• çərşənbə axşamı, 19 mart, 07:46
  • Baku Bakı 8°C

“İnsan gündə bir dəfə özünü kəşf etməlidir” – Keçmişdəki mən

19.12.16 12:26 5174
“İnsan gündə bir dəfə özünü kəşf etməlidir” – Keçmişdəki mən
Həyatda öz yerlərini tutmaları üçün gənclərimizə ilk növbədə məsuliyyətli olmağı tövsiyə edir. Çünki onlar bu gün tələbədirlərsə, sabah hansısa vəzifədə dövlətə, xalqa xidmət edəcəklər, ailə başçısı olacaqlar. İnsanın daxili intizamının olmasını da vacib sayır. Deyir ki, kimdənsə intizam, yüksək mənəviyyat tələb edirsənsə, onun heç olmasa bir hissəsi səndə olmalıdır. Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqoq, tərcüməçi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovdur. Oktay müəllimlə birlikdə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq...

Qrammofon vallarının kolleksioneri

Bakının Maştağa qəsəbəsində dünyaya göz açıb. Üçuşaqlı ailənin ortancılı olub. Atası Əlipaşa müəllim dövlət qulluqçusu, anası tibb bacısı işləyib. Atası hər ezamiyyətə gedəndə imkan daxilində onu da özü ilə aparıb. Bu baxımdan uşaqlıqda Azərbaycanın bir çox bölgələrini gəzib. Hərtərəfli bacarığı olan Əlipaşa müəllim gözəl şəkillər çəkməklə yanaşı, tarda ifa edər, şeir də yazarmış: "Atam Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmişdi. Yadıma gəlir ki, məni dizinin üstündə otuzdurub fırça ilə şəkil çəkər, mən də diqqətlə onu izləyərdim. Bəlkə buna görə mənim də rəssamlığa həvəsim olub. Uşaqlıqdan sulu, yağlı boyalarla şəkil çəkirdim. Xalça naxışları çəkməyi xüsusilə sevirdim. Xırda naxışlar nədənsə mənə maraqlı gəlirdi. Bizim evdə piano, gitara, qarmon, tar, akkordeon var idi. Musiqi alətlərində ifa etmək qabiliyyətim olmasa da, musiqiyə həvəsli idim. Tələbəlik dövründə Azərbaycanda bəlkə də nadir şəxslərdən idim ki, qrammafon vallarının böyük bir kolleksiyasını toplamışdım. "Boney-M” qrupunun vallarının orijinal variantları, "Bitls” qrupunun İngiltərədə buraxılan diski, "Super-Max”ın, "İraption” qrupun vallarına sahib idim. Bunlardan bəziləri Azərbaycanda yeganə məndə idi”.
Meloman adlandırılan gənclər o vaxt Bakı zooparkının yanındakı keçmiş Uşaq Dəmiryolu Parkına yığışar və öz kolleksiyalarını aralarında mübadilə edərmişlər. O.Səmədov da oraya tez-tez baş çəkərmiş. Həmsöhbətimizin dinlədiyi musiqiyə reklam plakatları çəkmək kimi hobbisi də olub. Musiqiyə həvəsi olduğundan tələbə vaxtı diskotekalarda aparıcılıq edib: "Bir şlyapam vardı, onu başıma qoyub uzun şərfi də boynuma dolayıb diskotekalarda aparıcılıq edirdim. Mədəni kütləvi tədbirlərin təşkilində də iştirak edirdim”.

banner

Oxşar Xəbərlər