İnsafa çağırış
Hörmətli
qələm yoldaşlarım: tənqidçilər və ədəbiyyatşünaslar! Çoxdan bəri ürəyimdə yara
qurmuş bir gileyimi nəzərinizə çatdırmaq istəyirəm. İndiyə qədər onu biruzə
verməyi özümə ar sanır, şəxsiyyətimə sığışdırmırdım. Düşünürdüm ki, bu nisgil
haçansa öz həllini tapar. Ancaq nəyə görəsə həlli tapılmır. Nisgili açıqlamaq qərarına
gəldim. Nədir o nisgil?
Yazıb-yaratmaqdır dərdi, azarı.
Gördü ki, kasıbdır şeir bazarı
Sınadı qələmi romanlarda o.
Qatlaşdı zəhmətə binadan-başdan,
Halal çörəyini çıxartdı daşdan.
Nə bəxtdən yarıdı, nə dost-yoldaşdan,
Gah itdi, gah batdı gümanlarda o.
Köksündə bir kövrək ürək bəslədi,
Müqəddəs hisslərlə onu süslədi.
Çar çəkib elləri haqqa səslədi,
Yaxşılıq axtardı yamanlarda o.
Döyüşdü, çarpışdı daim həyatla,
Hey qovhaqov ilə, hey çataçatla.
Ömür-gün keçirdi bir təmiz adla
Qarışıq, dolaşıq zamanlarda o.
Adı Vidadidi, soyu Babanlı,
Hər zülmə, zillətə tablı-tavanlı.
Mahalı Qazaxdı, kəndi Muğanlı,
Yaşayır qədərsiz ünvanlarda o.
Vidadi Babanlı
Yəqin
ki, məlumatınız olmamış deyil. Mən artıq 92 yaşıma qədəm qoymuşam. Bu yaşın ən
azı yetmiş ilini ədəbi yaradıcılığa həsr etmişəm. Altı roman, beş povest, üç
pyes, çoxlu sayda şeirlər, hekayələr, publisist məqalələr, tərcümələr müəllifiyəm.
Bir neçə əsərim başqa dillərə çevrilmiş, oxucu rəğbəti qazanmışdır. Onların
sırasında "Vicdan susanda” romanımın xüsusi yeri var. Bu roman rus dilində iki
il dalbadal yüz min tirajla nəşr edilmişdir. Belə müvəffəqiyyət nadir hadisə
hesab olunurdu. Azərbaycanda isə həmin əsər qırx min-əlli min nüsxə ilə dönə-dönə
öz dilimizdə oxucularımıza çatdırılmışdır. Yazılmağından və ilk çapından əlli
ildən artıq bir müddət keçməsinə baxmayaraq əsər öz aktuallığını itirməmişdir.
Bu gün də əvvəlki həvəslə oxunur. Kitab evlərindən mənə zəng vurub yeni nəşrini
istəyirlər.
Bir
çox sevilən əsərlər kimi bu romanın da elektron variantı internet vasitəsilə
Rusiyada müasir üsulla gənc nəslə çatdırılır. Bu əsər türk dilində və cənublu bacı-qardaşlarımız üçün əski əlifba
ilə də nəşr edilmişdir. Ötən ilin sonlarında isə ingilis dilində kitab şəklində çap olunmuş
və qırx iki xarici ölkə kitabxanasına göndərilmişdir.O
biri roman, povestlərim isə yüksək tirajlarla nəşr edilmişdir. Bir sözlə, mənim
qələm məhsullarım həmişə oxucu marağına nail olmuşdur. Hər bir əsərim
xalqımızın həyatının müəyyən dövrünü əks etdirmişdir. İstiqlaliyyətimiz, müstəqilliyimiz
uğrunda gedən mübarizələr də diqqətimdən yayınmamışdır. "Kişilik himni”,
"Hoydu, igidlərim, hoydu!”, "Qırmızı qəbirlər”, "Sağ-salamat qayıdın!”,
"Elegiya” şeirlərim və "Ana intiqamı” povestim dövrü mətbuatda işıq üzü
görmüşdür.
Hələlik
sonuncu əsərim 2015-ci ildə kitab halında çıxmış "Zəmanə adamı” romanımda
xalqımızın azadlıq uğrundakı mübarizələrində mənəvi sarsıntılardan, itki və
uğurlarından bəhs edilir. Eyni zamanda da gərgin mübarizələrdə sıralarımıza
soxulmuş yaramaz adamların çirkin, əxlaqımıza zidd əməllərindən danışılır. Hələlik...
Hələlik dedim ona görə ki, yaşımın bu ötkün çağında, gözlərimin çox zəif gördüyü, canımın halsız vəziyyətində ən
vacib mövzuda yeni roman üzərində işləyirəm. İlahidən bir azca da ömür diləyirəm
ki, onu tamamlayıb gələcək nəsillərə yadigar qoya bilim.Ürəyimi
ağrıdan bir haqsızlıq mövcuddur. Ədəbiyyata uzun müddətli xidmətim istənilən səviyyədə
qiymətləndirilməmişdir. Gileyimə bir səbəb də, möhtərəm tənqidçilərdəndir.
Etiraf etməliyik ki, ədəbiyyatın inkişafında ədalətli, obyektiv tənqidin rolu
böyükdür. Ədəbi əsərlərin doğru-düzgün təhlili yaxşını pisdən, zəifi həqiqi istedad
məhsulundan seçməkdə oxuculara yol göstərir. Lakin min-min təəssüflər ki, son
vaxtlar bunun əks tərəfini görürük. Söz yox ki, aranızda doğrupərəst, dərin təfəkkürlü,
geniş diapazonlu tənqidçilər də vardır. Onların adlarını çəkmək istəmirəm.
Çünki kimlərisə unuda bilərəm. Başqalarını qınadığım təqdirdə özüm qınaq yiyəsi
olaram.
Əziz
ədəbiyyat tədqiqatçıları, həqiqi əsər təhlili,
doğru fikir söyləməyin çətinliyini anlayıram. O ağır zəhmətin haqqının indiki
zamanda çox az olduğunu, bəlkə də lap cüzi miqdar hesablandığını mən yaxşı
bilirəm. Biz yazıçılar da aylarla, illərlə tər töküb gözümüzün qarasını əritdiyimiz
əsərlərin maddi haqqı lazımı səviyyədə deyil. Məlum səbəblərə görə kitablar əvvəlki
kimi satılmır. Neyləmək olar. Gərək xidmət etdiyimiz ədəbiyyata, xalqımızın mənəvi
sərvətinə sədaqətimizi nəyin bahasına olur-olsun, əksiltməyək. Bu bizim vicdan
və şərəf borcumuzdur.
Əziz
tədqiqatçılar, ürəyimdəki nisgilli, xəlvəti gileyi bax beləcə sizə məlum elədim.
Hardasa mürgüləmiş insafınızı mürvətə çağırdım. Mənim bu gileyimi necə
analyacaqsınız, öz işinizdir. Son sözümü bundan bir çox əvvəllərdə özüm
haqqında yazdığım bir şeirlə tamamlamaq, onun vasitəsilə sizdən gizlin olan şəxsi
məziyyətlərimi diqqətinizə çatdırmaq qərarındayam:
Yoxdur
bir kimsədən giley-güzarı,Yazıb-yaratmaqdır dərdi, azarı.
Gördü ki, kasıbdır şeir bazarı
Sınadı qələmi romanlarda o.
Qatlaşdı zəhmətə binadan-başdan,
Halal çörəyini çıxartdı daşdan.
Nə bəxtdən yarıdı, nə dost-yoldaşdan,
Gah itdi, gah batdı gümanlarda o.
Köksündə bir kövrək ürək bəslədi,
Müqəddəs hisslərlə onu süslədi.
Çar çəkib elləri haqqa səslədi,
Yaxşılıq axtardı yamanlarda o.
Döyüşdü, çarpışdı daim həyatla,
Hey qovhaqov ilə, hey çataçatla.
Ömür-gün keçirdi bir təmiz adla
Qarışıq, dolaşıq zamanlarda o.
Adı Vidadidi, soyu Babanlı,
Hər zülmə, zillətə tablı-tavanlı.
Mahalı Qazaxdı, kəndi Muğanlı,
Yaşayır qədərsiz ünvanlarda o.
Vidadi Babanlı