İnsan haradadır?

İnsan haradadır?

Təfsilat
05 Aprel 2013, 13:50 1547
Yaradıcı şəxslər söyləyirlər ki, insan qəribə məxluqdur. Bəlkə də heç yazıq insan qəribə məxluq deyil. Qəribəlik elə həmin yaradıcı şəxslərin özlərindədir ki, durub-oturub hər şeydə bir qəribəlik axtarırlar. Onların (bizim) elə işləri-peşələri qəribəliklə məşğul olmaqdır. Axı, insanın nəyidir qəribə olan? İnsan da canlıdır, digər canlılar kimi yemək, içmək, yatmaq və nəsil artırmaq arzusundadır. Amma insanın özgə bir işi də var: o da ona əmanət edilənlərdən muğayat olmaqdır. Belə ki, insan digər canlılardan şüuru ilə fərqlənir, vəssalam.

İnsanın ən böyük qəribəliklərindən biri yenə də onun qurub-yarada bilmək bacarığıdır. Bu məsələyə elə səthi yanaşaq. Məsələ burasındadır ki, insan mənəviyyatı, mahiyyəti ilə insandır. Onu «çeşidləyərkən» isə insanın bir neçə adı olur. Məsələn, məktəbə gedən uşaqların hamısı şagirddir. Ali təhsil alanlar isə tələbədirlər. Təhsil ocaqlarında çalışanların ümumi adı müəllimdir. Səhiyyə ocaqlarında çalışanların hamısı həkimdir. Kitabxanaya daxil oldunsa, oxucusan. Hansısa bir tibb müəssisəsinə üz tutan insanların hamısı pasiyentlərdir. Teatr səhnəsindən baxanda kütləvi halda görünən insanlar – tamaşaçılardır.

Avtobusdakılar və ya təyyarədəkilər sərnişinlərdir. Bazarda piştaxta arxasında oturanların nöqteyi-nəzərincə, bazara gəlmiş insanların hamısı alıcılardır. Maşınların qarşısı ilə yolu keçənlər sürücülər üçün piyadalardır. Eləcə də, bir gözləri yolda olan həmin piyadaların hürkək nəzərlərinin zilləndiyi sükan arxasındakı insanlar sürücülərdir… Bu siyahını xeyli uzatmaq da olar.

Yaxşı, bəs hanı insan və ya insanlar? Tez-tez deyirik ki, «Axı, biz insanıq!» Qəribədir, axı, insanların özü də bax beləcə, digər canlılarsayaq sürü halında və ya axınla gəzib dolaşır. Özlərinə yem(ək) tədarük edir, adi qaydada yatıb-durur və ömür sürürlər. Hansısa bir fövqəladə hadisə baş verdikdə isə, yadımıza düşür ki, biz insanıq və bunu etməməliydik… Məsələn, müharibələr nə üçündür? Axı, biz insanıq! Heç bizə yaraşarmı, terror edək, qan tökək, cibə girək?.. Heç bizə yaraşarmı, qətl törədib İnsanı Yer üzündən silək?! Biz insan olaraq, digər bütün canlılardan fərqliyik. Bu fərqimizin biri dərketmə xüsusiyyətmizlə bağlıdır. Biz dərk edirik ki, ömrümüz əmanətdir və nəhayət, öləcəyik… Demək, «bizə» yalnız yuxarıdan, bir qədər yüksəklikdən baxmaq lazımmış. Məsələn, uca bir dağ zirvəsindən, aşağıdan uçan təyyarədən və ya kosmosdan... (Ondan yuxarı qalxmaq isə heç də bizim işimiz deyil.) «Yerdə nə görürsən? İnsan!» Necə də qəribədir… İnsanı insan kimi görmək üçün Yerdən Göyə qədər bir məsafə lazımmış…

Zeynəb Əliqızı