AZE | RUS | ENG |


“İnsan insanı başa düşsə, müharibə olmaz”

“İnsan insanı başa düşsə, müharibə olmaz”
Kamran Əliyev: “Dünya romantizmi Azərbaycanda başa çatmışdır”

Yaxın günlərdə dəyərli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev redaksiyamızda qonağımız oldu. Onunla folklor məsələləri, ədəbiyyatşünaslıq problemləri, eləcə də müasir ədəbi proseslə bağlı maraqlı söhbət etdik.


 

Professor Məmməd Qocayevin romantizmlə realizmin yerinin dəyişik düşməsi ilə bağlı bir məqaləsi var. Orada belə bir fikir söylənilir ki, dünya ədəbiyyatında əvvəlcə romantizm meydana gəlib, sonra realizm yaranıb. Bizim ədəbiyyatda isə əksinədir. Əvvəlcə Mirzə Fətəli Axundzadə kimi realist gəlir, sonra Məhəmməd Hadi, Abbas Səhhət və s kimi romantiklər. Sizcə, bizim ədəbiyyatdakı bu yerdəyişmənin səbəbi nədədir?

– Birinci onu demək istərdim ki, ədəbi cərəyanlar elm adamlarının kəşfidir. Onlar öz işlərini daha yaxşı qaydaya salmaq üçün cərəyanları yaradıblar, sonradan sənətkarlar da buna əməl ediblər. Yaradıcılıq cərəyanları müəyyən bir dövrdə sənətkarları öyrənmək üçün vasitə olmuşdur. Mənim fikrimcə, bizim ədəbiyyatşünaslığın əsas problemlərindən biri ədəbi cərəyanları əlahiddə formada – dünya ədəbi prosesindən ayrılmış şəkildə öyrənilməsidir. Bu, yanlışdır. Azərbaycan ədəbi prosesini dünya ədəbi prosesinin tərkib hissəsi kimi qəbul etmək və araşdırmaq lazımdır. Məsələyə belə yanaşdıqda, mənzərə dəyişir. XVIII əsrin sonlarında Almaniyada fəlsəfi cərəyanların təsiri altında romantizm formalaşmağa başladı. Bundan sonra romantizm digər Avropa ölkələrinə, eləcə də XIX əsrin əvvəllərində Rusiyaya keçdi. Bu keçid mərhələləri hər ölkədə fərqli oldu. Məsələn, Rusiyada sentimentalizmdən romantizmə keçid baş verdi. Biz çox vaxt romantizmi yalnızca ədəbiyyat faktı kimi qəbul edirik. Axı, romantizmin hakim olduğu digər sahələr də mövcuddur. Məsələn, romantizmin ən çox ifadə olunduğu sahələrdən biri musiqidir. XIX əsrin axırlarında yaranmış Vaqner musiqisi əsl romantizm idi. Bizim ədəbiyyatda isə bu hadisə XX əsrin əvvəllərində "Leyli və Məcnun” operası ilə təkan götürdü. Buna görə məni ittiham edəcəklər ki, "Leyli və Məcnun”dan əvvəl 1905-ci ildə "Həyat” qəzetində Abbas Səhhətin "Təzə şeir necə olmalıdır?” adında məqaləsi çıxmışdı. Abbas Səhhət sualı qoyurdu və cavabında təzə şeirin nümunəsini də verirdi ki, məhz belə olmalıdır. Eləcə də 1906-07-ci illərdə "Füyuzat” jurnalında da bu cür məsələlərə yer ayrılmışdı. Lakin bir məsələ heç vaxt nəzərdən qaçmamalıdır ki, həmin dövrdə mətbuatın yayılma arenası nə qədər geniş idi? Biz bir çox əsərləri təhlil edərkən bunları unuduruq. Bəzən tarixi öyrənərkən də belə yanlışlığa yol verirlər. Tarixə aid tədqiqatlarda çox vaxt tarixi coğrafiyanı nəzərə almırlar. Tutaq ki, X əsrdə baş vermiş bir hadisənin tarixi şərhini müasir coğrafiyaya əsasən izah edirlər. Eləcə də, mətbuatda çap olunan hər hansı bir əsərin təsir gücünü anlamaq üçün onun yayılmasını, həmin mətbu orqanın tirajını nəzərə almaq vacibdir. Bu baxımdan romantizm "Leyli və Məcnun” operasında musiqi nümunəsi kimi daha sürətlə yayıldı. Azərbaycanda bu cərəyanın inkişafı məhz bununla da bağlıdır. Biz hər zaman "Koroğlu” operasından danışırıq, amma bir dəfə də demirik ki, bu əsərdə romantik düşüncə var. Yəni həmin romantik düşüncə Hüseyn Cavidin "Səyavuş”, "Xəyyam” əsərləri də daxil olmaqla 30-cu illərə qədər gəlib çıxdı və 1941-ci ildə Hüseyn Cavidin ölümü ilə başa çatdı. Demək ki, romantizm dünya ədəbi prosesində XVIII əsrin sonlarında Almaniyada, Avropada meydana çıxmış, daha sonra digər ölkələrdə də öz təsdiqini tapmışdır. Nəhayət, dünya romantizmi Azərbaycanda başa çatmışdır. Yəni ölkəmizdə baş verən hər hansı bir hadisəni dünya ədəbi prosesi ilə vəhdətdə öyrənsək, heç bir problem yaranmayacaq. Romantizmə də bu cür yanaşmaq lazımdır. Bu gecikmiş məsələ deyil. Ardıcıl baş verən bir prosesdir və burada heç bir qeyri-adilik yoxdur.

 

 

Kamran müəllim, siz ədəbi yaradıcılıqla da məşğul olursunuz. Amma daha çox alim kimi tanınırsınız. Hekayələriniz daha çox uşaqlığınızla, keçmişinizlə bağlı yaddaş hekayələridir. Sanki daxili dünyanızı, yaddaşınızı bədii ədəbiyyatla ifadə etmək istəyirsiniz. Bu, doğru müşahidədirmi?

– Mən yazıçı deyiləm, belə bir fikrim də yoxdur. Amma deyə bilərsiniz ki, onda bəs niyə yazırsınız? Bununla bağlı bir sirrimi sizə açıqlamaq istərdim. Mən uşaqlıq və gənclik illərimdə şeir yazmışam. Bu şeirlərin heç birini məcburiyyətdən qələmə almamışam. Həmin dövrdə sanki poeziyaya bir maraq var idi. Lakin mən sonradan bir-iki istisna nəzərə alınmaqla, həmin şeirlərin çapı ilə məşğul olmadım. Çünki şeiri poeziyanın mahiyyətini öyrənmək üçün yazırdım. Bu, mənə elm adamı kimi şeirin arxitekturasını bilmək üçün lazım idi. Əgər mən şeir yazmağı bacarmasaydım, romantizmdən elə bir dissertasiya yaza bilməzdim. Bunun sayəsində şeirin əlifbasını öyrəndim. Hekayə də belədir. Hekayə insanın öz daxili dünyasını ifadə etməyin bir formasıdır. Mən də öz dünyamı bu vasitə ilə ifadə edirəm və bəzən bu, yaxşı alınır. İlk çap olunan hekayəm "Dağlı məhəlləsi”dir. Bu hekayənin dərcindən sonra onlarla, yüzlərlə insan mənə zəng edirdi. O dövrdə mənimlə bir vaxtda tələbə olmuş insanlar mənə zəng vururdular ki, bu, bizim gördüyümüz hadisələrdir. Amma səmimi etiraf edirəm ki, mən yazıçı olmaq istəməmişəm. Sadəcə hekayəni, nəsri daha yaxşı başa düşmək üçün yazıram. Yəni nəsr yazmamışdan əvvəl oxuduğum əsərlərə tamam başqa cür yanaşırdım. Mən bu məsələlərlə məşğul olduqdan sonra bütün ədəbiyyatşünaslara və tənqidçilərə, bir sözlə, özümüzə yazığım gəlir. Çünki heç nəyin mahiyyətinə tam olaraq vara bilmirik. "Yalquzaq” povestimi başa çatdıranda bunu daha yaxşı anladım. Orada Hacı Murad adlı bir obraz var ki, iki arvadını da götürüb Arazdan o taya keçmək istəyir. Arazın üstünə gəlib çatanda arvadlarından biri deyir ki, "Hacı, qoy mən qalım, getməyim”. Əslində, arvad evdən çıxandan bəri bu sözləri təkrarlayır. Yola çıxanda Hacı Murad hər iki arvadın qızıl payını bölüb özlərinə verir. Özü ilə təkcə bir başqa adamın əmanəti olan qızıl kəməri saxlayır. Arvad bir də belə deyəndə Hacı Murad onun qalmaq istəyinin səbəbini soruşur. Arvad deyir ki, qalıb sənin var-dövlətinə yiyə duracağam. Kişi ona istehza ilə baxıb, "Hacıya qalmayan var-dövlət sənə necə qala bilər?” deyərək, arvadı itələyib Araza salır. O biri arvadı ilə çayı keçəndən sonra geriyə doğru dönür və deyir: "Kənddə hamı bilirdi ki, səni mənim kimi heç kəs istəmirdi, Salatın”. Salatın kənddə qalan bir qadındır. Hacı Murad yalnız Arazı keçəndən sonra anlayır ki, kənddə qalan Salatını hamıdan çox istəyirmiş. Mən əsəri yazıb bitirənə qədər bilmirdim ki, o, Salatını istəyir. Əgər bilsəydim, povesti başqa cür yazardım. Mən yalnız həmin anda Hacı Muradın səsini eşidib, onu kağız üzərinə köçürdüm. Bu, yaradıcılıq psixologiyasıdır. Düşünürəm ki, yaradıcılıq psixologiyasına yaxşı bələd olan ədəbiyyatşünaslar daha yaxşı məqalə yaza bilərlər.

 

 

Biz Hüseyn Cavidi romantik kimi qəbul etmişik. Amma çox vaxt onu neoromantik də adlandırırlar. Buna münasibətiniz maraqlıdır?

– Bu, əslində, bayaqkı fikrin davamıdır. Bizim alimlər ona görə Hüseyn Cavidə neoromantik deyirlər ki, dünya ədəbiyyatında romantizm bitdikdən sonra Azərbaycanda yenidən romantizmin başlanması fikrindədirlər. Bu, belə deyil. Romantizm davam edirdi, bitməmişdi və heç bir neoromantizmdən söhbət gedə bilməz. Hətta vaxtilə bizim ədəbiyyatımızda romantizmi iki yerə bölüblər: mütərəqqi və mürtəce. Bu, yanlış mövqedən irəli gəlir. Müasir həyatdan yazanları mütərəqqi, mövzularını digər coğrafiyalardan götürənləri isə mürtəce adlandırırdılar. Amma düşünmək lazımdır ki, Bayronu romantik edən nə idi? Əlbəttə ki, Şərq poemaları. Eləcə də, fransız romantiklərinin çoxu öz əsərlərinin mövzusunu Latın Amerikasından götürürdülər. Ümumiyyətlə, romantizmin əsas əsərlərinin mövzuları başqa ölkələrdən və başqa coğrafiyalardan götürülən əsərlərdir. Ona görə də belə mövzularda romantizmi ittiham etmək olmaz. Bu barədə müxtəlif söhbətlər olsa da, həmin terminlər ilk dəfə 1980-ci ildə mənim "XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” adlı namizədlik dissertasiyamda aradan götürüldü.

 

 

"Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” adlı əsəriniz var. O baxımdan belə bir sual vermək istərdim. Mirzə Fətəlini həmişə Molyerlə müqayisə edirlər. Amma əsərlərin dərininə gedəndə onun Molyerlə çox az oxşar cəhətini tapmaq olar. Sizcə, Axundzadəni Volterlə müqayisə etmək daha məqsədəuyğun olmazdımı?

– Axundzadənin Molyerlə müqayisə olunmasının birinci səbəbi xəsis obrazı ilə bağlıdır. "Hacı Qara” klassik əsərdir. Ona görə ki, onun mövzusu əsl bədii ədəbiyyat mövzusudur. Mənim Hacı Qara obrazı ilə bağlı məqaləm də var ki, məqaləni bu obrazın Axundzadə yaradıcılığında hansı təkamül yolunu keçməsinə həsr etmişəm. Hacı Qara göydəndüşmə obraz deyil. Məhz bu obraza görə çox vaxt onu Molyerlə müqayisə edirlər. Bu, niyə belədir? Çünki bizim ədəbiyyatşünaslarımız çox vaxt yazıçılarımızı daha mükəmməl şəkildə tanıtmaq, bir az da şöhrətini artırmaq üçün onları ya Avropa, ya da rus ədəbiyyatının hansısa nümayəndəsi ilə müqayisə edirlər. Müqayisə nəticəsində onun şəxsiyyətini ucaltmağa çalışırlar. Hüseyn Cavidə də Azərbaycan ədəbiyyatının Şekspiri deyirik. Müqayisəli yanaşmada çox vaxt səthiliyə yol verilir. Məsələn, Axundzadə ilə bağlı belə bir fikir formalaşıb ki, o, ateist idi və öləndə rus əsgərləri tərəfindən dəfn olunmuşdu. Halbuki, Axundzadə Tiflisdə bütün mollaların başında duran şeyxlə dostluq edirdi. Eləcə də o, ilahiyyatçı alimlərə deyirdi ki, Avropada bir filosof var, islamı tənqid edib, siz ona yaxşı cavab verə bilmirsiniz. Amma baxın, görün, mən ona necə cavab verəcəyəm. Və ona cavab yazaraq İslamı müdafiə edir. Axundzadənin əsərlərində 50 yerdə Allahın adı çəkilir.

 

 

Bəs "Kəmalüddövlə məktubları”?

– O, əsərin bir yerində yazır ki, "mən külli ədyanı puç və əfsanə hesab edirəm”. Biz Axundzadəni yenidən təhlil etmədikcə, bu fikirdə qalacağıq. Nə qədər ki, biz "Kəmalüddövlə məktubları”na fəlsəfi traktat deyəcəyik, bu fikir də öz qüvvəsini saxlayacaq. Amma mən deyərdim ki, bu əsər fəlsəfi traktatdan daha çox bədii əsərdir. Çünki buradakı fikirlər Axundzadənin birbaşa özünün yox, obrazın dilindən deyilir. Dünya ədəbiyyatı nümunələrində də bədii əsərlərdən fəlsəfi fikirlər meydana çıxır. Bu əsər də elədir. Sovet dönəmində Azərbaycandakı əksər fəlsəfə elmləri namizədləri və doktorları öz dərəcələrini Azərbaycan ədəbiyyatındakı fəlsəfi fikirlərə əsasən qazanıblar. "Kəmalüddövlə məktubları”nı fəlsəfi traktat kimi yox, bədii əsər kimi təhlil etsək və müzakirələri bir az da dərinləşdirsək, Axundzadə barədəki fikirlərimiz daha da dəqiqləşər. Bu, öz vaxtını və tədqiqatçısını gözləyir...

 

 

Məşhur qırğız yazıçısı Çingiz Aytmatov əsərlərində xalq yaradıcılığından peşəkarcasına yararlanır. Bizim də kifayət qədər zəngin xalq yaradıcılığımız var, sizcə, bizim müəlliflər niyə bu mövzuya müraciət etmirlər? Söhbət xalq yaradıcılığı motivlərinin yenidən işlənməsindən deyil, əsərdə o detallardan istifadə olunmasından gedir?

– Çox maraqlı və tədqiqatını gözləyən bir mövzudur. Deməliyəm ki, Çingiz Aytmatovun əsərlərinin uğuru daha çox onların miflə əlaqəli olmasındadır. Yəni o, əsərlərində miflərə qapı açdıqdan sonra böyük yazıçı kimi tanınmağa başladı. Çox maraqlı bir detalı qeyd etmək istərdim ki, bir çoxları Çingiz Aytmatovun əsərində işlədiyi "manqurt” anlayışının haradan gəlməsini bilmirlər. Bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan çıxışlarının birində həmin sözü işlətdi. Sual yaranır: necə olur ki, bir siyasət adamı ədəbiyyatdan gələn bir termindən öz nitqində istifadə edir? Cavabı isə sadədir: bu ifadə folklordan gəldiyinə görə, daha yüksək tribunaları fəth edə bilir. "Manqurt” termini "Manas” dastanından gəlib. Çoxları bunu bilmir və yazmır... Yəni bu danılmaz bir faktdır ki, folklordan gəlmə məfhumlar bizə daha doğma və yaxın olur. Əgər bir filmdə və ya əsərdə hər hansısa bir obraz, surət və ya ifadə bizə daha çox təsir edirsə, demək ki, o mütləq folklorla əlaqəlidir. Bu, aksiomdur...

Mən Çingiz Aytmatovun əsərlərini, məqalələrini, müsahibələrini tələbəlik illərindən başlayaraq oxumuşam. Müsahibələrinin birində ondan soruşmuşdular ki, dünyanın hansı nəhəng sənətkarlarının adlarını çəkə bilərsiniz? O da dünyanın 7-8 nəhəng yazıçısının adını çəkmişdi. Lakin onların arasında Qabriel Qarsiya Markesin adı yox idi. Bircə bu fakt Çingiz Aytmatovu təpədən dırnağacan başa düşməyə əsas verir. Çünki aralarında yaradıcılıq rəqabəti var idi. Hər ikisi yaradıcılıqlarında mifdən istifadə edirdilər. Yəni fikrimi ona gətirmək istəyirəm ki, Çingiz Aytmatov dünya ədəbi prosesində miflə ədəbiyyatın vəhdətini davam etdirən yazıçılardan idi. Ona görə də uğur qazandı. Çünki onun yaradıcılığının ilk nümunələrinə diqqət yetirsək, görərik ki, onlar Sovet ədəbiyyatının adi əsərləridir. Bəs bizim ədəbiyyatda niyə bu baş vermir? Bizə aydındır ki, folklorun ədəbiyyata gəlişi Füzulidə də, Nizamidə də var... Həmişə də olub, amma element kimi. İndi mifologizm və folklorizm anlayışları tez-tez işlədilir. Bu, yazılı ədəbiyyatın folklora bağlılığının daha dərin olmasının göstəriciləridir. Mif ədəbiyyata gələndə bədii əsərin strukturu ilə qaynayıb qarışmalıdır. Həm də süni xarakter daşımamalıdır, bu artıq sənətkarlıq məsələsidir.

 

 

Onda belə demək olar ki, bizdəki müəlliflər sənətkarlıq baxımından kifayət qədər formalaşmayıblar?

– Təbii ki, bizdə Çingiz Aytmatov, Markes kimi miflə ədəbiyyatı peşəkarcasına bir-birinə qarışdıran, onları bir-birinin içində əridə bilən müəlliflər yoxdur. Lakin qəti şəkildə demək olmaz ki, bizim ədəbiyyatımız mifdən kənardadır...

 

 

Amma mifdən səthi istifadə daha çoxdur. Obrazları, strukturu yenidən işləyib yazırlar, lakin çoxları dediyiniz kimi onları birləşdirə, bir-birinin içində əridə bilmirlər...

– Yox, əslində, birləşdirirlər də, lakin o səviyyədə alınmır. Tutaq ki, 70-ci illərdə yazılmış Mövlud Süleymanlının "Şeytan” əsərində hadisələr əvvəldən axıra kimi şeytan obrazının üzərində qurulub. Onun içində də mifologiya var. Həmin vaxt hələ Mövludun "Dəyirman”, "Köç” əsərləri yaranmamışdı. Çox yaxşı da əsərdir, oxuculara da yaxşı təsir bağışlayır. Lakin biz ona Çingiz Aytmatovun əsəri baxımından yanaşa bilmirik. Onu Ç.Aytmatovun hansı əsəri ilə müqayisə etmək olar?... Amma bu müəllifləri müəyyən mənada tam olaraq müqayisə etmək də düzgün deyil. Çünki bizim bədii əsərlərimiz öz ədəbiyyatımızın fonunda dəyərləndirilməlidir.

 

 

Kamran müəllim, bəs bu aspektdən yanaşanda, Xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç” əsərində folklor motivlərinin işlənməsi barədə nə deyə bilərsiniz?

– Bəli, Anarın "Ağ qoç, qara qoç” əsəri də belə yazılmışdır. Nağıldakı əsas qəhrəmanın adı da müasir dövrə uyğunlaşdırılmışdır. Nağıldakı Məlikməmməd romanda Məlik Məmmədliyə çevrilmişdir. Bu əsərin maraqlı cəhəti isə yalnız obrazın adının deyil, obrazların özlərinin çevrilməsindədir. Çünki mifologiyanın çevrilmə – başqalaşma adlı bir motivi var. Bu əsərdə həmin motiv uğurla işlənib. Çevrilməyən jurnalist – Məlik Məmmədli, çevrilən isə onun xanımı, qızı və oğludur. Anarın yazma gücü bundadır... Mən anlayıram ki, oxucular Ç. Aytmatovun qəhrəmanları kimi obraz axtarırlar, çünki bu baxımdan bizim folklorumuz da xeyli zəngindir. Lakin əvvəlcə onu qeyd etmək lazımdır ki, bizim müəlliflərimiz heç müasir dövrün qəhrəmanını da yarada bilməyiblər. Hansı əsərdə həmin müasir qəhrəmana rast gələ bilərik? Heç birində. Ona görə də arzuladığımız böyük əsər də yoxdur. Azərbaycan ədəbiyyatının böyük əsəri o vaxt yaranacaq ki, onu o adam yaradacaq ki, o həmin qəhrəmanı tapa bilsin...

 

 

"Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kitabınızda Oğuz elinin xanımlarını rəqəmlərə əsasən haradan olduğunu yazınsınız. Səyrəyin xanımının sayma prosesində 6 rəqəmində dayandığı üçün kafir elindən olduğunu deyirsiniz. Maraqlıdır, sizcə, "Kitabi-Dədə Qorqud” dastanını numerologiya baxımından təhlil etmək bizə hansı yenilikləri qazandırar?

