• cümə, 19 Aprel, 10:18
  • Baku Bakı 13°C

“İnsan haqları, demokratiya məfhumları ABŞ və müttəfiqlərinin əlində dəyənəkdir”

10.06.14 12:10 1478
“İnsan haqları, demokratiya məfhumları ABŞ və müttəfiqlərinin əlində dəyənəkdir”
Ötən il 28 may-Respublika günündə təsis edilən Milli Şura uzun müddət tab gətirə bilmədi. Artıq həmin qurumun təsisçilərindən əksəriyyəti təşkilatda təmsil olunmur. Milli Şuranın ötən bir il ərzindəki fəaliyyəti, Azərbaycanda siyasi məhbus məsələsi, insan hüquq və azadlıqlarının təmini, ABŞ səfirinin son açıqlamaları və digər hadisələrlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə cavablandırır.
- Araz müəllim, Sizin də namizəd kimi qatıldığınız Prezident seçkiləri ərəfəsində, daha dəqiq desək, düz bir il bundan öncə radikal müxalifət liderləri Milli Şura adlı qurumda birləşdilər və vahid namizədlə seçkiyə getdilər. Ötən bir ilini təhlil etsəniz, Milli Şuranın fəaliyyətini necə qiymətləndirərsiniz?
- Milli Şura yaradılarkən mən bu qurumu “ölü doğulmuş uşaq” kimi qiymətləndirmişdim. “Ölü doğulmuş uşağın” da ayaq açıb yeriməsi təbii ki, qeyri-mümkündür. Onu da bəyan etmişdim ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycandakı prezident seçkilərində iştirak etməyə qanuni haqqı yoxdur. O zaman Rüstəm İbrahimbəyov başda olmaqla bütün Milli Şura üzvləri bunun yalan olduğunu sübut etməyə çalışırdılar. Hətta vahid namizədin özü mətbuata geniş müsahibə verərək bildirirdi ki, guya onun ikinci vətəndaşlığı yoxdur. Amma zaman keçdikcə məlum oldu ki, saç-saqqalının ağaran vaxtında o boyda kişi yalan danışırmış. Vəziyyətin daha da pisləşdiyini görən müxalifət liderləri məğlubiyyətdən qaçmaq, zərbə altında qalmamaq üçün axtarışlara başladılar. Nə İsa Qəmbər, nə də Əli Kərimli özünü zərbə altına qoymaq, məsuliyyəti üzərinə götürmək istəmədi. Ona görə də Cəmil Həsənlinin üzərində dayandılar. Hansı ki, o, bir dəfə bu hərəkata, bu ideologiyaya xəyanət edərək, pul dalınca qaçmış, AXCP-dən istefa verib deputata mandatını üstün tutmuşdu. Belə bir adamı yenidən öz aralarına aldılar, hətta onu özlərinə lider seçdilər. Milli Şuranın alternativ vahid namizədi olan Cəmil Həsənli isə seçkilərdə cəmi 5 faiz səs toplamaqla Azərbaycan müxalifətinin real gücünü, potensialını ortaya qoydu. Halbuki, müxalifət liderləri Milli Şurada 9 partiya və yüzə yaxın QHT-nin olduğunu bəyan edir, seçkidən qalib çıxacaqları barədə vədlər verirdilər. Amma bütün bunların hamısı cəmi 5 faiz oldu. Əslində bu, təbii idi. Çünki sıfırın üstünə sıfır gələndə cavab sıfır olmalıdır. Həmin vaxtdan bu günə kimi “ölü doğulmuş uşaq” “reanimasiyadan” keçə bilmir.
- Milli Şura yaradılarkən Azərbaycanda dəyişiklik etmək istəyən, dəyişiklik arzusunda olan insanların, qüvvələrin birlik modulu kimi təqdim edilirdi.
- Milli Şurada heç bir yenilik olmayıb. Bu qurumu yaradanlardan biri Eldar Namazov idi. O, özü bu barədə mətbuata açıqlamasında “kreativ”, yeni bir təşkilat yaradacağını deyirdi. Amma nəticədə təşkilata 20-25 il bundan qabaq raykom katibi, ispalkom və sair vəzifələrdə işləmiş adamları topladı. Bu da oldu onun “kreativ” Milli Şurası. Təşkilatın ön sıralarında isə ən azı 20 il siyasətdə olan, lakin heç bir uğur qazana bilməyən liderlər dayanırdı. Onların yeganə “uğuru” 1992-ci ildə hərbi yolla, dövlət çevrilişi ilə hakimiyyətə gəlmələridir. Onda da cəmisi bir il ərzində ölkəni talan edib xalqı bərbad vəziyyətə saldılar, vəziyyət çıxılmaz olanda isə qaçmağa üz tutdular.
- Bəzi Qərb dairələri Azərbaycanda siyasi və vicdan məhbusu məsələsini mütəmadi gündəmə gətirirlər. Sizcə, Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Moldova da AŞ-nın üzvləri olduğu halda, nə üçün yalnız ölkəmizlə bağlı bu məsələ ictimailəşdirilir?
- Bu, çox təbii haldır. Ermənilərə heç bir söz deyə bilmirlər. Çünki onların Avropada, xüsusən də ABŞ və Fransada güclü diasporları, lobbiləri var. Nəzərə almaq lazımdır ki, bu ölkələrdə qarşıdan seçkilər gəlir və bu zaman hər bir seçicinin səsi namizədlər üçün əhəmiyyətlidir. Gürcüstan isə Qərbin yedəyində gedən bir ölkədir. Əslində Qərbi qıcıqlandıran Azərbaycanda siyasi məhbusların olub-olmaması, insan azadlıqları məsələsi deyil. Onları narahat edən Azərbaycanın müstəqil xarici siyasətidir. Azərbaycan neçə illərdir ki, özünə “böyük qardaş” axtarmır. Müstəqil dövlət kimi müstəqil siyasətini yürüdür, milli maraqları, xalqın mənafeyini ön plana çəkir, özünə bərabərhüquqlu dostlar axtarır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, onun namizədliyinin çoxsaylı ölkələr tərəfindən dəstəklənməsi, etibarlı tərəfdaşa çevrilməsi buna sübutdur. Bütün bunlar isə bəzi Qərb dairələrini qıcıqlandırır. Onlar adət ediblər ki, keçmiş postsovet ölkələri özlərini kölə kimi aparsınlar. Azərbaycanın timsalında bunun əksini görəndə isə dərhal insan hüquq və azadlıqları, demokratiya və sair məsələləri gündəmə gətirir, müxalifətə dəstək verməyə başlayırlar. Müxalifət liderlərinin guya “sayıb-seçilərək” xarici səfərlərə dəvət olunması, onlarla görüşlərin keçirilməsi, maliyyə yardımlarının edilməsi deyilənlərə sübutdur. Xarici qüvvələr bilirlər ki, müxalifət Qərbin bütün istəklərinə “ləbbeh” deyəcək. Mən özüm də xarici diplomatlarla bir çox görüşlərdə iştirak etmişəm. Görmüşəm ki, müstəqil ölkəmizin “müstəqil” müxalifəti xarici diplomatlara necə acizanə şəkildə yaltaqlanırlar. Ümumiyyətlə, dünyada insan haqları deyilən məfhumlar ABŞ və müttəfiqlərinin əlində dəyənəkdir. Hansı dövlət deyilənlərə əməl etməsə, onun başından vurmağa, təzyiq göstərməyə çalışırlar. Ona görə də bəzi Qərb dairələrinin Azərbaycana təzyiq məqsədi daşıyan bəyanat və çıxışlarına əhəmiyyət verməyinə dəyməz. Onlar anlamalıdırlar ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini qazanan ancaq köləliyi üzərindən atmayan ölkələrlə yanaşı, Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlər də var. Təəssüf ki, bəzən Qərb bunu qəbul etmək istəmir.
- Yeri gəlmişkən, Krımın Rusiya Federasiyasına birləşdirilməsinin ardınca Ukraynanın Şərq vilayətlərində mərkəzdənqaçma meylləri güclənib, hətta Donetsk vilayəti öz “müstəqilliyini” elan edib. Bütün bu proseslərin sonunu necə görürsünüz?
- Fikrimcə, Krım işğal edilməyib, Rusiya onu geri qaytarıb. Əgər Krım əhalisi müstəqilliyini elan edib Rusiyaya birləşməsəydi, yarımadada Donbas olaylarından da ağır nəticələr yaşanacaqdı. Vladimir Putin də açıq-aşkar bəyan etmişdi ki, vaxtilə rusların qurub-yaratdığı şəhərin NATO-nun tapdağı altında olmasına imkan verilməyəcək. Ehtimal edirəm ki, Cənubi-Şərqi Ukraynadakı əhalinin mərkəzi hakimiyyətə qarşı çıxışı təbiidir.
- Bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mətbuata müsahibəsində ölkədaxili proseslər barədə bəzi fikirlər səsləndirib. O, ölkəmizdə demokratiyanın vəziyyəti, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti barədə qeyri-obyektiv mövqe sərgiləməklə yanaşı, Azərbaycan hakimiyyətinin monolit olmadığını da iddia edib. Bazar günü televiziyaya müsahibəsində isə əvvəlki fikirlərinin üstündə qaldığını bir daha vurğulayıb. Sizcə, səfirin bu hərəkətləri nədən qaynaqlanır?
- Qorbaçov hakimiyyəti dövründən Qərb, xüsusən də ABŞ nə istəyibsə, onlara “ləbbeh” deyiblər. İndi görəndə ki, məsələ ayrı cürdür, başlayırlar hər kəsi ittiham etməyə, müstəqil dövlətlərə şər-böhtan atmağa. Əgər iddia edirlərsə ki, Azərbaycanda insan hüquq və azadlıqları təmin olunmur, o zaman baxsınlar ABŞ bu azadlıqları İraqda, Əfqanıstanda, Liviyada, Yəməndə, Misirdə, Tunisdə necə qorudu. Ölkələri bombalayaraq, dağıda-dağıda gəlirlər. Adını da qoyurlar ki, demokratiya qururuq. Belə hadisələri müşahidə edəndə bir daha yəqin edirsən ki, dünya yenidən XIX əsrin sonu XX əsrin əvvəllərinə qayıdıb. Sivil, ağıllı, çox geniş dünyagörüşünə malik siyasətçilər səhnədən gedir, onların yerinə ABŞ-ın “qızıl gənclər” nəslindən olanlar gəlir. Onlar isə bir çox şeyi bu cür qəbul edirlər ki, ABŞ-a nə sərf edirsə, bütün dünya bununla hesablaşmalı, bunu qəbul etməlidir. Konkret Morninqstara gəlincə, o səfirdir. Diplomat kimi bir şeyi anlamalıdır ki, səfirin fəaliyyət göstərdiyi dövlətin daxili işlərinə müdaxilə etmək hüququ yoxdur. O, öz fikrini ictimaiyyətə deyil, ölkə başçısı ilə keçirdiyi görüşlərdə şəxsən prezidentə çatdırmalıdır.
- ABŞ-ın ATƏT-dəki siyasi müşaviri Kristofer Robinson da bu günlərdə Azərbaycanda vətəndaş cəmiyyətinin işləyə biləcəyi məkanın hakimiyyət tərəfindən daraldıldığını iddia edərək, bununla regionun hərtərəfli təhlükəsizliyinin təhlükəyə atıldığını bildirib. Sizcə, belə bir məhdudiyyət və təhlükə varmı?
- Həddən artıq daraldıblar. Hətta o qədər daraldıblar ki, QHT-lər xaricdən əldə etdikləri maliyyəyə görə müvafiq qurumlara hesabat verməlidirlər. Mən sual vermək istəyirəm. Məgər Avropanın, ABŞ-ın başına at təpibmi ki, onlar Azərbaycan müxalifətinə pul verir, demokratiyanın olmasını istəyirlər? Burda sadə məntiq var. Pulu kim verirsə, oynanılacaq havanı da o sifariş edir. Yəni, xarici ölkələr Azərbaycan daxilində hər hansı QHT-yə, müxalifət partiyasına maliyyə yardımı edirsə, bunun konkret məqsədi var. Çox təəssüf ki, bizdə verilən o pullar müqabilində istənilən “rəqsi” ifa etməyə hazır həm kişi, həm də qadın siyasi əxlaqsızlar var.
- Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan dilemma qarşısındadır. Bir tərəfdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı, digər tərəfdə isə Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı. Sizcə, rəsmi Bakı hansı seçimi etməlidir?
- Mən hesab edirəm ki, Azərbaycan adıçəkilən siyasi təşkilatların heç birində təmsil olunmamalıdır. Rəsmi Bakı bu günə qədər yürütdüyü müstəqil siyasət kursuna sadiq qalmalıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər