkanına malik idmançılar birgə mübarizə aparır, rəqabət üçün isə heç bir güzəşt nəzərdə tutulmayıb.

Ümumiyyətlə, dünya idmanında durmadan artan xaos, hərc-mərclik nəcib məramlı paralimpiya hərəkatından da yan keçməyib. Müxtəlif maraqlar naminə bəzən tam sağlam şəxslər də paralimpiyaçı adı ilə yarışlara buraxılır. Nəticədə, olduqca arzuolunmaz mənzərə yaranır.
Yeni növdə köhnə təcrübə
Nüvə itələmə ilə bağlı sözügedən qərardan sonra Oluxan lövhə atma növünə üz tutur. Uğur isə özünü çox gözlətmir. Musayev irili-xırdalı beynəlxalq nailiyyətlərdən sonra 2014-cü ildə Avropa rekordunu yeniləyərək, qitə çempionu olur. Lakin burada da onun yer aldığı müvafiq kateqoriya zamanla sıxışdırılır, eksperimentlər bir-birini əvəz edir. Tanınmış yüngül atletika mütəxəssisi Oktay Şaxtaxtinskinin rəhbərliyi altında hazırlıq keçdiyi Rio Paralimpiya Oyunlarında hakimlərin qərəzli qərarları ilə medalın bir addımlığında dayanır.

Ruh düşkünlüyü yaşasa da...
Bu haqsızlıq onun əhval-ruhiyyəsinə çox pis təsir edir. Hətta sarsıntının təsiri ilə bir ara idmandan uzaqlaşmaq qərarına gəlir. Lakin Milli Paralimpiya Komitəsi rəsmilərinin təkidi ilə fikrindən daşınır. Çətin günlərdə ona ailəsi, dostları da böyük dəstək verir.
Oluxan barədə ikiqat paralimpiya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan paralimpiya komandalarının kapitanı İlham Zəkiyevin fikirləri: "O, bizim əvəzolunmaz idmançımızdı. Yaxşı dost, yoldaş, əsl örnəkdir. Uzun illərdi birlikdəyik, heç vaxt haqqındakı düşüncələrimdə yanılmamışam. Tokioda da sözünü deyəcəyinə inanıram".
Vətəndə ilk beynəlxalq qalibiyyət
2017-ci ildə ölkəmiz daha bir kütləvi idman yarışına ev sahibliyi etdi. Tarixdə dördüncü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarının özəlliyi onda idi ki, ilk dəfə paratletika proqrama salınmışdı. Yarışda müsəlman ölkələrinin yüzlərlə paralimpiyaçısı qələbə uğrunda mübarizə apardı. Bu, ən çox da Azərbaycan paralimpiyaçıları adına sevindirici, qürurverici hal idi. Fiziki məhdudiyyətli atletlərimiz ilk dəfə olaraq doğma divarlar arasında mötəbər beynəlxalq yarışda qüvvəsini sınayırdı. Bu da Azərbaycan dövlətinin paralimpiya hərəkatına verdiyi qiymətin nümunəsi idi.

Şübhəsiz ki, əsas medal ümidlərimizdən biri Oluxan hesab olunurdu. O da etimadı layiqincə doğruldur. Nüvə itələmədə qızıl, lövhə atmada isə bürünc medal qazandı.

Hobbi

Onun bir neçə hobbisi var. Boş vaxtlarında zərgərliklə məşğul olur, mütəmadi elmi və dini kitablar oxuyur, müxtəlif tarixi şəxsiyyətlər haqqında məlumatlar toplayır, idman yarışlarını izləyir. Sərbəst özünüifadə qabiliyyətindən, həyat, ölkə və dünyada gedən proseslər haqqında dolğun fikirlərindən inkişaf göstəricilərinin fiziki planla çərçivələnmədiyi aydın hiss olunur.
Nümunəvi ailə başçısı
Oluxanın iki övladı var. Qızı Fatimə 17, oğlu Hacı 13 yaşındadır. Hər ikisi əvvəllər idmanla məşğul olub. Fatiməni atasının layiqli davamçısı da hesab etmək olar. O, nüvə itələmə üzrə bir neçə dəfə yeniyetmələr üzrə respublika əhəmiyyətli yarışlarda qaliblər sırasında yer alıb. Lakin atasının məsləhəti ilə hazırda idmana ara verib, ali məktəblərə qəbul imtahanına hazırlaşır. Onuncu sinifdə oxuyan Fatimə qatıldığı sınaq imtahanlarında ən yüksək göstəricilərə nail olub. Hacının da məktəbdəki nəticələri gələcəyinə inam yaradır.

Hər şeydən əvvəl, Musayev övladlarını layiqli şəxsiyyət kimi görmək istəyir. Qəbul etdiyi idealların onlarda təcəssüm tapmasını arzulayır, uğrunda əlindən gələni əsirgəmir. Bunun üçün də əsas amilin təhsil olduğunu düşünür. O, fikirləşir ki, idmanla sonra da məşğul olmaq olar, hər şeydən öncə təhsil gəlir.

Portret

Əzmkar, son dərəcə iradəli, kamil insan, sadəcə maksimumu hədəfləyən, bunun üçün usanmadan, yorulmadan çalışan vətənpərvər idmançı. Oluxan Musayevin portretini yaradarkən bu amillər xüsusi diqqət cəlb edir. Diz qapağı olmadan dünyaya gəlib, ayaqları inkişafını tamamlamayıb. Müxtəlif ölkələrdə həkim qəbulunda olsa da, fiziki əngəlinə çarə tapılmayıb. O, ömürlük yerimə qabiliyyətindən məhrumdur. Lakin bu, onun həyata sıx bağlanmasına əngəl deyil. Onun adı ilə bağlı olan bütün bu faktlar fiziki məhdudiyyətli insanlar üçün əsl motivasiya mənbəyi, övladının fiziki qüsurla doğulmasını faciəyə çevirən valideynlər üçün isə parlaq nümunədir.

Oluxan Tokio Paralimpiya Oyunlarına əzmlə, çempionluğa sonsuz inamla hazırlaşır. Həftədə beş dəfə - üçü fərdi, ikisi ikiqat paralimpiya çempionumuz, hazırda Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə baş məşqçisi kimi fəaliyyət göstərən Oleq Panyutinin rəhbərliyi altında olmaqla, məşq keçir. Digər əyyarlı medal haqqında ümumiyyətlə düşünmür. "Sadəcə çempionluq" deyir, - zəmanəmizin qəhrəmanı.

Sahib

banner

Oxşar Xəbərlər