İnsan emosiyalarının yerinə robotlar - cəmiyyətləri gözləyən təhlükə
Yüksək
texnologiyaların inkişafı nəticəsində gələcəkdə dünyada xeyli sayda iş
yerlərinə ehtiyac olmayacaq, onları texnologiyalar əvəz edəcək. Bunu Trend-əAzərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O.Gündüz hesab edir ki, əgər hökumətlər
əvvəlcədən tədbir görsələr, bu proses ciddi problem yaratmayacaq: "Bu gün
dünyada aparıcı trendlər mövcuddur, deyək ki, robotlaşma, ağıllı avadanlıqlar
və s. Bunların inkişafı sayəsində gələcəkdə xeyli iş yerlərinə ehtiyac
olmayacaq. Hökumətlər əvvəlcədən bu prosesi görərək, addımlar atmalıdır, yəni o
sahə üzrə kadrlar hazırlanmalıdır. Düşünmürəm ki, bu halda ciddi problemlər
meydana gəlsin”.
O.Gündüzün
sözlərinə görə, hazırda informasiya texnologiyalarının inkişafı Azərbaycanda iş
yerlərinin azalmasına səbəb olmur: "Hələ ki, bununla bağlı ölkədə ciddi
narahatlıq yoxdur. Amma gələcək üçün belə bir təhlükəni proqnozlaşdırmaq mümkündür.
Azərbaycanda İT sahəsi üzrə mütəxəssislər çatışmır. Gələcəkdə Azərbaycana İT
mütəxəssislər daha çox lazım olacaq. Ona görə də, bu istiqamətdə addımlar atmaq
vacibdir”.
İnsan əməyi minimuma endirilir
"PSG Management systems”
şirkətinin İnsan Resurslarının İdarəedilməsi üzrə məsləhətçisi Taleh
Qasımov "Kaspi”yə açıqlamasında bildirir ki, elmi-texniki dəyişikliklərin
insan həyatına və biznesə təsiri sürətlənib: "1940-cı
illərdə kompüterlərin ilk versiyası yaradıldı. 40 il ərzində kompüterlər inkişaf
yolu keçərək, müasir vəziyyətə gəldikləri halda, smartfonların peyda olmasına
cəmi 10-15 il lazım oldu və 2000-ci illərin əvvəllərində onlar istifadəyə
buraxıldı. Texnika və texnologiyanın sürətli inkişafı qaçılmazdır. Hazırda süni
intellektin məlumat bazasından istifadə də güclənir. Bununla yanaşı bir sıra
peşə sahələri avtomatlaşdırılır, insan əməyi minimuma endirilir. Elmi
texnologiyanın inkişafı daha çox süni intellekt, nano-texnologiya, robotlaşma,
rəqəmsallaşma kimi istiqamətlərdə gedir. Amma onların emosional tərkibi yoxdur.
Misal üçün, hansısa bir ölkədə ancaq robotların işlədiyi bir aptek olsa, insan
həmin aptekdən təbii ki, narazı gedəcək. Baxmayaraq ki, robot resepti də
oxuyacaq, dərmanı da düz verəcək, amma insan aptekçi ilə ünsiyyətindən aldığı
rahatlığı robotdan ala bilməyəcək. Hələ ki, süni intellekt, böyük bigdata kimi
texnologiyaların tətbiqini, emosiyaların olmamağı məhdudlaşdırır. İnsanı avtomat maşından fərqləndirən
emosional hislərin olmasıdır”.
Biznes təhsil və
elmlə öz əlaqələrini gücləndirməlidir
T. Qasımov qeyd edir ki, işsizlik məsələsinə
gəlincə isə bu qarşısı alınan bir məsələdir: "Məncə, bir qədər çətin olsa da,
bunun həlli var. Çünki bu cür inkişaf etmiş texnologiyaları da insan özü kəşf
edir. İnsan istəsə, bunun da çıxış yolunu tapa bilər. İş yerlərinin azalmasının
qarşısını almaq üçün isə ilk növbədə həm təhsil sistemi, həm də şirkətlər və
dövlət qarşılıqlı şəkildə indidən hazırlıq işləri görməlidirlər. Bu işlər
cəmiyyətin növbəti mərhələdə baş verəcəklərə hazırlıqlı olmaları üçün lazımdır.
Biznes özünün müştərilərinin tələbatına uyğun olan texniki nailiyyətlərinin
siyahısını tutmalıdır. Biznes təhsil və elmlə öz əlaqələrini gücləndirməlidir. Yəni
biznes üçün tələb olunan elmi texniki tərəqqilər təhsil sisteminə ötürülməlidir”.
Müsahibimiz deyir ki, bu işdə təhsilin də rolu
böyükdür: "Elmi texniki tərəqqinin cəmiyyətə mənfi təsirini azaltmaq üçün
təhsil sistemi akademik biliklərlə praktik biliklər arasındakı boşluğu
azaltmalıdır. Hazırda bir çox təhsil
ocaqları sırf nəzəri biliklərlə kifayətlənir. Təəssüf ki, universiteti bitirən
gənc bu zaman o biliklərlə iş tapmaqda çətinlik çəkir. Artıq bu zaman təhsil
bizneslə əlaqəyə girib, ona lazım olan kadrı hərtərəfli hazırlamalıdır. Yəni daha asan dildə desək,
təhsil biznesdən soruşmalıdır ki, mən nəyi öyrətməliyəm ki, sənin tələblərinə
uyğun olsun. Bu zaman universiteti
bitirən tələbə hər cür texniki inkişafa hazır olacaq və iş tapması asanlaşacaq”.
Robotlaşdırma sistemindən
qorxmamalıyıq
Təhsil Eksperti Etibar Əliyev deyir ki, təhsil sistemimiz hələlik rəqabət yönlü olmadığına görə, robotlaşdırma
sistemindən qorxmamalıyıq: "Əlbəttə, texnologiya inkişaf edir, informasiya və kommunikasiya texnologiya
alətləri təkmilləşir. Robotun insanı əvəz etməsi Qərbdə gündəmdədir. Kimya,
fizika, həmçinin tibb elmində bizdən öndə olduqları kimi, bu sahədə də
yetərincə inkişaf ediblər. Hər hansısa bir ölkədə oteldə qeydiyyat şöbəsindəki
insanı robot əvəz edəcəksə, bu o demək deyil ki, bizim ölkədə də belə olacaq.
Bizim ölkə üçün hələ ki, bu barədə
danışmaq tezdir. Həmçinin bizdə o cür
ağıllı robotların istehsalı hələ elə də yüksək səviyyədə deyil. Təbii ki, bunda
təhsilin rolu böyükdür. İstər ölkəmizdə, istər xarici ölkədə informasiya texnologiyaları
üzrə təhsil alıb qayıdanlar hələ belə bir işə imza atmayıblar. Yəni insanı əvəz
edəcək robot yaradılmayıb. Bu dünyada baş versə də, bizim ölkəmiz üçün müəyyən
qədər zaman lazımdır. Hətta əvəz etsə belə, məncə bu, müəyyən konkret sahələrdə
baş verəcək. Düşünmürəm ki, kütləvi şəkildə əmək bazarında insan əməyini robot
əvəzləyə bilər. Bizim təhsil sistemimiz
hələlik rəqabət yönlü olmadığına görə, robotlaşdırma sistemindən
qorxmamalıyıq”.
İqtisadi uzaqgörənlik işsizlik
problemini böyüməyə qoymayacaq
Jurnalist-sosioloq Lalə Mehralıdeyir ki, texnoloji alətlərin bir sıra hallarda
insanı əvəz etməsi mümkündür: "Əvvəllər bir zavodun və ya fabrikin fəaliyyəti
üçün 300-500 adama ehtiyac vardısa, indi 40-50 nəfərlə eyni işi görmək mümkündür.
Sadə bir misal çəkim. Bakı biskvit fabrikində
olanda orda paxlava hazırlayan cihazla tanış oldum. Paxlavanın hazırlanması
bilirsiniz ki, mərhələ-mərhələ mümkündür. Əvvəlcə un ələnməli, sonra xəmir
hazırlanmalı, sonra kündələr halına salınmalı, daha sonra yuxalar yayılmalı,
qatlar arası yağlanmalı, içlik tökülməli, kəsilməli, üzəri bəzənməlidir. Bu işi
əvvəllər ən az 3-4 nəfərlik qrup halında şirniyyatçılar edirdi. Amma indi
Almaniya istehsalı olan o cihaz hazırlayır. Sadəcə, nəzarət etmək üçün bir
nəfər işçiyə ehtiyac var”.
Sosioloq
qeyd edir ki, kiçik və orta sahibkarlığa dəstək göstərməklə, insanlara
öz işini qurmağa kömək edilir: "Eynilə başqa sahələrdə də belədir. Əvvəl
pambıq, çay əllə yığılırdı, indi bu işi texnika görür. Suvarma işi ilə işçilər məşğul olurdu, indi əkin sahələrini xüsusi
sistem sayəsində nəzarətsiz də suvarmaq mümkündür. İşimiz texnikanın sayəsində
yüngülləşir, bu doğrudur, lakin bu inkişaf işçi qüvvəsini də sıxışdırır. Buna
baxmayaraq, indi müasir və alternativ iş yerləri açılır, bu kimi hallara
hökumətlər hazırlıqlı olur. Tutaq ki, əvvəl yüzlərlə adamın işlədiyi zavod indi
daha az işçi qüvvəsi ilə işləyir. Digər işsiz qalanlar isə fərqli sahələrdə
işlə təmin edilirlər. Məsələn, əvvəllər özəl sektor bu qədər inkişaf etməmişdi,
işəgötürənlər, sahibkarlar bu qədər çox deyildi. Sahibkarlığın inkişafına imkan
yaratmaqla, işsizlik problemi də həll edilir. Kiçik və orta sahibkarlığa dəstək
göstərməklə, insanlara öz işini qurmağa kömək edilir. Kiçik bir problem var -
öz işini qurmaq istəyənlərin əksəriyyəti kişilərdir. Qadınlara bu məsələdə
istiqamət vermək lazımdır. Nə istehsal etmək olar, məhsulunu necə bazara
çıxarmaq lazımdır, qiymət təyinatını necə etmək lazımdır və s. Qadınlarımız bir
qədər cəsarətləndirilməlidir. Onların əl əməyini, məhsulunu sata bilməsi üçün
şərait yaratmaq lazımdır. Məncə, iqtisadi uzaqgörənlik, dəqiq hesablanmış
addımlar işsizlik problemini böyüməyə qoymayacaq”.
Günel Azadə