– Dünya folklorşünaslığında "sakral rəqəmlər” adlı bir anlayış var. Bütün dünya ədəbiyyatında üç rəqəm üstünlük təşkil edir: 3, 7, 40... Yəni hansısa əsərdə sakral rəqəmlər olanda şifrəni tapmaq asan olur. Amma bunların hardan gəlməsinin daha ciddi tədqiqatlara ehtiyacı var. Məhəmmədhüseyn Təhmasib "Kitabi-Dədə Qorqud”la bağlı yazısında rəqəmlərdən söhbət açıb. O, qeyd edir ki, türk elində ata bir, ana iki, övlad üç rəqəmi ilə bağlıdır. Onları toplayıb alınmış 6 rəqəmini dördə vurduqda 24 alınar – bu, Oğuz elinin tayfalarının sayını təşkil edir. Elin, yurdun qaydalarına görə müəyyən vaxtlarda kəsilən heyvanın əti altı hissəyə ayrılar və bölünmək üçün 6 yerə göndərilərdi. Yəni rəqəmlər oğuz tayfaları üçün həmişə əhəmiyyət kəsb edib.

Daha bir maraqlı nümunə çəkmək olar. Mənim diqqət mərkəzimdə olan məsələlərdən biri heca vəzninin necə formalaşması idi. Bilirik ki, əruz vəzni ərəblərdə yaranıb və bunu dəvənin yerişi ilə uyğunlaşdırırlar. Düşündüm ki, ərəblərdə əruz dəvənin yerişi əsasında formalaşıbsa, bizdə də bu, yalnız at ola bilər. Bununla bağlı araşdırmalara başladım və Orxan Şaiqdə bir fakt rastıma çıxdı. O, "Kitabi-Dədə Qorqud”la bağlı nəhəng tədqiqatında yazmışdı ki, atın on bir yerişi var. Mən də düşündüm ki, bu yerişlər heca vəznli şeirin struktur və qafiyə sisteminin yaranmasında əsas olmuşdur. Orxan Şaiq bircə bu cümləni deməmişdi. Bunu demək mənə qismət oldu. Atın yerişi əsasında heca vəznindəki şeirin daxili strukturunu, qafiyə quruluşunu, bölgüsünü də müəyyənləşdirmək çətin deyil və bunları "Açıq kitab – "Dədə Qorqud” monoqrafiyamda açıqlamışam.

Kitabda o rəqəmlərlə bağlı yazdığım yazı "Oğuz elinin xanımları” adlanır. O yazını iki ilə yaxın müddətdə yazmışam. Onu da deyim ki, oğuz qadınları ilə bağlı çoxlu məqalələr çap olunub. Amma məni bir məsələ daha çox maraqlandırırdı. Dastanda 6 qadın obrazı var. Bu qadınlarının beşinin kimliyi bəllidir, birindən – Səyrəyin xanımından başqa... Məni də belə bir sual düşündürürdü ki, əgər bu mükəmməl dastandırsa, həmin qadının da kimliyi məlum olmalıdır. Çoxlu araşdırmalardan sonra diqqəti rəqəmlərə yönəltdim. Dastanı yenidən oxumağa başladım. Oxuduqca özüm üçün statistika aparırdım. Bitirdikdən sonra məlum oldu ki, 3 rəqəmi Oğuzun rəqəmidir. Məsələn, deyir ki, Uruz üç yüz igidlə yurda keşik çəkir, Əyrək səfərə çıxanda onun yanına üz yüz igid cəm olur, Qaraca Çoban sapandı üçyaşar dana dərisindəndir, atdığı daşın düşdüyü yerdə 3 il ot bitmədi. Bu nümunələrdən sonra qəti qəbul olundu ki, üç oğuzun rəqəmidir. Amma altı rəqəmi kafirlərin rəqəmidir. Burada da maraqlı bir fakt var. Aruzun xəyanəti sonuncu boyda bilinir. Lakin dastanın "Qazan xanın evinin yağmalanması” boyunda yazılıb ki, Aruz altı ərkəc dərisindən tikilmiş papaq və altmış ərkəc dərisindən hazırlanmış kürk geyinmişdi və s. Demək ki, dastanı söyləyən hələ ikinci boydan Aruzun düşmən olmasına işarə verir. Bundan sonra Səyrəyin xanımının kimliyinin müəyyənləşməsi üçün açar tapıldı. Səyrək qardaşının xilası üçün Əlincə qalasına gedərkən xanımına deyir:

"Bir il gəlməsəm gözlə, iki il gəlməsəm gözlə, üç il gəlməsəm yas çadırımı qur”. Bu üç Oğuzun rəqəmidir.

Xanımı isə ona cavab verir: "Bir il gəlməsən gözləyərəm, iki il gəlməsən gözləyərəm, üç il gəlməsən gözləyərəm, dörd il gəlməsən gözləyərəm, beş il gəlməsən gözləyərəm, altı il gəlməsən yas çadırını quraram...” Buradan mənə məlum oldu ki, Səyrəyin xanımı da kafir elindəndir. Demək ki, rəqəm həm "Kitabi-Dədə Qorqud” dastanın sirrini açmağa, həm də Səyrəyin xanımının kimliyini təfəkkür hadisəsi kimi meydana çıxarmağa imkan verir. Dastanın mətni bu dərəcədə möhtəşəm və mükəmməldir.

 

 

Sufizmdə Şeyx Sənanı, adətən, utanc nümunəsi kimi xatırlayırlar (rəvayətə görə, Şeyx Sənan məşhur bir Sufi şeyxinin qarşısında baş əyməkdən imtina edir. Tanrı da onu cəzalandırır. Sevdiyi qıza görə donuz otarmağa razı olan Sənan kafirin donuzunu boynunda gəzdirdiyinə görə həmişə başı aşağı əyilmiş vəziyyətdə gəzir). Sizcə, Hüseyn Cavid niyə onu ilahi zirvəyə ucaltdı?

– Zaman-zaman Şeyx Sənanın tarixi şəxsiyyət olub-olmaması ilə bağlı müzakirələr olub. Romantizmin əsaslarından biri odur ki, dünyanı ideyalar idarə edir. Əgər belədirsə, o zaman əsərin baş qəhrəmanı tarixi şəxsiyyət olsa, daha möhtəşəm olar. Tarixi şəxsiyyət olmasından, hansı mənsəbə qulluq etməsindən asılı olmayaraq, bədii əsərin qəhrəmanını bədii qəhrəman kimi qəbul etmək lazımdır. Onu tarixlə, tarixi şəxsiyyətlə bərabər qoymaq olmaz. Yəni Hüseyn Cavidin Şeyx Sənan obrazına "Şeyx Sənan” əsərinin qəhrəmanı kimi baxmaq lazımdır. Orada sufizmə və ya hər hansı əfsanəyə gedən xətləri yersiz qabartmaq yanlış olar. Hər şeydən əvvəl Şeyx Sənan bədii obrazdır. Ona görə də deyirlər ki, romantizmdə baş qəhrəman yazıçının ideyalarını çatdırma vasitəsidir. Eləcə də, romantizmin qəhrəmanı monumental olmalıdır. Ümumiyyətlə, mən düşünürəm ki, bədii ədəbiyyatın qəhrəmanı Şeyx Sənan, Knyaz, Səyavuş kimi monumental qəhrəman olmalıdır. Bu, mənim nəzəri düşüncəmdir. Şeyx Sənan ona görə monumental qəhrəmandır ki, Hüseyn Cavid öz ideyasını onun dili ilə ifadə edirdi. Hüseyn Cavid deyirdi ki, eşq dini etiqad üzərində hakim olmalıdır. Lakin o, eşq deyərkən dünyəvi məhəbbəti yox, ilahi sevgini nəzərdə tuturdu. Hüseyn Cavidin dahiliyi də bunda idi. "Şeyx Sənan” tamamilə sufi əsərdir. Mən hər zaman deyirəm ki, Azərbaycan ədəbiyyatının üç nəhəng nümayəndəsi var ki, onlar üçü də bir-birindən 4 əsr fərqlə yaşayıblar: Nizami, Füzuli və Hüseyn Cavid. Və bu üç ədibi nəhəng edən xüsusiyyətlərdən biri də onların sufizmə bağlılıqlarıdır.

 

 

Bir alim, elm adamı kimi, adətən, gənc alimlərə ən çox verdiyiniz məsləhət nə olur?

– Mənim böyük arzumdur ki, Azərbaycanda savadlı alimlər yetişsin. Həyatda peşə baxımından elm qədər gözəl olan ikinci bir şey yoxdur. Amma gərək elmin o gözəlliyinin içinə daxil ola biləsən. Bacarmasan, boş şeydir... Bəzən olub ki, hansısa bir elmi yenilik tapanda uşaq kimi səhərə qədər yata bilməmişəm. Məqaləmi çapa göndərəndə səbirsizliklə gözləyirəm ki, nə vaxt çıxacaq. Çıxan kimi də səhər tezdən gedib o qəzeti ilk məqaləmi aldığım həvəslə alıram və oxuyuram. Hər məqaləm çıxanda ilk məqaləm çıxanda nə qədər sevinmişdimsə, o qədər sevinirəm.

 

 

Maraqlıdır, ilk məqaləniz nə vaxt çıxıb?

– İlk məqaləm altıncı sinifdə oxuyanda, bu, publisistik məqalə idi və orta məktəbi qurtarana qədər 40-a qədər belə məqalə yazmışdım. Ədəbiyyata dair ilk məqaləm isə hələ tələbə olarkən, 1973-cü ildə "Ədəbiyyat və incəsənət” qəzetində çap olunub.

 

 

Gənc alimlər haqqında danışırdınız...

– Elmə gələn gənc adam elmin dərinliyə baş vurub orada yaxşı mənada "xəstələnsə”, onda anlayacaq ki, həyatın ləzzəti nədən ibarətdir. Müasir gəncliyə ən çox vermək istədiyim məsləhət isə dil bilgilərini artırmalarıdır: Dil öyrənmək, dil öyrənmək, yenə də dil öyrənmək... Çünki müasir dövrdə artıq bilik ikinci plana keçib. Keçmiş zamanda hər kəs bir-biri ilə biliyi vasitəsilə yarışırdı və biliyi ilə üstünlük qazanırdı. İndiki dövrdə isə bütün biliklər bizim mobil telefonlarımızda, kompüterlərimizdə – müasir texnologiyalarda toplanıb. İnformasiya bolluğu olan bir vaxtda həmin bilikləri yenidən beyinə yükləmək lazım deyil. Onda sual yaranır ki, bəs müasir dövrün insanı hansı yolla üstünlük qazansın? Bunun yeganə cavabı çox dil bilmək bacarığıdır. Müasir dövrdə çox dil bilən adam qalib gələcək. Çünki hal-hazırda dünyanın ən böyük problemi ünsiyyət problemidir. Müharibələrin də, digər münaqişələrin də səbəbi insanların bir-birlərini başa düşməməsindən irəli gəlir. İnsan insanı başa düşsə müharibə olmaz. Ona görə də əgər hansısa dili öyrənmək istəyirsinizsə, bu gün axşam öyrənməyə başlayın, sabah gecdir...

 

 

Tərcümə sahəsinə diqqət yetirsək, görərik ki, bir mütərcim bir-birinə yad estetikada olan müəllifləri tərcümə edir... Eyni tendensiya elm sahəsində də müşahidə olunur. Bir adam 40 ayrı-ayrı adam haqqında yazı yazır. Sanki bir istiqamətdə formalaşmaqdan qaçırlar. Bu məsələyə münasibətiniz necədir?

– Tərcümə bir sənətdir, yaradıcılığın xüsusi bir növüdür. Əlbəttə, kimsə tərcüməyə dırnaqarası baxırsa, başlayacaq hər şeyi dilimizə çevirməyə. Mən namizədlik dissertasiyasını yazarkən belə bir fakta rast gəldim ki, Abbas Səhhətin Avropa və rus ədəbiyyatından 40-50 tərcüməsi var. Mən axtardım ki, niyə məhz o mətnləri tərcümə edib. Nəhayət, tapdım. Abbas Səhhət romantizmin məsləyinə xidmət edən əsərləri tərcümə edirmiş. O, bir tərcüməçi kimi öz qəlbinə yaxın olan mətnləri dilimizə çevirirmiş. Əgər insan qəlbinə yaxın olmayan bir mətni tərcümə edirsə, o, uğursuz alınacaq.

Məsələnin elm tərəfi də belədir. Son dövrlərdə ədəbi əsərlər də primitivləşib. Struktur, süjet bir müəllifin bütün əsərlərində eyniyyət təşkil edir. Yəni, yazı texnikası sadələşib. Mən ədəbi orqanlarda hər hansı yeni müəllifin, imzanın yazısını oxuyuramsa, mütləq ikinci yazısını da oxuyuram. Üçüncü yazını oxuduqdan sonra yenilik görmürəmsə, o müəllifi bir də oxumuram. Bununla artıq mən o müəllifin nə yazdığını bilirəm. Bundan sonra 50 yazısı da çıxsa eyni cür yazacaq... Həmin adamın ədəbiyyatşünaslıqla bağlı yazıları da eyni mahiyyət daşıyacaq... Tənqidçinin böyüklüyü ondadır ki, yazıçının özünün bilmədiklərini yaza bilsin.

 

 

Söhbətləşdi: Fərid Hüseyn, Cahan Seyidzadə, Aysu Kərimova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001