• çərşənbə, 17 Aprel, 00:03
  • Baku Bakı 14°C

“İnsan gərək Allahsız olmasın”

26.07.14 09:38 1587
“İnsan gərək Allahsız olmasın”
“Avropa Oyunları barədə Leyla Yunusun başladığı yeni qarayaxma kampaniyası məni təəccübləndirmir. Çünki Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar veriləndən dərhal sonra ermənilər də eynən bu cür təbliğat aparmağa başladılar. Hətta olimpiya oyunlarına qatılmayacaqlarını bildirdilər. Lakin görəndə ki, Avropa bu oyunların Bakıda keçirilməsində maraqlıdır, artıq ermənilər öz fikirlərini dəyişdilər və oyunlarda iştirak edəcəklərini bəyan etdilər. İndiki halda Leyla Yunus da ermənilərin hərəkətlərini təkrarlayır, Avropa Oyunlarına qarşı kampaniyaya başlayır. Onsuz da bu adam ömür boyu Azərbaycana, onun xalqına, Azərbaycan dövlətçiliyinə qarşı olub. İndi də əlinə düşən fürsətdən istifadə edib ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb”.
Bu fikirləri Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə Leyla Yunusun başladığı qarayaxma kampaniyasına münasibət bildirərkən deyib. O, məşhur “Yel qayadan nə aparacaq” - el misalını xatırladaraq, Leyla Yunusun apardığı qarayaxma kampaniyasından da Azərbaycana heç bir zərər toxunmayacağını vurğulayıb. Qeyd edib ki, dünya, o cümlədən Avropa Azərbaycanı görür, tanıyır, buradakı vəziyyətdən də yaxşı xəbərdardır. Onun sözlərinə görə, Avropada bilirlər ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi üçün hər hansı problem yoxdur. A.Həsrət Leyla Yunus kimilərinin hər zaman özlərindən müxtəlif problemlər uydurduqlarını bildirib: “İndiki Heydər Əliyev Sarayının ətrafındakı Şəmsi Bədəlbəyli və Füzuli küçələrində, Dövlət Bayraq Meydanının yerləşdiyi ərazidə vaxtilə söküntü işləri aparılanda da Leyla Yunus eyni cür qarayaxma kampaniyası aparmışdı. Lakin sözügedən ərazilərdə yaradılan şəraitlə bağlı onun hər hansı müsbət fikirlərinə rast gəlinməyib. Bu, Leyla Yunusun xislətini ortaya qoyur. Hazırda “Qış bulvarı” adlanan ərazidə bir-birinə söykənmiş, birmərtəbəli, yaşayış üçün şəraitsiz, köhnə evlər var idi. Dövlət bu evlərin sahiblərinə real bazar qiymətinə uyğun, hər kvadratmetr üçün 1500 manat kompensasiya verərək, həmin ərazidə söküntü işləri apardı. Ardınca orada müasir tələblərə cavab verən müasir park, parkın altında isə şəhərdəki avtomobil sıxlığını aradan qaldırmaq üçün avtopark salındı. Bu, şəhərin mərkəzində yaşayan əhalinin istirahətinin səmərəli təşkilinə, oradakı sıxlığın aradan qaldırılmasına hesablanmış bir layihə idi. Burada pis nə isə axtarmağın özü mənasızdır. Lakin hələ ərazidə söküntü işləri aparılarkən Leyla Yunus və onun bir neçə silahdaşı müxtəlif fikirlər səsləndirir, etiraz aksiyaları keçirirdilər. Evi plana düşən və kompensasiya alıb köçən minlərlə insan köçürülmədən narazı qalmadığı halda, yalnız Leyla Yunus kimi bir neçə nəfər narazılıq edirdilər. Eyni münasibəti Dövlət Bayraq Meydanı ərazisindəki köçürülmə prosesində də müşahidə etdik. Onda da yalnız Leyla Yunus və onun əqidədaşları narazılıq edirdilər. Hazırda isə paytaxt Bakının “Sovetski” adlanan ərazisində söküntü işləri gedir. Orada da vətəndaşların mənalı istirahəti üçün böyük bir park salınması planlaşdırılır. Biz yenə də Leyla Yunusun bu söküntü ilə bağlı narazılıqlarını eşitməkdəyik. Proseslərdən də açıq-aydın görünür ki, özünü hüquq müdafiəçisi adlandıran bu qadının məqsədi Azərbaycanda olmayan yerdən problem uydurmaq, gündəmdə qalmaq, özü haqqında fədakar insan obrazı yaradıb bunu xaricdəki ağalarına nümayiş etdirməkdir. Bununla o, xaricdəki dəstəkçilərinə göstərir ki, baxın, görün, mən necə mübarizə aparıram. Hesab edirəm ki, onun çığır-bağırına fikir vermədən Azərbaycanda, eləcə də mərkəz Bakıda bütün işlər qanunauyğun şəkildə, öz axarı ilə getməkdədir. Azərbaycana düşmən kəsilmiş Leyla Yunus kimiləri bu gedişə heç cür mane ola bilməyəcəklər”.
A.Həsrət ənənəvi “problemlər”in hər dəfə yalnız eyni adamların, o cümlədən Leyla Yunus, Rəsul Cəfərov, Emin Hüseynov kimi özlərini hüquq müdafiəçisi adlandıranların dilindən səslənməsinə də diqqət çəkib. Deyib ki, adları qeyd edilən insanların bulunduğu balaca bir qrup beynəlxalq təşkilatlar üçün buyruq quludur. Onun fikrincə, həmin beynəlxalq təşkilatlar nə desələr, nəyi diktə etsələr, bu adamlar onu da qeyd-şərtsiz icra edəcəklər: “Azərbaycanda baş verənlər, ümumiyyətlə, bu ölkənin durumu, iqtisadi-inkişaf hər kəsin gözü qarşısında baş verir. Mən özüm də vaxtilə çox kəskin tənqidi mövqe sərgiləyirdim. İqtisadi, sosial, siyasi məsələlərdə tənqidi yanaşmamı ortaya qoyurdum. Lakin indi dövr dəyişib. İnsan gərək Allahsız olmasın. Əgər durum müsbətə doğru köklü surətdə dəyişibsə, bunu necə inkar etmək olar? Mən də reallıqları görüb əvvəlki radikallığımdan əl çəkmişəm. Görürəm ki, tələb etdiyimiz, arzuladığımız dəyişikliklər tədricən baş verməkdədir. Bunu görməzlikdən gəlmək qərəzli mövqe nümayiş etdirməkdir. Adları çəkilən insanlar da Azərbaycanda müsbət dəyişiklikləri arzu etmədiklərinə görə, daim özlərindən problemlər uydurmaqdadırlar. Belələrindən istifadə edən beynəlxalq təşkilatlar da daim Leyla Yunus, Rəsul Cəfərov, Emin Hüseynov kimilərinin üzərində dayanır, sonradan onların söylədiklərindən, hazırladıqları qeyri-obyektiv hesabatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlanırlar. Bu adamların özləri də alət olmağa meylli və həvəslidirlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər