• cümə, 29 Mart, 02:09
  • Baku Bakı 7°C

İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanların XV Bakı beynəlxalq konfransı keçiriləcək

18.06.18 15:44 1209
İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanların XV Bakı beynəlxalq konfransı keçiriləcək
İyunun 20-21-də "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı beynəlxalq konfransı keçiriləcək.
Bu barədəAZƏRTAC-a Ombudsman Aparatından bildirilib.
Aparatdan verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə mayın 18-dən iyunun 18-dək keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər təşkil olunub.
Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba Regional mərkəzləri tərəfindən əhatə etdikləri bir sıra şəhər və rayonların Heydər Əliyev mərkəzlərində, ali təhsil müəssisələrinin filiallarında, tibb məktəbində, mərkəzi kitabxanalarda gənclərlə, ümumtəhsil məktəblərində, gimnaziyalarda, kolleclərdə, dövlət uşaq müəssisələrində uşaqlarla, kəndlərdə icmalarla görüşərək, silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib. Eyni zamanda, Qubadakı "ASAN xidmət”də Ombudsman təsisatı tərəfindən hazırlanmış hüquqi nəşrlərdən və insan hüquqlarına aid ədəbiyyatdan ibarət kitab sərgisi təşkil olunub.
Həmin silsilə tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, QHT-lərin əməkdaşları, çoxsaylı fəal gənclər, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Regional mərkəzlərin rəhbərləri çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə "İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə hər il olduğu kimi, bu il də Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları Aylığı elan olunub.
Vurğulanıb ki, dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndlər əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.
Ombudsmanın regional mərkəzlərin rəhbərləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında, habelə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq paktlar, BMT-nin digər mühüm sənədləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası barədə ətraflı məlumat veriblər.
İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar, ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm və aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalarla qoyulub.
Ombudsmanın insan hüquqlarının təmini və müdafiəsində rolu, çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları, QHT və KİV-lər, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, hüquqi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib.
Habelə 2009-2010-cu tədris ilindən başlayaraq Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi, adıçəkilən Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsinin də nəzərdə tutulduğu qeyd edilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, bu il iyunun 20-21-də İnsan Hüquqları Aylığına yekun vurularaq, E.Süleymanova tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək. Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Milli Məclisin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.
banner

Oxşar Xəbərlər